Ərini Bred Pitlə aldadan qadın – Elçin Hüseynbəylinin hekayəsi

Yazıçı Elçin Hüseynbəyli

Yazıçı Elçin Hüseynbəyli

23 dekabr 2022
# 17:00

Bu gün yazıçı Elçin Hüseynbəylinin doğum günüdür. Kulis.az bu münasibətlə onun “Bred Pitin saqqalı, Anjelina Colinin çənəsi və mənim körpəm” adlı hekayəsini təqdim edir.

Mən Cekonu sevirəm. Çünki Ceko, yəni Cavanşir Bred Pitə bənzəyir. Mən onu da sevirəm...

Evli qadın üçün bunları demək ayıbdır. Amma neyləmək olar: adını nə qoyursan qoy, sevgidir. Şəhvani olmasın, platonik olsun, fərqi nədir...


Ərimi də sevirəm, amma o, heç kimə bənzəmir. Yaxşı, mülayim adamdır, iş manyakıdır. Öz ofisində səhərdən axşama kimi əlləşir, evə gələn kimi bir tikə çörək yeyib cumur kompüterin üstünə. Onunla valideynlərimin razılığı ilə evlənmişik. Mülayim adamdır, amma bəzi ərlər kimi, o da qısqancdır. Hərdən məni Cekoya, Bred Pitə qısqanır. Əslində, onu da qınamıram. Kişidir də. Hərdən soruşur:

- Nə tapmısan axı bunlarda? Səhərdən axşama kimi onlara baxırsan?

Deməyi unutdum ki, Ceko müğənnidir. Qəşəng klipləri, mahnıları var.

Mən də cavab verirəm ki, onları sənə bənzədirəm. Yalana bax e! Heç dəxli var. Onlar sarışın, bu isə qaraşın. Amma neyləmək olar. Onun da qəlbini qırmaq olmaz axı. Doğrudan sevirəm də. Nə qədər sevirəm? Arvadın ərə olan sevgisi qədər.

Bəs mən özüm kimə bənzəyirəm? Düzünü desəm, özüm də bilmirəm. Güzgüyə baxanda elə özümü görürəm. Nə gözələm, nə çirkin. Şabalıdı saçlı, sarıyanız qızam. Bəziləri məni atama, bəziləri anama oxşadır. Amma mən onlardan heç birinə bənzəmək istəmirəm. Mən öz körpəmə oxşamaq istəyirəm.

Onu deməmişəm axı. Mən hamiləyəm. Alti ay olar, yəni həkimin və özümün şəxsi müayinəmə görə uşaq iyirmi dörd həftəlikdir. Təxminən 180 gün əvvəl anasıyla tanış olub, yəni atasının toxumları onu mənimlə tanış edib.

Mən tənbələm. Bunu hamı bilir, heç gizlətməyin adı da yoxdur. Bahalı ətir deyil ki, rəfiqələrinin əlindən gizlədəsən, sonra da hara qoyduğun yadından çıxa.

Uşaqlıqdan beləyəm. Anamgil məni güc-bəla, belə deyək, başıma döyə-döyə oxudublar. Atam başımda bütöv bir sinifin kitabını cırıb... Amma o da yaxşı adamdır, yanımcıldır. O da istəyir ki, gələcək uşağım, mənim uşağım ha, ona oxşasın.

Anam mehriban və qayğıkeşdir. Uşaqlıqdan qayğıma qalıb, mənim əvəzimdən saçlarımı darayıb, paltarımı geyindirib. Sözsüz, o da istəyir ki, uşaq ona oxşasın. Düzdü, bu sözü dilinə gətirmir, amma körpəni əzizləyəndə, hələ doğulmamış körpəni ha, “özümə oxşayan balam” deyir. Özü də hər qayğısını çəkməyə hazırdır. Hərdən ürəyim bulananda vaysınır, deyir ki, imkanı olsaydı, uşağı çıxartdırıb, öz qarnına qoyardı, təki mənim canım öyüməkdən qurtarsın. O təcrübəlidir, ona heç nə olmaz. Köhnə anaların canı bərkdir. “Ana canı, it canı...” Özü belə deyir ha, mən yox!

Bircə ərim üçün fərqi yoxdur. Təki uşaq salamat doğulsun. Əvvəllər fikirləşirdi ki, oğlan olsa, atasının adını qoyacaq, yəni Həsənqulu, qızı olsa, anasının, yəni Güllübəyim. Amma indi dəqiq əmin deyil. Çünki zəmanə dəyişib. Hərdən deyinir: “Bu əndirəbadi adları hardan tapıblar e!? Çox “staromodnıdırlar”.

Düzdü, hərdən o da istəyir ki, uşaq olsa, Anjelina Coliyə oxşasın: dəbbə göz, uzun çənə. Zəhləm gedir onun çənəsindən. Gül kimi ərinin qədrini də bilmir. Ərim, yəqin məni cırnatmaq üçün bu “çənənin” adını ortaya atır.

Uşağın kimə oxşamaq istədiyini bilmirəm. Hərdən soruşuram ki, balaca, bəs səni kimə oxşamaq istəyirsən? O cavab vermir, eləcə gülümsünür. Hiss edirəm axı, qarnımda su kimi axır, xoşallanır, əsnəyir, gərnəşir...

Qarnımı sığallaya-sığallaya ona belə deyirəm:

- Balaca orda darıxmırsan? İstəyirsən kinoya baxaq, Bred əminin kinosuna (əmi e!), ya da Cekonun kliplərinə? - Belə baxıram ki, onunçün fərqi yoxdur. Ona görə də davam edirəm: - Bax, mən istəyirəm ki, sən də onlar kimi sarışın olasan, saqqalın da narıncı olsun, özün də alagöz və ucaboy olasan...

Bu sözləri deyə-deyə körpənin atasını da, yəni mənim ərimi də fikriləşirəm. Yadıma düşür ki, axı o, sarışın yox, qaraşındır. Görən, oğlunun sarışın olmasına necə baxacaq? Nağdılamışam ki, qarnımdakı oğlandır. O, mənim arzu və xəyallarıma uyğun böyüyür. Əsas odur ki, qəşəng olsun. Onda atası da, yəni mənim ərim də razılaşar...

Mən tənbəlliyimdən hamilə qaldım. Çünki oxumaqdan və işləməkdən bezmişdim. Axşama kimi məni yuxu basırdı, əsnəyirdim. Anam bir dəfə dedi ki, uşağın olsa, heç işə də getməzsən, evdə oturub uşağına, ərinə qulluq edərsən.

Ərimə qulluq edirdim e, di gəl, dərman iyi onun xoşuna gəlmirdi. Axşama kimi aptekdə dərmanların içində fırlanmaqdan dərman iyi üstümə hopmuşdu. Ərim daim deyinirdi. Xətrimə dəyməmək üçün səsini qısıb danışırd. Sanki sözü mənə yox, aptekə deyirdi, günahı da onun üstünə yıxırdı. Hərdən də mənə acıqlanırdı. Neyləsin, kişidi də!

“Cəhənnəm olsun aptek! Sən də yaxşı-yaxşı cim ki, bu zəhrimar qoxu evdən, səndən və məndən gəlməsin!” Mən də allahın hər günü çimirdim, amma nə faydası? Bu barədə anama şikayətlənirdim. O yazıq da hər axşam bizə gəlib məni çimizdirir, kisələyirdi, uşaqlıqdakı kimi, özü də deyinirdi:

- Sən böyümədin də!

- Neynim e, böyümürəm də! – deyə boynuma alırdım. Cekonun üzüyola qızları kimi...Boynuma almayıb, neyləyəcəkdim ki!?

Mən ona və özümə təsəlli üçün başqa söz tapa bilmirdim.

Uşağa, yəni mənim bu körpə Bredimə necə qaldığımı da bilmədim. Yəqin anam məni yaxşı çimizdiribmiş. Eləcə bir gün hiss elədim ki, nəsə halım özümdə deyil, anam demiş, iki can olmuşam...

...İndi Cekonun təzə klipinə baxıram. Sevgilisi üçün yaman darıxıb. Anam onun bu klipini görsə, vaysınacaq, “Can ay yazıq!” deyəcək, qalmısan bu “şortuların” əlində.

