Pərviz: “Bizdə rusca yazmaq rus ədəbiyyatı yaratmaqdır” - MÜSAHİBƏ

Pərviz: “Bizdə  rusca yazmaq rus ədəbiyyatı yaratmaqdır” - MÜSAHİBƏ
7 may 2011
# 10:00
- Rəşad Məcid sizin barənizdə dəfələrlə tənqidi fikirlər səsləndirib. Bu günlərdə yenə hədəfində idiniz. Nə baş verir?

- Qardaş, Rəşad Məcid də adamdır, vətəndaşdır, üstəlik də taleyi onu jüri mərtəbəsinə qaldırıb. Yəni onun da fikir demək hüququ var. Burda isə təəccüblü heç nə yoxdu. Ancaq bir şey deyim. O, açıqlamalarında bildirir ki, “Yad dildə”ni heç kim oxumur, hətta bu son açıqlamasında deyir ki, elektron səsvermədə səs verənlər dost-tanışlarıdır. Düzdür, konkret mənim adımı çəkməyib, amma elektron səsvermədə birinci yerdə olandan danışıb, o da mənəm – həm “Kultaz”da, həm “mkm”də.

Deyir, “Demək olmaz ki, orda kimsə əsəri oxuyub qiymət verib”. Niyə, qardaş? Sən yarıyacan oxuyub qiymət verə bilirsən, bəs tam oxuyub qiymət verənlərin haqqını niyə yeyirsən? Ona qalsa, orda tək çap olunan kitab “Yad dildə”di, 1000 tiraj satılıb, Nəsimi Milli Kitab müsabiqəsində Rəşaddan əskik olmayan jürinin və oxucuların rəyi nəticəsində “İlin romanı” seçilib. İndi belə çıxır, hamının səviyyəsi sıfır, onunku 96? Məncə, Rəşad mənə yox, oxuculara hörmətsizlik edir. Sanki mənim dostum-tanışımın oxucu sayılmaq hüququ yoxdu. Nə isə, Rəşaddı da, qoy söhbət eləsin, əslində bu qədər şişirdilməyi onun özünü də çox təəccübləndirir...

- Qalibin açıqlanmasına az qalıb. Nə gözləyirsiniz?

- Mən heç kitabımı müsabiqəyə təqdim edəndə də nə isə gözləmirdim, indi də gözləmirəm. Gözlədiyim olubsa da, o mərhələ yekunlaşıb. Mən artıq mükafatımı almışam. Bu, altı ekspertin verdiyi qiymət, Azərbaycanda və dünyanın başqa yerlərində yaşayan oxucularımın istər şəxsən, istərsə də sosial şəbəkələr vasitəsilə bildirdikləri sevgiləridir, onların verdiyi dəyərdir. Münsiflərdən bəzilərinin verəcəyi qiymət də bura əlavə olunsa, necə deyərlər, plan və öhdəlik artıqlaması ilə yerinə yetirilmiş olur. Bu, birincilikdən də, istənilən məbləğdə puldan da əhəmiyyətlidir. Mən bundan başqa mükafat gözləmirəm. Nə birincilik, nə də ilk üçlük kimi gözləntim var.

- Onluğa düşən əsərlərin hansını oxuyubsunuz?

- Heç birini. Bildiyimə görə, o əsərlər hələ çap olunmayıb. Amma iştirakçıların arasında şəxsən və imzasını tanıdığım adamlar var, Nəriman, Etimad... “Onluq”da təmsil olunan imzalar arasında ən gənci (əvəz-əvəz kimi çıxmasın), amma ən ümid doğuranı Mirmehdi var. Natiqi uşaq yaşlarımda oxumuşam.

Bununla yanaşı heç tanımadığın yazarlar da var, məsələn, Natella xanım, Aslan bəy, Azər Abdulla. Əlbəttə, bu yaxşı hal deyil və bəlkə də mənim zəif cəhətimdir. Bəlkə onlar da heç məni tanımır. Amma əksəriyyətinin başqa yazılarını oxumuşam...

- 20 ilə yaxındır ki, ədəbi mühitdəsiniz, az qala hamını tanıyırsınız. Sizcə onluğa düşənlərin arasında artıq adam var?

- Mən fikrimi “artıq” sözüylə ifadə etməzdim. Onluğa düşüblərsə, deməli, nə isə var. 6 ekspert kimisə boş yerə seçməz. Yenə təkrar edirəm, oxumadığıma görə, fikir səsləndirmək haqqım yoxdur. Amma başqa yazılarını oxuyub tanıdığım yazıçılardan Nərimanın Onluğa düşməyə haqqı var, Mirmehdinin və s.

- Bəs Paşa Qəlbinur?

- Açığını deyim ki, ekspertlərin seçiminə böyük hörmətlə yanaşsam da, Paşa Qəlbinurun onluğa necə düşməsini anlaya bilmirəm.

- Mətbuat yazır ki, Paşa Qəlbinur və Natiq Rəsulzadə münsiflərə təsir göstəriblər. Düzdür, biz hələlik onları bu məsələyə münasibət bildirmək üçün tapa bilməmişik. Daha doğrusu, bütün səylərimizi ortaya qoysaq da onların istəksiz olmaları nəticəsində cavabsız qalmışıq. Amma hər halda belə bir fakt açıqlanıb. Siz bu haqda nə deyə bilərsiniz?

- Mən də belə bir şey eşitmişəm. Lap deyək ki, Paşa Qəlbinur çox nəhəng bir yazıçıdır və insan seçimin subyektiv olmasını nəzərə alıb işini bəri başdan ehtiyatlı tutmaq istəyir. Ancaq yaradıcılığı bir kənara qoyaq, insani keyfiyyətlər baxımından bir insan necə qüruruna sığışdırıb deyə bilər ki, məni birinci edin? Onda gərək zərrəcə qürurun olmasın...

Hətta bir tanışım var, köhnə düşüncəli birisidir və münsiflərin arasında da çoxlu tanışları var. Bir dəfə mənə dedi ki, bəlkə səni tapşırtdırım. Dedim, qətiyyən olmaz, sən nə isə deyərsən, elə bilərlər arğac məndən keçib.

- Kim mükafat alsa deyərsiniz ki, obyektiv olmadı, yaxud da obyektiv oldu? Məsələn, Mirmehdi deyir ki, Paşa Qəlbinur və Natiq Rəsulzadə alsa obyektiv olmayacaq...

- Natiq rusca yazır, məncə MKM-ə rusca əsər təqdim etmək düzgün deyil. Rus dillilər üçün ayrıca müsabiqə keçirilə bilərdi. Hətta buna da gərək yoxdu – qoy rusca yazanlar kitablarını Rusiya kitab müsabiqələrinə göndərsinlər. Yəqin Nigar xanım gələcəkdə bunu nəzərə alacaq. Paşa Qəlbinurun da indiyə qədər şeirlərini oxumuşam. Kəramətinə bələdəm. Açığı, yenə deyirəm, onun onluğa düşməsi məni şok elədi. O alsa, obyektiv olmaz...

- Bəs Natiq Rəsulzadə?

- Uşaqlıqda oxumuşam, o yaşımın təəssüratı ilə normal sayıram. Rəşad da Natiq Rəsulzadəni qalib seçdiyinə görə, bir az paradoks yaranır. Görünür, mənim uşaqlıq zövqüm Rəşad bəyin indiki zövqüylə üst-üstə düşür. Uşaqlıq zövqümün xətrinə Natiq bəyin yer tutmasına da, mənfi reaksiya bildirmərəm. Amma bütövlükdə rusdilli kitabın yer tutması biabırçılıq olardı.

- Bəziləri rusca yazan yazıçılara Milli Kitab Mükafatının verilməsini doğru saymır.

- Bayaq bu haqda bir az danışdıq. Məncə, Azərbaycandan rusca yazmaq bütün hallarda rus ədəbiyyatı yaratmaqdır. Düzdür, Natiq Rəsulzadə deyir ki, mən Maştağadan yazmışam. Amma nə olsun ki?! Bir rus yazıçı da Maştağadan yaza bilər. Məsələn, Çingiz Aytmatov rus ədəbiyyatı yaradıb, Nizami fars. Çünki o dillərdə yazıblar. Azərbaycandan yazmaq hələ Azərbaycan ədəbiyyatı yaratmaq deyil. Olsa-olsa Azərbaycanı yarada bilər. Nəsrin dil faktı olmasını isə kimsə dana bilməz.

- İyirmilik və onluq açıqlananda tədbirə gəlməmişdiniz. Təqdimata necə, gələcəksiniz?

- Düzünü deyim, indidən gəlməyə halım yoxdur. Bir də ki baxır tədbirdən sonra əsas tədbirin olub-olmayacağına...


Vüqar Qurdqanlı
# 1346 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #