"Nigarın kitabının əsas ruhu sevgidir" - Sabir Rüstəmxanlı gənc şair haqqında yazdı

"Nigarın kitabının əsas ruhu sevgidir" - Sabir Rüstəmxanlı gənc şair haqqında yazdı
2 noyabr 2023
# 12:48

Kulis.az Xalq şairi Sabir Rüstəmxanlının gənc şair Nigar Arifin "Adamların yağışı" adlı kitabı haqqında yazısını təqdim edir.

Taleyini ədəbiyyata bağlamaq istəyən gənclər uzun və çətin bir yol başladıqlarını bilməli, ilk addımlarından başlayaraq bütün yazılarına, kitablarına məsuliyyətlə yanaşmalıdırlar. “Hələ yolun əvvəlindəyəm” deyib, sözə başdansovdu yanaşmaq olmaz; düzgün atılmayan ilk addım yolu dolaşıq salar. Buna görə də müəlliflərin ilk kitablarına diqqətlə yanaşmaq və mümkün qədər güzəştsiz dəyərləndirmək lazımdır.

Gənc şairlərimizdən Nigar Arif məni “Adamların yağışı” adlı ilk kitabının təqdimatına dəvət etmişdi. Kitabını oxudum, lakin təqdimata getməyə imkan olmadı.

Nigar Mingəçevirdə, o qədər də böyük ədəbi ənənələri olmayan bir yerdə anadan olub.
Onu şagird vaxtından tanıyan şair-publisist Elşən Əzim Nigarın elə o illərdən bədii mətnlər yazması ilə yaşıdlarından seçildiyini vurğulayır.


Əslində, hər şey uşaqlıqdan, ailə tərbiyəsindən başlanır; sözə, ədəbiyyata, təbiətə bağlılıq da, vətən sevgisi də.
“Adamların yağışı”nı geniş təhlil etmək niyyətim yoxdur. Lakin Nigarın şeirlərini bəyəndiyimi bildirməyi, təcrübəli bir qələm sahibi kimi, özümə borc bilirəm.


Onda poetik duyum var, müraciət etdiyi mövzuların mahiyyətinə baş vurmağa və öz duyğularını fərqli bir tərzdə ifadə etməyə, bəzən uğursuz olsa da lakin özünəxas metaforalarla danışmağa çalışır. Bu, onun şeirlərinə bir istilik və səmimiyyət aşılayır. Nigarın kitabının əsas ruhu sevgidir; öz tale qismətini axtaran, tapan, ürəyini açan, duyğularının zərifliyinə inandırmağa çalışan, eyni zamanda ayrılıqdan, gözləməkdən gileyli olan bir gənc xanımın qəlb dünyası həm də xalqa, təbiətə, ailə ənənələrinə, böyüklərə, mənəvi gözəlliklərə bağlıdır; bu sevginin həm də bir fəlsəfi tərəfi var.

Bu anlamda Nigarın ilk kitabı üçün seçdiyi ad şeirlərinin ruhuna uyğundur, çünki təqdim olunan şeirlərinin çoxunda insan taleləri ilə bağlı düşüncələr, mərhəmət, itkilərdən doğan kədər, görüş həsrəti əksini tapıb. Buna görə də yaşadığı şəhəri tərk edib gedən insanlar onun qələmində şəhərin gözündən axan yaşlara bənzədilir. Adamlar yağış kimi tökülüb gedirlər.
“Sən elə şeirsən” adlı poetik parça Nigarın sevgi ünvanını və şeirlərinin əsas mövzusunu göstərən bir nümunələrdən biridir:

“Sən elə şeirsən... mən səni yazıram”

Gənc müəllif başa düşür ki, ədəbiyyatın, şeirin baş qəhrəmanı insan olmalıdır; insanın mənəvi dünyası, öz arzularını reallaşdırmaq üçün apardığı mübarizələr, qısa ömrünə yüzillərin quruculuq gücünü dolduran eşq, haqqa və gözəlliyə bağlılıq, yəni yazıldıqca bitməyən...

Poeziya üçün ənənəyə çevrilmiş insan – təbiət qarşılaşdırmaları, təbiəti insanda, insanı təbiətdə dərk etmək bacarığı Nigarın da şeirlərində əsas poetik boyalarına çevrilir; insanın ruh aləmi təbiətin durumu ilə şəkilləndirilir:

Mən adam deyiləm, adam deyiləm
Qapısı qıfıllı bir evəm bəlkə,
Özüm öz içimdən çıxa bilmirəm.


*

Sarmaşıb baxışlar qəm hasarına,
Yaşlar salxımında gilə-gilədir.
Sevinci, nəşəni söylə kim dərib?
Kədərin işvəsi cilvə-cilvədir.

*

Elə baxma, mənim də tərs yanım var,
Sənin boyda bir məzarlıq canım var...

*

Bax belədir, əzizim,
Yol uzundur, zaman dar.
Hardan biləydik axı
Div boyda arzuların
Cırtdan ayaqları var...

*

Görən hansı dərzi yolumu biçib
Bu yol təsadüfi, ya mən naşıyam.

*

Çırpınır əksim də, batır rəsmim də
Bu dərin dəryaya dözə bilmirəm.
Çıxar, göz yaşında boğma məni də
Vallah heç dənizdə üzə bilmirəm.


“Gözlərdə gizlənən küçələr”, “Həyatın qızarmış gözləri”, “İnsan, aysberq”, “Küçələrin ağac barmaqları”, “Zamanın yaxası” və sair təşbehlər Nigarın yazı tərzini səciyyələndirən cəhətlərdəndir.

Poeziyada bəzi bənzətmələr əsrdən-əsrə adlayır. Qədim Şumer, yaxud yapon nəğmələrində sevginin böyüklüyünü və ya sevgilinin gözəlliyini ifadə etmək üçün istifadə edilən bənzətmələr, min illəridən sonra da bədii leksikondan çıxmayıb. O bənzətmələr yerinə düşməyəndə maraqsız görünsə də yeni, saf duyğularla dolanda, müasirləşir, Nigarın şeirlərində onun öz metaforalar ilə ənənəvi ifadə formaları qovuşuq şəkildədir:

Çörəyim-duzum kimisən,
Sənsiz ömrün dadı yoxdur.


*

Gəmi boyda arzular
Köksümdə yelkən açır.


*

Balaca əllərin arzusu böyük,
Balaca əllərim vida istəmir.
Doğma ocaq bilib sənin ovcunu
Getməyib özgəyə, yada,istəmir...

*.

Daha bu yolları tikan, kol basıb
Keçən günlərimsə ayaqyalındı.
Sənli arzularım quru xəzəl tək
Sənli xəyalların tozu qalındı.


Ayrı-ayrı şeirlərindən götürdüyüm misralar Nigarın şair qəlbinin hansı havalar üstə kökləndiyini, necə döyündüyünü aydın göstərir.
“Mənim albomum aynalar idi” deyən müəllif, eyni şəkildə mənim albomum yazdıqlarımdır da deyə bilərdi. “Adamların yağışı” kitabından Nigarın çeşidli portretləri boylanır.

Bu portretlərin üzündən, gözlərindən zamanın ovqatını, sevinci və kədərini, Vətənin dərdlərini oxumaq mümkündür... Nigarın lirik qəhrəmanı kövrək, zərif oldugu qədər də dözümlüdür, fədakardır, öz dünyasını qorumaq üçün hər cür çətinliyə dözəndir:

Mənə nə, bu sevda lap boran olsun,
Geyinib səbrimi isinəcəyəm.


*

Tənha adamlar tez üşüyür, bilirəm,
Bir qucaq şerim var odun əvəzi.

*
Mən də ki, mənəm də...həmişəki mən,
Yox, sərxoş deyiləm, yox, içməmişəm.
Həmin küçədəyəm, həmin evdəyəm,
Dönmək istəyirsən?
Gecikməmisən...

Onun sevgi şeirlərinə sızıltıdan kənar, gənclik həyatının bütün hallarını mərdi-mərdanə qarşılamaq hissi hakimdir və lirik qəhrəmanın xarakterindəki bu cəhət onu fərqləndirir və sevdirir.

Nigarın kitabının təqdimatına getsəydim, orda da təxminən bunları deyəcəkdim...

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #