Şərqlinin arzusu

Şərqlinin arzusu
25 avqust 2012
# 10:00

Adətən nağıllar onu yaradanların məişətini, həyat tərzini, həyata baxışını və arzularını özündə ehtiva edir. Bu yaxınlarda necə oldusa, “Min bir gecə” nağıllarından birini xatırladım. Nağılı yaradan adam kim olubsa, onun fantaziyası adamı heyrətləndirməyə bilmir.

Gəlin, o nağılın xırda detallarına varmadan qısaca skeletini sizə danışım.

Demək, deyirlər bir gün Bağdada bir tacir gəlir, bazarda bir müddət malını satır. Elə olur ki, bundan borca çoxlu mal götürən bir başqa tacir bunun pulunu vermək istəmir. Bizim şəhərə gələn tacirimiz nə qədər çalışırsa, hansı instansiyaya müraciət edirsə, borcunu ala bilmir. Hələ deyəsən, olan-qalan mallarını da alırlar.

Bu soyulan tacir oturur yolun qırağında, ağlayır, saçını yolur, yerdən külü götürüb başına ələyir. Elə bu vaxt onun yanından keçən bir adam bunun dərdini soruşur.

Tacir deyir bəs hal-qəziyyə belə.

Adam ona deyir ki, get filan küçəyə, orada bir dərzi var, ona de, bəlkə o sənə əlac edə.

Tacir deyir ki, ay qardaş, niyə mənimlə məzələnirsən? Sənə bu boyda əhvalat danışmışam, sən də deyirsən get, dərzi sənə kömək eləyəcək?

Yoldan keçən deyir ki, a balam, get yoxla. Səndən nə gedir?

Əlqərəz, bu tacir gedir o dərzini tapır, başına gələnləri danışır. Dərzi bu əhvalatı eşidən kimi iynə-sapını qoyur bir kənara, paltarını dəyişir, tacirin qolundan tutub birbaşa aparır xəlifənin sarayına.

Sarayda bunu kim görürsə, hörmətlə salamlaşır, qapıları qoruyan əsgərlər nizələrini ayırıb bunlara yol verir.

Nəsə, bunlar gedib girirlər xəlifənin yanına. Xəlifə bunlarla görüşür, dərzinin kef-halını soruşur. Sonra dərzi yanındakı tacirin başına gələnləri xəlifəyə danışır.

Xəlifə dərhal uyğun göstəriş verir və bu məsələni çox tez bir müddətdə həll edir. Tacirin mallarını artıqlaması ilə qaytarırlar, günahkarlar da cəzalandırılır.

Məsələnin həllindən sonra tacir bu dərzidən onun niyə belə hörmətli olmasının sirrini soruşur.

Dərzi deyir ki, uzun illər öncə məscidlərin birinin müəzziniydim. Bir gecə, sübhə hələ bir neçə saat qalmış gördüm küçədən bir qadın qışqıraraq köməyə çağırır ki, “ay müsəlmanlar, kömək edin, mən filankəsin övrətiyəm, zorla aparırlar. Çıxıb baxdım ki, bəs bir qoluzorlu adam, ətrafında da dəstəsi, bir arvadı zorla qaçırdır. Gördüm özüm heç nə edə bilməyəcəm, çıxdım minbərə, azan verdim. Bu azanı xəlifə eşidir, dərhal adamlarını yollayır ki, gedin görün bu tərbiyəsiz kimdi, sübh azanını vaxtından xeyli əvvəl verir?

Məni tutub apardılar xəlifənin yanına. Ona əhvalatı danışdım, o da dərhal günahkarları cəzalandırdı, məni də mükafatlandırdı. Axırda da dedi ki, nə zaman harada həll olunmayan bir problemlə rastlaşsan, gəl mənə de, həll edim.

Nağılı oxuyarkən onu yazanın, şərqlinin vəziyyətini, problemlərini asanlıqla təsəvvür etmək olur.

Gör bu yazıq şərqlilər nə qədər ədalətsizliklə üzləşiblər ki, gücü veriblər təxəyyülə, nağıllar vasitəsilə problemi həll etməyə çalışıblar. Bir problemi həll etmək üçün nələr uydurublar, düzüb-qoşublar...

Kaş bir dərzi olardı, o dərzinin başına belə bir əhvalat gələydi və onun problemləri həll etmək üçün xəlifəyə çıxışı olaydı, bizim də problemimiz olanda gedəydik onun yanına, o da iynə-sapını yerə qoyub gedib bizim işimizi düzəldəydi...

# 3198 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #