Kulis.az Şəhla Nihanın "Tamlıq" hekayəsini təqdim edir.
“Mən verdiklərimi vaxtı çatınca geri alanam”
(Vaxtından tez itirənlərə ithaf)
- Səninçün əziyyət deyil ki?
- Boşla. Nə əziyyət? Vaxtım olsaydı, hər gün gəlib darayardım saçını. Gör nə gözəldir! Çox çılğın energetikası var tellərinin. Od dilimləri kimi sarılır, yalayır adamın əllərini.
Səliqə ilə darayıb arxaya tökdüyü saçı qulaclayıb sordu:
- Hörüm?
- Hör.
Saçı ikiyə ayırıb hörməyə başladı.
- Hər gün gəlməyə ehtiyac yox. Bu hörüklər neçə gün bəsimdir.
- Tez-tez gələ bilmirəm onsuz da. Heyf... Sənin söhbətlərinçün burnumun ucu göynəyir, vaxt məhdudluğundan o qapıdan bu qapıya keçə bilmirəm.
Qonşu yenə nəsə danışırdı, amma onun fikri uzaqlarda idi artıq, eşitmirdi. Bir də birçəklərini qulaqlarının ardına verən əllərin isti nəvazişinə və ucadan söylənilən “Vəssalam!” kəlməsinə qayıtdı.
- Gözəl!
- Yaxşı, zarafatı burax. Bilirsən ki, ehtiyacım yoxdur komplimentə, filana.
- Kompliment deyil. Qədrini bilən lazımdır.
Qalın hörükləri onun köynəyinin açıq qol yerlərindən çıxarıb yuxarı qaldırdı. Havada məzəli hərəkətlər edib güldürdü rəfiqəsini. Həmişə belə edərdi. Nə deyəcəyini bilməyəndə vaxt qazanmaq üçün zarafat ya dəlilik edərdi ki, aradakı gərginlik sovuşsun. Bir də... Bura gələndə əllərini bilməzdi hara qoysun, rəfiqəsinə qulluq etmirsə, cibindən çıxarmazdı onları.
Durub mətbəxə keçdi, kofe dəmləməyə. Otağa daxil olub kofeni jurnal masasına qoydu və tam etinasız halda soruşdu:
- Çoxdandır istəyirəm maraqlanım, hər dəfə yadımdan çıxır. Münasibətiniz nə yerdədir?
- Həmişəki kimi.
- Hələ də vətəndaş nikahındasan?
- Hələ də yox, davamlı olaraq.
- Hm... Nə deyir bəs o? Fikri nədir? Elə belə də qalacaq?
- Məni belə təmin edir. Gərək ki, onu da.
- Özünüz bilərsiniz. Üçüncü şəxsin, kimliyindən asılı olmayaraq, qarışmaq haqqı yox. Amma uşaq məsələsini çıxart beynindən. Bax bu yerdə mən bir qonşu kimi yox, bir rəfiqə kimi də yox, səni çox sevən doğman kimi qarışacam məsələyə. Gəl səni həkimə aparım, gec deyil hələ... Sənə uşaq lazım deyil. At bu uğursuz fikri. Özünü bəlaya salma.
- Heç düşünmürəm də!
- Nəyi düşünmürsən?
- O fikri başımdan atmağı.
- Axı heç o da razı deyil, bildiyim qədər. Tək-tənhamı böyüdəcəksən körpəni?
- O razı deyilsə, çıxıb gedə bilər. Mənə uşaq lazımdır.
- Bax, sən sözgəlişi dedin indi, heç mənasına varmadan dedin. Bir düşün, axı o doğrudan da istənilən an çıxıb gedə bilər. Onu sənin yanında saxlayan bir şey yox ki... Aranızda da bu boyda yaş fərqi. Cavan, sağlam birini uzun müddət bağlaya bilməyəcəksən özünə...
- Ona görə məcburi nikahla cilovlamalıyam onu, belə çıxır?
- Necə çıxmasının əhəmiyyəti yoxdur. Sən özünü fikirləş, öz gələcəyini.
- Məhz gələcəyimi fikirləşdiyim üçün istəyirəm körpəni.
- Başa düş, anla, sən bu insanı itirə bilərsən! İndi heç kəsə inam yoxdur. Sənin vəziyyətində isə birə on artır bu inamsızlıq.
- Özgəyə inam doğrudan da azalıb. Amma əsas olan bu deyil. Əsas odur ki, özünə inamın olsun. Bax, bu şərtdir, özü də çox önəmli şərt.
- Təkbaşına... Bunca çətinlik, məhdudiyyət, ehtiyac.... Bacarmayacaqsan...
- Bacaracağam!
- Ağır olacaq, çətin, ağrılı...
- Mən elə ağrının özündən yoğrulmuşam. Bu çağa qədər hansı işim yüngül oldu ki?! Ağrı güzəranımdır mənim. Kösövü oda atsan çoxmu təsir edər ona, necə bilirsən?
Qonşu çox oturmadı. Rəfiqəsi rəsmi bitirməliydi bu gün, sifarişçi gözləyirdi. Durub gedəndə öz uşaqlığı yadına düşdü. Onu da rəsm dərnəyinə yazdırmışdılar, musiqi məktəbinə də aparardı onu anası, piano çalmasını çox istərdi, o isə atmışdı bunların hamısını. Sonra da eyni minvalla idman və rəqslə məşğul olmaqdan da imtina etmişdi. Bunları fikirləşdikcə qonşusu gözündə böyüyür, ona rəğbəti birə min artırdı. “Axı hardandı onda bu boyda əzmkarlıq, enerji, həvəs?... “
***
Dəcəl uşaq. Açıq transformator budkası...
***
Siqareti siqaretə calayırdı. Ağzındakı acılıq aclığının müjdəçisi olsa da bu gün səhər restorandan sifariş verdiyi frikaseyə və vermuta toxunmamışdı. Başqa içkilər və çərəz də vardı, amma heç nə istəmirdi. Fikirlərinin tünd şərabından məst olmuşdu. Müxtəlif səpkili fikirlərin müxtəlif tamlı şərabı. Onları bir-birinə qatıb kupaj nümunəsi düzəltmişdi. İndi o zəhəri damla-damla hopdurmadaydı ruhuna.
“O çox güclüdür...”
Daha bir zəhər damlası yayıldı ruhuna, fikirlərinin ağırlığından gözləri biixtiyar yumuldu.
“Mən əclafam! Hə, elədir! Mən Ona layiq deyiləm!”
Daha bir damla...
“Ah, vicdansız əyyaş! Əvvəldən nə düşünürdün sən?!”
Fikirlərin kəsəri sözdən ağırmış...
“Onu bir dahamı incidim? Bir də mənmi incidim Onu? Bəs deyilmi çəkdikləri? Nə günah sahibidir axı?”
Damla. Yastığa dirsəklənib azca dikəldi və başını qaldırması ilə fikirləri də duruldu sanki.
“Axı bir şey də var. Mən Ona heç vaxt söz verməmişdim, heç nə boyun olmamış, vəd etməmişdim. Məndə günah hissi yaratmağamı can atır?! Yox, bu Ona müyəssər olmayacaq! Mən... Mən...”
Sonra yadına düşdü ki, heç kəs onda günah hissi yaratmağa can atmır, bu onun boş fantaziyasından başqa bir şey deyil. Sanki hipnoz altındaydı və suqqestiyadan qurtulmasaydı onu ölüm gözləyirdi. Tora düşmüş cücü kimi boğulur, əl-qol atırdı.
Bir az da dikəldi taxtda.
“Mən aqape tərəfdarı deyiləm. Mən heç kəsə, heç kəsin ambisiyalarına qurban gedə bilmərəm. Onun həyatı falstartla başlayıb, mənim nə günahım?..
”Damla.
Ayaqlarını aşağı sallayıb oturdu.
“O mənə qarşı belə vicdansızlıq edə bilməz, yox. Mən cavanam, nə yaşadım ki... O məni sərbəst buraxmalıdır.”
Damla. Yenidən başını yastıqda gizlətdi.
“Mən qorxuram...”
***
Pəncərəyə yaxınlaşdı. Çiskin idi. Məşqə sabah səhər gedəcəkdi. Paralimpiya yarışlarına az qalırdı. Əslində bu gün də məşqçisi onu gözləyirdi, amma bu gün rəsmi tamamlayıb sifarişçiyə göndərməli idi, o üzdən məşqi təxirə salmışdı. İdman həyatının mənası idi, rəsm və poeziya - onu ayaqda saxlayan. Hədər vaxt sərfi yadına gəlmirdi, daim nəyləsə məşğul idi.
Həyətdə kiçik meydançada yağışın yuduğu maşınların biri onunku idi. Onun xüsusi maşını.
Mətbəxə gedib soyuducunu açdı. Ayağı ilə istədiyini tapıb çıxartdı. Plitənin üstünə qoyub qızdırdı. Bəzən hər hansı bir işi iki ayaqla icra etməkdən ötrü oturardı ki, dayanmaqdan azad etsin onları. Onda ayaqları olmazdı, qolları olardı.
Onun evində hər şey qulpsuz idi. Fincan, çaydan, qəhvədan, qazanlar... və bu onlardan istifadəni qətiyyən çətinləşdirmirdi. Diş və ayaq barmaqları üçün nədən yapışmağın fərqi yox idi. Kreslonun da payına az düşməmişdi. Onun da qol yerləri çıxarılmışdı, bu onun uşaqlıq kaprizi idi. Uşaqlıqda ingilis dili dərsliyindəki “armchair” sözündə ilk üç hərfi pozmuşdu...
***
Dəcəl. Açıq transformator budkası. Yüksək gərginlik...
***
Aşağıda külək bir-birinə çırpmaq üçün iki dəmir səth tapmışdı və metronom müntəzəmliyi ilə təkrarlanan səs əsəblərə təsir edirdi.
Uzanıb tavana zillənmişdi. Dodağında sardonik təbəssüm. Yenə məst idi. Yenə damlalar zəhər yayırdı ruhuna.
“Nədən belə güclüdür axı?...”
Dərin bir qüllab vurub gözlərini yumdu.
“Hələ bu uşaq məsələsi hardan çıxdı? Qoy rədd etsin! Mənə lazımdımı bu? Ona necə? Qəribədir... Mən Onu heç zaman başa düşə bilməyəcəyəm...”
Bu gün şənbə. İşləmirdi. Gün uzunu yataqda şellənmək, özünü mənasız fikirlərin ixtiyarına buraxmaq olar, elə əsl istirahət budur. Sabah işdə yenə təzə gələn kolleqası ilə rastlaşacaqdı. İlk gündən diqqətini cəlb etmişdi. Bu qız niyə məhz indi girsin ki həyatına? Məhz indi... Ondan qurtulmaq, qaçıb getmək, Onu unutmaq istədiyi ərəfədə... Nədən? Bəlkə bu şansdır? Başını qatmaq üçün, Onu daha ağrısız unutmaq üçün şans... Niyə istifadə etməsin ki?
Gözlərini açıb stolun üstündəki martiniyə baxdı, yanında da zeytun. Bir qədəh süzüb içdi. Yenidən arxası üstə taxta sərilib gözlərini yumdu. Sanki belə etməklə gözləri qarşısındakı obrazı qovmaq istəyirdi.
Bu gün axşam Onun yanına getməliydi. Necə getsin? “İstəyirəmmi?” soruşdu özündən. Yox, istəmirdi.
Sonuncu görüşü xatırladı. Onu qucaqlayanda qız “Mən də səni qucaqlamağı elə istərdim... bilmirsən...” demişdi. O da qızın köynəyinin qol yerlərindən çıxarılmış qalın hörüklərini öz boynuna dolamış, “Sən də qucaqladın” demişdi. İndi yadına salanda ürəyindən sızıltı qopurdu.
“Yox, yox, yox! Bacarmıram daha! Mən dəli olacam!” – boşaltdığı siqaret qutusunu əzib otağın küncünə vızıldatdı.
***
Rəsm tamamlanmaq üzrəydi. Dişində tutduğu firça məharətlə kağız üzərində hərəkət etdikcə fikirləri əlvanlaşıb şəklə köçürdü. Parlaq, işıqlı fikirləri. Hərəkətlərində heç bir dissonans hiss olunmurdu. O qədər rəvan harmoniklik vardı ki... Rəsmləri də şerləri kimi sevgidən, günəşdən, dənizdən, səmadan və uşaqlardan idi.
Onu işindən telefon səsi ayırdı. Ayağını uzadıb dəstəyi götürdü. Zəng vuran cavab vermədi. Dəstəyi asıb yenidən rəsmə qayıtdı.
Nəhayət ki, tamamlandı. Bir rəsmin çəkilməsinə bəzən həftələr sərf olunurdu.
Qəfildən beyninə girən, ona yad olan “Nəyə lazımdır bütün bunlar? Axı nə üçün edirsən?” kimi axmaq sualları qovdu. Nik Vuyçiç düşdü yadına, tetraameliya sindromu ilə doğulmuş insan. Tez-tez onun videoçarxını izləyir, mühazirələrini dinləyirdi. Kumir də sayılmazdı. Kimisə kumir seçmək ixtiyarını verməzdi özünə. Özü olmalıydı, heç kimə bənzəmədən. Və bunu bacarırdı.
“Daim özümə ünvanladığım “Niyə belə doğuldum?” sualına cavab tapmışam artıq. Mən başqalarının təsəllisi üçün nümunəyəm. Mən – nümunəyəm! Xüsusi missiya ilə Yer üzünə göndərilənlərdənəm mən. Bu həqiqəti anladığım andan sevdim həyatı, bağlandım ona. İndi artıq özünəqəsd barədə düşünmürəm. Yaşamaq istəyirəm ki, yaşadım!” - Nikin sözləri idi.
O da belə idi, eynən belə. Bu sazaqlı-çovğunlu dünyanın stalkeri idi. Burada təhlükəli yerləri qar örtüb. Uçurumlar qar altındadır. O uçurumlarda bağışlanılmaz günahlar uyuyur. Taledən küskünlük, giley-güzar da təhlükələr sırasındaydı. O isə öz dəyanəti, dözümü, həyatı və nəhayət, görünüşü ilə insanlara nümunə olacaq, taledən permanent narazılıq sindromundan xilas edəcəkdi. Ona baxıb özündən utanacaqdı insanlar. Ona baxıb susmağı öyrənəcəkdilər... və həyatı sevməyi...
***
Tanrıyla söhbət.
- Mən niyə yaranmışam?
- Dünyaya bir az uşaq sadəlövhlüyü və azadlıq hərisliyi gətirmək üçün.
(Hesse. “Knulp”)
***
İnsanlar hamısı ədəvadır. Hərəsi cəmiyyət yektamlığına bir cür dad qatır...
Yenə qələmi ayaq barmağına keçirib masa arxasına oturdu. Şeir yazacaqdı. Hobbisi idi. Yazdıqları hardasa “Curriculum vitae” idi onunçun. Amma bütün olanlar, baş verənlər, gördükləriylə yanaşı olacaqlar, görəcəkləri, perspektiv, gözləntiləri haqda da yazırdı. Bir növ epikriz xarakterli olsa da ağırlıq, bədbin notlar yox idi. Fikirləri işıqlı ruhundan süzülərkən arınırdı, şipşirin bal dadırdı. Çağlayan həyat eşqindən hər götürənə pay düşürdü.
Elegiya yazmırdı. Taleyinə rekviyem düşsə də, eləmirdi bunu. Şeirləri çağırış idi, mübarizəyə çağırış, insanlığa, həyata, sevincə, uğura, qələbəyə çağırış. Pozitiv misralarından insanların ruhuna nikbinlik axar, qəlbinə sərinlik yayılardı. Onunçun və ona ithafən yazmağı çox sevərdi. Şeirə uyğun mahnı seçər və o bəstə üstündə oxuyardı sözləri. Bu cür malodeklamasiya ona bir dünya sevinc bəxş edərdi. İndi yazmaq istədiyi akroşeir idi. Onun adının baş hərflərini alt-alta yazıb, hər hərfə misra həsr edəcəkdi. Gözlərini birinci hərfə zillədi. Anidən beyninə yad fikirlər soxuldu yenə, burnuna kəskin şərab qoxusu gəldi.
“Həyatın falstartla başlayıb!”
Bu öz fikri deyildi, öz sözləri deyildi. Kənardangəlmə idi, mental infeksiya kimi, yad təsir, yoluxma. Onları qovmaq lazım idi. Qovmaq, özündən uzaqlaşdırmaq. Çətinliklə də olsa beynində durğunluq yarada bildi. Heç nə haqda düşünmək istəmirdi. Fikirləri duruldu, özünə qayıtdı. Özünə xoş olan mövzulara kökləndi.
Qonşu ilə olan söhbətini təklikdə özü ilə davam etdirdi. Körpəsini düşündü. Hələ həyata gəlməmiş körpəsini. Kimi ki, anasından başqa istəyən yox idi. Adı özündən qabaq doğulmuşdu körpənin – Əvəz. Oğlan ya qız, fərqi yox idi, adı Əvəz olacaqdı. Özünün ikinci yarısını törədəcəkdi. Özündə çatmayanı doğub yerinə qoyacaqdı. Hiss etmədiklərini onunla hiss edəcəkdi. Onunla toxunacaqdı dünyaya – insanlara, suya, havaya, günəşə də. İnterfeys yaradacaqdı - özü ilə dünya arasında vasitə. Evindəki bütün qulpsuz əşyalar yenilənəcəkdi – qulplular ilə... Düyməli köynək geyə biləcəkdi. Düymələri par-par yanan köynək... Qartopu oynayacaq, yağışda çətir tutacaqdı, hamı kimi. Sürüşüb yıxılmağı çox görməyəcəkdi daha özünə, qaldıranı varkən... Daha vecinə olmayacaqdı heç nə. Heç kəsin sözlərində acıma axtarmayacaq, güclü olmağa can atmayacaqdı. Zəif olmaq ixtiyarı qazanacaqdı. Əvəzi, arxası olduğuna görə...
O uşaq başqalarından tez böyüyəcəkdi. O bunu anlayacaq, biləcək və tələsəcəkdi. Köməyə tələsəcəkdi, doğulmağa tələsəcəkdi. Başqa körpələr dünyaya göz açarkən talelərini bilmədikləri üçün ağlayanda Əvəz taleyini bildiyi üçün güləcəkdi. Hamı kimi olmayacaqdı.
Onun Əvəzi - onun əvəzi. Tam görünüşdə təsəvvüründə canlandırırdı körpəni. Budur, əllərini, ayaqlarını göydə oynadıb qığıldayır. Ah, necə də sevimlidir...
Əhvalı düzəlmişdi. Fikirlərini toplayıb bu axşam ona oxuyacağı şeiri yazmağa başladı.
***
Dəcəl. Açıq transformator budkası. Yüksək gərginlik. Sən güclüsən!
***
Başını qaldırıb saata baxdı. Yazıb bitirdiyi kiçicik şeir parçasını qarşısındakı jurnalın altına ötürdü. Hazırlaşmalı idi. Vanna otağına keçdi. Ayaq barmaqları ilə ehmalca götürdüyü yumşaldıcı sabunu üzünə çəkib su ilə yudu. Dişlərini də eyni qayda ilə yuyardı, bir kəsə möhtac olmadan. Üzünü qurulayıb güzgüyə baxdı. Gözlərinin altı torbalanmışdı, yorğun görünüşü vardı. Nəsə etmək lazım idi. Onun qarşısına bu görkəmdə çıxmaq istəmirdi. Korrektoru tapıb gözlərinin altına çəkdi. Sponju kompakt kirşana sürtüb yüngülcə üzündə gəzdirdi. Barmaqları arasında möhkəmcə tutduğu laynerlə göz künclərinə cüzi cızıq çəkdi. Əlində tutsaydı əli bəlkə də əsərdi, ayağı daha kobud materiya ilə - yerlə davranışa öyrəndiyindən əsmirdi heç vaxt.
Əynini də dəyişdi. Dolabdan çıxartdığı açıq boz rəngli zərif yun paltarı ayaqlarının köməyilə geyinib, boyunbağısını taxdı. Paltarları düyməsizdi, ayaqqabıları velkro ilə bağlanırdı. Ömrü boyu nə bilərzik, nə üzük görmüşdü. Yalnız keçən il ad günündə o, nişan üzüyü hədiyyə etmişdi. İndi boyunbağına keçirib boynundan asdığı həmin üzükdü.
Bədənnüma güzgü önündə fırlanıb özünə baxdı. İdman, daimi fiziki təmrinlər öz işini görmüşdü. Şux qamət, gözəl, biçimli bədən...
Pəncərəyə yaxınlaşıb həyətə boylandı. İndilərdə gəlməli idi...
***
“Falstart...”
Sonuncu şərab damlası güclə keçdi boğazından. Zindana dönmüş başını çətinliklə yastıqdan qaldırıb ətrafa nəzər saldı. Telefonu gözünə dəymirdi. Əlini çarpayıdan sallayıb boşalmış şüşələr, “fast food” paketləri, qəzet parçaları, disklər, çirkli corablar, salfet və pivə qabları arasında gəzdirdi. Nəhayət, mobil telefonu tapdı. Siyahıda Onun adına uzun-uzadı baxdı. Ürəyi bulanırdı, mədəsində dəhşətli diskomfort hiss edirdi. Özünə söz verdi ki, bu gecədən salamat çıxsa, sabahdan – bazar ertəsindən yeni həyata başlayacaq. Kolleqası yadına düşdü, həmin təzə gələn. Həftənin birinci günü işə bir dəstə güllə gedəcəkdi. Elə-belə. Dünyanı bir az rəngli etmək, bir az da ətir qatmaq üçün. Cəsarətlənsə gülü bəlkə o qıza təqdim edəcəkdi. Səninlə olmaq istəyirəm, deyəcəkdi ona... Nolar, yox demə... Mən tənhayam, tək-tənha, heç kəsim yoxdur mənim, deyəcəkdi...
Gözləri yenə displeydə Onun adına sataşdı. O keçmişdə idi artıq. Etinasız hərəkətlə Onun nömrəsini bloka atıb telefonu söndürdü. İndi rahat idi. Telefonu yastığın altında gizlədib gözlərini yumdu.
***
Pəncərə önündə bir qadın dayanmışdı. Çox gözəl bir qadın. O qədər gözəl ki, gözəlliyini yalnız yaradanı görərdi. Görərdi və qısqanardı onu hamıya. Hamını kor etmişdi qadındakı cazibəni görməməkçün. Və heç kim görə bilmirdi bunu...
Artıq gecə yarıdan keçmişdi. Qadın saatlardı ki, eyni pozda durub gözünü həyətdən çəkmirdi. Kimisə gözləyirdimi? Yox, deyəsən heç kimi gözləmirdi. Ya unutmuşdu artıq kimi gözlədiyini. Əgər yaddaşın da sənin əmrinə müntəzəm olmayacaqsa, onda yaşamağa dəyməz.
Anidən burnuna yenə kəskin alkoqollu içki qoxusu gəldi, qulaqlarına kiminsə xorultusu doldu, beyninə yad fikir girdi: “Falstart...” Amma bu fikir ilişib qalmadı orda, həmişəki kimi xüsusi səylə onu qovmaq lazım gəlmədi. İçki iyi və xorultu səsinə qarışıb harasa yox oldu. Başqa ünvana yollandı bəlkə. Sanki bura yolüstü dayanacaq imiş...
Sonra doğma fikirlər gəldi, onları o dəqiqə tanıdı. Əvəz... uşaq qığıldayır, totuq əlləri ilə ayaqlarını tutub ağzına aparmağa çalışırdı. Hər kəsin üstündən xətt çəkib, həyatından silə bilərdi, körpəsini isə, hələ doğulmamış körpəsini - yox. Qucağına aldı balasını. Daha doğrusu dizlərinə. Əyilib alnından öpdü, “qorxma, sən heç nədən qorxma. Qoy bütün dünya sənə qarşı olsun, anan ki sənlədir. Sən qorxma” dedi, üzünü uşağın üzünə sürtdü, hətta körpənin şaftalı qabığı kimi nazik məxməri dərisinin təravətini də hiss etdi. Geri qayıtdı. Təşvişi keçmişdi. Daha qeyri-müəyyənlik yox idi. Hər şey nizama salınmışdı.
İndi bərpa olunmalı idi. Artıqlardan arınmış, nöqsanlardan təmizlənmiş, eybəcərliklərdən can qurtarmış, gedənləri yola salmış, ölənləri basdırmış, dirilib-dirçəlmişdi. Həyata “qucağını” açmışdı. Onun qucağının qollar kimi çəpəri yox idi, onun qucağı hüdudsuz idi, göylər kimi. Başqasını intihara sürükləyəcək səbəb ona güc verirdi, o, yoxluğu da varlıq kimi sevə bilirdi. Qol kabusu... Qısqanclıq və şübhə ilanının bədəninə sarılıb onu zəhəri ilə iynələməsinə mane olan. Qolların qolluları qoruduğundan möhkəm qoruyardı onu bu kabus...
“Bu günlük yetər” dedi özünə. Sabah səhər məşqdə olmalı idi. Daha məşqləri buraxmayacaq, yayınmayacaqdı. İrəlidə onu professional yarış gözləyirdi. Neçə-neçə qələbələr, prizlər, alqışlar, zirvələr fəthi... Yorulmayacaqdı. Usanmayacaqdı. İrəli gedəcəkdi, hər şeyə rəğmən!
Bir qadın dayanmışdı pəncərə önündə. Gur saçlı, gözəl qamətli, heykəl qadın. Qollarının yerində fantom ağrılar, çiyinlərindən aşağı fantom gicişmələr, yaddaşında fantom xatirələr...
Bir qadın. Son dərəcə güclü – himayəyə ehtiyacı olmayacaq qədər güclü! Son dərəcə gözəl – tanrının bir tək özü görsün deyə qısqanclıqdan hamını kor qoyduğu qədər gözəl!
Bir qadın... Bir tamlıq...