Həyatı ciddiyə almaq – Günel Natiq yazır...

Həyatı ciddiyə almaq – Günel Natiq yazır...
29 mart 2017
# 14:00

“Axtardığın hər nə varsa, səndən kənarda deyil, sənin öz içindədir” - deyir Mövlana. Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən. Çünki həyat - biz onu gördüyümüz yerdədir.

Uşaq vaxtı rus yazıçısı Viktor Draqunskinin məşhur əsərini - “Deniskanın sərgüzəştləri”ni oxumuşdum. Kitabda heç unuda bilmədiyim bir məqam var; müəllim uşaqlara belə bir sual verir: “Həyatda nələri sevirsiz? Nələr sizi xoşbəxt edir?”

Deniskanın dostu uzun bir siyahıda sevdiklərini yazır. “Mən cemli bulkanı, kişmişli şəkərçörəyinı, kolbasanı, yağlı donuz budunu, dondurmanın bütün növlərini, şirin nabatları, şokoladı, limonadı, alma, armud, gilənarı.... sevirəm”.

Deniska da bir neçə səhifəlik vərəqdə sevdiklərini yazır. Amma onun yazdıqları tamamilə fərqlidir. Təxmini belədir ki, mən anamı, atamı, dostlarımı, ağacları, çiçəkləri, pişik balalarını, atları, itləri, dovşanları, maralları, ilbizləri, balıqqulağını, dənizi, yosunları, balıqları, kiçik böcəkləri, kəpənəkləri, cücüləri... sevirəm.

Bu həmin 8 yaşlı qəhrəman idi ki, bahalı oyuncaq maşınını kiçik bir atəşböcəyinə dəyişmişdi və səbəbini soruşan anasına belə demişdi: “Axı atəşböcəyi canlıdır!.. Həm də işıq saçır!..”

8 yaşlı oğlan özü də fərqində olmadan həyatın ən böyük tərifini vermişdi.

Yəqin ki, o böyüdükdən sonra adi insani sevincləri heç bir bahalı avtomobilə, dəbdəbəli mənzilə dəyişməzdi. Canlı olanı cansız əşyalara dəyişməzdi yəqin ki.

Müəllif bizlərə həyat sevinclərini əslində harda axtarmalı olduğumuzu deyirdi. Bu, həmin o həqiqət idi ki, Mövlana və başqa filosoflar yüzillərdən üzübəri onu deyə-deyə gəlirdi.

“Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən”.

Həyat gözəldir. Çünki bu həyatda hətta adi gözlə görülə bilməyən böcəklər də yaşamağa can atır.

Fərqinə varmadan üstündən keçdiyimiz, heçə saydığımız qarışqa da özündən 20 qat ağırlıqda azuqəni qış ehtiyatı üçün yuvasına daşıyır, yoldaşları üçün, ailə üçün fədakarlıq edir.

Hətta canavarlar da onu gözləyən balalarını “düşünüb” evə yem daşıyır.

Çünki təbiət belə qurulub.

Çünki yaşamaq ciddi işdir. Və sən 80 yaşında belə ağac əkəcəksən. “Ona görə yox ki, gələcək nəsillər onun bəhrəsini yeyəcəklər. Ona görə ki, yaşamaq bu qədər ciddi bir işdir”.

Bəzən sosial şəbəkələrdə gənclər “həyat fanidir, onu ciddiyə almayın” tipli yazılar yazırlar. Məncə, həyata belə yanaşmaq düzgün deyil. Böcəklər, qarışqalar belə “həyatı ciddiyə alır”. Həyatı ciddiyə almamaq bizdən əvvəl yaşayanların təcrübəsini, bizdən sonra yaşayacaq olanların xəyallarını, arzularını heçə saymaqdır.

Bir dəfə təbiətlə bağlı sənədli filmdə ana dovşanın dünyaya necə bala gətirdiyini, özü yem dalınca gedərkən yuva qurub onları necə gizlədiyini, torpaqla ört-basdır etdiyini izlədim. Düşündüm ki, çox vaxt biz insanlar həyatla təkbaşına mübarizə aparan, yolunun üstündə hər cür təhlükə, yırtıcı vəhşi heyvanların gözlədiyi bu ana dovşan qədər güclü ola bilmirik.

Həyatı bir böcək qədər ciddiyə alacaqsan. O böcək ki, insan ayaqları altında hər an əzilə, ya da qurd-quşa yem ola bilər, amma yenə də həyata təslim olmur.

Həyat gözəldir, çünki bu həyatda yaşıl-yaşıl otlar, dəniz, günəş, insan var. Yazda ağacların qəribə bir sehrlə puçurlaması və dünyamıza bahar gətirməsi var.

Qışda qarın, payızda yağışın yağmasını seyr etmək kimi kiçik və böyük sevinclər var.

Həyat gözəldir. Çünki hər gün getdiyimiz yolların geri dönüşü və doğmalarımıza qovuşmaq var. Bunun sevincini yaşamaq var.

Bəzən yoruluruq, hər şeydən usanırıq. Dərk etmək ağır və ağrılı olur. Hər birimizin həyatında elə bir an olur... O anda həmin kiçik, amma üzümüzə sehrli təbəssüm qonduran o sevincləri düşünün. O sevinclər ki, bəlkə də hissiyyatsız adamlara əhəmiyyətsiz görünə bilərdi, amma sənə necə böyük xoşbəxtlik və həyəcan gətirmişdi. O sevinclər səni tərk etməyib, onlar yenə sənin içindədir və sənin kiçik kəşfini gözləyir.

Sadəcə onları görə bilmək üçün daha bir cəhd et. Daha bir cəhd. Bəlkə də görəcəksən ki, əslində yaşamaq gözəldir. Və hətta günəş də yalnız sənə gülümsəyir...

# 1328 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #