İsrail yazıçısı Etqar Keret (1967) postmodernist təmayüllü ədib kimi ölkəsində və dünyada məşhurdur. Əsasən absurd və ironiya yüklü qısa hekayələri ilə şöhrətlənib. Onun sadə, çevik dilli, zəngin məzmunlu yığcam hekayələri İsrail ədəbiyyatında bu janrın populyarlaşmasına ciddi təkan verib. Yaradıcılığı nüfuzlu mükafatlarla dəyərləndirilən Etqar Keret bədii ədəbiyyatla yanaşı teatr, kino, televiziya sahəsində də önəmli uğurlar qazanıb.
Etqar Keret
İdeala pərəstiş
Hekayə
Seyfəddin Hüseynlinin tərcüməsində
Mən üç yaşımdaykən on yaşında bir qardaşım vardı və qəlbən ümidliydim ki, böyüyəndə onun kimi olacağam. Bəxtimə güvəndiyimdən deyildi bu. Qardaşım vaxtından əvvəl iki sinif adlamışdı, nüvə fizikası və kompüter proqramçılığından Kiril əlifbasınacan hər mətləbi qavramaqda həsəd doğuracaq qabiliyyəti vardı. O aralar mənə aid ciddi bir qayğı da bürümüşdü qardaşımı. “Haaretz”də oxuduğu bir məqaləyə görə, savadsız adamlar çox çətinliklə iş tapırdılar və üç yaşındakı qardaşının iş tapmaqda çətinlik çəkəcəyi onu yaman narahat edirdi. Buna görə də mənə - “saqqız üsulu” adlandırdığı - qəribə üsulla, oxuyub-yazmaq öyrətməyə başladı. Üsul belə idi: qardaşım ucadan oxumalı olduğum kəlməni göstərirdi, düz oxuya bilsəm, mənə bir dənə çeynənməmiş saqqız verirdi. Səhv oxuyanda isə ağzındakı çeynənmiş saqqızı saçıma yapışdırırdı. Bu üsul möcüzələr yaratdı və dörd yaşım olanda ibtidai sinifdə oxuyub-yazmaq bilən yeganə uşaq mən idim. Bundan başqa, ən azından ilk baxışda, hamıdan erkən keçəlləşməyə başlayan uşaq da elə mən oldum. Amma bu, bir başqa mövzudur.
Beş yaşıma gələndə, on iki yaşında, dini təmayüllü internat məktəbdə oxuyan, Tanrıya etiqadlı bir qardaşım vardı və mən qəlbən ümidliydim ki, böyüyəndə onun kimi olacağam. Mənə tez-tez din haqqında danışırdı. Onun dinlə bağlı izahlarını dünyada ən möhtəşəm söhbətlər bilirdim. Oxuduğu məktəbin ən gənc şagirdi – iki sinfi birdən adlamışdı axı - olsa da, hamı ona heyran idi. Hədsiz zəkalı olduğu üçün yox – internat məktəbdə buna bir elə önəm verilməzdi – mehribanlığına, xeyirxahlığına görə.Yadımdadır, bir dəfə Purim bayramında yanına getmişdim, rastımıza çıxan şagirdlərin hərəsi ona bir şey üçün təşəkkürünü bildirirdi: kimisinə hansısa mövzunu anlamaqda köməyi dəymiş, kimdənsə ötrü - Ağır rok dinləyə bilmək üçün - radioqəbuledicini təmir etmiş, kimisinə də mühüm bir oyundan qabaq futbol ayaqqabılarını əlborcu vermişdi. Sadəliyi və xəyalpərəsətliyi üzündən, kral olduğunun fərqinə varmayan bir kral kimi davranır, mən isə bundan xəbərdar şahzadə kimi, onun yanınca gedirdim. O zaman bunun - “Tanrıya inanmaq məsələsi”nin mənim də gələcəyimdə xüsusi rolu olacağını düşündüyüm də yadımdadır. Axı, qardaşım hər şeyi bilirdi: əgər o inanırdısa, deməli, Yaradan vardı və təkdi.
Səkkiz yaşım olanda, dinə biganələşmiş, universitetdə riyaziyyat-kibernetika üzrə oxuyan on beş yaşlı bir qardaşım vardı və qəlbən ümidliydim ki, böyüyəndə mən də onun kimi olacağam. Eynəkli bir qızı özünə dost tutub, onunla qalırdı; iyirmi dörd yaşlı o qız - mənim uşaq nəzərimdə - xeyli böyük görünürdü. Öpüşür, pivə içir, siqaret çəkirdilər və məndə qəti bir əminlik vardı ki, hər addımımı düzgün hesablasam, yeddi ildən sonra o məqama çataram. Bar-İlan Universitetinin həyətindəki çayırlıqda oturub, bufetdən aldığım, qızardılmış pendirli sendviçlər yeyəcəkdim. Mən də eynəkli bir qızı dost tutacaqdım, öpüş, dil-filan... Bundan gözəl nə ola bilərdi?
On dörd yaşımdaykən, iyirmi bir yaşında, Livanla müharibədə iştirak edən bir qardaşım vardı. Sinif yoldaşlarımdan çoxunun qardaşı müharibəyə qatılmışdı. Amma bircə mənim qardaşım əslində müharibəni sevmirdi, bunu bilirdim. Əsgər olsa da, güllə, ya da qumbara atıb düşmən öldürmək ona heç cəlbedici gəlmirdi.
Adətən, göstərişləri yerinə yetirəndən sonra qalan vaxtını hərbi məhkəmədə keçirirdi. Bir antennadan - başı və qartalvari qanadları olan - bədheybət müqəvva düzəltdiyi üçün mühakimə edilib, “İsrail Müdafiə Qüvvələrinə yaraşmayan hərəkətlərə yol verməkdə təqsirləndiriləndə, məndən böyük bacımla gizlincə Negevdəki hərbi bazaya, qardaşımın saxlandığı o ucqar bölgəyə getdik. Qardaşımla, bir də - onun kimi dustaq olan, ancaq xeyli məzmunsuz səbəb üzündən həbs edilmiş - Mosco adlı əsgərlə neçə saat kart oynadıq. Bir azdan əsgər şalvarını altına qoyub yarıçılpaq oturan, bazanın aşağısındakı çayın sulu boya ilə rəsmini çəkən qardaşıma baxdıqca, böyüyəndə kim olmaq istədiyimi anladım: uniformada belə, öz azad ruhunu qoruyan bir əsgər olacaqdım.
Qardaşımgilin hərbi bazasına gizlincə getdiyimiz o gündən illər keçdi. Bu arada qardaşım evləndi, boşandı, yenə də evləndi. Bir müddət, yüksək texnologiyalar sahəsində uğurla fəaliyyət göstərən hansısa şirkətdə çalışdı, sonra ikinci arvadıyla birlikdə, biometrik qeydiyyata və polisin amansızlığına qarşı - jurnalistlərin “radikal” adlandırdıqları - etiraz aksiyalarında, insan haqları və narkotiklərin leqallaşdırılması uğrunda ictimai-siyasi hərəkatda fəal iştirak edə bilsin deyə, işdən çıxdı. Həmin ərəfədə artıq mən də böyümüş, dəyişilmişdim. Bir-birimizə bəslədiyimiz məhəbbətdən savayı, münasibətlərimizdə sabiq qalan yeganə cəhət aramızdakı yeddi illik yaş fərqi idi. Bu qədər müddət ərzində qardaşıma heç cür çata bilməmiş, yəqin ki, bəlli bir məqamdan sonra ona oxşamaq niyyətimdən daşınmışdım da. Səbəbi, qismən, qardaşımın keçdiyi qəribə ömür yolunda onu izləməyin çətinliyi, qismən də, öz problemlərimi, üzləşdiyim müşkülləri həll etməyə çalışmağım idi.
Qardaşım son beş ildən bəri arvadıyla Tailandda yaşayır. Dünyamızın daha firavan bir məkana çevrilməsinə çalışan - həm israilli, həm də beynəlxalq - qurumlar üçün internet saytları hazırlayırlar. Gördükləri işin gətirdiyi yığcam qazancla Trat şəhərində rahat bir evdə zövqlə yaşayırlar. Kondisioner yoxdur, hamam vannası yoxdur, sifonlu tualet yoxdur, amma dünyanın ən ləziz yeməklərini bişirən və hər dəfə onları ürəklə qonaq edən çox yaxşı qonşuları, tanışları var.
Dörd həftə bundan əvvəl mən, arvadım və dörd yaşındakı oğlum onların yeni evini görmək üçün Tailanda uçduq. Orada olanda bir dəfə fillərlə gəzintiyə çıxdıq. Qardaşım minən fil mənim mindiyimdən beş-altı addım irəlidəydi. Filləri bu işdə təcrübəli olan tailər sürürdülər. Bir neçə yüz metr gedəndən sonra irəlidəki fili sürən tai işarəylə qardaşıma anlatdı ki, indi heyvanı o idarə eləsin. Tai arxaya keçdi və qardaşım fili sürməyə başladı. O, yerli adamlardan fərqli davrandı: fili nə bərkdən hayladı, nə də təpiklədi. Eləcə qabağa əyilib filin qulağına nəsə pıçıldadı. Oturduğum yerdən mənə belə göründü ki, fil razılıqla başını yellədib qardaşımın istədiyi səmtə doğru getdi. Və o an... Uşaqlıq, yeniyetməlik çağlarım boyu yaşadığım həmin duyğu – qardaşıma fəxrlə baxıb, böyüyəndə ona bənzəmək, insan ayağı dəyməmiş meşələrdə filləri, heç səsimi qaldırmağa da lüzum görmədən, sürə bilmək ümidim təzədən baş qaldırdı.