Bircə Quran yanmamışdı... - El Romanın yeni şeirləri

Bircə Quran yanmamışdı... - El Romanın yeni şeirləri
18 noyabr 2020
# 12:09

Kulis.az şair El Romanın şeirlərini təqdim edir.

Qonaq

Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir,
mənə də heyif.

Sarı dimdiyini mənə uzadıb
Çiyninin üstündə öpüş gözləyən
Buğda saçlarından ovucladığım
O quşa atdığım
dənə də heyif.

Hətta küçənizə raket də düşsə,
Ağappaq çiynindən jaket də düşsə,
Birinci vətənçün, sonra səninçün
Narahat olacaq adamlar ki var,
Onların gözünə qəm qonaq gedə.

Mənim də bəxtimə o səngər düşə...
Allahın əlindən bir çəngəl düşə,
Göylərə bu dəfə mən qonaq gedəm.

Daha ikimizdən oldu, olmadı,
Yenə də heyifdir,
yenə də heyif...
Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir,
mənə də heyif.

Canıyeva Göyərçin

-Yerek...

Ratsiyadan səs gəlir:
-Canıyev, yerini de!
-Təpənin “A” nöqtəsi!

Ratsiyadan səs gəlir:
-Əbdülov, yerini de!
-Təpənin "B" nöqtəsi!

-Erku...

On üç yaşlı Göyərçin
giley tökür kağıza:
"Ehh, bu riyaziyyat da
yığıb məni boğaza!
"A"-dan "B"-yə məsafə
Nə bilim, nə qədərdi?
atam olsa, bilərdi..."

"Canıyev,
aradakı məsafəni xəbər ver!" - Ratsiya hələ susmur...

İnsanlar özlərinə yaxşı təsəlli verir:
"Ordu müharibəni nə olsun, hələ udmur?
əsas odu, uduzmur..."

-Mek!

Bu vaxt bir mərmi deşir
buludların bağrını.

Silahlar da diksinir
Partlayışın səsinə…

O partlayış,
əsgəri tutub “A” nöqtəsindən
atır “B” nöqtəsinə…

"Tapdım, anacan, tapdım!
Məsafə əlli metr!" - bərk qışqırır Göyərçin...

"Canıyev, nə baş verir?!" - Ratsiya ağı deyir...

birdən
əlaqə itir...

sonuncu nəfəs ilə,
Canıyev ratsiyanı dodağına gətirir.

Xırıltılı səs ilə:
"Komandir, əlli metr..."

Zəlzələ

Sonuncu qullabı içimə çəkdim,
Siqaret qutusun cibimə qoydum.
Özü də, eyvanda.
Böyük cəsarət!

Həyətdə qocalar söhbət edirlər -
Siyasət, siyasət,
yenə siyasət!

Ekranda bir xanım kamança çalır,
Anam qazançanın dibini yuyur.

Atam həyəcanla otağa girir
Qan-tərin içində...
Göz bəbəkləri
Az qalır, uzanıb ekrana dəysin.
Bir gözü onsuz da ekranda qalıb,
Qorxuram, bir gözü eyvana dəysin.

Analar nə yaman qısqanc olurmuş!

Kanalı dəyişir.
"Aha, xəbərlər!
Görək, nələr olub bu gün şəhərdə?!"

Xəbərlər oxunur:
"Bu gün Bakıya
iki bal gücündə zəlzələ gəlir..."

Xəbərlər oxunur:
"Bu gün Bakıda
Yenə də silahlı cinayət olub..."

Atam asta səslə təsəlli verir -
"İki bal zəlzələ nə böyük şeydir?!
Bah dədə, elə bil qiyamət olub!"

Müxbir təkrar edir:
"Bu gün Bakıda..."

Atalar nə yaman qısqanc olurmuş!

Kanalı dəyişir.
Həkim danışır:
"Təbabət böyüyür, inkişaf edir,
Daha qalmayacaq bağlı qapılar.
Şahidi olarıq, bir-iki ilə
Hətta ölümə də çarə tapılar!"

Həkim öz diliylə alov püskürür.

Yanakı otaqdan səs pöhrələnir.
Xərçəngə uduzan babam öskürür,
İki bal gücündə ev silkələnir -

Sürahı üstündən qazança düşür,
Anamın gözündən kamança düşür,
Atamın belindən tapança düşür-

Bütün kirli üzlər ortaya çıxır.


Siqaret qutusu...

Utanır, nədi,
Təkcə o cibimdə ilişib qalır...


Ev

İllər öncə gözlərimin önündə
Uzaqda yox, küçəmizin tinində,
Bir ev yandı.
Bu sevgisiz küçənin
Ən maraqlı sevgililər günündə.

Bir ev yandı, həmin evin yanına
Dilənçilər isinməyə yığışdı.
Həmin gecə qonşuların dilindən
Təsəllilər, məsləhətlər axışdı.

Yadımdadı, istəmədən mənim də
Bir təsəlli qopdu düşdü canımdan:
"Tanrıların öpdüyü yer od tutar,
Tanrı öpdü evinizin damından."

Göz-nəzərə duz yandıran qadının
Gözü yandı, duzu yandı o evdə.
İki ildir həsrətini çəkdiyi
İki aylıq qızı yandı o evdə.

Bir ev yandı, həmin evin damına
İllərlə quş qonmamışdı,
İlahi!

O ev yandı, od-alovu üşütdü.
O ev yandı, qonşulardan eşitdim,

Eşitdim ki,

Kül olmuşdu pəncərə də, pərdə də,
Kül olmuşdu qaz üstündə küftə də,
Kül olmuşdu bələkdəki körpə də,
Bircə Quran yanmamışdı,
İlahi!

O gəmi qayıdacaq

Nə qədər ki, uşaqlar
Xəzəri dəniz bilir,
Nə qədər ki, böyüklər
Xəzəri təmiz bilir,
O gəmi qayıdacaq.

Sınayacaq Xəzəri
girdab ilə, çirk ilə,
Dəyişəcək xəzrilər,
gilavarlar, bürkülər,
Çalınacaq şərqilər,
oxunacaq türkülər,

O gəmi qayıdacaq -
Ləpir-ləpir könlümün
buzlağına gəlsin o.
O gəmi qayıdacaq,
Axı Titanik deyil
buz dağına dəysin o.

O gəmi qayıdacaq.
Sənsə,
ən gözlənilməz gündə qayıdacaqsan.
O gəmi qayıdacaq,
bəlkə də o gəmiylə
sən də qayıdacaqsan.

Bu göy üzü dənizin
səmasıdırsa əgər,
Bu dəniz də göylərin
səması deyil məgər?

Elədirsə, Tanrını səmalarda axtarma
Bəlkə elə Tanrı da dənizin içindədi?

O bizim üçün nədi?

Bir şeirdə gəmidi,
Bir şeirdə hamıdı.

O gəmi də nə vaxtsa
Qayıdacaq, bilirəm,

Çünki

Bu şəhərin uşaqları
Xəzəri dəniz bilir,
Bu şəhərin böyükləri
Xəzəri təmiz bilir.


Fideliya

Salam, Fideliya!
Yaxşı olduğunu bilirəm,
çünki səni mən yaratmışam.
Çünki səni mən sevmişəm.
Düz iyirmi iki il əvvəl, yəni otuz beş yaşımda,
səni mənə dodağımdan qopan təsadüfi zümzümələr bağışladı.
Sənə qədər düz yeddi nəfər sevdim.
Amma onların hamısını toplasan,
bəlkə bir sən edər, Fideliya.
Əgər sənin anan olsaydım,
ən böyük doğum sancısını səndə çəkdiyim üçün
ən sevimli övladım sən olardın.
Əgər sevgilin olsaydım,
ilk səni tərk edərdim, Fideliya.
Çünki ilk sevdiyini unuda bilərsən,
ancaq ilk tərk etdiyini unuda bilməzsən.

Doğulandan eşidilir deyəsən,
Rekviyemin kobud səsi, Fideliya!
Milyon il də yapışacaq yaxandan
Faciənin badirəsi, Fideliya!
Sol yanımda quş qəfəsi, Fideliya!
Silinməyən xatirəsi, Fideliya!

Mən səni kar qulaqlarıma sırğa edəcəyəm,
sən isə məndən iki yüz il sonra
başqa qulaqlarla sevişəcəksən.
Mən səni səhra dodaqlarıma su edəcəyəm,
sən isə məndən iki yüz il sonra
başqa dodaqlarla öpüşəcəksən.
Və ən çox canımı yandıran şey
nədir, bilirsən?
Bir gün qapımı döysən,
eşidə bilməyəcəyəm.

Vyana, 26 mart 1827
"Hər kəsin gözünü kor edən eşq Bethovenin qulağını kar etmişdi..."

Zəhlətökən

Binanızın önündə
yenə "Zəhlətökənlə"
dayanmışam, biləsən.
Soyuq bazar günündə axı niyə erkəndən
oyanmışam görəsən?

Bəlkə hökumət özü qaldıracaq nə vaxtsa
fələyin daş çarxını.
Binanızı sökəydi, əvəzində tikəydi
ikinci qış parkını.

Qocalırsan gözümdə...

Bəlkə onda özüm də
dayanmazdım leş kimi
binanınızın hər gecə qabağında, əzizim.
Hayqırıram eşqimi,
problemmi var nəsə qulağında, əzizim?!

"Zəhlətökən" dostuma ya maraqlı deyilsən,
ya da dinləyir səni.
Çıx balkona, a qansız, səbəb söylə mərd kimi
o da dinləyir səni.

O da yaxşı bilir ki, cavanlığı dərk edib
uzaqlara getmisən.
Bəlkə mənə inada yüksəkləri tərk edib
alçaqlara getmisən!

Qalır gözdən uzaqda, nə danışa, nə deyə?
dostuna düşmən olur.
Danışanda sən haqda
məni dinləyir deyə
elə itin özü də it kimi peşman olur.

Binanızın önündə həsrət çəkən ürəyə
dağlamaq öyrətmişəm.
Adını çəkə-çəkə zəhlətökən itə də
ağlamaq öyrətmişəm.

Baxma "Zəhlətökəndi", artıq o da öyrəşib
dərdini mənlə bölür.
O qədər bezdirmişəm, məni görəndə hürür,
səni görəndə gülür.

Danışıram köpəklə...
Səni görüb gülürsə,
köpək mənlə razıdı.
"Zəhlətökən" ürəklə, belə nakam hürürsə,
Demək mənlə razıdı...

Bazar günü

Bazar günü gələn kimi bu qeyri-iş günündə də,
Qeyri-bərabər hislərin baş əyirəm önündə də.
Qeyri-adi səssizliyin zərrəsini dada-dada,
Mütəmadi sənsizliyin zərbəsini dada-dada,
Unuduram sənli-sənsiz yaşadığım nə vardısa.
Unutmağa ən gözəl yer evimdə dörd divardısa,
Canım, səni unutduğum bu otağı yavaş-yavaş
Əlini ver, hər küncünü sənlə gəzək o baş-bu baş-
"- Səni burda xatırlayıb, səni burda unudurdum,
Məni harda sevmisənsə, səni orda unudurdum"
Bu otağın hər zərrəsi deyir kimi unutmuşam.
Mən ki səni öz yazdığım şeir kimi unutmuşam.
Ciyərimdə hiss etdiyim dərdi-sərim sənə gəlsin.
Sənə gələn mənə gəlsin, mənə gələn yenə gəlsin.
Şair özü misralarda xəyallara dalan şeydi.
Unutduqca darıxıram, fikir vermə, olan şeydi.


Hind dili

1963, Hindistan, Dharavi.
Ən ucuz şəhərin
ən bahalı doğum evi.

Atalar,
bahalı doğum evlərində doğulacaq körpənin
oğlan olacağına daha çox inanırlar.
Analar isə,
buddistlərə tanrının Budda yox,
Vişna olduğunu sübut etməyin
cəmi bir addımlığında dayanırlar.

Gözlərini divarlarda gəzdirsən, görərsən ki,
"Siqaret çəkmək qadağandır!"
doğum evlərinin yazılmış qanunu,
"Qız doğmaq qadağandır!"
yazılmamış qanunudur.

Burada həkimlər də
"oğlan olsun, qız olsun, fərqi yoxdur"
deyə bilmirlər.
"Dua etmirik,
çünki tanrı hind dilini bilmir."
deyən insanlar belə
tanrını hind dilində söyə bilmirlər.

Burada günəş
acından günorta doğduğu üçün
insanların yeni səhərə ümidi qalmayıb.

Bacarsaydım,
onların qulağına mütləq pıçıldayardım:

"Ümid edin.
Ehtimal etdiyiniz hər şey olar,
Ehmal etdiyiniz hər şey ölər".

İşıqfor

Bakı, 28 May Metrostansiyası yaxınlığı,
saat 13:55.

İşıqforun qırmızı işığı
piyadalar üçün
otuz saniyəlik yanmağa başlayır.

Hamı bir-birindən nəyisə soruşur;

Səliqəli geyinmiş
və üzünü hələ yarım saat əvvəl qırxmış bir kişi
taksi şoferlərindən
Mərkəzi Bankın yerini,

Digər iş yoldaşlarından
daha arıqdır deyə
böyük fəxrlə işini icra edən bir polis
Elə indicə cərimələdiyi xanımdan
adını və soy adını,

Sevmək üçün bir az tələsən
on altı yaşındakı bir gənc
sevgilisindən zəngə cavab vermək üçün
niyə gecikdiyini.

Hamı bir-birindən nəyisə soruşur.

Amma bu dəfə mənim bəxtim gətirib,
suallar bildiyim yerdən gəlir;
bir taksi şoferi məndən
buranın hansı küçə olduğunu,
bir həmyaşıdım
şəhadət barmağı ilə sol qolunu işarə edib
saatın neçə olduğunu,
atam da telefonda
buralarda havanın necə olduğunu soruşur.

Əlindəki zibillə
tox yolları doyuran uşaq
və ondan zibil dilənən
ac zibil qutuları.

Vedrədəki nərgizləri neçəyə satdığını unudan
gülçü qadın
və ondan otuz metr aralıda
həmin nərgizləri
"nə verərsən, verərsən" manata satan
gülçü kişi.

Piyadalar üçün yaşıl işıq.

# 3809 dəfə oxunub

Müəllifin son yazıları

# # #