Sevgilisini erməni qızı bilib KQB-yə çağırdılar – HEKAYƏ

Sevgilisini erməni qızı bilib KQB-yə çağırdılar – HEKAYƏ
25 noyabr 2015
# 21:00

Kulis “Axşam oxusu” layihəsində Elçin Hüseynbəylinin “Şimallı gəlin” uzun hekayəsini təqdim edir.

Mən durduğum yerdə yox, getdiyim yerdə işə düşdüm. Az getdim, üz getdim, dərə-təpə düz getdim, yabaynan dovğa işdim, milçək mindim çay keşdim, sapand atdım quş vurdum, kəmənd atdım yal aşdım, sal qayaya dırmaşdım... Baho, alpinistliyim yenə də tutdu, deyəsən...

Qoy təzədən başlayım. Deməli, biz ikimiz-mən və çantam şad-xürrəm yola düzəlib getdik Şimal qonşumuz gilə. Bizi, yəni məni və pərsəngimi bu hekayədə ancaq səbəb rolu oynayacaq N şəhərinə (o şəhərin adın bilmək sizinçün maraqlı olmadığına görə, bu hekayədə onun adına rast gəlməyəcəksiniz), deyəsən, mal həkimlərinin (sizin dildə buna "veterinar" deyirlər) tədbirinə çağırmışdılar. Hansı tədbirə çağırıldığımı dəqiqləşdirmək üçün gərək mənə gələn dəvətnamələri axtarıb tapam, ancaq bu, elə də vacib deyil, həm də ki, buna nə sizin, nə də mənim hövsələm çatar. Əminəm ki, əsil azərbaycanlı kimi sizi mənim başıma gələnlər maraqlandırır və indi onları sizə danışacam.

Mətləbə keçməzdən əvvəl səmimi-qəlbdən deyim ki, mal həkimi olmağıma camışımız səbəb olmuşdu. Mən uşaq olanda Mirkişidən aldığımız, bir naxıra dəyən camışımız bərk xəstələnmişdi, qarnı gedirdi və elə qarnı gedə-gedə də dünyasını dəyişdi. Öləndə yazığın gözlərində yaş gilələnmişdi. Qarın ağrısı məsələsində camışımızla bağrıbadaş olduğumdan onun nələr çəkdiyin mən aralıdan duyurdum. Bizimkilərin vecinə də deyildi. Görünür, onların qarnı heç zaman ağrımamışdı. Ağrımışdısa da, mən onların saatlarla ayaq yolunda qalmalarının şahidi olmamışdım. Olsa-olsa bu ağrıya nənəm bələd ola bilərdi. O da, hərdən çölə çıxa bilmədiyindən şikayətlənirdi. Mən də evdəkilərin acığına adam yox, mal həkimi olmağa qərar verdim və rayon mərkəzindəki texnikumda iki il oxuyub, nənəm demiş padşahlara layiq diplom aldım və daş qəlbli olmağım barədə deyilən bütün fikirləri alt-üst elədim.

Aramızda heç bir sirr qalmaması üçün "Daş qəlbli" məsələsinə aydınlıq gətirmək vacibdi. Sizə izahat verim ki, mən uşaq vaxtı qonşuların toyuqlarının qılçasını qırmaqda mahir ovçu kimi ad çıxarmışdım. Qonum-qonşular bunu toyuqlara antihumanist münasibət kimi qiymətləndirirdilər. Əslində mən nənəmin arzularını yerinə yetirirdim. Çünki nənəm bostanımıza keçən qonşu toyuqlarına həmişə daş atıb, onların qılçalarının qırılmasını arzulayırdı. Çünki atdığı daş heç zaman onlara dəymirdi. Bəndənizin atdığı daşlar isə sərrast idi və mükafatlandırılmaq əvəzinə qonşularla növbəti qalmaqala səbəb olurdu.

Əlbəttə, bunlar hamısı keçmişdə qalıb və mən haqqımdakı fikirlərin yanlış olduğun çoxdandan sübut eləmişəm. Ona görə də hekayəmin melodrama hissəsinə keçək.

Hər şey əvvəldən yaxşı gedirdi. Təyyarəyə bilet almağım da, minməyim də, şəhərə çatmağım da. Maraqsız yerləri buraxmaq üçün qısaca ərz eləyim ki, Veterinarlar klubunda mənə iki metrlik bir vərəqə verdilər. Həmin vərəqədə tədbirin keçiriləcəyi qəsəbənin marşrutu cızılmışdı. Ordan çıxandan təxminən yarım saat sonra şəhərətrafı elektrik qatarlarına gedən stansiyadaydım. Perronda durub elektriçkanı gözləməyə başladım. Qatarların Buynuz qəsəbəsinə (tədbirin keçirildiyi yeri şimallı qonşularımız bu cür adlandırırdılar) gedib-getmədiyini soruşdum. Ancaq heç kim mənə cavab vermədi. Mən bir də soruşdum. Nəhayət ki, bir qədər aralıda dayanmış adamları göstərdilər. Onların yanına gəldim.

Elektriçkanın o xarabaya gedib-getmədiyini soruşdum. Yenə də heç kim cavab vermədi. Cavab vermədi nədi e, məni adam yerinə qoymadılar. Soruşduğum adamlar dallarını mənə çevirdilər. Nağdı zənn elədim ki, qatar gözləmək baxımından mənimlə eyni statuslu adamlar saçımın qaralığına görə məni saymırlar. Ona görə də özünüsevmə instinktlərim qabardı və ağzımdan çıxanı onlara dedim. Dediklərimin təfsilatını danışmağa həvəsim yoxdu. Ancaq "mən həkiməm və sizin kimi sarıbaş qoyunlara o qədər baxmışam ki..." çox qiymətli ifadəni sizə deməyə dəyər. Həkim sözünü mən xüsusi pafosla dedim və əlimdəki çantanı fırladıb yerə çırpmaq istiyirdim ki, qoca bir qadın çantamı yox, hirsimi göydə tutdu və "Cavan oğlan, əsəbiləşməyin. Əsəbləriniz qocalanda lazım olacaq", - dedi, - "siz deyən elə o xarabaya gedir".

Mən Hacıleylək kimi məğrurcasına vaqona qalxdım. (İfadəyə fikir

verdinizmi- "Hacıleylək". Sonra da deyirlər ki, mənim hekayələrimdə obrazlı ifadə çatışmır). "Bura boşdur?"-soruşdum. Yenə də cavab gəlmədi.

Mən də acıqla cavab gözləmədən oturdum. Bir də axı nəyə görə icazə almalıydım e. Yer dədəsinnən qalıb? Yoxsa qatarı dədəsi icad eləyib? Bunları fikirləşə-fikirləşə böyrümdə oturana da fikir verdim. Cavan bir qadınıydı. Əslində mən onun cavan olmağını lap sonra qatardan tullananda gördüm. Çünki alt köynəyi qırçınlıydı və həmin qırçınlı köynəyi ancaq cavan xanımlar geyinirdilər. Yanında da balaca oğlan uşağı varmış. Mən buna fikir verməmişdim, elə ona görə də sonradan diqqətsizliyimin altını çəkdim. Həmişə belədir də, gərək uşaqlara xüsusi diqqət yetirəsən, ilk baxışdan onlarla dost olasan. Yoxsa ki...

Hələliksə oturub çölə baxırdım. Nə haqqındasa fikirləşirdim. Nə fikirləşdiyim elə də vacib deyil. Mürgüləmək kimi şirin, qayğısız və vacib bir prosesə qədəm qoymaq istəyirdim ki, nəysə böyrümü qızdırdı. Həmin o qadının böyründə oturan balaca gədəcik yanımda durub, həjəmətin, həjəmət də yox e, həjəmət kəndçimiz Zalxanın İmralıda gördüyüdü, olsa-olsa barama qurduna oxşuyan balaca ilancığın əlində tutub arxayın-arxayın ictimai yerdə qadağan olunmuş işlə məşğul idi, sizin dildə desək, üstümə dızqırdırdı. Mən qışqırıb, ayağa qalxdım. Bu biabırçılığa görə onun anasını o ki, var söydüm. Anası "Sən allah bağışlayın" deyə dil qəfəsə qoymurdu. Böyürdəkilər gülüşürdü. Onların bu gülüşünə uşağın anası da qoşuldu. Mən

hirsimdən köynəyimi çıxarıb suyunu, diqqət: üfunətli suyunu qadının üstünə sıxdım. Qadın, deyəsən, bunu gözləmirdi. O da qışqırıb ayağa qalxdı. "Tərbiyəsiz"- dedi. Dedim tərbiyəsiz özünsən, dədəndi, pişiyinizdi. Bayaqdan pişiyinin tərbiyəsindən camaata danışıb başımı xarab eləyir. İndi zılqa bir oğluna öyüd də verə bilmir. Qadın dedi ki, mən, guya qəlbsiz adamam və mənim kimi daşürəkli məxluq görmüyüb, guya ki, mənim üstümü batıran o abırsız gədəcik uşaqdı və hər şeyə fikir vermək lazım deyil. Dedim siz bilirsiz mən kiməm!? Cavab gözləmədən və inandırıcı görükmək üçün "patsientim" olmuş quzu ilə çəkdirdiyim şəklimi və jurnalda dərc olunmuş "Heyvanların dostu" məqaləsini onların gözünə soxdum. "Mənəm daş ürəkli!?" - bağırdım. Əsəbdən başımın damarları şişdi. Ancaq gülümsəyən şəklimə baxan kimi sakitləşdim. Necə də xoşbəxt idim. Quzu da mənimlə birlikdə gülürdü və özciyəzimə oxşayırdı.

Mən daş ürəkli olmamağımı Rusiyanın ortasında da sübut eləmişdim. Sözsüz ki, qadın mənim bu sözlərimin və şəklimin qabağında əridi. Əvəzində dedi ki, mən əsəbiləşməyim, Vovoçkanın xasiyyəti belədir, mənim yanımda bir kişi görən kimi onun üstünə... o məsələ. Dedim nə "o məsələ". Hər şeyin öz adı var və onu demək lazımdı. Təbii ki, mən həkim idim və Hippokrat andına sadiq qaldığıma görə sakitləşdim, bayaq perrondakı qadının əsəbiləşməmək tövsiyələrinə əməl elədim. Mən biləni bizim texnikumda Hippokrata əsəbiləşməməyə görə and içirdilər. Çünki mən əsəbiləşən kimi müəllimlər mənə Hippokrat andını xatırladırdılar. Hətta bu belə deyildisə də, həmin məqamda Hippokratı xatırlamaq vacibiydi. Bu barədə fikirlərə baş vurmaq istiyirdim ki, qadının cingiltili səsi lap qulağımın dibində səsləndi. Bu dəfə onun səsi çox həlim və yumşaq idi. Qadın məni başa saldı ki, tədbirin keçirildiyi yer onların evlərinə yaxındır və məni evlərinə aparıb paltarımı yuya bilər. Dedi ki, təəccüblənmiyim. Çünki evdə bir anasıdı, bir də Vovka.

- Bəs əriniz?

- Ərim yoxdu,- dedi.

- Necə yəni yoxdu, bəs bu uşağın atası kimdi?

- Onun atası yoxdu. - Qadın bu sözü elə dedi ki, elə bil əri olmaq ayıb şeydi.

- Necə yəni yoxdu, bəs bu, göydən düşüb? -Mən bu sözləri həmin gədəciyin böyrünə dürtmələyə-dürtmələyə dedim.

- Bəli, -dedi, - göydən düşməsə də yerdən çıxıb. Biz onu yoldan tapmışıq.

Sonra Vera (qadının adı beləymiş) dedi ki, mən onun təklifiylə razılaşsam, yaxşı olar. Peşman olmaram. Ancaq mən peşman oldum. Əlbəttə, bu hadisə baş verənə qədər, yəni mən peşman olana qədər hər şey yaxşı getdi.

Biz Verayla evə gəldik. Evə gəlməmişdən qabaq Vera qatarın "stopkran"ını qırdı və məni məcbur elədi ki, vaqonnan yerə atılım. Onu da belə izah elədi ki, burdan qəsəbəyə yol kəsədir. Mən təbii ki, həyatım üçün belə risklərdən boyun qaçırdım və ayağımı dirəyib dayandım. Vera Vovkayla aşağı düşdü. Vaqon tərpənəndə Vovkanın yerdə durub mənim qəzet, jurnal və sənəd olan papkamı, yəni mənim həyatımın bütün mənasını, lap düzünü bilmək istiyirsinizsə, mənim həyata "vizitni kartoçka"mı əlində yellətdiyini gördüm. Vovka, görünür, papkanı mənim qızğın vaxtımda, yəni əsəbilik havasında üzəndə çırpışdırmışdı. Mən qapıya tərəf atıldım, qapını açıb çantalı-zadlı yerə tullandım. Verayla çöllüyün düzündə söyüşməyim, az qala evə qədər davam etdi, ancaq Hippokrat andı burda da köməyimə çatdı və yad yerdə özümü ələ almağa məcbur oldum.

Gözlədiyimin əksinə olaraq Veragildə məni yaxşı qarşıladılar. Qarşıladılar deyəndə ki, Veranın anası pişiyi ilə doqqazın ağzında durub bizi, yəni Veranı gözləyirdi. Veranın anasıyla görüşməyi him-cimsiz ötmədi. Və bu ağız-göz əymələrinin mənim barəmdə olması şübhəsiziydi.

Boynuma alım ki, Vera mənə verdiyi sözə kişi qızı kimi əməl elədi. Paltarımı yudu və tez də qurutdu. Mən isə hamamda yuyundum. Hamam deyəndə ki, bu balaca üstü örtülü yer əl damı, daha doğrusu donuz tövləsinə oxşayırdı, ancaq səliqəliydi. Veragildəki rahatlıq o qədər xoşuma gəldi ki, dəvət olunduğum tədbir az qala yadımdan çıxdı. Ancaq heyvanların dostu imici məni bu fikirdən daşınmağa məcbur elədi.

Təbii ki, tədbirə bir yerdə getdik. Mən özümü dahilər kimi aparırdım. Əslində bunu eləməyə haqqım da vardı. Çünki belə tədbirlərə hər adamı, o da ki, ola mal həkimini, dəvət eləmirlər. Mən sizə sərxoş olmağımdan, həkimliyin necə də gözəl peşə olması, xalqlar və heyvanlar dostluğunun vacibliyi barədə nitqlərimdən danışıb, onsuz da xarab olan başınızı pozmaq istəmirəm. Ancaq səhərisi günü, Veragilin həmən o səliqəli donuz tövləsində ayılanda Vera mənim axşamkı hərəkətlərimdən çox həvəslə danışdı, mənim ayrı adam olmağımı, yəni heç kimə oxşamamağımı xüsusi avazla qulağıma sırğaladı. Vera dedi ki, mən tələsmirəmsə, bir iki gün də onlarda qala bilərəm. Mən elə o saatdaca razılaşdım. Ancaq gərək qalmayaydım. Çünki sonrakı günlər mən Veroçkanı sevdim (artıq mən ona Veroçka deyirdim və siz də razılaşarsınız ki, bu, mənim ülvi məhəbbətimin ifadəsiydi).

Bir gün həyatın və sevginin mənə verdiyi xoşbəxtlikdən həzz alırdım. Veranın pişiyi də böyrümdə uzanıb xoşallanırdı. Özü də, deyəsən, Veranı mənə qısqanırdı. Ancaq Vovka kimi artıq-əskik hərəkət eləmirdi. Hərdən mənə baxıb sakitcə miyoldayırdı. Mən qadınların düşündüyüm qədər də zəhlətökən olmadığını yenicə kəşf eləyirdim ki, telefon zəng çaldı.

- Alo, Vera Arakelovnanı olar?

- Kimi?

- Vera Arakelovnanı.

Dedim burda elə adam olmur və telefonu qoydum yerə. Telefon yenə də zəng çaldı. İndi qadın səsiydi. Bu dəfə Vera Arakelovna Paqosovanı soruşurdu. Mən mamaşamnan (Veranın anasına mən də «mamaşa» deyirdim) soruşanda ki, burda Vera Arakelovna olur, ya yox. Dedi, bəs bilmirsənmi, bizim Veranı deyirlər.

Azərbaycanlı Cini mənim təpəmə vurdu. Necə yəni, Vera Ermənidir?! Bu sözləri deyərkən sifətim sual və nida işarəsi forması aldı.

-Yox, - dedi, - rusdur.

- Bəs bu Arakel hardan çıxdı?

- Uvalnitelnidən. Yəni ki, Veranın atası Arakel burda əsgərlikdəymiş və bir dəfə yaxşı davranışına görə şəhərə gəzməyə buraxılıb, ayağı sən demə, təsadüfən ilişib və təsadüfən yıxılıb Veranın anasının üstünə və necə yıxılıbsa, 9 aydan sonra təsadüfən Vera dünyaya gəlib. Tək analara o vaxt pis baxdıqlarına görə atasının adını elə Arakel yazdırıb. Ola bilsin ki, Vera heç Arakeldən deyilmiş. Ancaq bunu necə sübut eliyə bilərdin ki... O vaxt elm indiki kimi inkişaf eləməyibmiş, adamlar da belə şeyləri, yəni hamiləlikdən qorunmağın yolunu və uşağın kimdən olmasını düz-əməlli bilmirmişlər. Adamlar onda avamıymışlar. Şükür allaha ki, Arakelin "uvalnitelni"si təsadüfən yaddan çıxıb onlarda qalıb. Uşağın ondan olmasının yeganə sübutu bu imiş, hər halda bunu «zaqs» işçilərinə sübut kimi göstərmək olarmış. Ancaq bilsəymiş ki, məsələ sonradan belə olacaq, yəni sovet höküməti dağılacaq belə iş tutmazdı. Peyğəmbər-zad deyil ki...Elə Arakel əvəzinə Vaska yazdırardı. Vaskanı da, zaqsdakıları da birtəhər yola gətirmək olardı. "Kişilər onsuzda hamısı bir bezin qırağıdı"...

Bütün bu izahatlar beynimə batmırdı. Mən Rusiyanın düzündə millətin adını biabır eləmişdim. Bunları fikirləşdikcə qan dövranım Molla Nəsrəddinin təzmiş eşşəyi kimi sürətlə fırlanırdı. (Bu da bir obrazlı ifadə!) Bu tempə uyğun olaraq evdə qırğın salmışdım. Onların məni qəsdən aldatdıqlarını deyirdim. Qaçıb çardağa çıxdım. Özümü öldürməkdən başqa çıxış yolum qalmamışdı. Necə yəni mən erməni qızı sevmişəm. Onun nəvazaşin çəkmişəm, sığallamışam. Hələ bir az da qalsaymışam, Veranın uşağı da olacaqmış. Yaxşı ki, qardaşı yoxuymuş, bircə erməni dayımız kəmiydi. Bu fikirlər ürəyimdən keçən zaman Vera mənə yalvarırdı ki, özümü atmayım. Əlbəttə, bu çardaqdan atılmaqla ölən deyildim. Uzağı şikəst ola bilərdim. Ölsəydim də, məni Vaska basdıracaqdı.

Mən ölümümü təsəvvür edirdim. Veragilin evi, çardaq qarışıq təxminən beş metr olsa da, mən daha hündürdən yıxıldığımı, daha doğrusu Nyuton nəzəriyyəsinə əsasən yerə tərəf, özü də təpəsi üstə uçduğumu görürdüm. Veranın üstümdə ağlamağı, saçını yolmağı mənə ləzzət eləyirdi. Qadının sevdiyi kişinin cənazəsi üstündə saçını yolması hər adama nəsib olmur. Və bu, hər adama nəsib olsaydı Azərbaycan şairləri cənazələri üstündə saç yolan qadının əsrlərlə həsrət və xiffətini çəkməzdilər. Heyif ki, Vera erməniydi, azərbaycanlı deyildi. Görünür, mənim də bəxtimə belə yazılıb.

Hələ keşişi demirəm. Üstümdə ayinlər icra eləyirdi. "Vo imya ottsa, sına isvyatova duxa". Savadsızlar üçün deyim ki, bu, «atamızın, oğlumuzun və müqəddəs ruhun xatirinə» deməkdir. Kilsə xoru qulaqlarıma gəlirdi. Bu lap yaxşı oldu. Çünki mən uşaqlıqdan xor kapellasına qulaq asmağı xoşlayıram. Əslinə qalsa bu musiqi və din məsələsinin mənim hekayəmə dəxli yoxdu. Ancaq müsəlman kimi doğulub, xaçpərəst kimi basdırılmaq da heç kişilikdən deyil. Düzü heç bilmirəm müsəlman necə olurlar. Məsələn, xristianlarda uşağı xaç suyuna salanda dönüb olur xaçpərəst, bəs biz nə vaxt müsəlman oluruq? Nəysə, mənim belə fəlsəfi düşüncələrə vaxtım yoxuydu. Özü də heyf deyil, Azərbaycanda ölmək. Adamı qoyurlar ortaya, yol ki, başını yolasan, cır ki, üzünü cırasan. Ancaq ruslar araqdan dümçüyürlər. Sonra da adamı uzadırlar stolun üstünə, boğazına da "baboçka" taxırlar. Yaxud da ölünü stolun üstünə uzadandan sonra araq içirlər. Dəxli nə. Axır ki, öz məzhəblərində nəysə eliyirlər. Mənə geyindirilən kostyum da xoşuma gəlmədi. Bu, deyəsən, Veranın mərhum atasının söyxasıydı və ətim ürpəşirdi. Hələ o Vaskanı demirəm. Yalandan ağlıyır. O köpəyoğlu məni bir dəfə də görmüyüb. Yəqin o məni görsüydü, mən də onu görərdim. Ancaq mən onu görməmişdim. Heç könülaçan mənzərə deyildi. Mən uşaqlıqdan belə ölüm arzulamamışdım. Eşşəyimizin anqırtısı, itimizin hənirtisi, toyuğumuzun qaqqıltısı qulaqlarımda ölməliydim. Çünki mənim taleyimə belə yazılmışdı və mən o taleyə, hələ desən eşşəyimizə, itimizə, pişiyimizə xəyanət eləyə bilməzdim.

Vera mənə yalvarırdı. Onun göz yaşları bəbəklərindən dığırlandıqca, yazığım gəlirdi. Onun niyə erməninin belindən gəldiyinə görə allahı-bəndəni qatmışdım bir-birinə. Bəli, mən Veranı sevirdim, ancaq düşmən qızıyla evlənmək, millətin adını batırmaq elə də asan iş deyildi. Lakin mən özümdə milli qeyrət və kişilik tapıb ondan aralana bildim. Özümü birinci elektriçkaya atdım və bu faciəvi hadisə baş verməzdən qabaq, yəni Veranı sevməzdən əvvəl mənə əsəbiləşməməyi tövsiyə edən həmən qoca qadını gördüm. Qadının qoca gözləri gülürdü...

Mən isə onu, o böyük sevgini unutmaq üçün evə məktub yazdım. Təbii ki, mən evə məktubdan tez çatdım və məktubu oxuyanda daha çox xəcalət çəkdim. Mən məktubda onu sevdiyimi etiraf edirdim. Nə acı rəzalət və həqarət! Ermənini sevmək!? Lakin böyük sevgini milli hissə qurban verdiyimə görə, yaxud əksinə, milli qürurumu sevgi hissinə qurban vermədiyimə görə, özümü qovaq ağacımızdan da uca və vüqarlı hiss eləyirdim. İndi uşaqlıqda başındakı üzümlərə əlim çatmayan qovaq ağacının lap kəlləsində oturub, üzüm gilələrini bir-bir ağzıma atırdım və dənələrini ağacın dibindən keçən adamların keçəl və pırpızlı başlarına yağdırırdım. İnsanlar nə qədər cılız, misgin və yazıq idilər. Mən isə xoşbəxtliyin və bədbəxtliyin bir addımlığındaydım...

Sən demə hər şey mən fikirləşdiyim kimi də deyilmiş, böyük sevgidən, onu unutmaqdan da əzablı iş varmış və bu, mənim əvvəlcədən, hələ dünyaya gəlməmişdən, bəlkə heç mənim atam, anam da yer üzündə olmamışdan alnıma yazılıbmış...

Sizi intizarda saxlamamaq üçün deyim ki, bu hadisədən bir neçə gün keçəndən sonra telefon zəng çaldı. Mənə yox, müdirimizə. Müdir də məni yanına çağırdı və diqqətlə üzümə baxdı. Sonra durub pəncərənin qabağına getdi. (Siz belə maneraları kinolardan görmüsünüz). Və sonra, "yenə də nə p... qaynatmısan"-soruşdu.

- Heç nə. Nə olub ki?

- Onu səndən soruşmaq lazımdı. Çünki səni ke-qe-be-dən axtarırlar. Müdir qorxunc və əzəmətli görünmək üçün KQB sözün hecalarla və pauza verə-verə dedi və sonra əlavə elədi: Daha doğrusu axtarıb, tapıblar və səni ora dəvət edirlər və başı ilə KQB-nin binasını göstərdi.

- Bilmirəm-dedim- bəlkə, son eksperimentlərə görə. Axı mən İngiltərə cins düyələri ilə bizim kələlərin təbii mayalanması nəzəriyyəsi üzərində işləyirdim.

- Bu, eksperimentlik məsələ deyil. Sən yaxşı-yaxşı fikirləş.

Mən, təbii ki, fikirləşmədən "bilmirəm" dedim…

KQB-də məni ağ köynəkli, qara qalstuklu və eynəkli ortayaşlı kişi qarşıladı. Onsuzda onların hamısı bir-birinə oxşuyur, heç oxşamasa da mən onların hamısını elə bir gözdə görürəm...

- Qəhrəman sizsiniz, deməli. - Bu, sualdan çox, tənəyə oxşayırdı, özü də daha yaxşı olardı desin ki, «deməli, qəhrəman sizsiniz?». Cümlə quruluşu xoşuma gəlmədi.

- Nə qəhrəman?

- Suallara cavab verəndə tələsmiyin. Düzdü hələ sual-cavaba başlamamışıq... Siz Vera Arakelovnanı yaxşımı tanıyırsız?

Mən bu sualdan təəccübləndim, təəccübləndim də yox e, üzümün damarları qaçaraq düşdü:

- Siz onu hardan tanıyırsız ki?

Yenə də kinolardakı kimi ütülənmiş cavab:

- Burda sualı mən verirəm, cavan oğlan.

Dedim, bəli yaxşı tanıyıram. Və heç sual gözləmədən sizə danışdıqlarımın hamısını bala-bala ona danışdım. Dedim ki, onu unutmaq üçün mən ən ülvi sevgimi belə millət yolunda qurban vermişəm.

- Deməli belə, erməni...sevgi... məhəbbət... Cavan oğlan, siz də, mən də bilirik ki, bu sevgi-məhəbbət oyunları boş şeydir, onlar qalıb keçmişdə. İndi Leyli-Məcnun zamanı deyil.

Xahiş elədim ki, mənim adımdan danışmasın. Dedim ki, Veranın ermənilərə heç bir dəxli yoxdu. O, heç atasının da üzünü görmüyüb. Hələ anasının qarnında olannan yetim qalıb, atası onu heç bir dəfə də sığallamıyıb. Yəni anasının qarnını, uşağın orda necə təpik atmasını da görməyib. Sonuncu sözlər mənim baş tutmuyan qayınanamın sözləriydi.

- Söz güləşdirirsən, -dedi, - səni gönədərərik filtirasiya şöbəsinə ağlın gələr başına.

Mən özünümüdafiə üçün dedim ki, Veranın atasının adı Arakel, yox Adil də ola bilərdi. Soyadı da olardı Paşayeva. Bu, sırf təsadüfdür.

- Uşaqlar təsadüfən olmur, cavan oğlan. Tay bu qədər də yox da. Bəlkə biz kənddən gəlmişik. Uşağın nədən və hardan əmələ gəlməsini bilmirik?..

- Axı o heç ermənicə bir kəlmə də bilmir.

Mən indi Veranı müdafiə edirdim, buna görə də ke-qe-beşnikin gözləri İspan öküzlərinin gözləri kimi getdikcə qızarırdı. (Gördünüz obrazlı ifadəni!? Alın a...)

Ke-qe-beş-nik:

- Biz bunlara sonra baxarıq, -dedi...

Mən salındığım balaca otaqda dərin fikirlərə qərq olmuşdum. Hərəsi elmi-tədqiqat institutunun araşdırma obyekti olan cavabsız suallar. Onlar mənim Vera ilə görüşməyimi hardan bilə bilərdilər. Bu, mənə qarşı böyük bir sui-qəsdin tərkib hissəsi də ola bilərdi. Mən Veradan, onun anasından da şübhələnməyə başladım. Onlar məni niyə evlərində saxladılar? Mən ki, onların qohumu deyildim. Onlar mənnən söz alırmışlar. Qatarda mənə gülən qadın da ke-qk-beş-nik imiş. Bu müdrik və dərin fikir məni qəfildən çuğladığından ağıl ifadə edən geniş alnımı soyuq tər basdı.

Barmağımı dişləyib, cəld məni saldıqları balaca otaqda ayağa qalxdım və mətin kommunistlərə layiq addımlarla otaqda addımlamağa başladım. Görüşlərimin detallarını bir-bir yadıma salmağa çalışırdım. Həmin detallar gözümün qabağından kino lenti kimi yenidən keçməyə başladı. (Siz bu mənzərəni və qəhrəmanın ürəyindən keçənləri kinolarda görmüsünüz). Alnımın qırışları ciddi fikirləşməyimdən xəbər verirdi. Aha, mənə gülümsəyən həmin qadın Veranın anasıymış. Sadəcə qrimlənibmiş. Bax, elə ona görə də Vera yolun ortasında məni qatardan düşürüb ki, anası bizdən qabaq evə getsin və hərif, yəni mən heç nədən şübhələnməyim. O, uşaq, balaca gədəcik... O heç də balaca deyilmiş... Yaxşıca öyrədilmiş xəfiyyə imiş. Mənim sənədlərimi də xüsusi tapşırıqla götürüb ki, onların dalına düşüm. Bu, sonrakı əməliyyatlar üçün onlara lazımmış. Burda İngiltərə kəşfiyyatının da əli ola bilərdi. Dünyanın bütün xəfiyyə idarələri, hətta ola bilsin ki, İnterpol da bu işə girişmişdi, mənimlə maraqlanırdı. Bəlkə mənim apardığım eksperimentlər doğrudan da böyük bir kəşf, dünya sivilizasiyasının indiyə qədər görmədiyi böyük bir iş idi. Yazıq nənəm, uşaqlıqdan o mənim böyük alim olmağıma inanmışdı. İndi o yoxdur və mənim- nəvəsinin kimlərlə və nəyin üstündə mübarizəyə girdiyini görsəydi, bəlkə də ölməzdi. Alnımı ovuşdura-ovuşdura qalmışdım. Burda, şübhəsiz ki, nəysə ciddi bir məsələ var. Bəlkə, məni sınayırlar. Ola bilər. Vətəndaşların nə dərəcədə öz ölkəsinə sədaqətli olmasını yoxlamağın yollarından biri də budur. Onlar mənim boşboğaz olub-olmadığımı da yoxlaya bilərdilər. Başqa planetdəki adamlarla əlaqəyə yalnız inanılmış və ağzını mumlamağı bacaran adamları göndərirlər. Onlar uşaqlıqdan mənim başqa planetdən gələn adamlarla maraqlandığımı, kosmonavt olmaq arzumu da öyrənə bilərdilər. Axı camışımız öləndə nənəm mənə demişdi ki, o ölməyib, ruhu başqa dünyadadır. Dəqiq yadımda deyil, nənəm bu sözləri babam rəhmətə gedəndə, yoxsa camışımız öləndə demişdi. Ancaq demişdi ki, elə onun da, yəni nənəmin də ruhu göyə uçacaq. Yalnız mən onları xilas edə bilərdim. İndi başa düşdüm ki, mənim mal həkimi olmağım təsadüfi deyilmiş. Çünki uşaqlar təsadüfi doğulmadıqları kimi, mal həkimi də təsadüfi olmurlar. Bəlkə elə ona görə də məni başqa insanların yaşadığı qalaktikaya göndərmək istəyirlər. Hər halda bu, çox ciddi məsələydi. Bəlkə, heç nəyi boyuna almamalı. Mən kinolardakı kəşfiyyatçıları yada salırdım. Hər şeyi rədd etməli. "Mən heç nə bilmirəm, Heç nə eşitməmişəm. Partizanlar yadındamı? Onlar məni aldada

bilməzlər..." Təbii ki, burda mənim 2 il texnikumda oxuduğum illər və heyvanlar üzərində apardığım eksperimentlər də karıma gəldi. Hippokrat andı. Canavarların mühasirəyə düşəndə özünü aparması...

- Mən heç kimi tanımıram. Təkrar dindirilməyə aparılarkən, -dedim.

- Bu sözləri orda deyərsən-nəzarətçi dedi.

Müdirimiz də sizə və mənə tanış keqebeşnikin otağındıydı. Və mənim sözlərimi eşidən kimi gözləri çıxdı kəlləsinə.

- Necə yəni tanımırsan!?. Vera özü sənin dalınca Bakıya gəlib, indi isə KQB-nin izolyatorundadı. O, hər şeyi boynuna aldı.

"...Növbəti dəfə məni sınağa çəkirlər. Ola bilməz..."

- Mən heç nə bilmirəm. Yalandır, -dedim, -mən heç kimi tanımıram.

Müdir ke-qe-beş-nikə baxıb, başını buladı və şəhadət barmağını gicgahında fırladı...Sonra:

- Biz ora məktub göndərdik. Hər şey doğru çıxdı.

- Nə doğru çıxdı? Siz yalan deyirsiniz! (Gördünüz mətanəti və qüruru!)

- Həyəcanlanmayın, cavan oğlan, - deyə həmən keqebeşnik dilləndi, - bizim şübhələrimiz əsassızıymış. Bu sözləri deyə-deyə o, mənə bir məktub uzatdı. Xüsusi qrifli məktub N şəhərindən idi. Orada yazılmışdı ki, məktəb müəlliməsi Veranın atası yoxdur. Heç yerli-dibli atası olmayıb...

Sonrakı hadisələr isə əvvəlcədən yaxşıca düşünülmüş əməliyyatın sonluğu kimi sürətlə inkişaf etdi. Sən demə Vera mənim dərdimə dözməyib, xəffətimi çəkib və gəlib Bakıya. Elə aeroportdaca Veranı ad və familinə görə həbs eləyiblər.

Mən isə vicdan əzabı çəkirdim. Məni sevən bir qadından şübhələndiyimə görə, məni sevən qadının, cənazəmin üstündə saçlarını yolmağa hazır olan qadının səmimi hisslərinə həqarətlə yanaşdığıma görə. Mən heç camışımız öləndə də bu hissləri keçirməmişdim. Görən indi, yazıq nənəm dursaydı, öz böyük sevgimə şübhələndiyimə görə məni anlayardımı. Mənə qoynunda alma, yumurta gətirərdimi. Görən, indi məni uzaq qalaktikaya göndərərdilərmi? Suallar cavabsızıydı.

Zavallı Vera. Onu aeroportdan geri qaytardılar. Mənə isə icazə verdilər ki, aeroportun şüşəsi arxasından onunla vidalaşım. Həmin mənzərəni təsvir etməyin mənim üçün nə qədər ağrıdıcı olduğunu hiss etməmiş deyilsiniz. Ona görə də xoş sonluğu xatırlamağa dəyər…

Mən Buynuz qəsəbəsində Veragilin mənzillərinin qapısının ağzındaydım.

-Vera, Veroçka, bu mənəm! - dedim.

Vera atılıb boynumu qucaqladı. Şalvarımın balağı isə yavaş-yavaş islanırdı. Vovacıq şalvarıma dızqırdırdı... Hər ikimizin surəti Vovacığın qısqanclıqdan yaratdığı xırdaca gölməçəyə düşmüşdü...

Dekabr-1998.

# 2529 dəfə oxunub

Müəllifin son yazıları

# # #