Tablo - Şəbnəm Xeyrulla

Şəbnəm Xeyrulla

Şəbnəm Xeyrulla

14 dekabr 2022
# 14:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Şəbnəm Xeyrullanın "Tablo " hekayəsini təqdim edir.

Nəhayət ki, şeytanın qıçını qırıb, gəliblər bu boz sahilə. Bilmək olmaz, bəlkə də elə şeytana uyub gəliblər. Yay günlərində adam əlindən bir qarış yer tapılmayan Pirşağı çimərliyi bu soyuq noyabr günündə necə də yetim görünür. Sarı qum, mavi dalğalar, bəyaz buludlar – hamısı bir rəngə boyanıb – boz. Soyuqdan ya da kimsəsizlikdən rəngi qaçmış bu sahildə canlı olan yalnız o ikisidir. Yox, bir də çığırtılarından qulaq tutulan qağayılar var.

Qışqırıqları ilə dənizə meydan oxuyurlar – görək, kimin səsi daha bərk çıxar.
İkisi də qağayıların bu dəlisov hərəkətlərinə diqqətlə baxırlar. Aralarındakı sakitliyi, daha doğrusu, sözsüzlüyü birinci Kişi pozur:
- Öz aramızdır, çörəkverəninə belə qışqırıb kəllə atmaq da hər kişinin işi deyil.

Qadın eyni mənzərəni izləsə də, Kişinin şərhini başa düşmür, çiyinlərini çəkir.
- Qağayıları deyirəm də. Onlara yemək – balıq bəxş edən dənizlə gör, necə rəftar edirlər: qışqırırlar, kəllə vururlar. Cəsarətlərinə heyranam, - Kişi izahat verir.

Qadın yenə çiyinlərini çəkir. İndi bu hərəkətin başqa mənası var. Cəsarət nədir – özünə ünvanladığı bu sualın cavabını fikirləşib, elə yerindəcə cavab verir – çiyin çəkməklə.

Durduqları yer balaca bir qayadır. Ayaqqabıları nəm quma batmasın deyə, ikisi də bu qayaya pənah gətirib. Qayanın balacalığı aralarındakı məsafəni yoxa çıxarıb. Etiraf etməsələr də, əslində guya məcburiyyətdən doğan bu vəziyyəti ikisi də arzulayır – bir-birilərinə bir nəfəs qədər yaxın olmağı. Əyinlərində mövsümə uyğun qalın gödəkcələr olsa da, ikisinə də soyuqdur. Qadın açıq-aşkar titrəyir. Yaxşı başa düşür ki, bu titrəyişin səbəbkarı təkcə hava deyil. Donan barmaqlarını dodaqlarına yaxınlaşdırıb nəfəsi ilə isitmək istəyir. Amma dişləri bir-birinə dəydiyi üçün isti nəfəsini əlləri ilə bölüşə bilmir. Birdən ağlına gəlir ki, yəqin sevgisizlik də belə hissdir – soyuq, xəsis, qırıq. Yəqin nədir? Elə belədir! Axı illərdir bu hissin nə olduğunu yaxşı bilir. Elədirsə, xassələrini də tanıyır.

Qaya ilə dalğanın toqquşmasından yaranan su damcılarının xeyli hissəsi üzlərinə çırpılır. Ayıltmaq üçün yaxşı cəhddir.
“Bir-iki dəlisov cəhdlə səndə alınmayacaq, dəniz. Bu yuxudan ayılmaq üçün biz nələri yoxlamadıq ki”, - Qadın ağlından keçirir.
Düşüncələrini Kişi ilə bölüşmək istəyir. Amma soyuqdan əsən dodaqlarından nəinki söz, heç düz-əməlli nəfəs belə çıxmır. Lənətə gəlsin, ilk görüş üçün bu cür havanı, belə məkanı seçmək nə qədər də ağılsız hərəkət imiş. Amma başqa cür ola da bilməzdi. Xəyallarında min dəfə gəldikləri bu sahilə mütləq birlikdə baş çəkməli idilər. Elə indi – bu soyuq noyabr günündə. Lap bu saatda – işdən müxtəlif bəhanələrlə icazə alıb qaçaraq. Hər şey məhz bu cür olmalı idi. Dənizin qarşısında hesabat verməli idilər. Xəzər kimi dəlisov başlayan sevgilərini məhz burada dilə gətirməli, bəlkə elə burada da hər şeyi bitirməli idilər. Bir sevgini başlayıb-bitirmək üçün bu sahildən daha mənalı məkan tapa bilməzdilər. Bu sahillər yaşadıqları və sevdikləri şəhərin həm başlama, həm də bitmə yeri idi. Təmiz vicdanla günah arasındakı məsafə də bəlkə elə bu cürdür. Ayağın büdrəsə, bu qayadan aşsan – günaha batacaqsan. Ona görə möhkəm olmaq, yıxılmamaq üçün yanındakından bərk yapışmaq lazımdır. Əgər yanındakı günahın özü deyilsə...
- Gör, yosunlar nə gözəldir. Rənginə bax! Gözlərin kimidir lap, - nəhayət ki, bu bomboz mənzərədə rəng tapan Kişi az qala sevincək səslə qışqırır.
Qadının baxışları isə dənizin dibindən üstünə çıxan yosunlara yox, dalğaların kənara atdığı yosunlara ilişib qalır. Onlar da bozarıb. Ağlından öz həyatı keçir. On illik, xoşbəxtlikdən uzaq davam edən evlilik həyatı necə də sahilə atılmış yosunlara bənzəyir. Yenidən canlanmaq, sən demə, elə də çətin deyilmiş. Sadəcə həyat mənbəyi olan suya – sevgiyə qərq olmalı imişsən. Dirilmək, yenidən yaşamaq, titrəyə-titrəyə olsa da, nəfəs almaq üçün! Bu onda alınmışdı. Amma bir az gec və lazımsız yerdə. Ölünün qəbirdə xortlaması kimi bir şeydir yaşadığı bu gizli sevgi. Özündən başqa heç kim bilməyəcək bu möcüzəni. Elə torpağın altında çapalayacaq, çıxmaq üçün cəhdlər edəcək. Amma çifayda... Ümidsizlikdən, taqətsizlikdən bir də öləcək. Bu dəfə həmişəlik. İkinci – səssiz, xəbərsiz ölümünə heç ağlayan da olmayacaq. Bundan dəhşətli nə var ki?!

Qadının soyuqdan bir-birinə dəyən dişlərinin çıxardığı çıqqıltı səsi sanki Kişinin ürəyində oxuduğu melodiyaya ritm tutur. Hər şey o qədər ahəngdardır ki, bu dəqiqə Müslüm Maqomayevin “More” mahnısını təkcə ürəyində deyil, elə dilində də oxumaq istəyərdi. Amma çəkinir. Səsini qağayıların qışqırığının batıracağından, ya da ürəyi istədiyi kimi oxuya bilməyəcəyindən qorxur. Ağlından keçir ki, ömür boyu hər şeydən beləcə çəkinib. Cəsarəti çatmadığı üçün özünü sevmədiyi adamla bir dam altında on iki il yaşamağa məcbur edib, ömrünü bada verib. Son aylarda başlayan bu gizli sevgi macərası onun üçün özündən gözlədiyindən daha böyük cəsarət sayıla bilər. Az qala, qağayıların dənizi dimdikləmə cəsarəti kimi. Bundan artığına ümid belə etmir.

Qadın gözləyir... Kişinin etirafını, bu sözsüz, əhd-peymansız başlamış gizli məhəbbətə nəhayət ki bir ad qoyacaqlarını gözləyir. Kişi üçün isə bunun əhəmiyyəti yoxdur. Axı niyə mütləq hər şeyə bir ad qoymaq, bir don biçmək lazımdır? Bu belə də davam edə bilər. Yenə hər gün uzaqdan-uzağa bir-birinə baxa, xoş sözlər deyə, iltifatlar edə, hərdən gizlicə mesajlaşa bilərlər. Hər gün! Lap ömürlərinin axırına kimi! Niyə bu saf hissləri mütləq bir qəlibə salmalı, həyatlarını alışdıqları axınından çıxarıb, alt-üst etməlidirlər? Qoy, hər şey belə də qalsın! Amma birdən ağlına gələn sualdan özü də çaşır: Onda bu sahilə niyə gəlmişik?

Qadın soyuqdan əsə-əsə əynindəki gödəkçəni çıxarır. Kişinin təəccüblü baxışları altında gödəkçəni dənizə atır.
- Neyləyirsən? Axı... – Kişinin bitməyən sualını Qadın öz hərəkəti ilə cavablayır - onun qoynuna sığınır:
- Mənə soyuqdur...

Cəld hərəkətləri ilə öz gödəkcəsinin düymələrini açan Kişi Qadını ağuşuna alır. Sonra yenə eyni cəldliklə düymələrini bağlayır. Ağlından qəribə suallar keçir: görəsən gödəkcəm mənə böyükdür, yoxsa elə iki nəfər üçün nəzərdə tutulub?
İndi onun ürəyində oxuduğu mahnıya daha bir akkord qoşulur: Qadının ürək döyüntüləri. Bu döyüntülər dalğaların da, qağayıların da səsini batırır. Birdən mahnı da ürəyindən kənarda səslənir. Dodaqlarında yox, telefonunda. Kişi gödəkcəsinin cibindən çıxardığı telefonun ekranına baxır. Zəng edən Qadındır. Telefonu açır.
- Alo... Haradasan? İşdə heç kimə demədən çıxıb getmisən. Burada aləm bir-birinə dəyib... Bu nə səsdir? Dəniz qırağındasan?
- Hə... Pirşağıdayam.
- Axır ki getdin... Mənsiz?
- Yox. Sən də buradasan.
- Neyləyirəm orada?
- Qayıdanda göstərərəm...

Kişi ilk dəfə bir neçə addım geri çəkilərək bayaqdan çəkdiyi tabloya göz atır. Sanki bu tablonu o deyil, başqası çəkibmiş kimi izləyir. Ağlından “görəsən Qadın bəyənəcək” sualını keçirərək baxır.
Balaca qayanın başında qurduğu molbertdəki kətana bomboz mənzərə həkk olunub. Dəniz, səma, qum, qağayılar, hətta bir-birinə sığınmış iki sevgili – hamısı bombozdur. Bircə suyun üzərinə çıxmış yosunlardan və Qadının gözlərindən başqa. Onlar ümid rəngindədir – yaşıl...


# 2365 dəfə oxunub

Müəllifin son yazıları

# # #