Gizli düşmənlərim, dayanıqlı dostlarım...

Gizli düşmənlərim, dayanıqlı dostlarım...
29 oktyabr 2012
# 08:00
Puçolma

Həyatın tədrici puçolma prosesi olması şübhəsizdir. Lakin prosesin faciəli kulminasiyasına çevrilən həyat zərbələri, xaricdən endirilən (ya da xaricdən endirilməsini zənn edirik) dəhşətli, gözlənilməz zərbələr, - hansıları ki xatırlayırsan, hansıların ki ayağına bütün uğursuzluqlarını yazırsan, hansılarla ki zəif dəqiqələrində dostlarınla bölüşürsən, - bu zərbələr və onların sonucları birdən-birə dərk edilmir.

Daxildən dəyən zərbələr də olur, onları, artıq heç nəyi düzəltmək mümkün olmayanda və hansısa qətiyyətlə artıq əvvəlki adam olmadığını anlayanda hiss edirsən. Birinci qəbildən olan puçolma sürətlə gedir, ikincisisə yerini gizlicə rahatlayır, amma onu sonradan, heç gözləmədiyin bir anda dərk edirsən.

Qısa hekayətimə başlamazdan ümumi müşahidəmi qeyd etmək istərdim: ruhun həqiqi mahiyyəti şüurda eyni vaxtda iki bir-birinə zidd ideyanı cəmləmək və bu zaman digər qabiliyyəti – hərəkət edə bilmək qabiliyyətini itirməməklə yoxlanılır. Tutalım, vəziyyətin çıxılmaz olduğunu anlayırsan və digər tərəfdən onu dəyişə bilmək əzmindən geri çəkilmirsən. Bu fəlsəfə mənə hələ cavan yaşlarımdan tanışdır. Məhz həmin dövrdə mümkün olmayan, inanılmaz, bəzən “ağlasığmaz” şeylərin reallığa çevrildiyini gördüm. Əgər nəyəsə qabilsənsə, həyatın axarını öz iradənə tabe etməlisən. Əgər sən ağıldan və çalışqanlıqdan xali deyilsənsə, bu iki məziyyətin səndə necə uyğunlaşmasından asılı olmayaraq, həyatın axarı asanlıqla sənə tabe olacaq.

Uğurlu ədəbiyyatçı olmaq kənardan necə də romantik görünür, kino ulduzlarının şan-şöhrətini ağlının ucundan belə keçirmə, əvəzində müvəffəq olduğun məşhurluq uzun müddət səni tərk etməyəcək; müntəzəm siyasi və ya dini məslək sahiblərinin malik olduğu gücü xəyallarına belə gətirmə, amma əvəzində sən qat-qat sərbəstsən. Seçdiyin sənətdə nail olduqlarından məmnun qalmağı unut getsin, amma şəxsən mən bu peşəni başqası ilə dəyişməzdim.

İyirminci illər sonuna çatırdı, mən özüm artıq otuza doğru irəliləyirdim və cavan yaşlarımdan iki səbəbdən məni tərk etməyən inciklik hissini – birincisi, ona görə ki, kollecimizin futbol komandasında oynaya bilmək üçün həddən artıq ölüvaydım (ya da həddən artıq bacarıqsız), ikincisi, ona görə ki, müharibə dönəmində cəbhəyə, Avropaya gedib çıxa bilmədim, - mənə narahat gecələr boyu layla çalan uşaqsayağı xəyallarım əvəzləmişdi. Bu xəyallar başdan-başa həyata keçiriləcək hansısa qəhrəmanlıqlarla dolu idi. Gündəlik həyatımda qarşılaşdığım ciddi məsələlər sanki öz həllini tapmağa başlamışdı, onların ucbatından sonsuz qayğıların içində itib-batdığımdan daha qlobal çətinliklər üzərində baş sındırmağa gücüm qalmırdı.

On il əvvəl həyat mahiyyətinə görə mənim üçün son dərəcə şəxsi idi. Cəhdlərimin ümidsizliyini və mübarizəni davam etdirmək zərurətini, puçolmanın labüdlüyünü və “uğur əldə etmək” qətiyyətini şüurumda bir arada saxlamaq lazım gəlirdi. Bundan başqa, daha bir münaqişənin öhdəsindən gəlməliydim: şiddətli istəklər məni gələcəyə sürükləyir, eyni zamanda ruhumda keçmişin ölü yükü qalaqlanırdı. Və əgər adi çətinliklərə, - ailə, şəxsi, peşəkar, - əhəmiyyət vermədən yuxarıda sadaladıqlarımı aşa bilsəydim, onda “mən”im əvvəlki tək heçlikdən heçliyə tuşlanmış və sürətli uçuşunu yalnız yer cazibəsinin yarıda qoya biləcəyi ox sayağı uçardı.

Beləcə, on yeddi il keçdi, arada, düz ortada özümə istirahət verdim: avaralandım və nəfəs dərdim; həmişə ağır işlə yüklənirdim, amma bunu sabahlarımı doldura biləcək gözəl bir məşğuliyyət kimi qəbul edirdim. Hə, əlbəttə ki, acılarla baş-başa yaşayırdım, amma yenə də: “Qırx doqquz yaşa qədər hər şey qaydasında olacaq, - özlüyümdə söyləyirdim. – Buna dəqiq əmin ola bilərəm. Mənim kimi həyat sürən birisinəsə bundan artığı heç lazım da deyil”.

Beləcə, özüm üçün əvvəlcədən təyin etdiyim qırx doqquza yaşa on il qalmış artıq puç olduğumu anladım.

Bu, müxtəlif cür baş verir: beynində nəsə imtina edir və onda sənin əvəzinə qərarları başqaları qəbul edir; ya da bədənin nəyəsə uğrayır və onda xəstəxananın steril dünyasına tabe olmaq məcburiyyətində qalırsan və ya əsəblərin iflasa uğrayır. Özünə vurğun olan Uilyam Sibruk (amerikalı mistik, səyahətçi, tədqiqatçı və jurnalist – red.) özünün üzdəniraq kitabında kinosayağı riqqət oyadıcı finala gələrək, cəmiyyətin öhdəsinə hansı şəraitdə keçdiyini təsvir edir. Sən demə, əsəb pozğunluğu onu alkoqolik olmağa təhrik edib. Bu səhifələrin altına imza atan belə bir vəziyyətə düşməyib – həmin dönəmdə o, artıq yarım ildi heç bir spirtli içkidən istifadə etmirdi, hətta pivədən də; amma bununla yanaşı, onun da məhz əsəbləri tarıma çəkilir – həddən artıq tez-tez özündən çıxır, həddən artıq tez-tez ağlayır.

Özü də puçolma fikri (həyatın bizləri hiyləgərcəsinə və müxtəlif cür vurduğunu söylədiyimi xatırlayın) zərbənin bilavasitə təsirilə deyil, dinclik dövründə yaxaladı.

Bu hadisədən az əvvəl məşhur bir həkimin yanında oldum və onun sərt hökmünü dinlədim. Bu görüşdən sonra indi özümü belə təəccübləndirən etinasızlıqla öz əvvəlki həyatıma, işimə-gücümə davam etdim və kitab qəhrəmanlarından fərqli olaraq, yarımçıq qoyacaqlarımın fikrini çəkmədim; gələcək üçün yetərincə təminatım vardı, bir də ki, heç əvvəllər də mənə etibar edilənləri, o cümlədən şəxsi istedadımı o qədər də qısqanclıqla qorumurdum.

Lakin gözlənilmədən özümlə baş-başa qalmağa instinktiv və inadlı ehtiyac yarandı. Qətiyyən heç kimi görmək istəmirdim. Həyatım boyu həddən artıq çox adamla rastlaşmışdım; ünsiyyətə elə də asanlıqla girdiyimi söyləyə bilmərəm, amma digər tərəfdən, qeyri-adi asanlıqla özümü, öz fikirlərimi, öz həyatımı bilavasitə ünsiyyət zamanı xəbər tutduğum ictimai qatların həyatları ilə eyniləşdirirdim. Daima kimisə xilas edir ya da məni xilas edirdilər, və elə gün olurdu ki, tarixçilərə inansaq, Vellinqtonun (Napoleona qalib gəlmiş ingilis generalı – red.) Vaterloda hiss etdiklərini günortayacan yaşamağa macal tapırdım. Mən gizli düşmənlərim, dayanıqlı dostlarım və pərəstişkarlarıma bölünən bir dünyada həyatımı xırdalayırdım.

İndi tamamilə tək olmaq istəyirdim və elə bu səbəbdən gündəlik iş çevrəsindən və qayğıdan uzaqlaşmaq üçün şərait yaratdım.

Bu dönəmin mənim üçün fəna olduğunu söyləyə bilmərəm. Mən getdim və ətrafımdakı adamların sayı azaldı. Mən ifrat yorulmuşdum. İndi istədiyim qədər yataqda uzanıb qala bilərdim, və bunu böyük məmnuniyyətlə edirdim – sutkada iyirmi saat ya yatır, ya da mürgüləyirdim, ayıq fasilələrdə isə özümə fikirləşməyi qadağan edirdim və bunun əvəzində siyahı tuturdum. Yüzlərlə adı kağıza yazır və anındaca cırıb tullayırdım: süvari generalları, futbol komandaları, şəhərlər, məşhur mahnılar, beysbol ulduzları, yaşadığım ünvanlar, həyatımdakı xoşbəxt tarixlər, maraqlarım, başmaqlar, ordudan sonra əynimdə yırtdığım kostyumlar (Sorrentoda aldığım və yağışdan sonra gödələn kostyum, həmçinin illərlə çamadanda gəzdirdiyim, heç vaxt geyinmədiyim ziyafət çəkmələri və ağ yaxalıqlı köynək, - çəkmələrim su buraxırdı, köynəyimsə saralmışdı və ifrat kraxmal ucbatından qatlanmırdı, - bu siyahıya düşmədi). Daha bir siyahı: əyləndiyim qadınlar və nə qabiliyyətləri, nə də mənəvi keyfiyyətlərilə məndən üstün olmadıqları halda mənə xor baxmasına imkan yaratdığım adamlar.

Günlərin birində gözlənilmədən sağaldım.

Və bu haqda mənə xəbər veriləndə zərblə yerə vurulmuş boşqab tək tikələrə bölündüm.

Doğrusu, bu, elə hekayətimin sonudur. Sonra nə etməli olacağım hələ də mənə qaranlıq qalır. Yalnız bircə şey söyləyim: bir saat yatağımda çabalayıb yastığımı diddim və yalnız bundan sonra bir həqiqəti dərk etdim: iki ildir ki, artıq sahib olmadığım ehtiyatlar hesabına yaşayıram və indi həm fiziki, həm də mənəvi cəhətdən boğazacan borcun içindəyəm. Görəsən, bütün bunlarla müqayisədə mənə qaytarılan həyatın elə böyük bir anlamı varmı? Axı əvvəllər mənə seçdiyim yola görə keçirdiyim qürur hissi və həmişəlik öz sərbəstliyimi qoruyub-saxlamaq əminliyim tanış idi.
Onu da anladım ki, nəyisə - bəlkə də daxili hüzur hissini, bəlkə də nəsə başqa bir şeyi, - tutub-saxlamağa cəhd edərkən mən könüllü şəkildə sevdiyim şeylərdən üz döndərmişəm və gündəlik işlər çiyinlərimə ağır bir yük tək çöküb: hətta dişləri təmizləmək, hansısa tanışımla birgə nahar etmək belə. Artıq çoxdan heç kimin və heç nəyin xoşuma gəlmədiyini dərk etdim; sadəcə köhnə vərdişlə, özü də uğursuz şəkildə özümü bütün bunların yalan olduğuna inandırmaq istəyirəm. Onu da qəbul etdim ki, hamıdan çox yaxın saydığım kəslərə olan sevgim cəhddən savayı bir şey deyil və müxtəlif insanlarla - istər naşir, istər tütün dükanının sahibi, istərsə də tanışımın uşağı ilə yalnız bir səbəbdən münasibət saxlayıram. Səbəbsə sadədir. Hələ keçmiş zamanlardan bərk-bərk yadda saxlamışam - belə lazımdır. Elə həmin ay özüm üçün onu da kəşf etdim ki, radio, jurnallardakı reklam, relslərin cırıltısı, şəhərkənarı ölümcül sükut məni dəhşətli dərəcədə qıcıqlandırır və mən mehriban insanlara nifrət edirəm, amma bununla yanaşı, bəlkə də özüm fərqinə belə varmadan qəddarlarla dava etməyə hazıram və mən gecələrə nifrət edirəm, çünki heç cür yuxuya gedə bilmirəm, elə gündüzdən də zəhləm gedir, çünki o, gecəni yaxınlaşdırır. İndi mən sol böyrü üstə yatmağa başlamışdım, çünki azacıq da olsa ürəyimi yora biləcəyim halda hardasa məni təmizləyən və yeni günə güc verən gecə qarabasmalarının xoşbəxt saatını yaxınlaşdıracağımı bilirdim.

Tarazlığımı pozmayacaq tək-tək anlar və insanlar qalmışdı. Orta Qərbdən çıxanların çoxu kimi, milli rəğbət və nifrət hissi mənə uzaqdı; hərçənd Sent-Polda rastlaşdığım xoşagəlimli sarışın skandinaviyalı qızlar gizlində mənə cəzbedici görünürdü: düşdükləri vəziyyətə görə o zamankı “Cəmiyyət”in kandarında qalan bu qızlar öz balaca evlərinin artırmalarında otururdular.

Onlar asan tanışlıq üçün həddən artıq gözəliydilər, amma günəş altında öz yerlərini tapmağı da hələ bacarmırdılar: axı şəhərə təzəcə ayaq basmışdılar və mən tanış olmayacağım o qızların parlayan balaca başlarına bir neçə saniyəlik tamaşa etmək üçün bir neçə məhəllə piyada getdiyimi xatırlayıram. Mən paytaxt sakini kimi danışdım, bu isə indi dəbdə deyil. Söhbətisə ona gətirirəm ki, son zamanlar irlandları və ingilisləri, siyasətçiləri və siyasətdən kənarda qalanları, virciniyalıları, zənciləri (həm nisbətən açıq dərili, həm də lap qaradəliləri), Məşhur Ovçuları, üstəlik mağazalardakı satıcıları, ucdantutma bütün komisyonçuları və bütün yazıçıları (onlardan xüsusən uzaq qaçırdım, çünki başqaları ilə müqayisədə onlar sonsuzadək pislik edə bilərlər) və cəmiyyətin bütün mümkün olan təbəqələrinin nümayəndələrini (ona görə ki, onlar hansısa təbəqəyə aiddir, ya da aid deyil) sadəcə həzm edə bilmirdim.

Amma mənə hansısa dayaq lazımıydı və mən həkimləri sevdim və bir də yetmiş yaşlı, bəzən hətta altmış yaşlı qocalardan xoşlanırdım, yetər ki, üzlərində hansısa müdrik bir ifadə olsun.

Mənim ekrandakı Ketrin Höpbernin (dör dəfə “Oskar” mükafatı almış amerikalı aktrisa – red.) üzündən xoşum gəlirdi, ağzıgöyçəklərin onun haqqında söylədikləri heç vecimə də deyildi. Bir də Merion Hopkinsin (İngiltərədə ən mötəbər heyvan yetişdirmə məntəqəsinin sahibi – red.) və köhnə dostlarımın üzü – yalnız bir şərtlə ki, ildə bir dəfədən çox olmayaraq görüşək və onların əvvəl necə olduqlarını xatırlayım.

İstədiklərini bütünlüklə əldə etməyən hirsli adamın səsi, elə deyilmi? Lakin, uşaqlar, bir şeyi yaxşı yadda saxlayın: məhz bu, puçolmanın şübhə yeri qoymayan bariz əlamətidir.

Deyəsən, mənzərə o qədər də qəşəng alınmadı. Əlbəttə ki, gözəl alınmadı. Amma bundan necə qaçmalı? Onu çərçivəyə salıb, bir yerdən başqa yerə daşıdım, müxtəlif tənqidçilərə göstərdim. Aralarında bir qadın vardı ki, onun həyatının fonunda istənilən həyat sönük çalar alırdı, amma o da təsəlli verməkdən çox məni qınadı. Hərçənd hekayəm artıq sonuna çatıb, gəlin postskriptum kimi onunla söhbətimi də əlavə edim.

- Qulaq asın, - o söylədi (həmin xanım söhbət zamanı tez-tez “qulaq asın” ifadəsinə müraciət edir – məsələ burasındadır ki, o, danışarkən dəm də düşünür, düz sözümdü).

Beləcə: - Qulaq asın, - o söylədi, - niyə özünü yazıq yerinə qoymusunuz? Həyatınızda hər şeyin qaydasında olduğuna özünüzü inandırın, uçqunsa tamam başqa bir yerdə baş verib, tutalım, Böyük kanyonda (Ukraynada nəhəng kanyon – red.).

- Yox, mənim içimdə, - özümü qəhrəman kimi hiss edərək cavab verdim.

- Qulaq asın! Bütün dünya – sizin gördüyünüzdür, onun haqqında fikirləşdiyinizdir. İstəyinizə uyğun olaraq, onu çox böyük də edə bilərsiniz, çox kiçik də. Sizinsə ağlınızdan özünüzü bir heçə çevirmək keçib. Əgər mən puç olsaydım, bütün yer üzü mənimlə birgə dağılardı! Qulaq asın! Dünya siz onu qavradığınıza görə mövcuddur. Onda niyə uçqunun Böyük kanyonda baş verdiyini söyləməyəsiniz ki?

- Gözəlim, deyəsən, Spinozada (Yeni dövr fəlsəfəsinin ən əsas nümayəndələrindən biri – red.) bis sətir belə buraxmayıb.

- Sizin Spinozanızı heç tanımıram da. Amma bilirəm ki... – Və o, keçmişdə üzləşdiyi bütün çətinliklərdən söhbət açdı, özü də bu yaşananlar, dediyinə görə, mənimkilərdən qat-qat faciəli imiş. Amma o yenə də ruhdan düşməyib, hər şeyin öhdəsindən gəlməyə müvəffəq olub.

Qadının söylədikləri mənə toxundu, amma mən asta-asta düşünürəm və bundan başqa, o, danışarkən ağlıma belə bir fikir gəldi: insana xas olan xüsusiyyətlər arasında ən çətin aşılananı həyatsevərlikdir. Enerjin öz-özünə aşıb-daşanda onunla bölüşməyin gəlir, amma sən demə, həyatsevərlik heç vaxt “aşılanmır”. O, ya var, ya da yoxdur – elə lap sağlamlıq, dürüstlük, açıq qəhvəyi gözlər, ya da bariton (vokal kişi səsi – red.) kimi.

Hətta o qadından öz həyatsevərliyindən kiçik bir pay bağışlamasını belə xahiş edə bilərdim, özü də bu zaman qoy onu səliqəylə büküb, necə istifadə etmək qaydalarını da öyrətsin, lakin bunun heç bir xeyri olmayacaqdı – qoy mən bir küncə sıxılıb özümə yazığım gələ-gələ, inildəyə-inildəyə düz bir ay gözləyim, xeyri olmayacaqdı. Və mən yalnız sakitcə onun yanından ötüb-keçə bilərdim – sanki boşqab qırıntılarını daşıyırmış kimi ehtiyatla, kədər dünyasına addımlaya-addımlaya. Orda mən bu köhnə dünyada tapa bildiyim şeylərdən inşa etdiyim evimi görməyi öyrənmişdim. Və gedərkən səssiz-səmirsiz özümü xatırlatdım:

“Siz yerin duzusunuz. Əgər duz gücünü itirərsə, onu nəylə duzlu etmək olar ki?” (Matfeydən, 5, 13.)

Çevirdi: Kifayət Haqverdiyeva
# 1719 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #