Türk teatrının prestijli və uzunömürlü mükafatlarından olan "28-ci Yapı Kredi Afife Teatr Mükafatları" Haliç Konqres Mərkəzində keçirilən mərasimlə sahiblərinə təqdim olunub.
Kulis.az xəbər verir ki, bu il Aslı Yılmazın sədrlik etdiyi 33 nəfərlik münsiflər heyəti mövsüm ərzində 268 tamaşanı qiymətləndirərək namizədləri və xüsusi mükafat sahiblərini müəyyənləşdirib.
İncəsənət və iş dünyasının əsas simalarının iştirak etdiyi mərasimdə teatr dünyasının uğurlu tamaşaları və sənətkarları 17 nominasiya üzrə mükafatlandırılıb.
Tədbir aparıcılar Demet Evgar və Atılgan Gümüşün yer aldığı "Afife" tamaşasının ansambl komandasının səhnələşdirdiyi dünyaca məşhur müziklin açılış səhnəsi ilə başlayıb.
"Teatr həyatın qarşısında durur və mübarizə aparır"
Bu il teatr tarixində iz qoyan ustalara təqdim edilən "Muhsin Ertuğrul Xüsusi Mükafatı" Şahika Tekanda təqdim olunub. Mükafatını aldıqdan sonra münsiflər heyətinə təşəkkür edən Tekand qeyd edib:
"Həyatın yenidən bizi sınamağa başladığı və dünyanın radikal bir çevrilişə qədəm qoyduğu bu dövrdə teatr insansız ərsəyə gələ bilməyəcək yeganə iş kimi həyatın qarşısında durur və mübarizə aparır. Buna görə də həm birlikdə əylənək, həm də həyatı dəyişdirək".
Qaliblərin siyahısı:
İlin ən uğurlu rejissoru: Arzu Qamze Kılınç ("Fillər və qarışqalar")
İlin ən uğurlu tamaşası: "Lusi"
İlin ən uğurlu qadın aktrisası: Rabia Zəhra Şəfəq ("İlk baxışda Prima Facie")
İlin ən uğurlu kişi aktyoru: Barış Yıldız ("Qonzaqonun öldürülməsi")
İlin ən uğurlu səhnə tərtibatı mükafatı: "Cəhənnəm çiçəyi"
İlin ən uğurlu gənc nəsil sənətkarı mükafatı: Doğa Yiğit ("Vanya dayı")
İlin ən uğurlu səhnə musiqisi mükafatı: "Eşq yolunda İstanbulda nələr olub? Çərkəz Rıdvanın dolabı"
İlin ən uğurlu geyim tərtibatı mükafatı: Dilək Kaplan ("Kərgədanlar")
İlin ən uğurlu hərəkət tərtibatı: "Bir-birimizi heç görə bilməyəcəkmişik"
İlin ən uğurlu işıq tərtibatı: "Bir-birimizi heç görə bilməyəcəkmişik"
İkinci dərəcəli rolda ilin ən uğurlu kişi aktyoru: Hakan Karqidanoğlu
İkinci dərəcəli rolda ilin ən uğurlu qadın aktrisası: Pınar Yıldırım
Cavad Fəhmi Başkut Xüsusi Mükafatı: Aslı Cərən Bozatlı ("Lusi")
Haldun Dormen Xüsusi Mükafatı (Komediya və ya müzikl janrında): "Tiyatrokare" ("Konken Partisi" tamaşası)
Afife Fəxri Mükafatı: Yaqub Çartık (işıq tərtibatçısı)
Haldun Dormen yad edildi
Mükafatın təqdimatından əvvəl Erol Evgin mərhum Haldun Dormenin fotolarının müşayiəti ilə "Hep Böyle Kal" mahnısını səsləndirib. Mahnı zamanı Alya Dormen rəqs performansı nümayiş etdirib. Mükafatı elan edərkən çıxış edən Haldun Dormenin oğlu Ömər Dormen atasının "Teatrlar heç vaxt bağlanmayacaq" sözünü xatırladaraq bunları qeyd edib:
"Bu mükafatlandırma mərasimi, teatrların dolub-daşması, səhnələrin rəngarəng olması, gənclərin teatrla qovuşması onun nə qədər haqlı olduğunu göstərir və nə xoş ki, onun bizə ötürdüyü estafeti qürurla gənc nəsillərə təhvil vermək üçün çalışırıq. İstanbulda, İzmirdə onun adını daşıyan teatr məktəbləri fəaliyyətini davam etdirir. Türk Təhsil Vəqfi ilə birlikdə "Haldun Dormen Teatr Təqaüdü" təsis etdik. Buradakı məqsəd teatr fakültəsində oxuyan, xüsusi istedadı ilə seçilən universitet tələbələrinin 4 illik təhsil xərclərini qarşılamaqdır. "Yapı Kredi Afife Teatr Mükafatları"nın dəstəyi ilə 2026-2027-ci illərdən etibarən 4 illik təqaüdləri paylamağa başlayacağıq. Məqsədimiz bunu davamlı etməkdir."
Yanvar ayında dünyasını dəyişən Türk teatrının ustad sənətkarı və "Yapı Kredi Afife Teatr Mükafatları"nın ideya müəllifi Haldun Dormen mərasim boyunca səhnədə xatirəsinə həsr edilmiş xüsusi proqramlarla anılıb. Dormen Teatrının aktyorları və əməkdaşları tərəfindən mükafatların təqdim edildiyi gecədə mərhum sənətkarın yaddaşlarda iz qoyan müzikllərindən seçilmiş musiqi parçaları da canlı şəkildə ifa edilib.