Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.
Köhnə güzgü
Çalan,
həm küləkdi, həm də mələkdi,
adı çıxan isə,
dərdli tütəkdi...
Oyanmaq,
həm bu, həm öz kölgəni
kənara itələməkdi,
Köhnə, çürük teleqraf dirəklərinə qoşulub
Vətəni tərk etməkdi...
Əlac?
Əlac, evdəki güzgünüzün
yerini dəyişməkdi.
Dəyiş, gör, dünyan necə
kökündən dəyişir,
paslı külqabın necə
öz-özünə təmizlənir,
Necə, qəfil bu güzgüdə
gözəl bir xanım
yaxasını düymələyir,
yanağı öpüş istəyir.
Dəyiş güzgünün yerini azca,
itəcək anında ordakı qoca,
açılacaq cavabsız çox qəliz tapmaca,
divardakı nimdaş xalça
göstərəcək sənə
ən gizli naxışını,
Fələk, dərhal geri çəkəcək öz qədim qarğışını,
Bu vaxt çaşma, uzağa qaçma
köhnə paltarlarının cibinə, dibinə bax
yaxşı-yaxşı,
Suallarının cavabı,
ümidlərinin son tüstüsü, son qüllabı
ordadı...
Tapıbsan... axır, ovcundadı...
Aşkarladığını
yenə, bu təzə güzgünə göstər...
Göz vuracaq sənə ordan
tanımadığın bir nəfər...
Sahilim
Vəli Səyyadiyə
Armudu istəkan
nəlbəkidə titrədi,
Oğlun, maşallah, əvvəlkindən
ucaboy görsəndi,
Silinibsə, sürücülük vəsiqənin
sıra nömrəsi,
Qurtarıbsa bu evin
həm pulu, həm üzərliyi,
Qorxudan divara dırmaşırsa
küçənizin bütün ac pişikləri,
Qardaşın heç kimə etibar etmirsə
qazamatdan gətirdiyi
qara təsbehi...
Sənə verəcəyim son təsəlli
Bax bu... bu... bu, əbədi mənzərəmdi:
“Bu dünyada tənha bir insanla
tənha itin ayaq izləri,
insan hissləri
uzanıb gedər,
Dənizə qədər”...
Soruşsan,
O tənha kimindi? Nəyindi?
Heç... nə əmimdi,
Nə uduzmuş vəkilimdi...
Bu, nə arxadan çəkilmiş öz şəklimdi...
Orda, yanmır, sönür bütün kibrit çöpləri,
Orda, külək dartır, boşaldır bütün düymələri...
Orda yarımçıqdı, qırıqdı bütün həyat cümlələri....
Bu... bu... mənim əbədi sahilimdi!!!
Bu dünyada tənha bir insanla,
tənha itin ayaq izləri,
İnsan hissləri
uzanıb gedər...
Dənizə qədər!!!
Altıbarmaqlının nişan üzüyü
Can içində gördüm cini,
Bir içində olan mini,
Qarğa, quzğun, göyərçini...
Ölmüşəm çoxdan... ayağım üzəngidədi...
Atım, döyüş meydanlarda sürükləyir
qanlı cəsədimi...
Heyif, indi
biz yox, avtoşlar pozur
qatı zülmətlərin səssizliyini
Heyif bizlər yox, küləklər geyir hələlik
buludların ağ köynəyini...
Heyif, bizlər yox, tərli pencərələr
axıdır öz gözlərindəndən bu son yaşı,
bu son qətrəni...
Olsun... noolsun... sabah görərsiz
altıncı barmağımın son qüdrətini...
Süfrəmdəki bax bu son xəmir kündəsini
Oxlovlara yox ey... bu sirli barmağıma
tapşırdım,
Öz kölgəmdən axır birdəfəlik
aralandım...
Budaqlardakı son alçaları,
bütün yarımçıq xalçaları,
harda Tanrı,
əl saxlayıb, insana tapşırıb
işin qalanını,
bu altıncı barmağımla, altıncı nağılımla
dərəcəm, bitirəcəm...
sonmacalda Allahdan alacam
öz altıncı barmağımın halallığını...
Qalır indi
qadınlara sevdirmək bu möcüzəni,
sevmək bir dünya gözəlini...
Altıncı barmağa keçirmək
sevgilərimin bütün
nişan üzüklərini!!!
Payız
Ölüm gələndə, görəcəksən
tətiyi sıxan kobud barmaq,
payızın sığalladığı sarı yarpaq,
bir ahənglə
titrəyəcək,
elə bu cür də göbəyini titrədəcək
“Elbaro” restoranındakı
anası göyçək
şişman rəqqasə...
Nə yaxşıkı...
Nə yaxşıkı,
həyat fanidi...
Ötəridi, axıcıdı, anidi,
həqiqi deyil, şərtidi,
bəzən, görmürsənmi,
özünə qarşı qatildi,
canidi...
Bildim!... o öz qalstukunu gəmirən
Saakaşvilidi!
Yoxsa, vallah, əbədiləşərdi
burjuyların supermarketlərə səfərləri,
həyatın ölümlə cərimələnməsi...
Nə yaxşıkı bu da fanidi...
Nə gözəldi, qəşəngdi
göydəki ala buludların hərəkəti,
yerdəki bank binalarının hərəkətsizliyi...
bunun fərqini,
riyazi tənliyini,
dəqiq "cəm”ini
həll etmiş qoca riyaziyyatçını göstər mənə.
İnanım bütün bunların da
faniliyinə,
sevinim, körpələrin payız sərçələrinə baxıb
azca gülümsəməyinə...
O körpə lap gülümsəməsə də
qələbəni yenə öz cibində bil,
sənindir,
qağayılara ömürlük icarə müqaviləsi bağlamış
vəhşi sahil...
Nə yaxşıkı
həyat fanidi...
yoxsa, nə varsa əbədiləşərdi...
Kəfənlər də çürüməzdi...
Qəndlər də əriməzdi
bizim bu oğraş çayxanalarda.
Buğda da üyülməzdi,
əsla kiçilməzdi,
dəmir əyilməzdi,
zibil də çürüməzdi
Qoca padşahlar,
elə hey təmbəki iyləyərdi,
elə hey asqıraraq yenidən dirilərdi...
ölərdi
ancaq
küləyi sinəsiylə saxlayan qağayılar.
payız da xərcləməzdi
öz sarı yarpaqlarını
bizim tənha küçələrimizdə...
Ətrafındakı sarı payız,
“Jek”dən, yaşayış yerindən aldığın arayış,
bu bir parça kağız,
belini sıxan köhnə qayış
deyir - “hələ də yaşayırsan”...
Payız. Payız. Payız...
Son balet
Orxan Camala
Neylon paket, qalxıb
quşlardan da
yüksəyə uçdu.
İndi neynək, odu...
odu,
səmalarımızın dəli qaranquşu.
İçinə özünü qoyub
bükdün göylərin ovcunu.
Hə, budu... budu
qismətimdəki
qu quşlarının son baleti,
son oyunu.
Bu qədərmi cılızlaşıb
Zəmanəmizin simurq quşu?
Tamaşanın quruluşçu rejissorunu
inan, bağrıma basardım,
Göz açınca, görərdim qarşımdadı
Axillesin qanlı topuğu.
Bəlkə dirilib üstümə gəlir
uşaqkən qovub çərlətdiyim sərçənin
qara tabutu?
Orxan Camalın Afrikadan gələn
narahat ruhu?
Özüm duydum,
Soyumurdu, dəmir tabutundakı Afrikanın
həm cəhənnəm, həm Prometey alovu.
Mənlə, çərpələng uçurdan
yeganə insan səndin,
Nooldu birdən səndələndin?
Çərpələngimizin ipini Afrikanın
ən quru ağacına düyünləyib
yerə sərildin...
Kremlin aşbazına,
əclafların keçəl başına
dünyanın ən çopur daşına
çırpıldın birdən-birə...
bilə-bilə, gülə-gülə
Getdin dünya hannibalizminin
düz göbəyinə.
Göydə bədirli ayı,
yerdə, ağ kəlağayı...
mənim kimi solaxayı
tənhalıqda qoyub getdin.
Dedin,
ulduzlar parlaqdı orda...
Cəsədini çaqqallarla qatillər birgə gəmirdi
son kadrda.