Gözlərin bütün gözlərin müəlliməsi idi

Gözlərin bütün  gözlərin müəlliməsi idi
10 oktyabr 2012
# 10:51
Kulis.az Qafqazinfo saytına istinadən Aqşin Yeniseyin "Qapqaraciyərin sevgisi " şeirini təqdim edir:

Bədəninə toxunduqca kədərlənirəm,
Kədərlənirəm ki, bu gözəllik bir gün həyatda olmayacaq.
Öləcəyəmsə, bu gözəlliyin yerini Tanrıdan soruşmaq üçün öləcəyəm.
Tanrıya – insanı palçıqdan, sevgini ayrılıqdan,
Ayrılığı ölümdən yaratmış bu tanrısıza sübut etmək istəyirəm ki,
Səni tapmaqdan ötrü, yoxa çıxmaqdan belə qorxmuram.
Yaşayıb səni itirməkdənsə,
Ölüb səni tapmaqdı sevgi - mənim üçün.
Mən Tanrının yox, sənin yoxluğunun ateistiyəm.
Gözlərin bütün qadınların gözlərinin müəlliməsi idi
İnsana necə baxmağı öyrədirdi.
Əllərin uzaqlaşmaq dərsi keçirdi.

Çünki biz
insanlardan uzaqlaşa-uzaqlaşa yaxınlaşmışdıq bir-birimizə.
Səni hamını itirdiyim yerdə tapmışdım, doktor.
Bundan sonra başqasını sevsən də sevinəcəyəm
Biləcəyəm ki, o da mənəm.

Amma sən
bu boyda gözləri necə, kimin arxasında gizlədəcəksən,
Hardan tapacaqsan o nəhəngi?
Danışdıqca ağlamağım gəlir,
Ağladıqca susmağım
Susduqca yoxa çıxmağım gəlir, doktor.
Bax, yenə də ağrıyıram
Saatımın əqrəbi sol qolumu sancıb!
Zamanın zəhərini qatıb qanıma.
Bir insan ört üstümə, tənhalıqdan üşüyürəm
Bax, əlçatmaz ağacların başında mürgüləyən külək əsməyə başladı yenə
Gecənin qaranlığından ağappaq qar yağdı
Üşüdük və göylər yenə sübut etdi ki,
Sevəndə qaranlıq da ağappaqdı.
Doktor, hər qadın Həvvanın uzaq qohumudu
Hər kişi Adəmin yaxın dostudu.
Alma ağacı görəndə iyrənirəm
Çünki bu ağacın əcdadı
Qadının cənnətdə yediyi
Qadağan olunmuş meyvənin
Mədəsində gətirdiyi toxumudu.
Gülü ağac olmaq arzusu soldurur
Bizi Tanrı olmaq iddiası öldürür.
Ağaclar Tanrının özünə bağışladığı nəhəng güllərdi.
Vaxt vardı, ümidsizliyim də
mənə yaşamaq üçün ümid verərdi.
Doktor, geri dönmək, yenidən gil, palçıq olmaq istəmirəm
Məni elə sev ki, yenidən palçıq yox,
biryolluq yox olum.

Aç qolundakı saatı, doktor, gözəlliyini zamana qısqanıram.
Biz ayrı-ayrılıqda o qədər xoşbəxtik ki,
Bir yerdə olanda bir az da bədbəxt olmaq istəyirik.
Doktor, məni unutsan, elə unut ki,
Səndən sonra heç kimin yadına düşməyim.
# 2134 dəfə oxunub

Oxşar xəbərlər

Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

17:30 28 aprel 2025
Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

09:00 28 aprel 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə... - Cavanşir Yusifli

Tənqidçi sadə söz adamıdır, başqa heç nə... - Cavanşir Yusifli

11:00 27 aprel 2025
Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

14:00 26 aprel 2025
Məmməd Orucla bir gün... - VİDEO

Məmməd Orucla bir gün... - VİDEO

09:40 23 aprel 2025
“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

16:40 16 aprel 2025
#
#
# # #