Kulis.az Elvin Paşanın "Solğun portretim" yazısını təqdim edir.
Bir vaxt gəlir, heç kəslə üzün ağrıyana qədər, nəfəsin kəsilənə qədər gülə bilmirsən, gülmək - yəni enerjili olmaq, sevinmək, həyəcanlanmaq...
Güləndə ayılırsan ki, başqasına xoş olsun deyə, gülürsənmiş. Eşidirsən bir nəfər ölüb, donuq baxırsan.
Başına gələn xoşbəxtliyə sevinib, ağrılara ağız büzübsə, hər ağrıya sevə-sevə qucaq açmayıbsa, Allah rəhmət eləsin sözünün nə qədər faydasız olduğunu görürsən, görürsən ki, Allah elə yaşayanda bağışlayır, yaşayanı bağışlayır, hadisələrə yaxşı pis don geyindirmədən, seçmədən yaşayanı əfv edir, bu ağrıdır, bu sevincdir demədən, dolu yaşayanı ucaldır, yaşaya biləni sevir, o tərəfə elə də çox şey saxlamır.
Həmin ölünün yerinə qoyursan özünü, üstünü torpaqlayıb qayıdırlar və bütün dərdini çəkdiyin hər kəs bir dəfə də tərk edir səni... Olur iki!
Yaşaya bilibsə, dola bilibsə, həqiqətən canlı olubsa, özündə var olubsa, rəhmətlikdi. Mən desəm də, deməsəm də. Bir də baxırsan, sən bunları düşünəndə hamı xorla Allah rəhmət eləsin deyir, ayılırsan ki, sağsan, burdasan, amma adisən ki, adisən, adidi bu dünya.
Ölüyə Allah rəhmət eləsin demək, ad gününü qeyd edəni təbrik eləmək adiləşir, nəyini təbrik edim, doğulmağını, bəlkə bu özünə lənət oxuyur dünyaya gəldiyi üçün. Ölənə qədər danışacağım bəlli söz fondumdan bu adi təbrikə getməsin, deyib susursan . Onun yerinə daha vacib, həyatı iş görərəm, elə bir cümlə quraram haçansa, enerjimi ora saxlayaram.
Məsələn, bu almanı yu, ver, yeyim, qabığını soyma, dəmir qabığındadır.
Bu nədir, nə düşünürəm, bir cümləni deyib qurtarana qədər, özümlə vuruşana qədər de, bitsin, bəlkə də dil ucuna çıxanda adi görünür, ürəyimdə yekə olan sözlər çıxır havada adiləşir. Sıxır bu adiləşmə, sümük olur boğazda ilişir, hamıdan uzaq salır, ətrafı sənə soyudur, uda bilmirsən, deşir qanadır, qanın içinə axır, dişin bağırsağını, sözün doğmalarını kəsir.
Mədəndə bir topa qanlı doğma, dost, qardaş, ana, ata qanı gəzdirirsən. İçinə enməyə qorxursan hey adamları günahkar görürsən, sənə bu travmaları yaşadan, mühiti günahlandırırsan, kimisə gözləyirsən ki, gəlib desin bağışla, mənəm günahkar, amma hamı günahsız fırlanır, günahkar hiss etmir heç kəs özünü, çünki hamı günahsızdı.
Ayılırsan ki səndə baş verənləri heç kim bilmir, bilirəm deyənlərə qulaq asırsan, danışanın dodağından qulağını asırsan, baxırsan ki, çooox dərin danışır, amma özü üzə bilmir, danışır. Qulağını da götürüb qayıdırsan.
Sığınacağına dönürsən, özə qayıdırsan, yaşadıqlarını gözünün önünə gətirirsən. Baxırsan ki, həyatın pazldı, sənin həyat pazlından kimlər gəlib, kimlər keçib və sən bir aydır girdabında olduğun mənasızlıq sindromunun səbəbini tapırsan, bir aramlıq aydınlıq gəlir, sən demə, bütün kartları yerinə otuzdurmusan bu illər ərzində, yalnız bir kart qədər yer boş qalıbmış. Bir-bir yerinə qoymusan kartları - bir gün mübarizə aparıb xəstəliyə qalib gəlmisən, o da çevrilib karta, aparıb qoymusan yerinə, arzuların, hədəflərin, dostların hamısı sənin həyat puzzulunun kartları olub.
Özün də bilmədən sürətlə 60-70 illik oyunun sonuncu kartına 30-35yaşında çatmısan, bilmirsən və sona da bir kart qalıbmış sən demə. O kartı da vaxtından çox tez tapıb yerinə qoymusan. Tamamlamısan öz portretini. İndi özünün dünyadan yorulmuş, məyus, bezmiş, əzilmiş, nimdaş portretini görüb pazlları günahkar sayırsan. Günah axtardığın, səni xoşbəxt edən, tamamlayan kartı tapmağındadır, onu axtardığın müddətcə sən hamını xilas edirdin, yıxılanı qaldırırdın ki, bəlkə budur, qaçanı tuturdun ki, bəlkə sənsən, öz evini başqasına verəcək qədər güclü istəkli idin, təki əskik yanın tamamlansın, ən xırda yaxşılıq edəndə sevinirdin, bəlkə budu deyib axtarırdın, sonda ummadığın yerdə əlini uzatmadığın məsafədən, üzünü döndərmədiyin yerdən gəlib çıxır sonuncu kart
Sən o kartı ya axtarmamalısan, ya tapıb ancaq üzünə baxmalısan, yerinə qoymamalısan. Çünki sonuncu kart elə səni tamamlayan kartdır, arzuladığın, əskik yanın, dua etdiyin, gözlədiyin, istədiyin, sevdiyin, ümid elədiyin kartdır.
Sən onla tamamlanırsan, sən elə osan. O, kartda yerinə otursa, sənin axtarmağa nəyinsə qalmır və bu günə qədər tapdıqlarının vəhdətindən ibarət portretin də dilədiyin deyil. O deyil!
Sonra başlayır daxili böhran. Tamamlanmış portretə sonradan pazlı olmaq istəyən bütün kartlar (adamlar) sənə tanış gəlir, belə olmaq sıxır səni. Sən ki özünü tamamlamaq üçün bütün kartları (adamları) artıq tanıyırsan. Adamlar gəlir, kart olmaq istəyir sənin həyat portretinə, sən də baxıb səni tanıyıram deyirsən, sən ancaq mənim gözüm ola bilərsən onu da tapmışam. Biri gəlir ürəyin olmaq istəyir, onu da tanıyırsan. Heç kəsi özündə yerləşdirə bilmirsən, boğulursan, başlayırsan hamını uzaqlaşdırmağa. Heç bir karta təəccüblənmirsən heç kim səni xoşbəxt edə bilmir. Oturub səssizcə öz portretinə tamaşa edirsən. Fərqinə varmırsan ki, adamlar da səni öz portretinə dartır öz boşluqlarını, portretlərində boş pazlı sənlə doldurur, getməlisən, amma fərqinə vararaq.
Fərqinə varıb gedirəm, birinin yol çəkən gözləri oluram, birinin üzülən ürəyi, birinin gülüşü, birinin həyata keçməyən arzuları, birinin çərpələngi...
Mən bir möhtəşəm portretin əli olmaq istəyirəm, ya da barmaqları.
Əl olun, ayaq olmayın, vəfasız pazl kartları ayaqlardadı, tamamlanan kimi gedirlər. Əl olun, kiminsə əli olun, kiməsə Əli olun. 24 il səbr edin, yəni razılaşın.
Sonuncu kartı yerinə qoyanda tamamlanan özünüzü görməyə hazır olun. Mən tamamlamışam, deyə hər şey adi gəlir. Yeni yola çıxırsan, adilərin getdiyi yola, bu yolda hər şey adi olur, çiçəklər adicə açır, yaz çox adicə soyuğu əvəz edir, uşaqlar adicə, quru çörəklə də böyüyür, adamlar adicə unudula bilir, yaxşısının pisə dönməsi adi qəbul edilir, bağışlamaq adi olur, qəbir daşları adi taxtadan olur.
Adilər gözəldi, hər şeyin adisi möhtəşəmdi, güləndə belə içdən və adi gülə bilmək, gedəndə adi getmək, gələndə adi addımlamaq.
Adi yaşamaq gözəldi, indi özümə baxıram və hamını tanıyıram, gələnlər də onlardan biridi. Gedənin yeri də boş qalsa adidi, onun boşluğunun dolu vaxtını da görmüşəm. Gedənin yerini boş qoyuram, çünki artıq yenidən tamamlanmaq arzum yoxdu, adi yaşayıram.
Pərvanəyə şamın taleyi yox, yalnız işıq maraqlı imiş, həm də düşən işıq yox yanan işıq, istisi toxunan işıq. Şam isə adi mumdu, pərvanədən soruşa bilsəydim, ilk işığı soruşardım.
Hər kartın özü ilə gətirdiyi xoşbəxtlik o əlində olan zaman olur, onun yerini tapıb qoyana qədər! Qoydunsa növbəti kart axtarışı, özünün portretini tamamlamaq yolçuluğu yenə başlayır. İnanıram ki, hamı ömründə bir dəfə də olsa, bunu yaşayıb ya da yaşayacaq. Hamı da deyirəm, hamı yox! Kim özünü, öz portretini görmək istəyirsə!
Özünü vaxtında tamamlamaq gözəldi, çünki sənin tamamlayası daha ali portret var. Orda bütün kartlar Odu. Ən gözəl kart bir birinci kartdı, bir də sonuncu, başqa kartları əvəz eləmək olur. Həqiqi doğum günləri portretin tamamlandığı günlərdi. Mübarəksən!