Bir dəfə məşhur Kolumbiya yazıçısı Markesə sual vermişdilər ki, dünyada hansı yazıçıdan qorxursan, yəni özündən üstün bildiyin bir yazıçı varmı? Markes heç düşünmədən Azərbaycan Xalq Yazıçısı Anar Rzayevin adını çəkmişdi. Məşhur yazıçı dünyada məşhurlaşmaq üçün Anar Rzayev şöhrətinin arxasında gizlənərək öz məkrli siyasətini həyata keçirtmişdi. Markes bizim doğma, milli yazıçımızın adını çəkəndə onda Anar Rzayevin beşcildliyi çapa hazırlanırdı. Kolumbiyalı yazıçısının hələ Biləcəridən bu tərəfdə tanınmadığı dövrlərdə Xalq Yazıçısı ordeni ilə təltif edilmiş Anar Rzayev artıq Biləcəridən bu tərəfdə, yəni hərbi çağırış məntəqəsində çox yaxşı tanınırdı. Lakin getdikcə öz üzərində işləyərək püxtələşən yazıçımız qəsəbənin o tərəfində də tanınmağa başladı. Kolumbiya yazıçısı boynuna almışdı ki, indiyə qədər də bizim milli, öz soykökünə, adət-ənənəsinə bağlı yazıçımız olan Anar Rzayevi yamsılayaraq ona oxşamağa çalışır. Əcnəbi yazıçı adı çəkilən müsahibəsində dönə-dönə boynuna alır ki, Anar Rzayevin qəlyanlı bir şəklini görmüş və heç tərəddüd eləmədən dərhal o da qəlyana keçmişdi. Günlərin bir günü Xalq Yazıçısı özünə yeni bığ qoymaq qərarına gəldi. Milli yazıçımızın bığlı şəkilləri mətbuatda yayımlanan kimi Markes yenə də dərhal Kolumbiyada özünə bığ qoymuşdu. Beləliklə, bizim doğma və milli, öz soykökünə bağlı, təpədən dırnağa yazıçı olan Anar Rzayevin adını dilinə gətirdikdən sonra bu əcnəbi yazıçı parlayaraq dünyada məşhurlaşdı.
Artıq 25 ildi ki, bu nəhəng yazıçımız, hörmətli Anar Rzayev Yazıçılar Birliyinə rəhbərlik eləyir. Hamı bilir ki, Anar Rzayev Birliyin sədrliyindən çıxsa orda heç kim sədrlik edə bilməyəcək və dərhal dünya dağılacaq. Məlumdur ki, Anar Rzayevin Birlik sədrliyindən getməsi xalqımızın faciəsi ilə nəticələnər. Qocaman yazıçı öz kreslosundan aralanarsa dərhal təbii fəlakətlər baş alıb gedər və ölkəmiz böyük faciələrlə üz-üzə, burun-buruna dayanar.
Vəzifədən getmək o yana, ədib, sadəcə, bu fikri başından keçirərsə o dəqiqə göy guruldayıb şimşək çaxar, dayanmadan qırx gün, qırx gecə leysan yağışları yağar. Güclü qasırğalar ağacları kökündən çıxarıb göylərə qaldırar. Xəzər dənizinin suyu günbəgün artaraq hamam vannası kimi dolub öz sahillərindən daşar və əvvəlcə Bakını, sonra bütün Azərbaycanımızı basar.
Quşlar qonmağa yer tapmadığına görə yad ölkələrə köçər. Ölkədəki bütün müəssisələr bağlanar və insanlar su içində işsizlikdən əziyyət çəkər. Evlər öz sakinlərinin başlarına uçar və hamının başı yarılar. Yurdumuzun hər tərəfində torpaq sürüşmələri olar və aclıqdan vətəndaşlarımız bir-birinin ətini yeyər.
Gözlənilən fəlakətlərə baxmayaraq yurdumuzun bəzi satqın gəncləri dayanmadan Anar Rzayevin Yazıçılar Birliyindən getməsini arzulayır. Bunlar başa düşmək istəmir ki, bir kreslodan ötəri ölkəni məhvə sürükləmək olmaz. Həmin gənclərə dəfələrlə demişik, başa salmışıq, yazmışıq, pozmuşuq, cızmışıq, yenə xeyri olmayıb. Onlar öz mənfur niyyətlərindən heç cür əl çəkmək istəmirlər. Yadınızdadırsa, axırda qocaman yazıçı məcburən qələmə sarılaraq həmin gənclərə daşlama janrında bir silsilə şeir həsr etməli olmuşdu. Şeirlərin rəvanlığı, axıcılığı, öz milli soy kökünə bağlılığı adamı valeh edirdi. Müəllif gəncləri şeirinin kəskin misralarıyla daşqalaq eləyirdi. Onun sədrlikdən getməsini arzulayan hər bir gənc ədibin nifrət dolu ilhamına tuş gəlir və al-qan içində misra nizələrinin, şeir daşqalağının altında qalırdılar.
Silsiləyə daxil olan hər bir şeirin öz məna yükü, bədii təfəkkürün qabarması və çəkilməsi insanı riqqətə gətirir. Öz qələmini süngüyə çevirərək nərə çəkibən gənclərin qarşısına tək çıxan qocaman ədib hələ də onlara qarşı amansız mübarizə aparır. Daşqalaq altında bağıra-bağıra qalan gənclərin səsi buz bulaqların, su krantlarının, maşınların, oxuyan quşların və böcəklərin səsinə qarışaraq qəlboxşayan musiqi yaradır. Daşlamanın kənardan atılan öldürücü misralar gənclərə dəydikcə müəllifin qəlbi ehtizaza gəlir və getdikcə gəncləşməyə başlayır. Müəllif silsilənin axırında hər bir həssas oxucusuna söz verir ki, gənclərin bir daha nəfəsi gələrsə növbəti daşlamalar daha kəskin və daha öldürücü olacaqdır.