Bakının üstünə qışqırır zülmət - Malik Atilayın Yeni Şeirləri

Bakının üstünə qışqırır zülmət - <span style="color:red;">Malik Atilayın Yeni Şeirləri
18 mart 2019
# 14:20

Kulis.az gənc şair Maliki Atilayın yeni şeirərini təqdim edir.

Fövqəladə hal

Saat 0:03

Qəlbimə gedən bütün ümid reysləri təxirə salınıb,

Sevgi uçuşları qeyri-müəyyən vaxtadək ertələnib,

Məndən mənə gələn bütün yollar bağlıdı...

Saat 01:25

Ayrılıq vaxtıyla inqlab var ürəyimdə

Bədənim anarxiyanın pəncəsində,

Sabahıma ümidim yoxdur

Saat 02:51

Fövqəladə hal elan olundu ürəyimdə

Sən gedən saatdan sonra bu həyata qayıtmaq qadağandı...

Saat 03:42

Sənsizlik hakimdi küçələrimə,

Yalnızlıq dəstələri dağıdır hər yeri

Sevgi sıxılıb ürəyimin bir küncünə

Saat 04:11

Və indi mən başdan-ayağa anarxiyayam...

Sənsizlik anarxiyası...

Diqqət! Diqqət! Darıxır Bakı...

Şəhərin biləklərinə vurulan zülmət qandalı

Həm mənim

Həm küçələrin ürəyini sıxır

Parkların yanından keçirəm,

Kafelərə heç baxmıram.

Nəsə yoxdu

Nəsə çatmır

Gecə düşüb, susub hər yer

İçimdə həsrət yalquzağı oyaqdır, yatmır

Diqqət! Diqqət!

Bakı darıxır

Darıxır Bakı...

Ucuz kafelərin birindən domino səsləri qaçır bayıra

Süpürgəsindən həyatı kimi bərk-bərk yapışıb yuxuya gedib süpürgəçi

Zibil-zibil adamlara qarşı

Tək sığınacağıdır maşın siqnallarıyla çilik-çilik olan yuxusu...

Sevgililər sıxılıblar şəhərin qaranlıq bir küçəsinə

Qoca müəllimə kimi Bakının üstünə qışqırır zülmət

- Kəs işıqlarını...

Külək evi dağıdan balaca uşaqtək ora-bura atır sükutunu şəhərin

Qaranlıq həbsxana divarları arasında

Əlləriylə zülmətdə ulduzlar kimi axtarır ümidlərini dustaq

Bakının boğazına dişlərini keçirən zülmət

Onun ürəyinə dırnaqlarını sancmış

Şəhərlə birgə darıxır dustaq

Dustaqdan xəbərsiz darıxır şəhər...

Mavi səmanın üzünə qırmızı ləkə kimi doğur günəş

Bu gecə də yaşadı dustaq,

Süpürgəçi yenə hər kəsdən əvvəl oyadır küçələri,

Gecənin səsi kəsilib

Şəhərin sinəsinə rəngarəng pişiktək oturan işıqlar

Oyadır məktəbləri,

Oyadır metroları,

Oyadır adamları

Zülmətin çürük və qara dişlərindən səhərə çıxır

Amma yenə də

Bakı darıxır...

Darıxır Bakı...

Mən də hər səhər özümü asaram...

Həyatın iti bıçağı üstə qaçırıq

Tükləri didilmiş pişiklər kimi.

Yuxularımız yarım-yarımçıq

Suyumuz, çörəyimiz dadsız

Köməksiz, imdadsız

Və şikayət etmədən

Naləsiz, fəryadsız yaşayırıq

Buralarda

Yastı-yastı evlərin

Yaslı-yaslı insanların arasında...

Xırda-xırda adamların

Ən balacası biz idik bu şəhərdə

Böyük-böyük sevgilərin

Ən nəhəngini gəzdirirdik sinəmizdə

Həyatın ağısına və ağrısına qarşı

Hər zaman bir boşqab sevgimiz vardı masamızda

Və sən

Mənim iti bıçağa,

Acı zəhərə,

Yorğun adamların gözləri kimi bulanıq açılan səhərə

Şəhərə

Adamla dolu

Adamsız və yalnız şəhərə

Səbr etmə səbəbimsən...

Burda nağıllar bitməz

Yağışlar üç nöqtə qoyar damlalarla gecəyə

Mən də hər səhər özümü asaram

Həsrətin yolları kimi dağınıq saçlarından.

Nə sən gələrdin ağlıma

Həsrət dağılır səssizliyimdən

Şəhərin boz sinəsinə

Yalnızlığıma bulaşır şəhər

Şəhərə qarışır yalnızlığım

Və mən yenə xatırlayıram səni,

Bəlkə indi payız olmasaydı

Bəlkə dumanlı havaya qoşulub

Ucuz şərabla,

Keçən günləri sisli gözlərimdən keçirməsəydim

Sənə bənzəyən

Eynən sənin kimi saçları çiynini öpən

Yerişi bir yaz axşamı yağan zərif yağış qədər incə

Və hamıdan kirimiş,

Səssizcə yanımdan ötən qızı görməsəydim

Nə sən gələrdin ağlıma,

Nə sənin gedişindən sonra hər payız başsız qalan çiynimin ağrısı...

Balıqlar uçur

Yox, yox gülməyin dəli deyiləm

Həqiqətən quşlar uzur,

Balıqlar uçur

Payızda da çiçək açır ağaclar

Siz görmürsünüz mən görürəm..

Gülməyin mənə

Ağacların kökü səmadadı

Budaqları yerdədi

Çiçəklər adam yığıb aparır sevdiyinə...

Lütfən, gülməyin, bəsdi

Düz deyirəm

Keçənlərdə biz tərəfdə

Bütün insanlar ölümə, zülmə və bütün pis şeylərə cəza kəsdi

Zülüm çəkə-çəkə öldü ölüm

Ölüm özüylə apardı zülmü

Bütün pis şeyləri əritdilər qır qazanında

Axı bayaq da xahiş etdim, gülməyin dedim

Mən bu dünyaya yadam

Çünki vaxtım olmadı dünyayla tanış olmağa

Hələ 1 yaşımda məni öldürdü tanımadığım adam...

Tanıdığım qadın

Ölümə bərabər bir günün

Son akkordlarını vurarkən

Payızın yağışlı bir gecəsində

Səni xatırlayıram

Pazltək yığıram səni

Aha əllərin

Gözlərin də burdadı

Bu ayaqların

Bu çiyinlərin

Gözlərin burda

Saçların burda

Əllərin əl yelləyir uzaq dünənlərdən...

Sən hardasan?

Tanıdığım qadın

Yerişin zəif yaddaşımın dumanında itib

Necə darıxırsan

Necə gülürsən

Gözlərində neçə yalnızlıq çiçəyi bitib

Neçə ümid öldürmüsən qollarında...

# 3001 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #