"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi
5 noyabr 2025
# 12:00


Kulis.az "Hekayə müzakirəsi" layihəsində Vüqar Vanın "Qaraltı" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.




Həmid Herisçi:


"Minimalizmi sənətin bütün sahələrində, xüsusən, hekayə janrında sevsəm də, Vüqar Vanın “Qaraltı”sı məni diksindirdi azca.

Bu, “hekayə”di? Sözün əsl mənasında “qaraltı”dır, yoxsa sadəcə, el dili ilə desək, “qaralama”?

Beləysə, burda gizli “Quest” oyunu qurulub. Hekayənin adı elə səmimi etirafdır. Yaxşı, kimdir bu qaraltı? Yaxud nədir? İntibah dövründə “Madonna öz körpəsi ilə” mövzusunu Rafael də yağlı boyalarla kətan üzərinə köçürüb, Leonardo da Vinçi də. Ancaq Vüqar Van bu “Madonna öz körpəsi ilə” tablosunu yağlı boyalarla yox, deyəsən, Süni Zəka ilə birgə yazıb.

Özü yazmayıb!

Qəti!

İndi də atıb müzakirəyə ki, görsün, biz nə qədər xamıq. Madam Süni Zəka burda əsl gizli Madonnadır. Əsl “qaraltı” odur. Körpəni də O doğub, elə hekayəni də.

Vüqar Van Qərb mass-mediasında at oynadan “Quest” janrını qələminin ucunda çox mahircəsinə oynatsa da... Tapmacası deşifrələnən kimi yazıçı olaraq ölür. Və dövrün Madonnasını etiraf edir. Bir qaraltı da onu göstərir. Bu Süni Zəka adlı müasir Madonnadır. Dünyada artıq ədəbiyyatı da o doğur.

İstisna deyil ki, artıq Nobelini də alıb.

Əhsən!

Ancaq minimalizmin primitivizmə yuvarlanmaq təhlükəsi də mövcuddur.

Qeyd:

"Quest" dedikdə, məqsədi tapmacaları, tapşırıqları və ya tapıntıları həll etməklə müəyyən bir nəticəyə nail olunan tapmaca oyunu və ya tapşırıq başa düşülür".



Şərif Ağayar:


"Vüqarın hekayəsini oxuyanda elə bildim, ekonom yapon maşınında çox az yanacaqla və qısa vaxt ərzində xeyli uzun yol getdim. Effekti tezliklə və asanlıqla ala bilib. Təbrik edirəm".



Elnarə Akimova:


"Hekayənin dilini və lakonikliyini çox bəyəndim. Yazıçı nəql texnikası çərçivəsində rahat gəzişir, yersiz haşiyələrə varmır. Təsvirlər qapalı məkanda cərəyan etsə də, ümumən, hekayənin dramaturgiyasında dinamizm hakimdir. Sirmi, hallüsinasiyamı – psixi sarsıntı, qorxu anında yaşananlar, belə vəziyyətlərdə insanın davranışı - bütün hallarda müəllif emosional qat yaratmağa müvəffəq olur.

Vüqar Van qadının, baş qəhrəmanın məişət adilikləri içində psixoloji hərəkətliliyini hekayəyə uğurla yerləşdirir. Tək bir neçə cümlə ilə onun keçmişini (anası ilə bağlı) və ailə vəziyyətini (əri ilə bağlı) açır. Qəhrəmanın hərəkətlərində, davranışlarında təmkinli gərginlik hakimdir, həmin gərginlik eyni ladda oxucuya da ötürülür. Qarlı, şaxtalı havada qadının öz əli ilə açdığı cığır oxucu düşüncələrindəki dərinləşən nigaranlıqla sinxron, müvazi təsir bağışlayır. Müəllifin bədii məqsədi də elə budur, görünənlərin arxasında görünməzləri göstərmək. Bu mənada, Heminqueyin fikirlərini xatırladır: “Qoca və dəniz” daha uzun ola bilərdi: kəndlilərin dolanışığı, harada oxuduqları, neçə uşağı olduğunu yazmaq olardı. Digər yazıçılar bunu ediblər. Mən isə başqa bir şey eləməyə çalışdım və nəticədə oxucu əsərimi öz yaşantısı kimi, həqiqətən baş verdiyini hiss edir”.

Belə oxucu yozumlarına açıq, ona naməlumluq qazandıran, sirri müxtəlif versiyada tamamlamağa imkan verən hekayələr çağdaş nəsrimiz üçün artıq tipik səciyyəyə çevrilməkdədir. “Qaraltı”da da əsas aksent buna edilib – effektli fəndlərə istinadən müəmma və nigaranlıq yaratmaq".



Mübariz Örən:


"Vüqar Vanın bu hekayəsi xoşuma gəldi. Əsas odur ki, hekayənin canı var, mayası var. Bu, çox şeydi hekayə üçün. Hər gözəl mətnin də canı olmur.

Fikrimcə sonluqda bir az tələsib, bunu deməsəm, narahat olaram. Bu sonluq məsələsi bizim ədəbiyyatımızın bəlasıdır. Haqverdiyevdən üzü bəri. O gün usta sənətkar Elçin Hüseynbəylinin gözəl bir hekayəsini oxudum, "Naməlum", axırıncı abzas məni məyus elədi. Fikrimcə o abzas artıq idi; mətnin sirrini, sehrini yuyub aparırdı. Hekayənin adı da, mətnin özü də hər şeyi izah eləmişdi, " bitirmişdi", o abzasa ehtiyac yox idi. O abzasla, nənələr demiş, hekayəni "ötürmüsdü". Vüqarda isə, əksinə, sanki bir az tez götürüb, tələsib. Hər halda, hər iki müəllifi təbrik edirəm, gözəl paya görə!"



Samirə Əşrəf:

"Vüqarın hekayəsini ona görə oxudum ki, bəlkə, birdən yaxşı olar, vicdan əzabı çəkməyim. Ancaq zənnimdə yanılmadım. Bərbad hekayədir. Vüqar yaxşı redaktordur, başa düşmürəm, bu hekayənin dərcinə nə üçün razılıq verib? Ən azı, onun kimi yaxşı redaktordan belə hekayə gözləmirdim. Nə qədər "qadın" sözünü yazmaq olar? Bu sözü "o" ilə əvəz eləmək axı çox asandır.

"Qaraltı" müstəqillik dövrünün ən pis hekayəsidir. Hekayə mənim üçün heç bir məna kəsb etmədi. Vüqar fikirləşib ki, qadın xarakterinə bələd olduğunu bildirən bir mətn yazsın və bunu məişət üslubunda etməyə çalışıb. Təəssüf ki, alınmayıb".



İlqar Rəsul:


"Vüqar Vanın bu hekayə ilə nə demək istədiyini anlamaq kifayətdir ki, müəllifin istedadına şübhən olmasın. Xüsusən, son cümlə məsələni həll edir. Ancaq ümumi mətn həmin cümləyə yetərincə xidmət edə bilmir, məncə. Yəni sıravi oxucunun anlaması üçün, məncə, hekayə yenidən işlənməli və yaxşı redaktə olunmalıdır.

Çünki mətndə bəzi artıq sözlər və lazımsız təkrarlar var.

Məsələn, hekayədə "qadın" sözünü o qədər təkrarlamağa ehtiyac yoxdur. Zatən ortada obraz olaraq qadından savayı heç kim yoxdur".



Orxan Cuvarlı:


"Vüqar Vanın "Qaraltı" hekayəsini çox bəyəndim. Ürəklə, nə yazdığını bilərək yazıb. Eşq olsun!

Bizdə açıq finallar birmənalı qarşılanmır. Amma müasir sənət nümunələrində bu yanaşmanı tez-tez görürük. Həm filmlərdə, həm bədii nümunələrdə. Amma yenə deyirəm, müəllifin ağlında tutduğu və realizə etməyə çalışdığı ideyanı da, cəhdi də çox bəyəndim. Bu cür düşünə bilmək sıravi təfəkkür işi deyil".



Nadir Yalçın:


"Vüqar Vanın “Şahid” hekayəsində də, “Qaraltı” hekayəsində də qəribə bir əllə tutulmayan, gözlə görülməyən, mücərrəd nəsnə var. Hətta “Şahid” barədə yazmaq istəyirdim, çətinlik çəkdim. Elə hekayələr var, onlar haqqında yazmaq, şərh etmək lazım deyil. Sadəcə oxumaq kifayətdir. O hekayələr heç bir işarə olmadan oxucusunu tapmalıdı. “Qaraltı”da da o mistika var və bir cümlə ilə belə ifadə etmək olar: “Qaraltı” hekayəsi bir insanın hər şeydən əli üzüləndə belə, bir dayaq, bir həyan, bir insan nəfəsi axtarışında olduğunu, bələkdəki körpəni özünə qaraçuxa bildiyini izah edir”.

Hekayənin dili də sadə, iddiasız, bəzəksiz və qışqırıqsızdı. Müəllifi təbrik edirəm".

# 268 dəfə oxunub

Oxşar xəbərlər

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər