“Neftçilər” metrosunun yanındakı zeytun xiyabanını oxucularımız yaxşı tanıyır. Orada gəzişən, yaxud ətrafda iş-güclə, alverlə məşğul olan adamlardan da xəbərləri var. Amma haqqında yazdığım adamlar mənim köşələrimdən xəbərsizdilər.
İndi sizə xiyabana qulluq edən bir cütlükdən danışmaq istəyirəm. Onlar səhərdən axşama kimi ağaclara, həmişəyaşıl kollara qulluq edir, yeri süpürür, orada gəzişən göyərçin və sərçələri yemləyirlər.
Çox kasıbdılar. Üst-başlarından, davranışlarından bilinir ki, rayon adamıdılar. O qədər nimdaş geyinirlər ki, adam paltarını çıxarıb onlara vermək istəyir.
Termosları və çörəkləri daim yanlarında olur. Hərəsi çörəyin bir parasını əlinə alıb gəvələyir. Sanki, bunu acından ölməmək üçün edirlər. İştahsız-zadsız çeynəyirlər və biganə halda xiyabanı zibilləyən cavanlara, sərgərdanlara (“bomj”lara) baxırlar.
Bir az o tərəfdə iki cavan əyləşib: qız və oğlan. Bəlkə də sevgilidirlər. Nə barədəsə danışır, qayğısız-qayğısız gülür, əllərindəki tumları çırtlayıb qabığını yerə atırlar. Buranı süpürən, sahmana salan insanların zəhmətini, tum qabıqları ilə birgə yerə vururlar. Yaxşı ki, göyərçinlər var. Onlar xiyaban bağbanlarının zəhmətini yüngülləşdirmək üçün həmin qabıqları dənləyirlər. Bu cavanların bir məntiqi var: buraları süpürmək onların, yəni bağbanların işi, vəzifə borcudur. Bir dəfə mənə elə beləcə, arsız-arsız dedilər: “Onlar buraları süpürdüklərinə görə hökumətdən pul alırlar...” Belə vəziyyətdə susmaq yaxşıdır. Çünki qız yanında oğlanlara söz demək olmaz, turşumuş şoraba balonları kimi dərhal partlayarlar.
O tərəfdən cavanlığını xeyli geridə qoymuş biri gəlir. Tərbiyəsiz olmasaydı, ona ahıl demək olardı. Siqaret qutusunu çıxarıb, sonuncunu götürür və qutunu yaşıl çəmənliyə atır. Sonra isə siqareti yandırır və tüstülədə-tüstülədə bivec halda parkda gəzişir.
Bağbanlar isə ona, onun bu hərəkətinə dinməz-söyləməz tamaşa edirlər. Sanki buraları silib-süpürən onlar deyil. Eləcə ağızlarındakı tikəni çeynəyir və buğlanan çaydan qurtuldadırlar. Bəlkə də onlar işləməkdən zövq alırlar. Bəlkə də abırlarına qısılırlar. Bəlkə də kiməsə söz deməyə qorxurlar. Öz təcrübələrindən bilirlər ki, burda hər cür avara dolaşa bilər. Allah bilir...
Siqaret tüstülədənə baxa-baxa rus yazıçısı Vasili Belovun “Bobriş təpəliyi” adlı məşhur bir essesini düşünürəm. Belov yazır ki, meşədə gedərkən bir yaşıl çəmənliyə çıxdıq. Ətraf çox gözəl idi. Təbiətin ilkinliyi, bakirəliyi adamı valeh edirdi. Bir siqaret çıxarıb yandırdım. Kükürdün və siqaretin qoxusu həmin bakirəliyi pozdu. Bu gözəlliyi korlamağa qıymadım. Qutuda sonuncu siqaret idi və mən onu axıra qədər çəkmək istəyirdim. Amma ətraf o qədər valehediciydi ki, bu bakirəliyə xələl gətirilməsini istəmədim, siqareti öz qutusunaca basıb söndürdüm və qutunu cibimə qoydum.
Mənə elə gəlir ki, çox ibrətamiz hekayətdir. Kaş, başqalarının zəhmətini yerə vuranlar adını çəkdiyim esseni oxuyaydılar, heç olmasa, mənim bu yığcam köşəmə göz ataydılar. Söz yox, vərdişlərindən əl çəkən deyillər. Amma utanıb-qızarmağa nə söz!?