Anam da onu çox istəyir. Bred Piti də sevir. Ərimi də sevir. Yaman qəribə qadındır. Üstəlik öz ərini də sevir. Neçə ildir ki, qarasınca deyinsə də, arxasınca danışsa da, yenə onu sevir. “Bu qaramat, - deyir, - ölüb qurtarmadı ki, mən də bir gün görüm!” Deyinir e, amma onun yanında özünü quzu kimi aparır. “Evimizin dirəyi, çörəyi” deyir, üstünü tumarlayır, ayaqqabılarını silir, yemək bişirir, paltarlarını yuyur, çay verir. Anam o qədər qayğıkeş və zirəkdir ki, bizim də işlərimizi görür...

Bir azdan Bred Pitin kinosu başlayacaq. Anjelina Coli ilə bu filminə beş-on dəfə baxmışam. Ər-arvad heç nəyin üstündə bir-birilərini güllə-baran edirlər. Hər dəfə də bu uzun çənəyə acığım tutur. Bir ara oxumuşdum ki, ağır xəstəliyə tutulub. Ölsəydi, Bred Pitin canı qurtarardı.

Cekonun vecinə deyil. Ceko subaydır. Düzdü, ətrafı qızlarla doludur. Hər klip çəkdirəndə, anam demiş, ətrafına bir sürü qız yığır. Amma həyatından daim narazıdır, eləcə nakam məhəbbətindən şikayətlənir. Bu mənada mənim də, elə ərimin də bəxti gətirib. Ərim məni ona qısqananda deyirəm:

- Sənin nə vecinə, sənin bəxtin gətirib, sənin sevdiyin arvadın var.

Bəlkə heç o, məni ürəkdən sevmir, çünki “sevirəm” sözünu bircə dəfə də olsun, mənə deməyib, heç bircə dəfə də. Qarnımdakı körpəyə and olsun! Amma hər axşam evə gəlirsə, hərdən məni tumarlayırsa, üstümə acıqlanırsa, deməli, sevir.

Ərimin məni sevməsi məsələsini ortaya atanda üzümə tərs-tərs baxır, səhvimi düzəldib deyirəm ki, onun arvadı da, yəni mən də öz ərimi sevirəm. Hippokrat haqqı! Tay, Anjelina Coli ilə Bred Pit kimi yox da. Gündə dava...

Uşaq məni tanıyır, qarnımı sığalladıqca atılıb-düşür. O, mənim sığalıma uyğun böyüyür.

Uşağım Cekoya, Bred Pitə oxşasa, əla olar. Onu özüm böyüdərəm, müğənni, ya aktyor olması üçün əlimdən gələni edərəm.

Axx, Anjelina, - deyirəm, - səni nə cırardım! Hələ Cekonun yanındakı qızları demirəm...

Bax belə... Hər gün körpəmi və sevdiklərimi, elə acığım gələnləri də fikirləşə-fikirləşə bir də gördüm ki, sancılarım tutdu, özü də dəfələrlə. Körpə, yəni mənim Bredim, mənim Cekom nəyəsə acıqlanmışdı, hey qarnımı təpikləyirdi. Yəqin, kimə oxşamasını dəqiqləşdirmək üçün çölə can atırdı, sanki güzgüyə baxacaqdı. Hər sancım tutanda elə belə də deyirdim: “Bəlkə ordan çıxan kimi əlinə daraq alıb keçəsən güzgünün qabağına?!” Ağrıdan belə deyirdim, neynim...

...Nəhayət o, doğuldu. Şükür Tanrıya! Gözlərimi açanda gördüm ki, mamaçalar bir ətcəbalanı başımın üstünə qaldırıb belindən vururlar... Birdən o, üz-gözünü qırışdıra-qırışdıra ağlamağa başladı...

Oy, nə eybəcərdi! Heç kimə oxşamır...

Bəlkə çənəsi! Oyyy, maaamaaa!!!

Fevral, 2018-ci il

# 2277 dəfə oxunub

Müəllifin son yazıları

# # #