Gecəni aydınlatmaq istəyən işıldaböcəkFəridə yazır...

<b>Gecəni aydınlatmaq istəyən işıldaböcək</b> – <span style="color:red;">Fəridə yazır...
5 mart 2018
# 16:33

Rasim Qaraca adına ilk dəfə harda rast gəldiyimi xatırlamasam da bu imzalı bir şairin varlığından çoxdan xəbərim vardı. Doğrusu, nə şeirlərini oxumuşdum, nə də hekayələrini, heç şəxsi tanışlığım da yox idi. Amma nədənsə bu ada qarşı həmişə məndə antipatiya vardı. Bəlkə də sosial şəbəkələrdə, saytlarda, köşələrdə oxuduğum polemik mətnlərdə tez-tez adına rast gəldiyim üçün belə bir önyarğı formalaşmışdı. Bilmirəm. Amma dostum Həmid Piriyevlə ədəbi söhbətlər zamanı nə zaman Rasim Qaraca adını çəksə, hər dəfə “ay Həmid, mənim niyəsə o adamdan heç xoşum gəlmir” deyirdim. Həmidsə israrla onu oxumalı olduğumu təkid edirdi. Və bir dəfə necə oldusa şairin kiçik şeirlərindən biriylə rastlaşdım. Dəqiq mətn yadımda olmasa da təxmini bu cür misralar idi:

“Şairlər sevgini çox əlçatmaz etdilər

onu göylərə, ulduzlara qaldırdılar

halbuki sevgi burda imiş

yuduğun göyərtidə

qızartdığın kartoşkada”.

İlk dəfə idi ki sevgi haqda düşüncələrimin üst-üstə düşdüyü bir şairlə qarşılaşırdım. Və onu oxumalı olduğumu anlamışdım.

Oxudum. Şeirlərini də, hekayələrini də.

Bu günlərdə isə Rasim bəy yeni çap olunmuş avtobioqrafik romanını hədiyyə etdi mənə. Düzü, kitabı özüm almaq istəyirdim, amma hədiyə oldu. Romanı iki gecəyə oxuyub bitirdim.

Öncə onu qeyd etmək istəyirəm ki, ilk dəfə idi, bizim müəlliflərdən kiminsə kitabını əlimdə qələmlə oxudum. Az qala hər səhifədə altından xətt çəkib, təkrar qayıdıb oxuduğum cümlələr, fikirlər oldu.

Öz avtobioqrafiyası fonunda ədəbiyyatda keçdiyi yollardan, çətinliklərdən, mübarizəsində rastlaşdığı absurd, bəzən gülünc, bəzən təəssüf doğuran hadisələrdən, insanlardan, çəpərlərdən danışan müəllif-qəhrəman mənə elə doğma, elə tanış idi ki. Yaşım yaşının yarısı qədər olmaz, nə həyat təcrübəm, nə ədəbi mühitdə fəaliyyətim, tanışlığım onunla müqayisəyə gəlməz təbii ki. Amma bunlara rəğmən onu yaxşı duya, anlaya bildim məncə. Bu günəcən hərdən adına tənbəllik, hərdən ehtiyat, hərdən həvəssizlik, ya da sadəcə qərarsızlıq deyib etmədiyim bir çox şeydə və eləcə də çox vaxt məntiqsiz görünən etdiklərimdə də nə qədər haqlı olduğumu dərk etdim. Söhbət həm həyat həm də ədəbiyyat işlərindən gedir.

Kitabı oxuduqca Artur Rembonun “Bütün şairlər qardaşdır” fikri musiqi kimi dalğalanırdı beynimdə. Təbii ki, “lazım gəlsə” şeir, poema, hekayə, roman yaza biləcək şairlər yox...

Əsərdə mənə indiyəcən maraqlı qalan bir çox suallarıma cavab tapdım. Məsələn, 90-lar ədəbi mənzərəsinin nədən boz səhranı xatırlatdığı, SSRİ dövrü şairlərinin niyə poema yazmağa o qədər həvəsli olduğu və s. Məni ən çox təəssüfləndirən məqam isə şair mənzərələri oldu. Çoxunun adını, ədəbi fəaliyyətini tanıdığım insanların şeiri içki süfrələrində hansı sifətlərə saldığı... və ya mənim də tez-tez eşitdiyim “istedad gec-tez özünə yol tapacaq, bala” təskinliklərinin əslində alt qatında nələrin yatdığı...

Əsər oxucunu inandırır ki, ədəbiyyat da həyatın özü kimi yoldur, taledir. Bu yola kimlərlə çıxırsan, nələrlə başlayırsan, nələr olacaq, kimlər qopacaq, kimlər dayana biləcək, kimdən nə qalacaq-bunu sadəcə yaşayaraq görə biləcəksən.

Əsərdə ən sevdiyim fikirlər, cümlələrsə bunlar idi: “İnsanoğlu dünyaya rəqs etmək, rəsm çəkmək və şeir yazmaq üçün gəlib. Və əsl ədəbiyyat da bütün bunların olduğu o işıqlı gələcəkdədir”.

Məncə, bu günün ədəbi-bədii mənzərəsi, zibillikləri, pafosu, “Həsənsoxdu dəyirmanı”nı xatırladan prosesləri arasında “şeir yazıram” deyib, “şairəm”, “yazar olacam” deyə ortalarda dolanan bütün gənclər bu kitabın oxucusu olmalıdır. İnandırım sizi ki, burda oxuduqlarınızı həyatınız boyu heç kəs sizə deməyəcək. Kitab mənə zülmətdə bir alatoran yox, gecənin ortasındakı işıldaböcəyi xatırlatdı. Hə, hə, uşaq vaxtı otların arasında qəfildən gözümüzə dəyən, balaca işığı ilə sanki bütün gecəni aydınlatmağa çalışan, bizi sevindirən işıldaböcəklər.

Roman zaman-zaman içimdə susdurmağa, boğmağa, ya da yatırtmağa çalışdığım misraların, düşüncələrin üzünə bir ovuc su çırpdı sanki. Oxuduqca Pablo Nerudanın “Yaşadığımı etiraf edirəm” və Kurt Vonnequtun “Ölümdən betər talelər” kitablarını xatırladım. Və onlardan heç nəylə geri qalmayan bir kitab oxuyurdum. Nəhayət ki, bizim ədəbiyyatımızda da belə bir roman, kitab var. Bu həqiqətən əsl sevincdir. Kitabın işığının çox oxucunun üzünə düşəcəyinə ümid edirəm. Və son olaraq, müəllifə demək istərdim ki,“heç kimsə yoxdur deyə ümiddən düşməyiniz

bahar bizimlədir”.

04.03.2018

# 2764 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #