Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən İlhamə Nasirin “Qırmızı darvaza” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Uzaqdan elə yazıq görkəmi vardı ki, adam qucaqlayıb öpmək istəyirdi. Evimizi deyirəm. Arıq, sısqa uşaqlara bənzəyirdi. Amma hardasa, cəlbedici bir şirinliyi də vardı. İllah da qışda. Üstünə döşənən şifer qırıqlarından sallanan buz onu burnu axan kasıb uşaqlarına oxşadırdı.
Uşaqlıqdan mənə elə gəlirdi ki, evimiz həmişə gülümsəyir. Nədənsə, arada yazığım da gəlirdi ona. Yəqin görünüşünə görəydi; təpənin üstündə, qonum-qonşusuz bir otaq. Kənddə evləri siyahıya alanda onu unudurdular. Ya da tərəddüdlə siyahıya alırdılar. Bəlkə də, evimizin də mənə yazığı gəlirdi. O qədər arıq, çəlimsiz idim ki, tay-tuşlarım məni körpə uşaq kimi oynadırdılar.
Yaşıd idik evimizlə, demək olar ki. Mən doğulanda tikilmişdi. Birlikdə böyüyürdük onunla, həm də müəllim maaşı ilə; aram-aram, qayğıyla, nəzarətlə, səliqəli...
Bilmirəm, təsadüf idi, yoxsa bilərəkdən, həmişə eyni bəzənib-düzənirdik. Məsələn, anam mənə ilk dəfə ağ köynək geyindirib, saçıma ağ lent bağlayıb məktəbə yola salanda, atam da evimizin divarlarını ağartmışdı həmin gün. Anam mənə qırmızı papaq toxuyanda, atam da evin damını vurub, qırmızı rənglə boyamışdı. Bu cür bəhsəbəhslə böyüdük; mən beşinci sinifdə oxudum, o, isə beş otaqlı oldu. İndi kənddə ən əzəmətli ev o olmuşdu. Siyahıya alma olanda da birinci bizim evdən başlayırdılar. Mən də əmələ gəlmişdim artıq, tay-tuşlarımı gəlib keçmişdim, həm də məktəbdə əlaçı idim. Elə ikimiz də 5-də qaldıq, ta ordan o yana keçə bilmədik.
Müharibə...
Hər gün dağın o tayından top, qrad mərmiləri böyür-başına səpələnsə də, mənə elə gəlirdi ki, heç vecinə də deyil evimizin. Biz də onun kimi, qorxmurduq. Ona arxalanmışdıq, uzaqbaşı görsəydik mərmilər başımıza tökülür, qaçıb girərdik zirzəmisinə. Təkcə bizə yox, demək olar ki, kənd camaatının yarısına sığınacaq olmuşdu həmin “sısqa” evimiz.
29 avqust 1993-cü il...
Çox qəribə idi; həmin gün anamla mağazaya mənim üçün məktəb paltarları almağa getmişdik. Mənə zoğalı rəngdə laklı ayaqqabı da almışdıq. Evə qayıdanda gördük ki, atam darvazamızı tünd zoğalı rəngə boyayıb, eynən ayaqqabımın rəngində. Bəlkə də, atamgil bu “bəhsəbəhsin” fərqində deyildilər, amma mən o qədər gülmüşdüm ki, bunu görəndə. Hələ boyadan artıq qalmışdı deyə, atam evdə olmayan kimi fırçanı götürüb düşürdüm darvazanın canına. Fırçanı aşağı-yuxarı sürtdükcə, elə bilirdim, evimizin ayağının altını qıdıqlayıram, o da qəşş eləıyib özündən gedir.
Darvaza üst-üstə o qədər boyanmışdı ki, qurumaq bilmirdi ki, bilmirdi. Atam hər dəfə darvazanı yoxlayanda məəttəl qalırdı ki, bu darvazanın boyası niyə qurumur, görəsən?
31 avqust 1993-cü il...
Eyvanda oturmuşduq. O gün gurultu səsləri heç səngimirdi. Hələ bir az da yaxından gəlirdi. Yenə əhəmiyyət vermirdik buna. Mənim fikrim ayaqqabımda qaldığı kimi, hiss edirdim ki, atamın da fikri darvazamızda qalıb. Baxışlarını bir dəqiqə belə ondan ayıra bilmirdi. Darvaza da ayaqqabım kimi işım-işım işıldayırdı.
Anam aş bişirmişdi (plov) Altına da həyətimizin çolpalarından döşəmişdi. Aşın ətri eyvana yayılanda fikirlərimiz qırmızı rənglərdən ayrıldı. İndi gözümüz ancaq mətbəxin qapısına dikilmişdi. “Nə oldu, bişmədi?” dəqiqədən bir atamla növbə gözləmədən soruşurduq.
Qəribə bir vıyıltı eşidildi. Bir neçə saniyədən sonra həmin vıyıltı dəhşətli gurultuya döndü. Evimizin bütün pəncərələrinin şüşələri ciliklənib yerə töküldü. Atamla anam cəld məni də götürüb zirzəmiyə girdilər. Zirzəminin qapısını açıq qoymuşduq, düşündük ki, kənd camaatı da qaçıb girəcəkdir ora.
Amma gözlədik, kimsə gəlmədi. Əvvəl atam zirzəmidən çıxdı, baxdıq ki, qara tüstü kəndi bürüyüb, qadın-uşaqları maşınlara doldurub kənddən çıxarırlar. Atam maşının birini saxladıb, anamla məni də mindirdi. Hara gedəcəyimizi də heç soruşmadıq. Maşında gördüm, ayaqqabımın bir tayı ayağımda yoxdur. Anam əliylə yan-yörəsini axtaranda, mən çönüb evimizə baxdım. Gördüm, atam o hay-həşirdə darvazanın o üz-bu üzünü yoxlayır.
Gözlərim evimizə zillənmişdi. Maşın uzaqlaşdıqca, evimiz əriyib-əriyib bir nöqtə olurdu, sonra gözdən itdi. Hələ də evimizin nöqtəyə dönüb yox olması gözlərimin önündən getmir. Gözəl evimiz, şirin evimiz...
Sumqayıtda əmimgilə yerləşdik. İki həftə sonra atam gəldi. Qapıdan içəri girəndə tanımadım onu. İki həftəyə insan bu qədər yaşlanarmı? Həm də onun üzünün tükü qorxutdu məni. İlk dəfəydi, atamı üzütüklü görürdüm. Müəllim olduğundanıydımı, yoxsa öz xarakterindəniydimi, çox səliqə-səhmanına fikir verərdi. İndi həm də necə arıqlamışdısa, tamam başqalaşmışdı.
Anam atama çay süzürdü, birdən söruşdum ki, ata, evimizdəki aşdan yedin? Susdu, bir qədər sonra “yox, yemədim” dedi. Anam “qazanın altını söndürdün?” soruşanda atam hönkürtüylə ağladı. Elə bil dolmuş buluduydu, himə bəndiydi. Anam da ona qoşuldu. Elə həmin gündən ağlamaq ruhuma hopdu.
Əmimgilə çox ailə yerləşmişdi deyə, atam hər gün bizim üçün ev axtarmağa çıxırdı. Bir gün “tapdım” dedi. Elə sevinmişdim ki. Gözümün qabağına öz evimiz gəlib durmuşdu. Atam bizi gətirib dar, balaca bir yataqxana otağına yığanda az qaldı ürəyim dayansın. Anam içində əzab çəksə də, bildirmirdi, “neynək, əsas can sağlığıdır, hər şey düzələcək, onsuz da burda müvəqqətiyik, öz evimizə qayıdacağıq” deyib atama ürək-dirək verməyə çalışırdı.
Heç bir əşyamız yoxuydu. İstəməyə də utanırdıq, gözləyirdik ki, qohumlardan kim bizə nə verəcək. Əlimizdə olan-qalan pulumuzu ancaq yeyəcəyimizə xərcləyirdik. Bir gündə, bəlkə də, on dəfə atam pencəyinin döş cibindən çıxarıb o pulu sayar, qoyardı yerinə. Özlərinə, peşələrinə uyğun olmayan iş tapdı hər ikisi. Daha anam hər səhər həvəslə nə öz ağ xalatını ütülədi, nə də atamın ağ köynəyini.
Bir gün atamgil işdən təzəcə gəlmişdi, qapı döyüldü. Mən açdım, tanımadığım hərbi geyimli bir nəfər qapının arxasında durmuşdu. Zabit idi deyəsən, çiyinlərində ulduzlar vardı. Bura müəllimgilin evidir?-soruşdu. (Atama rayonda hamı müəllim deyə müraciət edirdi).
- Bəli - dedim.
Atam səsə gəldi. Zabit cəld başındakı papağı çıxarıb əlində tutdu. Bildim ki, nə vaxtsa, atamın dərs dediklərindən biridir. Çünki rayonda atamı görən şagirdləri başlarından papağı çıxarardılar. Atam onunla salamlaşıb görüşdü, içəri dəvət etdi. Keçib oturdu, anam çay süzüb qarşısına qoydu. Zabitin əlləri əsirdi, tez-tez boğazını arıtlayıdı. Bilinirdi ki, nəsə demək istəyir. Axır dilləndi:
- Müəllim, bir xəbərlə gəlmişəm, amma bilmirəm, necə deyim.
- De, ürəkli ol, onsuz da hər xəbərə hazır adamlarıq - atam təmkinlə cavab verdi.
- Müəllim, sizin evi biz partlatdıq.
Anam cəld yerindən qalxdı. Baxışlarıyla o qədər “niyə? niyə?” soruşdu ki, qorxdum. Qaçıb ona sığındım, bərk-bərk əlindən yapışdım. Atam bir söz demədi. Başını aşağı salıb qəndqabının qapağını aramla gah qəndqabının üstünə qoydu, gah da götürdü. İçəri sakitlik çökdü.
- Sizin evi ermənilər kazarma eləmişdi, həyətinizə texnikalarını yerləşdirmişdilər - zabit əlavə etdi.
- Barı, bir şey edə bildinizmi? – atam astadan dilləndi.
- Demək olar ki, bir bölüyü və hərbi texnikalarını tamam məhv etdik. – elə bir zabit birdən- birə ürəklənmişdi.
Atam ayağa qalxdı.
- Bala, qadan alım, bundan gözəl xəbər var? – yaxınlaşıb zabitin alnından öpdü. Sonra - Mənim evim dağılmayıb ki, şəhid olub, şəhid! – deyib anamın üzünə baxdı.
Anamın gözlərində yaş gilələnsə də, atamın üzünə gülümsədi. Elə mən də bir şey anlamadan gülümsədim.
Həmin günü yataqxanada kim qarşıma çıxırdısa, evimiz şəhid olub demişdim. Mənə gülən də olmuşdu, qəribə baxan da, acıyan da.
İllər keçdi, biz Bakıya köçəsi olduq. İkiotaqlı həyət evimiz vardı. 20 il Qubadlıya qayıtmaq ümidiylə bu evdə yaşadıq. Rayondakı kimi burda da atam öz hörmətini qoruyub saxladı. Onun savadla, təmkinlə danışığıni hər kəs sevirdi. Elə mən də həmişə atamın danışıqlarının vurğunu olmuşam.
Bir səhər yuxudan duranda, atamın hələ də qalxmadığını gördük. Brinci dəfəydi o, belə gecikirdi. Sən demə, gecə yuxudaykən insult keçirmişiymiş. Elə o qalxmayan, qalxmadı yataqdan. Nə qədər həkimlər gəlib-getsə də, xeyri olmadı. Gündən-günə vəziyyəti pisə doğru gedirdi. Ölümdən yox, Qubadlını bir də görə bilməməyindən qorxurdu. Deyirdi ki, ay allah, mənə möhlət ver, gedim öz evimdə ölüm.
İtirdikcə, itirirdi atam; iştahını, çəkisini, ayaqlarının, əllərinin hərəkətini, şam kimi əriyirdi gözümüzün qabağında. Sonda yaddaşını itirdi. Bunu heç qəbul edəmmirdim. O cür savadlı, səlist danışan atam, indi nə danışdığını özü də anlamırdı. Hətta bizi belə tanımamağa başladı. Bircə Qubadlı, kəndimiz, evimiz yaddaşından silinmədi. “Bura mənim evim deyil, mənim evim hündürdəydi, məni öz evimə aparın” deyirdi.
Məni belə xatırlamadı, məndən adımı soruşurdu, amma Qubadlıya gedən yolları, kəndimizi, evimizin bütün detallarına qədər əzbər deyirdi. Uşaq kimi ağlayırdı, “nə olar, məni Qubadlıya aparın” deyirdi. Gözümün içinə baxıb “Sən ayaqqabılarmı geyindir, özüm qatarla Həkəriyə gedəcəm, ordan da evimizə” yalvarırdı.
İnandıra bilmirdim onu, daha Qubadlı yoxdur, evin yoxdur, sənin evin buradır artıq. Ölürdüm, içim yanırdı atamı belə vəziyyətdə görəndə. Heç həzm edə bilmirdim onun yaddaşsızlığını. Deyirdim kaş ki, dərdi xərçəng olardı, amma huşu, yaddaşı özündə olardı. Tanrıya üsyan edirdim ki, o qədər dərdləri qoyub, ona niyə bu dərdi verdin, məni niyə çarəsiz qoydun, axı onun istədiklərini mən verə bilmirəm?!
15 avqust 2017-ci il.
Çarəsizlikdən bilmirdim nə edim. Atamın gözlərinə içinə baxa bilmirdim. Bilmirəm hardan ağlıma gəldi, gedib tünd zoğalı rəngdə boya alıb darvazanı boyadım. Atamı kürəyimdə pəncərəyə yaxın gətirdim. Onsuz da çəkisi qalmamışdı. Bir əlçim yun kimi əyrilib, yumağa dönmüşdü. Pəncərədən həyətə baxdı. Darvazanı görən kimi güldü, “hə, bura mənim evimdir, vallah bura öz evimdir” dedi.
Qubadlıdan gələndən bəri ilk dəfəydi ki, belə içdən, ürəkdən gülürdü. Yatağına uzadanda baxdım ki, üzü gülümsər vəziyyətdə keçinib. O gün Tanrıya o qədər minnətdarlıq etdim ki, ölümü vardısa, nə yaxşı ki, atam elə bu dərddən öldü. Öz evində...