MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?
30 sentyabr 2026
# 12:03

Bu gün Beynəlxalq Tərcüməçilər Günüdür.

Kulis.az tərcümə sənəti, süni intellektin bu sahəyə təsiri və tərcüməçilərin mövcud problemləri ilə bağlı müzakirəni təqdim edir.

Müzakirədə yazıçı və tərcüməçilər Etimad Başkeçid, Nəriman Əbdürrəhmanlı, Mahir Qarayev, Azad Yaşar, Rəbiqə Nazimqızı, Elvin Abbasbəyli və İlqar Əlfioğlu iştirak edir.

– Süni intellekt və avtomatik tərcümə alətləri sürətlə inkişaf edir. Sizcə, bu texnologiyalar tərcüməçinin peşəsinə real təhlükə yaradır, yoxsa əksinə, onun imkanlarını genişləndirir? İnsanın tərcümədə əvəzolunmaz qalan əsas üstünlüyü nədir?

Etimad Başkeçid: Mən bu mövzuda ayrıca məqalə ilə çıxış etmişəm. Əlavə olaraq deyə bilərəm ki, bəli, texniki və sənəd xarakterli standart mətnlərin tərcüməsi ilə məşğul olan insanlar öz gələcəyi barədə düşünməlidir. Onlardan yalnız ən yaxşıları yaxın gələcəkdə süni intellekt alətlərini idarə edən adamlar kimi peşəsində qalacaq. Bədii tərcümə məsələsində isə, bu sahə ilə məşğul olan mütəxəssislərin ümumi qənaətinə görə, nə yaxın, nə də uzaq gələcəkdə süni intellekt insanı əvəzləyə bilməyəcək. Ona görə ki, tərcüməni intellekt etmir, ağıl, dərrakə, istedad edir. Çünki bədii tərcümə yaradıcı işdir və süni intellekt olsa-olsa tərcüməçinin sürətini və əməyinin səmərəliliyini artırmaq baxımından tərcüməçinin işinə yaraya bilər. Xüsusi qabiliyyəti ilə seçilməyən tərcüməçinin imkanlarını heç bir süni intellektlə genişləndirmək mümkün deyil. Sualınızın ikinci hissəsinə gəlincə, insanın əsas üstünlüyü elə onun insan olmasındadır. Frazeoloji birləşmələr, yumor, söz oyunları, mentalitetə uyğun ifadələr, jarqonlar, mətnin oxucuya ötürdüyü emosiyalar, sətiraltı mənalar, müəllif üslubu, müəllif ironiyası və s. və i. a. yalnız insan beyninin dərk edə biləcəyi incəliklərdir. Üstəlik, süni intellektdən fərqli olaraq, gördüyü işə görə insanın hüquqi və etik məsuliyyəti var.

Etimad Başkeçid

– Nəriman bəy, Etimad bəy bədii tərcümədə süni intellekti təhlükə yox, sadəcə sürətləndirici alət kimi görür. Bəs siz necə düşünürsünüz, vəziyyət doğrudanmı bu qədər nəzarət altındadır?

Nəriman Əbdürrəhmanlı: İndi tərcümə sənəti Azərbaycanda bəlkə də ən çətin dövrünü yaşayır. Tərcüməçi əməyinin az qala heç qiymətləndirilməməsi, bir tərəfdən də süni intellektin bu sahəyə açıq-aşkar təcavüzü vahiməli vəziyyət yaradır. Artıq tərcüməçi ilə süni intellekt arasında, sözün əsl mənasında, ölüm-dirim savaşı gedir. Başlıca məqsədləri gəlir götürmək olan nəşriyyatlar canlı tərcüməçi ilə işləməkdənsə, tez və asan başa gələn texnoloji tərcümələrə meyil etməyə başlayıblar. Bu isə ən azı bədii tərcümə üçün qəbulolunmazdır. Çünki bədii tərcümə təkcə bir mətnin mexaniki tərzdə başqa dilə çevrilməsi deyil, o mətnin toxumasına özünün və mənsub olduğun xalqın ruhunu daxil etməkdir. Bunu isə canlı insandan başqa bir məxluq, hətta ən mükəmməl texnologiya belə gerçəkləşdirə bilməz. Süni intellektin tərcümə sənətinə və tərcüməçi peşəsinə total müdaxiləsini məhdudlaşdırmaq üçün tədbirlər görülməsə, vəziyyət daha da pisləşəcək.

– Mahir bəy, siz süni intellektlə tərcüməçilər arasındakı ölüm-dirim savaşına necə baxırsınız?

Mahir Qarayev: Çox güman ki, bizim bu barədə nə düşünməyimiz, ümumiyyətlə hər hansı müsbət ya mənfi fikrimiz süni intellektin heç vecinə də deyil, çünki təkamül prosesinin növbəti pilləsi kimi bütün bu texniki cihazlar və oxşar texnologiyalar vacib, labüd və qaçılmazdır.

Mən az-çox ədəbi-bədii tərcümə sferasında çalışıram, fikirlərim də yalnız bu sahəyə aid ola bilər. Tərcüməçi kimi də, oxucu kimi də şəxsən mən bu “cansız” cihazlardan heç bir təhlükə görmürəm. Əksinə, hərdən onlardan yararlanıram da. İslanmışın yağışdan nə qorxusu? Ona görə təhlükə görmürəm ki, hazırda 80-90 faizi Azərbaycan ədəbi dilində adi cümlə yaza bilməyən “canlı” fərdlər – qeyri-adi məhsuldarlığı ilə cansız cihazları da üstələyən qeyri-peşəkar “mütərcim” kütləsi – bu sahəni elə günə salıb ki, süni intellekt istəsə belə, lap nə qədər pis çevirsə də, bundan bərbad mənzərə yarada bilməz.

Tutaq ki, mən Pasternakın bir şeirini çevirmişəm. Süni intellekt nə qədər səriştəli olsa da, həmin şeiri rus dilində Pasternak səviyyəsində yaza bilməz. Və əgər həmin şeiri Azərbaycan dilinə məndən yaxşı çevirmiş olsa, mən buna yalnız sevinərəm: yükü çiynimdən götürdüyü üçün hətta bu cansız əşyaya minnətdarlığımı bildirər və sadəcə, gedib başqa işlə məşğul olaram.

Mən səni qadıntək sevmirdim onda... - Mahir N. Qarayevin şeirləri

Mahir Qarayev

– Azad bəy, əslində, tarixə baxsaq, maşın tərcüməsi ilə bağlı qorxuların kökü bir az da keçmişə dayanır, elə deyilmi?

Azad Yaşar: Hələ 1950-ci illərdə “maşın tərcüməsi” termini gündəmə gəlmişdi, onda da hamı tam əmin idi ki, nəhəng tərcüməçilər ordusu tezliklə işsiz qalacaq. Amma gözlənilənin əksi baş verdi: səviyyəli tərcüməçilərə tələbat azalmaq əvəzinə, daha da artdı, çünki imperiyalar dağıldı, ölkələr arasındakı sərhədlər şəffaflaşdı, siyasi, iqtisadi, elmi və mədəni əlaqələr sıxlaşdı, bu səbəbdən də xarici dillərə maraq fonunda tərcüməçilər üçün də geniş fəaliyyət cəbhəsi yarandı.

Yəni demək istədiyim odur ki, nə maşın tərcüməsi, nə tərcümə proqramları, nə də ChatGPT versiyaları tərcüməçilərin Sizif əməyini heç bir halda üstlənə bilməz, çünki yaxşı tərcümə onu icra edən kəsdən geniş erudisiya, fərqli dillərə hakimlik, böyük zəhmət və dərin istedad tələb edir. Kimlərsə bu sənətə, şair demişkən: “Oturuban hər cümə / Eyləyirəm tərcümə. / Çünki donluğum yetmir / Xırda-para xərcimə” şüarıyla bu işə məhz xaltura kimi yanaşırsa, bunun günahı da onların ayağına yazılasıdır.

ChatGPT-nin virtual bazası hüdudsuz ola bilər, ancaq onun ruh və orijinal istedad sahibi olması mümkün deyil. ChatGPT-ni insan yaradıb, o, müasir insanın növbəti Qolemidir. İstedadı isə insan övladına uca Yaradan ya bəxş edir, ya etmir. ChatGPT yaddaşındakı məlum alqoritmlərlə sadəcə çoxsaylı manipulyasiyalar etməyə qadirdir. İstedadlı tərcüməçi isə hər dəfə səviyyəli mətn ortaya qoyanda sırf CANLI ChatGPT kimi qarşımıza çıxır.

– Rəbiqə xanım, həmkarlarınız daha çox işin yaradıcı tərəfinə toxundu. Bəs bu texnologiyalar tərcüməçinin qazancına necə təsir edir?

Rəbiqə Nazimqızı: Sualınıza nikbin cavab vermək istərdim, amma reallıq belədir ki, Sİ tərcüməçinin çörəyinə problem yaradır. Haqlısınız, avtomatik tərcümə alətləri sürətlə inkişaf edir və indiki “Google” tərcüməsi əvvəlkindən həm sürətinə, həm də keyfiyyətinə görə fərqlənir. Əlbəttə, nüanslar var. Redaktə mütləqdir. Yoxlama mütləqdir. Əvəzləmə mütləqdir. Amma Azərbaycan sifarişçisi keyfiyyət üçün artıq (yəni əlavə) pul xərcləməyə meyilli deyil. Bildiyimə görə, nəşriyyatlardan bəziləri bu üsula keçiblər, tərcümə proqramları iş görür, redaktor əl gəzdirir, vəssalam. Amma robot robotdu, o heç vaxt insan olmayacaq... Bu yaxınlarda mənə rus dilinə tərcümə olunan şeirlərim lazım idi, axtarış sisteminə yazdım və bir də gördüm, mənim “Foto” və “Məryəm” şeirimdən danışır. Halbuki mən bunları yazmamışam. Dedim, ver görüm o şeirləri. Baxdım ki, üslubu, mövzunu tutub, kifayət qədər də oxşayır, amma elə elementar nüanslar var ki, orada düşünürsən, bunu Rəbiqə yazmaz. Və Süni İntellektlə çox maraqlandığım üçün bir neçə vacib məsələni qeyd edim. Sİ-nin dəqiqlik, dürüstlük problemi var və bir qədər də riyakarlıq. O mənada ki, sən yanlış fikrin üstündə dayansan, tezliklə səninlə razılaşacaq. Bu mənada Sİ-yə etibar eləmək olmaz. Özündən əlavə və dəyişikliklər eləməyə meyillidir. İstifadə etmək olar, lazımdır, amma nəzarət, yoxlama, tutuşdurma vacibdir ki, bu da az vaxt aparmır. İnsanın üstünlüyü ondadır ki, o, dilin praktik tərəflərini bilir, incəlikləri hiss edir və onun beynində Sİ-də olduğu kimi, vacib informasiyalarla yanaşı, hər cür zir-zibil yer tutmayıb. İnsan səhvi düzdən seçə bilir.

– Elvin bəy, bəlkə də doğrudan da gələcəyin əsas sualı "İnsan, yoxsa süni intellekt?" olmayacaq. Siz bu texnoloji sıçrayışa uyğunlaşmağı necə görürsünüz?

Elvin Abbasbəyli: Texnologiyalar sürətlə inkişaf edir və hər bir peşə sahibi kimi tərcüməçilər də buna ayaq uydurmalıdır. Çap maşını icad edilənə qədər tərcümələr kağız üzərində əllə edilirdisə sonradan o maşınlarda yazaraq etmək mümkün oldu. Süni intellekt də bunun kimi bir mərhələdir. Ona görə də mən süni intellekti tərcüməçi peşəsi üçün yalnız təhlükə olaraq qiymətləndirməzdim. Əksinə, düzgün istifadə edildikdə bu texnologiyalar tərcüməçinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Terminoloji axtarış, ilkin mətnin təhlili, böyük həcmli materialların emalı və tərcümədən sonrakı redaktə kimi proseslərdə süni intellekt vaxta ciddi qənaət edir.

Lakin tərcümə sadəcə sözlərin bir dildən digərinə ötürülməsi deyil. Xüsusilə ədəbi mətnlərdə konteksti, müəllifin niyyətini, üslubunu, mədəni və tarixi konnotasiyaları düzgün müəyyənləşdirmək vacibdir. İnsan tərcüməçini əvəzolunmaz edən əsas xüsusiyyət də məhz budur: o, mətnin yalnız nə dediyini deyil, nə demək istədiyini və bunu hansı şəraitdə dediyini anlayır. İnsan tərcüməçi süni intellektdən fərqli olaraq sətiraltı mənanı başa düşür və tərcümə edə bilir.

Məncə, gələcəyin əsas sualı “İnsan, yoxsa süni intellekt?” olmayacaq. Daha çox “Süni intellektdən səmərəli istifadə edən tərcüməçi ilə etməyən tərcüməçi arasında hansı fərq yaranacaq?” sualı ön plana çıxacaq. Süni intellektdən doğru istifadə etsək, onu müttəfiqimizə çevirə bilərik, əks halda biz onun qulu olacağıq.

– İlqar bəy, siz də süni intellekti özünüzə rəqib yox, köməkçi görənlərdənsiniz?

İlqar Əlfioğlu: Bəli, süni intellekt bu dəqiqə çox sürətlə inkişaf edir. Amma düşünmürəm ki, bu texnologiyalar tərcüməçi peşəsinə real təhlükə yaradır. Əksinə, onun imkanlarını genişləndirə bilər. Tərcüməçi işini sürətləndirmək üçün süni intellektə onu maraqlandıran sualları verib dəqiq cavab ala və bununla da işinin keyfiyyətini artıra bilər.

Amma tərcümədə insanın əvəzolunmaz üstünlüyü odur ki, insan duyğuları ilə seçim edir. Süni intellekt isə bundan məhrumdur. O, mexaniki tərcümə edir. İnsanlar süni intellektlə tərcüməyə üstünlük verəndə müəyyən mənada onun əsirinə çevrilirlər. Çünki söz çalarlarını süni intellekt hiss edə bilmir.

Məsələn, bir sözün bir neçə çaları varsa, insan kontekstə və əhvalla uyğun olaraq seçim edə bilir. Hətta elementar lüğətlərdə bunu görmək mümkündür. Mən tərcümə edəndə bəzən rusca sözü dəqiq başa düşürəm, amma Azərbaycan dilində qarşılığını tapmaq çətin olur. Onda “Polyglot”da axtarıram. Mənə sinonimləri və variantları verir, mən də onların içindən daha uyğun olanı seçirəm. Süni intellekt də bunun daha inkişaf etmiş formasıdır.

Təbii ki, bu məsələdə işəgötürənlərin üzərinə böyük məsuliyyət düşür. İşəgötürən gördüyü işə bələddirsə və nə istədiyini bilirsə, onun gözündə süni intellekt insanı əvəz edə bilməz. O, yaxşı düşünən, dilləri mükəmməl bilən bir insan tapıb sifarişini ona verəcək.

Ona görə də mən süni intellekti özümə rəqib yox, köməkçi görürəm.

– Keçək işin ən ağrılı, maddi və hüquqi tərəfinə. Azərbaycanda tərcüməçilərin əməyinin və peşəkarlığının yetərincə qiymətləndirildiyini düşünürsünüzmü? Xüsusilə qonorar, müəllif hüquqları, adının kitab üzərində göstərilməsi və əmək şərtləri baxımından hansı problemlər daha ciddi olaraq qalır?

Etimad Başkeçid: Açıq danışmaq lazımdır, Azərbaycanda tərcümə təsərrüfatı tamamilə bərbad vəziyyətdədir, yiyəsizdir. Halbuki bu, ölkə mədəniyyətinin ən strateji və həssas sahələrindən biridir. Baxın, tərcüməçilər, redaktorlar, nəşriyyat işçiləri, ali məktəblərdə oxuyan tələbələr, professor-müəllim heyəti də daxil olmaqla, bu sahədə minlərlə insan fəaliyyət göstərir. Amma burada gedən proseslər, problemlər, perspektivlərin müəyyənləşməsi, görülən işlərin keyfiyyəti və digər məsələlərlə bağlı heç bir refleksiya yoxdur. Tərcümə nəzəriyyəsi letargiya yuxusundadır və hadisələrin arxasınca sürünür. Biz yaxın-uzaq ölkələrin təcrübəsindən belə yararlanmaq istəmirik. Hamı hər şeyə yalnız pul prizmasından baxır. Bu şəraitdə tərcüməçi əməyinin və peşəkarlığının hansı qiymətləndirilməsindən danışmaq olar? Azərbaycanda nəşriyyatların tərcüməçilərə təklif etdiyi qonorar mətni sıfırdan yaradan yaradıcı əməyin həcmindən çox aşağıdır. Ödənişləri tənzimləyən konkret, vahid dövlət və ya peşəkar assosiasiya meyarları mövcud deyil, qiymətlər əsasən nəşriyyatların istəyinə, subyektiv mülahizələrinə görə müəyyən edilir. Azərbaycanda tərcüməçilərin hüququnu qoruyan güclü bir birliyə, assosiasiyanın yaradılmasına ehtiyac var. Hara baxırsan problemdir. Məsələn, kitabların təkrar nəşrləri zamanı tərcüməçiyə satış faizi ödənilməsi praktikası ölkəmizdə demək olar ki, tətbiq edilmir. Aşağı qonorarlar səbəbindən peşəkar tərcüməçilər kitab sahəsindən uzaqlaşır. Nəşriyyatlar xərcləri azaltmaq üçün bir çox hallarda qeyri-peşəkar və ya təcrübəsiz şəxslərə üstünlük verirlər ki, bu da birbaşa kitabların keyfiyyətinə və oxucu etimadına olduqca pis təsir göstərir. Dünya praktikasında tərcüməçi əsərin ortaq yaradıcısı hesab olunsa da, Azərbaycanda hələ də tərcüməçinin adı üz qabığında deyil, yalnız daxili titul səhifəsində, kiçik şriftlərlə qeyd olunur. Kitabların süni intellektin köməyi ilə tərcümə olunması haqqında informasiya oxucudan gizlədilir. Yeri gəlmişkən, süni intellektin bədii yaradıcılığa təhdidi bu gün qlobal mədəniyyət aləminin ən çox müzakirə etdiyi və müqavimət göstərdiyi məsələlərdən biridir. Dünya miqyasında fəaliyyət göstərən nüfuzlu tərcümə qurumları, məsələn, Beynəlxalq Tərcüməçilər Federasiyası və Avropa Bədii Tərcüməçilər Assosiasiyaları Şurası, rəsmi bəyanatlarında maşın tərcüməsinin əsərin orijinallıq statusunu məhv etdiyini bildirirlər. Fransa və Almaniyanın peşəkar bədii tərcümə birlikləri, eləcə də Avropa Yazıçılar Şurası hazırda hökumətlər qarşısında kəskin tələblər qaldırırlar. 34 Avropa ölkəsindən 55-dən çox təşkilatı və 260.000-dən çox müəllifi təmsil edən təşkilat tələb edir ki, əgər kitabın tərcüməsində süni intellektdən istifadə edilibsə, bu məlumat oxucudan gizlədilməməli, kitabın üzərində "Süni intellekt dəstəyi ilə hazırlanmışdır" qeydi mütləq və məcburi qaydada yerləşdirilməlidir.

– Etimad bəy xüsusi qanun və ya vahid meyarların olmamasını qabartdı. Nəriman bəy, doğrudanmı bu sahədə hər şey sadəcə nəşriyyat sahiblərinin insafına qalıb?

Nəriman Əbdürrəhmanlı: Təbii ki, tərcüməçilərin əməyinin və peşəkarlığının yetərincə qiymətləndirildiyini düşünmürəm. Bunun da əsas səbəblərindən biri tərcüməçi peşəsinin xoşagəlməz miqyasda kütləviləşməsidir. İndi dili az-çox bilən, bir qədər həvəsi, bolluca da vaxtı olan hər kəs tərcümə ilə məşğul olur. Ömründə bir səhifə belə bədii mətn yazmamış kəslərin nəsr əsərləri, hətta poetik nümunələr çevirmələri kütləvi hal alıb. Qonorar, müəllif hüquqları, kitab cildində adın göstərilməsi və əmək şərtləri barədə isə konkret bir söz söyləmək çətindir, çünki bununla bağlı müəyyən normativ aktlar yoxdur, hər şey nəşriyyat sahiblərinin insafına qalıb. Fikrimcə, “Tərcümə haqqında” qanun hazırlanmalı, Milli Məclisdə müzakirə və qəbul olunmalı, sifarişçilərin, naşirlərin, müəlliflərin və tərcüməçilərin məsuliyyətləri qanunla təsbit edilməlidir.

Nəriman Əbdülrəhmanlı, yazıçı və tərcüməçi

Nəriman Əbdülrəhmanlı

– Mahir bəy, təbii ki, bəzən sifarişlər və məqsədlər fərqli olur. Bəs siz qonorar və sifariş məsələsini öz təcrübənizdə necə tənzimləyirsiniz?

Mahir Qarayev: Şəxsən mənim üçün bu, situativ məsələdir. Xeyli tərcümələrim olub ki, onları pulsuz çevirmişəm. Sadəcə, çox istəmişəm ki, sifarişsiz-filansız, seçib çevirdiyim bu əsər çap olunsun, vəssalam. O ki qaldı sifarişlərə – mənim üçün sifarişçinin kimliyi və sifarişin məhz hansı əsər olması önəmlidir. Yerdə qalanlar texniki məsələdir. Yəni baxmışam ki, sifarişçinin zövqü də yaxşıdır, niyyəti də; maddi imkanı isə elə də yüksək deyil. Və qarşılıqlı güzəştə getmişik: ümumi maraqlar naminə dil tapıb, yəni ortaq məxrəcə gəlib razılaşmışıq.

– Azad bəy, əvvəlki dövrlərlə müqayisədə indiki nəşriyyat-tərcüməçi münasibətlərində haqq-ədalət tərəzisi hansı tərəfə əyilib?

Azad Yaşar: Bəli, həm də Sovetlərdən sonrakı dövrdə bu barədə daim düşünürəm. Əvvəlki yetmiş ildə ən müxtəlif elm, sənət və istehsal sahələrində qazandığımız nailiyyətlər son otuz ildə yavaş-yavaş aradan çıxıb, biz hətta nəyisə özümüz istehsal eləməyi də yadırğamışıq, yəni hər barədə idxaldan asılıyıq. Növbəti qurbanlarımızdan biri də tərcümə sənəti ola bilər. Axı istənilən xalqın əksər nümayəndələri yerlibaz, qohumbaz, pulgir və buyruq qulu olduğu müddətcə, ondan heç bir irəliləyiş və dürüstlük ummaq olmaz. Buna görə də sualda sadaladığınız bütün o problemlər gündəmdə qalır və yaxın vaxtda düzələcəyinə də hər hansı ümid yeri yoxdur. Hazırda səviyyəli tərcümə sənəti ölmək, yaxud öldürülmək üzrədir. Eyni diaqnoz redaktə və korrektə sənəti üçün də keçərlidir. Bunun baisini isə məndən soruşmayın, çünki cavab hamıya bəllidir: buna qol qoyanlar ən iri nəşriyyatlardır. Ümumiyyətlə, ölkədə çalışanın haqqına girmək adi normaya (!) çevrilibdir və çəkişmələr əsnasında əksəriyyət nədənsə (!) məhz haqsızın, yəni güclünün tərəfini tutur. Sonra elələri durub, dindən, haqdan, qanundan, ədalətdən danışanda, adamın olan-qalan əti də tökülür.

Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır..." - Azad  Yaşarın şeirləri

Azad Yaşar

– Rəbiqə xanım, yəqin ki, siz də bu qiymətləndirmə və qonorar məsələsində o qədər də nikbin deyilsiniz...

Rəbiqə Nazimqızı: Birmənalı cavab verim, düşünmürəm. On il, on beş il, hələ iyirmi il əvvəlki qiymətlərlə işləməyə məcbur oluruq çox zaman. Maddi baxımdan heç. Mənəvi tərəflərə gəlincə, elə o da heç. Bu, filmə bənzəyir, aktyor həmişə rejissordan öndə olur. Tərcüməçidən nadirən danışırlar. Daha çox da tənqidi çalarda. Yaxşı şeylər həmişə gec gözə dəyir. Əslində, bəlkə, ona görə ki, yaxşı – normadır. Məsələ budur ki, normalar da çox zaman gözlənilmir.

– Lakin bəzi müsbət addımlar da var. Bəs tərcüməyə intellektual əmək kimi yanaşılmasında ümumən hansısa irəliləyişlər hiss olunurmu?

Elvin Abbasbəyli: Azərbaycanda tərcüməçi əməyinin peşəkar və yaradıcı fəaliyyət kimi qəbul edilməsi istiqamətində hələ görüləsi işlərin olduğunu hesab edirəm. Tərcüməçinin gördüyü işin arxasında illərlə formalaşmış dil, ixtisas və mədəni səriştələr dayanır. Buna görə də tərcümə yalnız “mətnin məxəz dildən hədəf dilə tərcüməsi” kimi deyil, intellektual əməyin bir forması kimi qiymətləndirilməlidir.

Xüsusilə qonorarın mətnin mürəkkəbliyinə, həcmə, tərcüməçinin ixtisasına və tələb olunan vaxta uyğun müəyyənləşdirilməsi mühüm məsələdir. Bundan əlavə, tərcüməçinin adının kitabda (üz qabığında ya da içində) aydın şəkildə göstərilməsi, hansı dildən tərcümə etdiyinin qeyd edilməsi prinsipial əhəmiyyət daşıyır. Qarşısındakı əsərin xarici dildə qələmə alındığını və sonra Azərbaycan dilində oxucuya çatdırılmasında konkret tərcüməçinin böyük əməyi olduğunu oxucu bilməlidir.

Azərbaycan son illərdə bu məsələdə irəliyə doğru addımlar atıb. Müəllif hüquqları, müqavilə münasibətləri və əmək şəraitinin daha şəffaf və peşəkar şəkildə tənzimlənməsi də tərcümə mədəniyyətinin inkişafına xidmət edir.

– İlqar bəy, siz Sovet dövründən bəri bu sahədəsiniz. O vaxtkı nəşriyyat institutu ilə indiki vəziyyəti müqayisə edəndə mənzərə necə görünür?

İlqar Əlfioğlu: Tərcüməçilərin əməyinin yetərincə qiymətləndirilmədiyi də faktdır. Bəli, mən Sovet dövründə tərcüməyə başlamışam. İlk tərcüməmi 1970-ci illərin əvvəllərində etmişəm, amma özüm üçün idi. 1984–1985-ci illərdə isə artıq kitablarım çıxıb.

Sovet dövründə qonorar sistemi fərqli idi. Avans verirdilər, sonra tirajdan asılı olaraq qalan məbləği ödəyirdilər. O vaxt nəşriyyat işi yüksək səviyyədə idi. Çünki nəşriyyat özü bir institut idi. Azərbaycanda bu institut dağılıb və indi nəşriyyatların hamısı ciddi çətinlik çəkir.

Tərcüməçi tapmaq çətindir, yaxşı tərcüməçi tapanda isə ona yaxşı pul vermək və onu saxlamaq mümkün olmur. Məsələn, mən Pablo Nerudanın “Xatirələr” kitabını tərcümə etmişdim. Səhv etmirəmsə, 1985-ci ildə çap olunmuşdu və mən 4000 manat qonorar almışdım. Sovet dövrünü yaşayanlar bilir ki, bu, o vaxt böyük məbləğ idi.

Bu gün isə tərcüməçilər güzəran çətinliyi üzündən çox vaxt əməyinin real dəyərindən aşağı qiymətə işləyirlər. Digər tərəfdən, naşirləri də qınamıram. Kitab satışı zəifdir, oxucu sayı azdır, nəşrlərin sayı isə çoxalıb. Buna görə onların vəziyyəti də asan deyil.

İlk növbədə nəşriyyat institutunu bərpa etmək lazımdır. Redaktor, korrektor, üslub redaktoru və dil redaktoru institutları olmadan nəşriyyat normal fəaliyyət göstərə bilməz.

Bunun əsas səbəblərindən biri Azərbaycan bazarının kiçik, kitab oxuyanların sayının isə az olmasıdır. Bir ovuc adam kitab oxuyur. Yazıçı isə kifayət qədər çoxdur. 5 ildir yazan və artıq 20–30 romanı olan müəlliflər var. Bir az gülməli səslənir, amma bu, reallıqdır.

– İndi isə fərqli bir rakursdan baxaq. Bu gün Azərbaycan ədəbiyyatının xaricdə tanıdılmasında tərcümə nə qədər mühüm rol oynayır? Sizcə, əsərlərimizin dünyaya çıxmasına mane olan əsas problem keyfiyyətli tərcüməçilərin azlığıdır, nəşriyyat siyasətidir, yoxsa ümumən təqdimat mexanizmlərinin zəifliyi?

Etimad Başkeçid: Azərbaycan ədəbiyyatının xaricdə tanıdılmasında tərcümə mühüm yox, həlledici rol oynayır. Çünki orijinalda nə qədər güclü əsər yazılsa da, o, yalnız keyfiyyətli tərcümə sayəsində dünyaya açılır. Amma bu işin yarısıdır. Dünya kitab bazarında rəqabət aparmaq üçün güclü marketinq şərtdir və ən böyük axsaqlıq məhz bu sistemin qurulmamasındadır. Problem təkcə tərcüməçidə deyil. Biz dünyanın ən yaxşı tərcüməçisinə kitab tərcümə etdirsək belə, əgər o kitabın xaricdə piarı və distribusiyası yoxdursa, kitab sadəcə rəfdə qalacaq. Bilirsiniz, bizdə adətən əsəri xarici dilə, məsələn, ingilis və ya fransız dilinə azərbaycanlı tərcüməçi tərcümə edir. Dünya praktikasında isə qızıl qayda belədir ki, tərcüməçi əsəri mütləq öz doğma dilinə tərcümə etməlidir. Yəni, Azərbaycan əsərini ingilis dilinə azərbaycanlı yox, Azərbaycan dilini bilən bir britaniyalı və ya amerikalı tərcümə etməlidir ki, mətndəki bədiilik xarici oxucuya tam mənasında çatsın.

Əslində burada velosiped kəşf etməyə ehtiyac yoxdur. Belə pis çıxmasın, mənə yaxşı bir yazıçın əsərini verin, adını dünyayla bir eləyim. Özü də minimum imkanlarla. Bizdə bu sferada bəlkə də hansısa işlər görülür, amma səmərəlilik yoxdur. Heç bu işin səmərəliliyini ölçən meyarlar da yoxdur. Ona görə səsimiz Biləcəridən o yana çıxmır.

– Bəs dövlət səviyyəsində milli tərcümə konsepsiyamızın olmaması bizə nə qədər mane olur?

Nəriman Əbdürrəhmanlı: Tərcümə bir ölkənin və xalqın nəinki ədəbiyyatını, bütövlükdə mədəniyyətini və mənəvi zənginliklərini dünyaya çıxarmaq üçün başlıca vasitələrdən biridir. Bununla bağlı minlərlə dəlil-sübut gətirmək olar. Əsərlərimizin dünyaya çıxmasına mane olan əsas problem isə, obrazlı ifadə etsəm, milli tərcümə konsepsiyamızın olmamasıdır. Bununla bağlı qardaş Türkiyədə sınaqdan çıxmış təcrübə var – türk ədəbiyyatını xaricdə tanıtmaq üçün TEDA proqramı qəbul olunub, əsərlərin tərcüməsi və nəşri həmin proqram əsasında gerçəkləşdirilir. Vaxtilə respublikamızın Mədəniyyət Nazirliyi həmin proqramla tanışlıq üçün Ankara nümayəndə göndərmişdi, ümidvardıq ki, bizdə də oxşar proqram gerçəkləşdirilir. Amma bu xoşbəxtlik bizə nəsib olmadı. Konkret proqram olsa, səviyyəli tərcüməçilər yetişdirmək, nəşriyyat siyasəti formalaşdırmaq olar. İkinci maneə isə təbiətimizdəki korrupsiya və kimlərəsə yarınmaq xüsusiyyətləridir. Əlimizə fürsət düşən kimi bacardı-bacarmadı yaxın adamlarımızı himayəyə götürür, siyahılara “lazımlı adamlar”ın adını salırıq. Nəticədə haqqı olanların əksəriyyəti kənarda qalır, bundan da ədəbiyyatımız, bütövlükdə isə mədəniyyətimiz ziyan görür.

– Mahir bəy, bəs sizin bu fikrə yanaşmanız necədir?

Mahir Qarayev: Qısaca olaraq, yalnız bunu deyə bilərəm ki, əgər ədəbiyyatımızı həqiqətən xaricdə tanıtmaq kimi ciddi bir fikrimiz, niyyətimiz varsa, onda əlbəttə ki, ilk mühüm rol tərcüməçinin olmalıdır. Tərcüməçi kimi bu barədə geniş danışmağa özümü səlahiyyətli bilmirəm, çünki mən əsasən başqa xalqların ədəbiyyatını öz dilimizə çevirməklə məşğulam, yəni onları bizə tanıdıram, bizi onlara tanıtmaqla məşğul olmuram. Amma əlbəttə ki, sualla bağlı müəyyən mülahizələrim var. Sadəcə, onları sadalamaq uzun çəkə bilər, çünki bu bir suala sığan mətləb deyil, yəni verəcəyim hər cavab yeni-yeni suallar doğuracaq.

– Yerli yazarlarımızın xaricə çıxışında keyfiyyət məsələsi nə yerdədir? Biz niyə nüfuzlu mükafatlara və nəşrlərə gedib çıxa bilmirik?

Azad Yaşar: Xaricdə yaradılan əsərlərin dilimizə tərcüməsi qədər bizim yazarların mətnlərinin xarici dillərə çevrilməsi də vacib məsələdir. Xarici dilləri dərindən bilən insanlar adətən böyük şirkətlərlə çalışıb, dolğun məbləğdə maaşlar alırlar, onların bizdə tərcümə üçün ödənən cüzi qonorara zərrəcə ehtiyacı yoxdur. Bir də onlar daha çox texniki, iqtisadi, siyasi, elmi mətnlərin tərcüməsi üzrə ixtisaslaşırlar, buna görə də bədii ədəbiyyatın tərcüməsinə hələm-hələm girişməzlər.

Ədəbiyyatımızın beynəlxalq təqdimat mexanizminin puçluğu isə göz qabağındadır, çünki yerli yazarların heç birinin əsəri beynəlxalq miqyaslı və nüfuzlu mükafatların heç ilk minliyinə də (!) düşə bilmir… Bir ara bizimkilər Fransada “kooperativ tipli” bir nəşriyyat açmışdılar, 5-10 kitab da nəşr elədilər. Əsərlərin və onların tərcümələrinin səviyyəsi(zliyi) necə idisə, tezliklə o təşəbbüskar qrup könüllü qaydada bu “özfəaliyyətə” son qoydu. Amma hansısa yazarımızın əsərinin Fransanın, İngiltərənin, ABŞ-nin demirəm, barı qardaş Türkiyənin, Rusiyanın aparıcı nəşriyyatlarında çapını və mükafata layiq görülməsini kim istəməz ki?! Amma, görünür, ölkədə çoxları bunu istəmir və istəklərinə də hər vasitə ilə nail olurlar.

– Bəzən doğrudan da xaricdə çıxan kitablar sadəcə "tərcümə olunmaq" xatirinə olur. Bu cür hesabat xarakterli "tanınma" bizə lazımdırmı?

Rəbiqə Nazimqızı: Bu mövzuda düşünürəm ki, hazırkı halda dünyaya çıxmaq yalnız əlaqələr məsələsidir və böyük mənada bunun mətnə heç bir dəxli yoxdu. Mən 200 dilə tərcümə olunum lap, oxuyan, alan yoxdursa, bu, yalnız hesabatda görünəcək ki, Rəbiqənin Avstraliyada kitabı çıxıb. Bəzən adını eşitmədiyim dövlətlərdə həmkarlarımın kitablarının çıxdığını eşidirəm. Heç kəs məni inandıra bilməz ki, onu oradan sifariş ediblər. Ona görə də mən “orada-burada tərcümə olunub çap olunmuşam” deyən adamlara gülməyim tutur. Vallah, içi mən qarışıq, heç ölkədə normal tanınmırıq. Bizi Mozambikdə kim oxuyacaq? Bu, mətn zəifdi demək deyil. Azərbaycan ədəbiyyatı qətiyyən zəif deyil. Sadəcə, dövr başqadı və bütün dünya kitablardan qadjetlərə keçib. Oxucu azalıb, əvəzində oxucunun keyfiyyəti artıb. Əlbəttə, məsələnin başqa tərəfidir ki, dünyaya tanınmalıyıq. Amma vallah, ölkədə də tanınmalıyıq. Bunun üzərində düşünmək lazımdır. Yoxsa dünya estetiklik müğənnilərin, şit zarafatların və sair və ilaxır ümidinə qalacaq.

Rəbiqə Nazimqızı: "Bu, rusiyalı oxucu qarşısında ilk çıxışım idi" - Açıqlama

Rəbiqə Nazimqızı

– Amma uğurlu nümunələr də var. Elvin bəy, siz Fransada nəşriyyatlarla işləmisiniz. Tərcümənin keyfiyyəti ilə yanaşı, institusional mexanizm necə qurulmalıdır ki, sırf hesabat xarakterli olmasın?

Elvin Abbasbəyli: Tərcümə Azərbaycan ədəbiyyatının dünyaya çıxması üçün əsas vasitələrdən biridir. Ədəbiyyatın beynəlxalq dövriyyəyə daxil olması üçün ilk növbədə peşəkar və bədii baxımdan güclü tərcümələrə ehtiyac var. Lakin məsələ yalnız tərcüməçi çatışmazlığı ilə məhdudlaşmır.

Burada bir neçə amil rol oynayır: əsərlərin düzgün seçilməsi, müxtəlif dillərə keyfiyyətli tərcüməsi, xarici nəşriyyatlarla əlaqələrin qurulması, ədəbi agentlərin fəaliyyəti, müəllif hüquqlarının idarə olunması, beynəlxalq kitab sərgilərində və ədəbi festivallarda iştirak və ən əsası, Azərbaycan ədəbiyyatının sistemli şəkildə xaricdə təqdim edilməsi.

Yəni yaxşı tərcümənin olması zəruridir, amma bu, təkbaşına kifayət deyil. Keyfiyyətli tərcümə ilə yanaşı, onu xarici oxucuya və nəşriyyat bazarına çatdıracaq institusional mexanizm də olmalıdır. Cənubi Koreya, Yaponiya, Skandinaviya ölkələri kimi bəzi ölkələrdə bu mexanizm mövcuddur.

Fransada “Kəpəz” nəşriyyatı fəaliyyət göstərdiyi dövrdə Müasir Azərbaycan ədəbiyyatı antologiyası, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı, Nəriman Nərimanovun “Bahadır və Sona” əsərini və digər romanları fransız dilinə tərcümə etmişəm. Onlar Fransada nəşr edilib.

– İlqar müəllim, vaxtilə Tərcümə Mərkəzi müəyyən mübadilələr edirdi. Bu gün kadr çatışmazlığı və oxucu qıtlığı fonunda ədəbiyyatımızı dünyaya necə ixrac edə bilərik?

İlqar Əlfioğlu: Bu gün ədəbiyyatımızın xaricdə tanıdılması son dərəcə mühümdür. Tərcümə olmadan bunu etmək mümkün deyil. Azərbaycan dilini əsasən biz və Cənubi Azərbaycandakı soydaşlarımız bilirlər. Türk dili bizə yaxın olsa da, Türkiyədə Azərbaycan dilində kitab oxuyanların sayı çox deyil. Onlar əsasən öz dillərində və xarici ədəbiyyat oxuyurlar.

Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün əsas vasitə tərcümədir. Tərcümə institutunu zəiflədib, bir Tərcümə Mərkəzini də bağladılar. Halbuki həmin mərkəz Azərbaycan ədəbiyyatının dünyanın 20–40 ölkəsinin dövlət kitabxanalarına və kataloqlarına daxil edilməsinə, qarşılıqlı tərcümə mübadiləsinə imkan yaratmışdı. Biz, məsələn, Cənubi Amerikadan əsərlər tərcümə edirdik, onlar da bizdən tərcümələr edirdilər. Azərbaycandan gedən xeyli kitab həmin ölkələrdə çap olunmuşdu.

Bu sistem dağılandan sonra keyfiyyətli tərcüməçi kadrlar da başlı-başına qaldılar. İndi hərəsi dolanışıq dalınca qaçır.

Ona görə də ədəbiyyatımızın dünyaya çıxmasına mane olan əsas amillərdən biri kitab oxuma səviyyəsinin aşağı olması, digəri isə tərcüməçi çatışmazlığıdır.

– Son illərdə oxucu zövqü sürətlə dəyişir, xarici ədəbiyyatın tərcümələrinə maraq artır, amma tərcümələrin keyfiyyəti ilə bağlı narazılıqlar da çoxalır. Sizcə, bu gün ən böyük problem tərcüməçi çatışmazlığıdır, yoxsa peşəkar redaktə mədəniyyətinin yetərincə formalaşmaması?

Etimad Başkeçid: Burada yenə də bizim müasir tərcümə nəzəriyyəsinin yetərsizliyi, dişsizliyi məsələsini xatırlatmalı oluram. Mən məhz tərcümənin keyfiyyəti ilə bağlı aparılan müzakirələri nəzərdə tuturam. Baxırsan, bəzən nə tərcüməçinin praktikasından, nə də nəzəriyyəsindən xəbəri olmayan adamlar meydan sulayır, “yekun söz” söyləyir, hökm verir. Halbuki bədii tərcümə tarix boyu müxtəlif elmi-nəzəri yanaşmaların və fərqli yaradıcı məktəblərin mübarizə meydanı olmuşdur. Bu sahədə adekvatlıq və ekvivalentlik prinsiplərini əsas götürənlər, bədii mətnin adaptasiyasını, yerli mühitə uyğunlaşdırılmasını müdafiə edənlər, yaxud orijinalın sintaktik strukturuna sadiqliyi, hərfi tərcüməni ön plana çəkənlər və s. hər zaman mövcuddur. Təki tərcümə əsəri açıq-aşkar profanasiya olmasın, müasir tərcümə elminin baza prinsiplərinə cavab versin, mən bu əsəri interpretasiya kimi qəbul etməyə hazıram. Ümumilikdə, bəli, peşəkar redaktə institutu yox dərəcəsindədir və tərcümə mədəniyyəti də yetərincə formalaşmayıb. Redaktorluq çox zaman mətndəki orfoqrafik səhvləri düzəltmək səviyyəsinə endirilir. Halbuki, peşəkar redaktor orijinal mətnlə tərcüməni qarşılaşdırmalı, üslub xətalarını aradan qaldırmalı və mətni Azərbaycan dilinin təbii sintaksisinə uyğunlaşdırmalıdır. Çünki hazırda ən çox tənqid olunan məqam tərcümələrin süni, mexaniki və yad dilli cümlə strukturunda olmasıdır. Redaktə tərcüməçi işi qədər əhəmiyyətlidir. Bunu bilmək lazımdır.

– Redaktə və korrektə institutlarının yoxa çıxması həqiqətən də ciddi siqnaldır. Müstəqil nəşriyyatlar niyə bu institutları, belə demək olarsa, "əlavə yük" sayır?

Nəriman Əbdürrəhmanlı: Müstəqil nəşriyyatların yaranması redaktə və korrektura institutlarının, demək olar, ləğv edilməsinə yol açdı. Peşəkar redaktorlar və korrektorlar saxlamağı büdcəsi üçün “əlavə yük” sayan nəşriyyat sahibləri meydana çıxdı. Halbuki, sivil ölkələrin tarixi təcrübəsinə göstərir ki, yazıçıları da, tərcüməçiləri də nəşriyyatlar “yaradırlar”, hər bir əsər müəllif, tərcüməçi və peşəkar redaktorun birgə işinin nəticəsi kimi doğulur, kitab nəşr olunandan sonra bütün məsuliyyəti naşir və redaktor daşıyır. Bizdə isə, təəssüf ki, az qala orfoqrafik səhvi də müəllifin və tərcüməçinin xətası kimi qəbul edirlər. Yəni, başlıca problemimiz peşəkar tərcümə və redaktə mədəniyyətinin yetərincə formalaşmaması, daha doğrusu, vaxtilə az-çox formalaşmış bir təsisatın təkmilləşdirilməməsi, əksinə, ikincidərəcəli səviyyəyə endirilməsidir.

– Oxucu zövqünün dəyişməsi və sırf informasiya xatirinə kitab oxunması barədə nə düşünürsünüz? Keyfiyyət doğrudanmı kütləni maraqlandırmır?

Mahir Qarayev: Şəxsən mən bir yazar, eləcə də tərcüməçi kimi sıravi oxucudan heç vaxt və heç nə ummamışam. Zövqün “sürətlə” dəyişməsi o deməkdir ki, həmin zövq heç əzəl başdan olmayıb, yoxdur. Hər bir qələm adamı kimi, elə mən özüm də öncə oxucu olmuşam və oxucuyam. Tolstoy, Kafka, Folkner, Henrix Böll, Mirzə Cəlil, Lermontov, Əli Kərim... oxuyub zövq almışam və indi oxuduqlarım onlardan aldığım zövqü dəyişə bilməz – nə sürətlə, nə asta-asta. Bu da uzun söhbətdir. O ki qaldı tərcümə nəşrlərinə oxucu marağının artması... məncə, bu, tərcümələrin keyfiyyətli və ya keyfiyyətsizliyi səbəbindən deyil. Belə düşünürəm ki, sıravi oxucuya ilk növbədə informasiya lazımdır. Təxminən bu cür: Kafkanı, yaxud Dostoyevskini oxumamaq ayıbdır, mənsə alman və rus dilini bilmirəm, məcburam heç olmasa Azərbaycan dilində oxuyum...

Çox gözəl, təki oxusunlar. Amma bu zaman keyfiyyət onları əsla maraqlandırmır. Çünki hazırkı “ədəbi bazarda” yağla şora fərq yoxdur, daha doğrusu, hamısı eyni dəyərdədir.

– Belə çıxır ki, problem heç də kəmiyyətdə deyil. Tərcüməçi bolluğu fonunda bu qədər keyfiyyətsizliyin kökü hardadır?

Azad Yaşar: Yox, tərcüməçi sayı istədiyiniz qədərdir. Əsas problemlər – çörəyini bu peşədən çıxaranların hər iki dilə aşinalıq səviyyəsidir, onların ümumi dünyagörüşünün miqyasıdır, dilimizə çevirdikləri mətnə və onun müəllifinin yaradıcılığına, yazı üslubuna bələdliyidir. Yəni problem kəmiyyətlə yox, keyfiyyətlə əlaqəlidir.

2014-cü ildə Dövlət Tərcümə Mərkəzi yaradıldı, Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən bu təşkilat on ilə yaxın fəaliyyət göstərsə də, tərcümə işindəki mövcud və məlum problemlərin heç birini həll eləmədi. Hər şey bir yana, mətnin özəlliklərinə görə oturuşmuş bir qonorar sistemi də işlənib-hazırlanmadı ki, ölkədə tərcüməçi əməyinə dəyər biçilərkən hamı ondan yararlansın. Bəlkə də belə bir sənəd varmış və ondan sadəcə mərkəzdəkilər yararlanıblar. Mərkəz yüksək qonorarlar illah “kənara” getməsin deyə, bütün mətnlərin kiçik bir heyətlə tərcüməsinə səy göstərdi, əvvəlki onilliklərdəki durğun fəaliyyətini bu dəfə də “dövlət qurumu” statusuyla davam etdirdi və ürəkaçan bir nəticə alınmadı. Yaxşı deyiblər ki, bir işi tamamən pozmaq istəyirsənsə, onu naşıya (naşılara) tapşırmalısan.

– Pul və vaxt azlığı amilini də unutmaq olmaz. Nəşriyyatların "tez və ucuz" siyasəti redaktorları necə çıxılmaz vəziyyətə salır?

Rəbiqə Nazimqızı: Problemin kökü maliyyədədir. Və bir də vaxt azlığında. Səndən 10 günə, 1 aya böyük roman tərcüməsi istəyirlərsə, başa düşməlidirlər ki, keyfiyyət axsayacaq. Üstəlik, təzə dəb yaranıb. Əlavə pul xərclənməsin deyə, redaktəyə də, korrektəyə də sən bax. Az qalırlar deyələr ki, kitabı da sən nəşriyyata ver, öz cibindən çap elə. Sən də qiyməti artıq deyəndə gedib özgəsi ilə işləyirlər. Mətxəbdəki əsas problem budur. Bir dəfə bir nəşriyyatdan redaktəyə tərcümə gəlmişdi, dəhşət idi, adam ingiliscə yazılan əsəri türk dilindən tərcümə eləmişdi və məlum olmuşdu ki, tərcüməçi heç türk dilini də bilmir. Beləsi bir-iki manata “tərcümə eləməyə” hazırdır. O cür əsərləri redaktə eləmək olmur, onu təzədən tutuşdurub bir də tərcümə eləməlisən. Yəni yazıq redaktorda da günah yoxdu. Bir işi götürmürsən, ikinci götürmürsən ki, qiymət aşağıdır, amma sən də yaşamalısan axı, hansınasa razılaşırsan. Razılaşmasan, başqa, keyfiyyətsiz tərcümə, ya redaktə eləyən adamla işləyəcəklər.

Elvin Abbasbəyli: Mən bunu yalnız tərcüməçi çatışmazlığı kimi görmürəm. Tərcüməçi nə qədər peşəkar olsa da, keyfiyyətli nəşr üçün onun yanında güclü redaktorun və korrektorun olması çox vacibdir.

Tərcümə prosesi əslində bir komanda işidir: tərcüməçi mətni yaradır, redaktor onun dilini və üslubunu yoxlayır, korrektor texniki səhvləri aradan qaldırır, bəzən isə sahə üzrə mütəxəssis terminoloji dəqiqliyi təmin edir. Bu mərhələlərdən biri zəif olduqda, nəticədə bütün tərcümə zəncirinin keyfiyyəti aşağı düşə bilər.

Ona görə də Azərbaycanda həm peşəkar tərcüməçilərin hazırlanmasına, həm də tərcümə redaktorluğu mədəniyyətinin inkişafına daha çox diqqət yetirmək lazımdır.

Universitetlərdə tərcümə təhsilinin praktiki komponentinin gücləndirilməsi və tərcüməçi-redaktor əməkdaşlığının sistemləşdirilməsi də bu baxımdan əhəmiyyətlidir.

Fransa prezidentinin azərbaycanlı tərcüməçisi: “Sərkisyan mənə əl uzatdı,  görüşmədim” – Müsahibə

Elvin Abbasbəyli

İlqar Əlfioğlu: İndi deyirlər ki, tərcümə mütləq orijinal dildən edilməlidir. Mən isə deyirəm ki, biz buna bəlkə 100 ildən sonra tam hazır ola bilərik. Sovet dövründə, məsələn, 200 min adam rus dilini yaxşı bilirdisə, indi 10 normal rus dili tərcüməçisi tapmaq çətindir. İspan dilindən 10 yaxşı tərcüməçi yetişdirmək üçün isə həmin dili bilən yüz minlərlə insanın olması lazımdır. Bu, hazırkı Azərbaycan şəraitində əlçatan deyil.

Ümumiyyətlə, bizim üçün orijinal dildən tərcümə məsələsində əsas problem bütün dillər üzrə kadr çatışmazlığıdır. Türk və rus dillərində isə kitab nəşri genişdir və bu dilləri bilməyimiz imkan verir ki, müəyyən xarici ədəbiyyatı Azərbaycan oxucusuna çatdıraq.

Son illərdə xarici ədəbiyyatın təbliğinə marağın artdığını demək düzgün deyil. Xarici ədəbiyyata mənim hələ məktəbli vaxtlarımdan böyük marağım olub. Bununla yanaşı, Azərbaycan yazıçılarının əsərləri də geniş oxunurdu. Çünki il ərzində, tutalım, 15–20 kitab çıxırdı. Qərəzlə, tanışlıqla və böyük tirajla çap olunanları kənara qoysaq, yeni müəlliflər ortaya çıxırdı və cəmiyyət onları sevirdi.

Məsələn, oxunaqlı bir kitab çıxanda, hələ məktəbli vaxtımızda bir-birimizdən soruşurduq: “Filan kitabı oxumusan?” Bir-birimizə kitab tövsiyə edirdik. Çünki kitab az idi.

İndi kitab mağazasına girəndə adamın gözü qaralır. Son vaxtlar bəlkə 50 kitab açmışam, amma ikicə səhifədən artıq oxuya bilməmişəm. Hiss etmişəm ki, mənə yeni heç nə verməyəcək və davam etməmişəm.

Xarici ədəbiyyatda isə vəziyyət fərqlidir. Əgər dünya ədəbiyyatında yazı prosesi və ədəbi tendensiyalar sürətlə inkişaf edirsə, deməli, onun oxucusu da həmişə olacaq. Oxucunun azalması ümumiyyətlə qlobal prosesdir. Azərbaycanda isə bu daha çox hiss olunur, çünki bizdə oxucu onsuz da az idi. Hətta Sovet dövründə də əksər sovet respublikaları ilə müqayisədə bizim oxucu sayımız aşağı idi.

Digər tərəfdən, Azərbaycan dilində bir kitabın 1000 nüsxə tirajla çap olunması belə fantastik rəqəmdir. Bu 1000 nüsxə yazıçıya hansı gəliri gətirə bilər ki, o, öz əməyinin hesabına dolansın?

Mən indiki dövrdə yazıçılığı və şairliyi daha çox hobbi, məşğuliyyət sayıram. Ola bilər, bu, çox ciddi məşğuliyyət olsun, amma yenə də insanın paralel peşəsi olmalıdır. Ailəsinin gündəlik dolanışığını həmin peşə ilə təmin etməli, sonra isə özü üçün, öz təsəllisi və zövqü üçün yazmalı, imkan daxilində əsərlərini çap etdirməlidir.

Bu gün kitab çap etdirmək çox asandır. Hər şey puldan asılıdır, pul isə cəmiyyətdə çox deyil. Pulu olanlar da daha çox yeməyə, gəzməyə və ani maraqlarını təmin etməyə üstünlük verirlər. Kitab oxumaq isə müəyyən zəhmət və səbir tələb edir. İndiki sürətli həyatın içində kitab oxumaq üçün insanın ayrıca hövsələsi olmalıdır.

Tərcümə ədəbiyyatının formalaşmasının qarşısındakı əsas problemlərdən biri tərcüməçi çatışmazlığıdır. Bayaq dediyim səbəblərlə yanaşı, dilimizin bu sahədə kifayət qədər işlək olmaması da müəyyən çətinlik yaradır.

Məsələn, rus, ərəb və ya ingilis dillərində bir sözün bir neçə qat mənası ola bilər və işlədildiyi kontekstdən asılı olaraq tamamilə başqa məna qazana bilər. Azərbaycan dilində isə sözlər nisbətən bir müstəvidə qalır, sözün birbaşa mənası daha çox qavranılır və həmin mənada işlədilir.

Ona görə də tərcüməçilik çox ağır peşədir. Hətta deyərdim ki, yazıçılıqdan qat-qat ağırdır. Tərcüməçi bir tərəfdən başqa dildəki mətnin mənasını oxucuya adekvat çatdırmalı, digər tərəfdən müəllifi təhrif etməməli, eyni zamanda mətni bizim oxucu üçün əlçatan etməlidir.

Qəliz tərcümələr bizdə demək olar ki, oxunmur. Sadə və asan qavranılan tərcümələr daha çox oxunur. Ona görə də nağılvari, uzadılmış, zahirən axıcı mətnlər tərcümə olunur və rahat oxunur.

Bizdə elə adamlar var ki, 20 romanı çap olunub, amma həmin 20 kitabın heç biri ciddi ədəbiyyat nümunəsi deyil. Buna baxmayaraq, böyük oxucu kütləsi onların arxasınca gedir. Çünki türk seriallarına baxır, oradakı süjetləri götürüb Azərbaycan həyatına köçürür və bununla ədəbiyyat yaratdığını düşünür. Bunların hamısı illüziyadır, oxucunun başını qatmaqdan başqa bir şey deyil.

– Yekun olaraq həm də tərcüməçinin cəmiyyətdəki statusuna toxunaq. Tərcüməçinin işi yalnız mətni çevirmək deyil, həm də iki mədəniyyət arasında körpü qurmaqdır. Azərbaycanda tərcüməçilərə artıq müstəqil yaradıcı şəxs kimi baxılır?

Etimad Başkeçid: İş də burasındadır ki, bizdə tərcüməçiyə müstəqil yaradıcı və ədəbi şəxs kimi yanaşılmır və problemlərin böyük əksəriyyəti məhz buradan qaynaqlanır. Cəmiyyətdə hələ də belə bir təsəvvür var ki, xarici dili və qramatikanı bilən hər kəs bədii əsər tərcümə edə bilər. Bu isə tərcüməçiliyin psixoloji, mədəni və yaradıcı dərinliyini, istedadını heçə saymaqdır. Bu peşəyə əksərən texniki xidmət kimi baxılmasının çox göstəriciləri var, biri də odur ki, sırf tərcüməçi əməyinə verilən heç bir dövlət mükafatı yoxdur. Mədəniyyət Nazirliyinin neçə ildən bir keçirilən müsabiqəsinin isə bu məsələyə aidiyyatı azdır. Bəzən nəşriyyatların özü bu boşluğu doldurmağa cəhd edir. Məsələn, “Qanun” nəşriyyatı ötənlərdə “Vilayət Hacıyev mükafatı” təsis etdi, amma gözlənildiyi kimi, onu da bərk-bərk saxlayıb heç kəsə vermir. Yeri gəlmişkən, vaxtilə mənim də tənqid etdiyim “Qanun” tərcümənin keyfiyyətinin yaxşılaşdırılması yönündə müəyyən addımlar atmağa başlayıb.

Təbii ki, müəyyən pozitiv irəliləyişlər var. Məsələn, artıq elə bir oxucu nəsli yetişib ki, bütün dünyada olduğu kimi, kitabı alarkən titul vərəqinə baxıb tərcüməçinin adına görə seçim edir. Tanınmış tərcüməçilər artıq sadəcə masa arxasında ömür çürüdən personajlar deyillər. Onlar mətbuatda esselər yazır, kitab təqdimatlarında spiker kimi çıxış edir və ədəbi prosesi yönləndirirlər.

Mən tərcüməçiliyi heç vaxt texniki proses kimi görməmişəm. Umberto Eko deyirdi ki, “Tərcümə – kompromis sənətidir”. Tərcüməçi iki fərqli dünya və mədəniyyət arasında dayanan elə bir diplomatdır ki, o, həm orijinal müəllifin haqqını qorumalı, həm də öz dilinin zənginliyini nümayiş etdirməlidir.

Azərbaycanda tərcüməçiyə yaradıcı şəxs kimi baxılması üçün ilk növbədə tərcüməçilər öz işinə bir sənət kimi yanaşmalı, keyfiyyət standartlarını aşağı salmamalıdır.

– Bu statusu rəsmiləşdirmək, tərcüməçiləri bir araya gətirmək üçün hansı addımlar atılmalıdır?

Nəriman Əbdürrəhmanlı: Texnoloji inkişaf dövrü tərcümənin funksiyalarını və çeşidlərini də artırdı. Artıq kompüter və mobil telefon proqramları vasitəsi ilə hər cür tərcümə əməliyyatları aparmaq, başqa dillərin hər bir daşıyıcısı ilə ünsiyyətə girmək mümkündür. Amma bizdə, ən azı ədəbi-bədii mətnlərin tərcüməçiləri layiq olduqları statusu qazana bilməyiblər, müstəqil yaradıcı şəxs kimi tanınan tərcüməçiləri barmaqla saymaq olar. O statusa nail olmaq üçün nüfuzlu və işlək Tərcüməçilər Assosiasiyası yaradılmalı, Beynəlxalq Tərcüməçilər Assosiasiyasına üzv olmalı, peşəkar mütəxəssislərin yetişdirilməsi və tərcüməçilərin hüquqlarının qorunması yönümündə əməli iş görülməlidir.

– Bütün bu kütləvilik və xaos içində işinə bir sənət kimi yanaşan peşəkarların sənətə münasibəti necədir?

Mahir Qarayev: Bizdə tərcüməçi bolluğu var. Amma təəssüf ki, həmişə olduğu kimi, bu kütləvi bolluğun içində abırına qısılıb qalan peşəkarlar bir əlin barmağı qədər azdır. Əsl oxucular, əsl ədəbiyyatsevərlər üçün ümidi ölməyə qoymayan isə yalnız bir həqiqətdir: xoşbəxtlikdən, işinə qiymət verilib-verilməyəcəyindən asılı olmayaraq peşəkar tərcüməçi hər zaman yaxşı tərcümə edəcək – çünki başqa cür bacarmır.

Azad Yaşar: Tərcümə sənəti – fərqli mədəniyyətlər arasında körpüsalma sənətidir. Həmin simvolik körpünün Zaman çayının selinə-suyuna dayanıqlılığı isə körpüsalanın öz işində bişmişliyindən birbaşa asılıdır. İstənilən sənət sahəsində olduğu kimi, tərcüməçi də daima axtarışlar aparmalı, öz bacarıqlarını fasiləsiz şəkildə cilalamalıdır… Şəxsən mənim dost-tanışım arasında xaricdə yaşayan, həmin ölkələrdə işlənən danışıq dilini yaxşı öyrənənlər də səmimi etiraf edirlər ki, o dildə bədii və ya elmi mətnləri oxuyub-anlamaqda çətinlik çəkirlər. Əslində bu faktor həmin ölkələrin öz vətəndaşları üçün də keçərlidir. Azərbaycanın özündə də ana dilini yaxşı bilən birisi guya klassik ədəbiyyatımızı və ya müasir elmi mətnləri rahatca oxuyub, başa düşür ki?! Heç şübhəsiz, düşmür və düşə də bilməz. Çünki bu iş oxucudan xüsusi hazırlıq və dünyagörüşü istəyir. Hər insan da sırf öz peşəsi, sənəti üzrə yetişdiyindən deyilən o hazırlığa sahib olmur.

Hətta burada daha bir ixtisas şaxələnməsi də qarşıya çıxır: bir klassik yazarın mətnini anlayan dilçi, tərcüməçi ondan bir neçə əsr sonra yaşamış müəllifin əsərlərində işlətdiyi dili anlamır… Baxın, məhz bu məqamda tərcüməçi oxucu ilə müəllif arasında labüd körpülərin memarı rolunu üstlənir.

Rəbiqə Nazimqızı: Yenə də cavabım neqativ olacaq. Bəzən tərcümə elədiyin kitabın təqdimatı keçirilir, səni dəvət etmək də yada düşmür. Kitabı oxumayan adamlar palaz-palaz tərif nitqi söyləyirlər, tərcüməçi yazıq oturur arxa sırada. Həmişə belə olmur, əlbəttə, amma belə də olur.

Elvin Abbasbəyli: Yanaşmanın tədricən dəyişdiyini, lakin tərcüməçinin müstəqil yaradıcı və intellektual fəaliyyətinin tam şəkildə qəbul olunması üçün hələ müəyyən məsafənin qət edilməli olduğunu düşünürəm.

Tərcüməçi görünməz müəllif deyil. O, iki dilin, iki mədəniyyətin və çox vaxt iki fərqli dünyagörüşünün arasında qərar verən şəxsdir. Xüsusilə ədəbi tərcümədə tərcüməçi yalnız müəllifin fikirlərini başqa dildə ifadə etmir; həmin əsərin ruhunu, ritmini, üslubunu, obrazlar sistemini və mədəni mənalarını yeni oxucu üçün yenidən qurur.

Buna görə tərcüməçinin adının əsərin üzərində göstərilməsi sadəcə formal məsələ deyil. Bu, onun əməyinə və peşəkar statusuna verilən qiymətin göstəricisidir.

Məncə, tərcümə mədəniyyətinin inkişafı həm də tərcüməçiyə münasibətin dəyişməsindən keçir. Tərcüməçi nə “köməkçi”, nə də müəllifin kölgəsində qalan şəxsdir. O, mədəniyyətlərarası kommunikasiya prosesinin əsas iştirakçılarından biridir. Boş yerə tərcüməçiyə “ikinci müəllif” demirlər.

İlqar Əlfioğlu: Ona görə də ən böyük problemimiz tərcüməçi çatışmazlığıdır. Tərcüməçi çatışmazlığını yaradan əsas səbəblərdən biri isə dil bilməməyimizdir.

İngilis dilini öyrəndiyimizi düşünürük. Bütün CV-lərə baxırsan, hamı ingilis dilini bildiyini yazır. Amma yaxın dostlarımdan biri ilə bağlı hadisə bunu çox yaxşı göstərir. Bir yazıçının Nobel nitqini ingilis dilində tapmışdım və onun Azərbaycan və ya rus dilinə sətri tərcüməsi lazım idi ki, mən həmin mətnə baxaraq bədii ifadəsini verib tərcümə edim. İngiltərədə işləyən, ingilis dilində təhsil almış bir dostuma verdim. Üç gün sonra zəng edib dedi: “Mən bunun danışdığını başa düşmürəm”.

Bizim ingilis dilini bilməyimiz çox vaxt bu səviyyədədir. İngilis dilini restoranda yemək sifariş etmək, uzağı, ingilis qəzetlərini oxumaq üçün bilirik. İngilislərin analitik yazılarını rahat oxuya biləcək səviyyədə dil bilən insanların sayı isə, məncə, bizdə bir əlin barmaqları qədərdir. Rus dilində də vəziyyət getdikcə buna bənzəyir. Digər dillərdə isə vəziyyət daha çətindir.

İlqar Əlfioğlu

Bizim üçün xüsusilə türkcə aktualdır. Mən vaxtilə ixtisasca tərcüməçi olmuşam. İranda işləyəndə böyük bir idarənin tərcüməçilər qrupunda çalışırdım. Orada beş-altı tacik tərcüməçi də vardı. Amma iranlılar ciddi tərcümələr olanda həmişə azərbaycanlı tərcüməçilərə müraciət edirdilər.

Bir dəfə soruşdum ki, niyə belə edirsiniz? Tacik dili, demək olar, 98 faiz fars dilinə yaxın olduğu halda, niyə tacik tərcüməçilərdən istifadə etmirsiniz? Dedilər ki, ən böyük səhvləri yaxın dillərdən tərcümə edənlər edirlər.

Çünki azərbaycanlı tərcüməçinin səhv etmək imkanı daha azdır: bu dili ya bilir, ya bilmir. Tacik dili fars dilinə yaxın olduğu üçün isə müəyyən ifadələr tacik dilində işlənə bilər, halbuki fars dilində həmin ifadə 200 il əvvəl işlənib və artıq dildən çıxıb. Bu fərqlər arasında dəqiq sərhəd qoymaq çətinləşir.

Ona görə də tərcümə mədəniyyətimiz formalaşmalıdır. Əgər biz dünya ədəbiyyatını Azərbaycana gətirmək istəyiriksə, mütləq tərcüməçi fakültələrimiz olmalıdır. Gənc və istedadlı insanları müxtəlif qurumların hesabına xaricə, məsələn, İngiltərəyə göndərib ingilis dilindən tərcüməçi kimi yetişdirmək lazımdır.

İngilis dilini insan öyrənə bilər. Amma Azərbaycan dilində fikrini yazıçı səviyyəsində ifadə edə bilmirsə, heç vaxt yaxşı tərcüməçi ola bilməz.

Ona görə də tərcümələrimizin səviyyəsi bərbaddır.

# 97 dəfə oxunub

Oxşar xəbərlər

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər