Kulis.az Mirzə Alikin "Kamyu, taun və Elçin Ləmbəranski" yazısını təqdim edir.
Albert Kamyunun Taun əsəri zahirən bir şəhəri cənginə alan epidemiyadan bəhs edir. Amma əsərin dərin qatlarında taunun özü bir metaforadır: faşizm, totalitarizm və insanın yadlaşması.
Kamyu bu romanı 1947-ci ildə yazıb və burada əsasən Alman faşizminin Avropanı bürüməsi və insanların buna verdiyi reaksiyanı təsvir edir.
Hadisələr Əlcəzairin Oran şəhərində baş verir. Şəhər taunun yayılması səbəbilə qapalı rejimə keçir, insanlar həyatlarının necə dəyişdiyini, yaxınlarını itirdiklərini, sistemin sərtləşdiyini və əxlaqi dəyərlərin necə sarsıldığını görürlər. Kamyu bu əsərdə absurd fəlsəfəsini əks etdirir: insan həyatı mənasız bir xaos içindədir, lakin insan buna baxmayaraq, mübarizə aparmalıdır.
Taunun faşizmlə paralelliyi
Kamyunun yaşadığı dövrdə Avropa İkinci Dünya Müharibəsindən yenicə çıxmışdı. Faşizm də taun kimi yayılmış, milyonlarla insanı məhv etmişdi. Faşizm insanın azadlığını boğan, cəmiyyəti totalitar bir sistəmə çevirən bir ideologiyadır. Kamyu göstərir ki, taun (faşizm) bitmiş kimi görünsə də, o həmişə geri qayıtmaq təhlükəsi daşıyır. Əsərin sonunda doktor Rieunün dediyi kimi:
"Taun mikrobu heç vaxt ölmür, sadəcə, sakitləşir və yenidən oyanmaq üçün uyğun zamanı gözləyir."
Bu fikir günümüz üçün də keçərlidir: faşizm, populizm və insanların yadlaşması daima geri qayıdır, aktuallaşır. Müasir dünyada da insanların faciələri üzərindən populizm edənlər, müharibə və böhranları fürsətə çevirənlər var. Müharibədə vicdanlı insanlar öz cəmiyyəti qarşısında borcunu yerinə yetirir, populist şəxslər isə bu müharibədən maksimum istifadə edərək özünə var-dövlət, hörmət yığır. Cəmiyyət isə vicdanlı şəxsləri yox, möhtəkirləri üç öpüb, bir dişləyir. Vicdanlı şəxslərin özünü gözə soxmaq, məhşurlaşmaq kimi adəti də yoxdur.
Taun dövründə fürsətcil insanlar və Qarabağ müharibəsi dönəmindəki fürsətcillər
Romanda bəzi personajlar var ki, taun onların mənəvi dəyərlərini sarsıtmır, əksinə, onlar bundan qazanc əldə etməyə çalışırlar. Kottar adlı bir personaj taun dövründə qara bazar qurur, dərmanları baha satır, şəhərə qaçaq yolla viski, siqaret gətirir və insanların faciələrindən istifadə edərək varlanır. O, taun bitəndə özünü daha narahat hiss edir, çünki xaos onun üçün ən uyğun mühit idi.
Bu obrazı Qarabağ müharibəsi dönəmindəki bəzi insanlarla müqayisə edə bilərik. Müharibə dönəmində bəziləri qıtlıq və ehtiyacları fürsətə çevirdi: Əsgərlərə göndərilən yardımları mənimsəyənlər, Qarabağ zəfərinin adı ilə öz piarını quranlar.
Xüsusən, Elçin Ləmbəranski kimi blogerlər bu vəziyyətdən maksimum istifadə etdilər. O, Qarabağ müharibəsi dönəmində yardımlarla məşhurlaşdı, amma bu yardımların gerçək məqsədi nə idi? Fədakarlıq, yoxsa özünü tanıtmaq? Kamyunun Taununda göstərdiyi kimi, bəzi insanlar böhran vəziyyətlərində həqiqi qəhrəman yox, böhranın özü qədər təhlükəli oyunçulardır. Bundan əlavə, nə qədər adam əsgərlərə göndərilən yardımları mənimsədiyi, o yardımları cəbhədə olan vicdanlı insanlara pul qarşılığında satdığı üçün həbs edildi. Bu məlumatlar cəmiyyətə veriləndə şok effekti yaratdı, lakin mən bilirdim ki, Azərbaycanda çoxlu kottarlar var, onlar üçün qan, müharibə əla fürsətdir. Onlar daima müharibə istəyir, çünki bu luzerlər sülh şəraitində böyük bir sıfırdır.
Müharibədən və böhranlardan sonra insanlar yenidən öz daxili boşluqlarına qayıdırlar. Eyforiya bitir, sorğulama başlayır. Kamyu göstərir ki, taun, sadəcə, fiziki ölüm deyil, insanların bir-birindən yadlaşmasıdır. Qarabağ müharibəsindən sonra da cəmiyyətin parçalanması, qazilərə və onların problemlərinə qarşı yadlaşma bunu sübut edir. Burda isə Kamyunu da heyrətə gətirəcək adamlar ortaya çıxır. Qazi problemləri üzərindən sosial kapital yığan media nümayəndələri. Bu nüməyəndələrin nitqindən qazi mövzusunu çıxarsan, lal-dinməz qalacaqlar. Bu şəxslər həm xaos dövründə, həm yadlaşma dövründə öz mənfəətini güdməyi çox yaxşı bacarır. Bu şəxslərə yüzlərlə arqument qoysan da, cavabında deyəcək ki, mən vətən oğluyam (və yaxud qızı) mən qazilərin qardaşıyam (və yaxud bacısı), vətəndən, xalqdan, Turandan yazıram, sən nədən yazırsan? Yəqin, sənin qanında erməni qanı var....
Bu şəxslər üçün müharibə yox onun bitməsi, sülh əsl faciədir, bəli, bəzi insanlar üçün sülh faciədir, axı sülh olsa eyforiya bitsə, kütləni manipulasiya edib, beşdən üçdən qazanmaq da olmayacaq....
Kamyunun mesajı odur ki, faşizm, taun, fürsətcillik heç vaxt tamamilə məhv olmur. Biz bunlara qarşı daim mübarizə aparmalıyıq. Qarabağ müharibəsi dövründə və sonrası baş verən hadisələr, Taun əsərindəki obrazlarla çox oxşardır: biri böhrandan istifadə edərək alver edir, digəri isə fəlakətlərin içində özünü qəhrəman kimi göstərib sosial kapital qazanır. Vicdanlı şəxslər isə tauna qarşı olan mübarizədə ona verilən missiyanı pafossuz icra edir.
Kamyu deyirdi ki, insan yalnız o zaman mənalı bir varlığa çevrilir ki, əsl dəyərlərə sadiq qalsın, populizmdən uzaq olsun və həqiqi mübarizəni seçsin. Bu baxımdan Taun əsəri təkcə faşizm və müharibə metaforası deyil, həm də müasir dünyanın fürsətcillərinə və yadlaşmış cəmiyyətinə bir güzgüdür.