Yazıçılar Birliyinin üzvündən sərt ittihamlar

Yazıçılar Birliyinin üzvündən sərt ittihamlar
20 aprel 2011
# 10:23
““Ədəbiyyat” adında ədəbi qəzet tanımıram”

“Ədəbiyyatçıların düşüncələrində xəstəlik var”

Azərbaycan mətbuatında ədəbi və mədəni mövzularda mütəmadi yazılar, müsahibələr, araşdırmalar dərc olunur. Kulis. az bunlardan ən maraqlılarını, polemika yaradacaq nümunələri oxucularına təqdim edəcək. Bu müsahibə də “Xalq Cəbhəsi” qəzetində dərc olunub.

Biz bu “iddialı” gəncin müsahibəsini sadcəə təqdim edirik. Nəticə çıxarmaq Sizlikdi…

Dosye: Vüsal Nuru 1981-ci ildə Ağdamda doğulub. Orta məktəbin son illərindən şeirlər yazıb, rəsmlər çəkib. 2007-ci ildə ilk şeir və hekayələr kitabı "Yağış damlasıyam" adı ilə çap olunub. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Yerli mətbuatda müntəzəm olaraq köşə yazıları, şeirləri və hekayələri ilə çıxış edir. 2009-cu ildən Prezident təqaüdçüsüdür. 2010-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.

- Vüsal, təzə nə yazırsan?

- Yenicə yazdığım "Eybəcərlər adası" romanımı "Qanun" nəşriyyatına vermişəm. Bu yaxınlarda işıq üzü görəcək. Səbrsizliklə onun çap olunmasını gözləyirəm.

- Sən də qoşuldun roman yazanların sırasına?

- Bu mənim sayca ikinci romanımdır. Sadəcə birinci romanıma bir az mövzu, bir az da sujet baxımından təkrar baxdım və düşündüm ki, hələ bunu nəşrə vermək tezdir. Ona görə də ikinci romanımı nəşrə hazırlamağa qərar verdim. Amma təkcə bununla kifayətlənmirəm, şeirlərim ədəbiyyat saytlarında, qəzet və jurnallarda dərc olunur. Mən bu romanda illərdir görmək istədiyim romanı görmək istəyirdim, ona görə də durmadan axtarışda idim. Arayıb axtarırdım, yeni-yeni romanlar oxuyurdum. Sonra özümü köklədim və "Eybəcərlər adası" romanını qələmə aldım. Bu roman küçə həyatından bəhs edir, küçədə yaşayan insanların həyatından. Bizim hər birimizin yanından iyrənərək keçdiyimiz insanların həyat tərzini bizə təqdim edir. Bu həmin insanlardır ki, biz o insanlara baxanda onlara ikrah hissi ilə yanaşır və onları özümüzdən aşağı hesab edirik. Mən bu əsəri yazarkən demək olar ki, bir ay o insanlarla bərabər yaşadım, onların həyatı ilə yaxından tanış oldum. Bir yerdə gəzdik, oturub çörək yedik, gecəni onlarla bərabər keçirdim. Və bir şeyi özüm üçün dərk elədim ki, əsl insanın nə olduğunu, insanlığın nə olduğunu anlamaq üçün mütləq onların həyatına "bomj"ların pəncərəsindən baxmaq lazımdır.

- Səncə, bu romanı "underground roman" hesab etmək olar?

- Bilmirəm, nə hesab etmək olar. Amma mənə elə gəlir ki, bu roman birbaşa insanlığın tərifidir. Bu roman eyni zamanda insanı əhatə edir özlüyündə. İnsan qarşısındakı insanın zahiri görünüşünə, paltarına və digər xüsusiyyətlərinə baxıb ona qiymət verir, amma bu belə olmamalıdır. Əslində insanlıq onun şüurunda, beynində, düşüncəsində, təfəkküründə və dünyagörüşündə olmalıdır.

- Bir insanı geyiminə, yaxud da zahiri görünüşünə görə qəbul etmək, ya da həmin insanı özündən uzaqlaşdırmaq doğrudurmu?

- Qətiyyən! Bu doğru deyil. Mən elə məhz bu halların doğru olmadığını sübut etmək üçün romanı qələmə aldım. İnsan insana yediyi yeməyə, geydiyi geyimə və s. bu kimi zahiri görünüşlərinə görə diqqət etməməlidir. Biz hamımız insanıq və bir-birimizi sevmək bizim ən ümdə borcumuzdur. Qətiyyən zahiri parıltılara görə insan insana dəyər verməməlidir.

- Belə çıxır ki, bu roman sənin etirazındır?!....

- Belə, mən bunu iddia edirəm ki, bu roman sənin, mənim və bütövlükdə bizim cəmiyyətə, cəmiyyətdə olan stereotiplərə etirazımızdır.

- Səncə, cəmiyyətdə illərdən, əsrlərdən bəridir oturuşmuş bu stereotiplər dəyişəcək?

- Mən bu romandan əldə etdiyim təcrübədən danışım. Bu romanı bitirdikdən sonra oxumaq üçün zövqünə inandığım ətrafdakı insanlara verdim. Romanı oxuyub bitirdikdən sonra onların küçədə yaşayan insanlarla bağlı düşüncələrinin tamamən dəyişdiyini gördüm. Yəni artıq onlar bu insanlardan iyrənməməyə başlamış, sadəcə həmin insanlara acımaqla kifayətlənməmişdilər. Yəni onlar bu insanların, yersiz-yurdsuz bu səfillərin niyə bu səviyyəyə gəlib düşdükləri ilə maraqlanırdılar. Əslində heç kim öz isti ev-eşiyini qoyub gəlib küçədə, bayırda yatmaz, buralarda yaşamaz. "Azərbaycan" nəşriyyatının qarşısında dayanan İlyas Ərnəfəsi götürək. İlyas Ərnəfəs doxsanıncı illər Azərbaycan ədəbiyyatında özünəməxsus imzalardan biri olub. Amma müəyyən səbəblər, müəyyən təsirlər nəticəsində gəlib o vəziyyətə düşüb. Nəşriyyatdan bir az aşağıda Mühü adında bir jurnalist var, çox unikal bir təfəkkürə sahib insandır. Amma gəlin görək neçəmiz o insanın o vəziyyətə gəlib düşmə səbəblərini araşdırmışıq? Yəqin ki, çox azımız! Mən elə düşünürəm ki, hər bir insanın ətrafında baş verən hadisələrə bir etiraz forması var. Onun da etiraz forması məhz odur. Bir şəhərdə yaşayan səfilin ən gözəl şeirlərini oxuya bilərəm. Mən bu şeirlərə qulaq asmışam və bu gün də həmin şeirlərin təsirindəyəm. Mənim bu romandakı obrazım da kənddən şəhərə gəlib işlərini, həyatını qura bilməyən bir cavandır. Bu gəncin buralara gəlib düşməsinin bəlkə də ən böyük səbəbi onun tapdığı iş olur. Bu gənc həddindən artıq titiz olmağına baxmayaraq işdə onu məcbur edirlər ki, meyid daşısın. Nətiədə isə iyrənclik xəstəliyinə düçar olur və küçələrdə yaşamağa başlayır. Həmin qəhrəmanımın gözü ilə küçələrdə baş verən reallıqları təsvir etməyə çalışmışam.

- İnsan vizuallığın arxasını görməlidir deyirsən, amma cəmiyyətimiz buna hazırdırmı?

- Bu, məncə insan psixologiyasıdır. İnsanımız, cəmiyyətimiz buna nə bu gün hazırdır, nə də sabah hazır olacaq. Mən iddia edə bilmərəm ki, bu mənim bir romanımla düzələcək. Düzəlmiş olsaydı, gərək onda dahi Tolstoyun "Hərb və sülh" romanından sonra yer üzündə müharibələr olmayaydı. Amma məncə hər bir qələm adamı, hər bir incəsənət adamı istəməli, eyni zamanda səy göstərməlidir ki, insana sadəcə və sadəcə insanı sevmək qalsın. Yazarlar vizuallığın arxasını görməyi bacardıqları üçün cəmiyyətə müəyyən mesajlar verməyə çalışırlar.

- Bəlkə elə ona görə bədbəxt olurlar?

- Tamamilə doğrudur. Elə ona görə də həmişə yazarlar, incəsənət adamları arxa plandadılar. Onları biz lüks həyatda, bahalı evlərdə, maşınlarda görə bilmərik. Bu mümkün deyil. Çünki aşağıda olanda yuxarılar daha möhtəşəm görünür.

- Bəlkə qələm və incəsənət adamları yuxarıdan aşağı baxsın cəmiyyətə?

- Yox, çünki yuxarıdan hər şey balaca, hər şey cılız görünür. O zaman ona mikroskop lazım olacaq. Amma aşağıdan yuxarı baxanda ona mikroskop lazım deyil. O, həyatı necə varsa eləcə, yəni gördüyü kimi təsvir edəcək.

- Vüsal Nurunun fikrincə, bu gün Azərbaycan ədəbiyyatı hansı səviyyədədir?

- Televiziyada çıxış edən ədəbiyyatçılarımızın hərəsinin ağzından bir avaz gəlir: biri deyir roman epidemiyası yaranıb, biri deyir gənclər özlərini ifadə edə bilmirlər deyə əllərinə qələm götürüb qısa-qısa cümlələr yazıb onu şeir adlandırırlar. Hərə bunu bir cür izah edir, ancaq mən düşünürəm ki, bunların özlərinin düşüncələrində bir xəstəlik var. Bir adam özünü ifadə edirsə, bir adam yazırsa, bunun nəyi pisdir axı? Bu adam pis bir işlə məşğul olmur ki?! Yazır da, əgər bunu o yazmaq xoşbəxt edirsə niyə yazmasın? Zəif yazırsa, bunu zamanın öhdəsinə buraxmaq lazımdır. Qoy zaman özü onu cilalasın. Ümumiyyətlə, yazar da, yazı da öz taleyini yaşayır. Müasir Azərbaycan ədəbiyyatına gəldikdə isə, hesab edirəm ki, ədəbiyyatımız bu gün artıq şose yola çıxıb və ciddi-cəhdlə irəliyə doğru addımlayır.

- Son vaxtlar kimi oxuyursan?

- Azərbaycan ədəbiyyatında hadisə sayıla biləcək və sayılmayacaq, istər ədəbiyyat saytlarında, istərsə də ədəbi orqanlarda dərc olunan bütün yazıları oxuyuram. Oxumaq mənim üçün bir qidadır və mən bundan zövq alıram. Eyni zamanda izləmək hər birimizin borcudur. Mən də öz borcumu yerinə yetirirəm.

- Bəyəndiklərin çox olur, yoxsa bəyənmədiklərin?

- Ümumiyyətlə, bəyənmədiyim bir əsər yoxdur. Mən bir az fərqli aspektdən yanaşıram hadisələrə. Mən ən zəif əsəri də bəyənirəm. Ən zəif əsərin içində də bir hiss var. Ən zəif əsər belə insanı yerindən oynada bilər. Bax, mən o insanı yerindən oynada bilən hissi sevirəm.

- AYB ətrafında gedən proseslərə münasibətini bilmək maraqlıdır...

- Bu sadəcə gülməlidir. Tutaq ki, AYO deyir ki, Anar AYB-nin sədri olmamalıdır. Adama belə bir sual verərlər: sənin nəyinə lazımdı ki, AYB-də sədr kim olacaq? Sən Yazıçılar Birliyinin üzvü deyilsən, sənin bu quruma dəxlin yoxdu və sən hansı haqqla nəyisə iddia edə bilərsən? Sənin görünüşdə bundan heç bir umacağın yoxdu axı. Varsa, açıq bir şəkildə iddianı ortaya qoy, gəl AYB-in sıralarında ol və mübarizəni bu şəkildə apar. Məncə bu çox gülünc bir haldır.

- Hazırda AYB-nin öz içində də bir etiraz dalğası var axı. Konkret "Ədəbiyyat" qəzetinin ətrafında gedən oyunlar...

- Keçən dəfə sənin apardığın sorğuda da mən demişdim ki, "Ədəbiyyat" qəzeti adında bir ədəbi qəzet tanımıram...

- Sən necə bu qəzeti tanımaya bilərsən ki, bu qəzetin təsisçisi olan qurumun üzvüsən...

- Bəli, mən AYB-nin üzvüyəm və AYB-nin üzvü olaraq "Ədəbiyyat" qəzetinin varlığına və bu şəkildə işıq üzü görməsinə etiraz edirəm... "Ədəbiyyat" qəzeti Azərbaycan mətbuatında ən tipik monopolik qəzetdir. O qəzetdən nə heç nə ummuram, nə də heç nə gözləmirəm.

- İndi durub desəm ki, yadında qalan şeirdən bir bənd de....

- Kimdən?

- Fərqi yoxdu...

- Mən qərib, didərgin, kimsəsiz ruham,
Göylərdə bilinməz qəbrim var mənim.
Ölsəm tabutumu mələklər tutar,
Yasımı Allahlar saxlayar mənim.

- Kimindir bu bənd?

- Şair Rüstəm Behrudinin.

- Haşa, Allahın işi-gücü qurtarıb Rüstəm Behrudinin yasını saxlasın?!...

- Allah təkcə Rüstəm Behrudinin yasını saxlamır, Allah bütün qərib, didərgin, kimsəsiz ruhların yasını saxlayır....
# 2058 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #