"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə
9 may 2026
# 10:00

Bu gün alman şair, filosof, tarixçi və dramaturq Fridrix Şillerin anım günüdür.

Kulis.az onun "Məkr və məhəbbət" əsərindən bir hissəni Xalq şairi Nigar Rəfibəylinin tərcüməsində təqdim edir.

İKİNCİ GƏLİŞ

Əvvəlki şəxslər və katib Vurm.

Millerin arvadı. A, sabahınız xeyir, cənab katib! Axır ki, yenə də bizi şərəfyab elədiniz!

Vurm. Bəsdi, bəsdi, əzizim! Adlı-sanlı bir kavalerin həmişə gəlib-getdiyi bir evdə. Mənim meşşan şərəfimin heç bir dəyəri yoxdur.

Millerin arvadı. Elə deməyin, cənab katib! Doğrudur, zati- aliləri cənab mayor fon Valter hərdənbir bizi xoşbəxt eləmək həvəsinə düşür, ancaq biz evimizə kim gəlsə sevinirik.

Miller (dilxor halda). Arvad, conab katibə kreslo ver! Soyunun cənab!

Vurm (şlyapasını və əl ağacını kənara qoyub əyləşir). Yaxşı, yaxşı! Deyin görək, mənim gələcək arvad... yaxud keçmiş nişanlı... kefi necədir... Axı, mən artıq ümidimi kəsmişəm... Mamzel Luizanı... görmək olarmı?

Millerin arvadı. Bizi yadınızdan çıxarmadığınız üçün təşəkkür edirəm, cənab katib! Onu da sizə deyim ki, mənim qızım heç də təşəxxüslü deyil...

Miller (darılmış bir halda, onu dirsəyi ilə itələyir). Arvad!

Millerin arvadı. Amma təəssüf ki, qızım bu gün sizinlə görüşə bilməyəcək, cənab katib. O bu saat ibadətdədir.

Vurm. Daha yaxşı, daha yaxşı. Mən istəyirəm ki, arvadım dindar olsun, Allahdan qorxan olsun.

Millerin arvadı. (son dərəcə axmaq bir təbəssümlə). Əlbəttə, elə yaxşıdır, cənab katib, ancaq...

Miller. (sıxılıb pərt olur, arvadın qulağından çəkir). Arvad!

Millerin arvadı. Əgər, cənab katib, biz daha başqa bir şeylə sizə xidmət edə bilsək, böyük bir məmnuniyyətlə...

Vurm. (gözlərini qıyaraq). Daha başqa bir şeylə? Acizanə təşəkkür edirəm! Acizanə təşəkkür edirəm!. Hım! Hım! Hım!

Millerin arvadı. Ancaq... Siz, cənab katib, gərək özünüz hiss edəsiniz ki...

Miller. (acıqlı bir halda onu daldan itələyir). Arvad!

Millerin arvadı. Balıq dərin yer axtarır, insan isə yaxşı yer! Kim öz bircə dənə qızının qismətinə düşən xoşbəxtliyə mane ola bilər? (Avam adam təkəbbürü ilə). Siz məni yaxşı başa düşdünüzmü, cənab katib?

Vurm. (narahat halda kresloda qurcuxur, qulağının dalını qaşıyır, manjet və jabosunu düzəldir). Başa düşdüm? Tamamilə yox... yəni demək istəyirəm, bəli, başa düşdüm... Amma yenə də, siz bununla nə demək istəyirdiniz?

Millerin arvadı. Bəli, demək, belə, demək belə... Mən belə düşünürəm ki... Belə qanıram ki... (Öskürür). İndi ki Allah istəyir qızım adlı-sanlı bir xanım olsun...

Vurm. (stuldan sıçrayır). Necə? Nə dediniz?

Miller. Əyləşin, əyləşin, cənab katib! Mənim arvadım başıboş səfehin biridir. Mənim qızım hara, adlı-sanlı xanım olmaq hara? Dil ki var, ətdəndir!

Millerin arvadı. Nə qədər istəyirsən donquldan, mən də bildiyimi bilirəm... Cənab mayorun da sözü sözdür.

Miller (özündən çıxmış halda violençelə tərəf yüyürür). Səsini kəsəcəksən. Ya yox? İstəyirsən ki, bu violençeli başına vurum əzim?.. Sən nəyi bilə bilərsən? O nə deyə bilər? Bu yalan-palana fikir verməyin, cənab... Sən isə rədd ol, get mətbəxə!.. Siz ki, məni axmaq hesab eləmirsiniz, siz ki, bilirsiniz, qızımın başından böyük qələt eləməsinə tərəfdar ola bilmərəm. Doğru deyilmi, cənab katib?

Vurm. Əgər siz birdən-birə mənə qarşı münasibətinizi dəyişsə idiniz bu çox qəribə olardı, cənab çalğıçı. Mən həmişə sizi sözübütöv adam hesab eləmişəm, ona görə, güman edirdim ki, mənim sizin qızınızla evlənmək məsələm, artıq qət olunmuş bir məsələdir. Mənim tutduğum vəzifə, haqq-hesabını bilən adamı tamamilə qane edə bilər. Prezident isə mənə qarşı çox inayətkardır. Əgər rütbəmi yüksəltmək üçün mənə tövsiyənamə lazım olsa, belə tövsiyənaməni mənə verəcəklər. Görürsünüz ki, mamzel Luizaya qarşı mənim niyyətim olduqca ciddidir, ancaq bəlkə sizi yelbeyin bir zadəgan balası çaş-baş eləmişdir?..

Millerin arvadı. Bir az ehtiyatlı olun, möhtərəm cənab!..

Miller. Sənə dedim ki, yum ağzını!.. Arxayın olun, cənab, hər şey olduğu kimi qalır! Payızda sizə nə cavab vermişomsə, yenə də onu təkrar edirəm. Mən öz qızımı, heç bir şeyə məcbur etmirəm. Əgər siz onun ürəyinə yatırsınızsa, Allah xeyir versin, qoy sizinlə xoşbəxt olmağa çalışsın. Yox, əgər qızım desə ki, "istəmirəm" - onda daha yaxşı... Yəni demək istəyirəm ki... hər şey Allah-taalanın əlindədir. Qız sizə getmək istəməsə, atası ilə bir şüşə şərab içərsiniz, məsələ də bununla qurtarıb gedər... Sizinlə o yaşayacaq, mən yox... Qızımı istəmədiyi bir adama zorla ərə verməyə mənim nə haqqım var? Sonra ömrümün axırına kimi şeytan mənim yaxamdan əl çəkməz. Bir stəkan şərab içəndə də bir tikə çörək yeyəndə də gərək həmişə özüm özümü töhmət edəm ki, "ay alçaq! Öz doğma balanı məhv elədin!"

Millerin arvadı. Sözün qısası, Mən buna əsla razı olmayacağam! Mənim qızım daha artıq şərəfə layiqdir. Əgər ərim maymaqlıq göstərib, hər ötənə onu tovlamağa yol versə, mən birbaşa məhkəməyə gedəcəyəm.

Miller. Qolunu, qabırğanı sındıraram, murdar heyvərə!

Vurm. (Millerə). Atanın məsləhəti qıza böyük təsir göstərə bilər, cənab Miller, siz isə güman cdirəm ki, məni yaxşı tanıyırsınız?!

Miller. Lənət şeytana! Qız gərək sizi yaxşı tanıya! Mənim kimi qoca bir kaftarın sizdə gördüyü cəhətlər, cavan bir qızı şirnikdirə bilməz. Mən sizin, orkestr üçün yarayıb-yaramadığınızı bir-bir barmağımla sayıb deyə bilərəm, lakin qadın qəlbi kapelmeyster ağlına sığan şey deyil. Mən köntöy, sadəürəkli bir almanam, cənab, ona görə, sözün düzü, açıq sizə deyərəm ki, qızıma verəcəyim məsləhət üçün siz, əlbəttə, mənə təşəkkür etməyəcəksiniz. Mən hələ qızıma, heç kəsə ərə getməməsini məsləhət görməmişəm, ancaq sizə getməyi, cənab katib, mən ona məsləhət görməyəcəyəm. Qoyun sözümü deyim. Şəxsən mənim üçün qızın atasından kömək istəyən bir adaxlı qara bir qəpiyə belə dəyməz. Əgər onun bir dəyəri olsaydı, belə köhnə bir yol ilə öz vəziyyətini qıza göstərməkdən utanardı. Əgər cəsarəti çatmırsa, demək, o qorxaqdır. Luiza kimi qızlar isə onun xörəyi deyil... Bəli, oğlan gərək atanın xəbəri olmadan qızın könlünü ələ alsın!.. Oğlan gorək özünü qıza elə sevdirsin ki, qız atanın da, ananın da üzünə ağ olub, ancaq onu əldən buraxmasın, yaxud atasının ayaqlarına döşənib Allahın adını çəkərək yalvarsın ki, ya onu zülm ilə öldürsünlər, ya da sevdiyinə qovuşdursunlar. Beləsi doğrudan da qoçaqdır! Buna məhəbbət - deyərlər! Qadın cinsi ilə rəftar eləməyi bacarmayan isə, qoy özünə qarğıdan at qayırıb çapsın.

Vurm. (şlyapasını, ağacını götürüb qapıya tərəf atılır). Təşəkkür edirəm, cənab Miller! Miller (yavaş-yavaş onun dalınca gedir). Nə üçün təşəkkür edirsiniz? Nə üçün? Biz sizi heç yedirib-içirmədik də. Cənab katib?! (Geri qayıdır). Heç bir şey eşitmir, dalına baxmadan qaçır. Bu rəzil ruhlu adam, mənim üçün hər cür ağıdan və zəhərdən daha pisdir. Elə murdar, elə iyrənc sir-sifəti var ki, elə bil bu dünyaya bir kontrabandaçının fırıldağı nəticəsində gəlib. Xırdaca siçan gözləri oğru qılıqlı, saçları sarı-qırmızıdır, çənəsi də elə irəli çıxıb ki, elə bil, təbiətin öz yararsız işinə, özünün acığı tutaraq, yaramazın elə bu yerindən yapışıb, onu mümkün qədər uzağa atmağa çalışmışdır... Yox, qızı belə bir dələduzun ağuşuna atmaqdansa, qoy elə o, əgər təbir caizsə...

Millerin arvadı. (qəzəblə tüpürür). Köpək!. Nə qədər hürürsən hür, fərqi yoxdur, heç bir şey çıxmayacaq.

Miller. Sən də bir yandan tutmusan bu məlum zadəgan balasının ətəyindən! Məni lap yandırıb-yaxmısan... Sən özünü ağıllı göstərmək üçün dəridən-qabıqdan çıxanda, əksinə, həmişəkindən daha axmaq olursan. Öz qızın haqqında, adlı-sanlı xanım haqqında, ortalığa atdığın o söhbətin nə mənası vardı? Özü də o fırıldaqçının, o kələkbazın yanında! Ona balaca bir işarə kifayətdir ki, sabah hər tin başında dedi-qodu başlasın. Bu qəbil ağalar onun-bunun evinə dürtülürlər, mətbəxə, zirzəmiyə soxulurlar, elə ki, birisinin ağzından artıq bir söz çıxdı - dərhal bu barədə, hersoq da, onun məşuqəsi də, prezident də xəbər tuturlar, sən isə sonra altını çəkirsən!

# 95 dəfə oxunub

Oxşar xəbərlər

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Dilənçi -  Bəhruz Tağızadənin yeni hekayəsi

Dilənçi - Bəhruz Tağızadənin yeni hekayəsi

10:45 7 may 2026
Ac daşlar - Rabindranat Taqorun hekayəsi

Ac daşlar - Rabindranat Taqorun hekayəsi

10:00 7 may 2026
Qaranlığı yaran işıq - Coşqun Xəliloğlunun hekayəsi

Qaranlığı yaran işıq - Coşqun Xəliloğlunun hekayəsi

15:08 6 may 2026
Tısbağa şorbası - Sevinc Elsevərin hekayəsi

Tısbağa şorbası - Sevinc Elsevərin hekayəsi

14:57 6 may 2026
Yolda adam - Əlabbas Bağırovun hekayəsi

Yolda adam - Əlabbas Bağırovun hekayəsi

12:30 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər