Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında ADU-nun rektoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik, Xalq yazıçısı Kamal Abdullanın həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.
Kulis.az xəbər verir ki, alimin 75 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən "Elm" nəşriyyatında çap edilib.
Nəşrdə Kamal Abdullanın elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri, elmi və bədii əsərləri, tərcümələri, rəhbərlik etdiyi layihələr haqqında yazılar və digər çoxsaylı fəaliyyət sahələri sistemli şəkildə toplanmışdır.
Kitabın ilk səhifələrində Ulu öndər Heydər Əliyevin 9 dekabr, 1999-cu ildə Azərbaycan alimlərinə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin K.M.Abdullayevin “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilməsi haqqında Sərəncamları yer alıb. Bu sənədlər görkəmli alim Kamal Abdullanın elmi-pedaqoji və ictimai fəaliyyətinə verilən yüksək dövlət qiymətinin bariz nümunəsidir.
Nəşrdə Kamal Abdullanın həyat və yaradıcılığının müxtəlif mərhələlərini əks etdirən məqalə və resenziyalar, müsahibələr, elmi-pedaqoji fəaliyyəti ilə bağlı materiallar öz əksini tapıb.
Kitabda həmçinin görkəmli italyan yazıçısı, filosofu və alimi Umberto Ekonun, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayevin, görkəmli şərqşünas, mədəniyyətşünas, Florensiya Universitetinin professoru Franko Kardininin, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun, görkəmli Türk şairi Oljas Süleymenov və digər tanınmış ziyalıların, elm xadimlərinin akademik Kamal Abdulla haqqında düşüncələri yer alıb.
Biblioqrafik göstəricidə alimin Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, folklorşünaslıq və türkologiya sahələrində apardığı araşdırmalar, eləcə də ali təhsil sahəsindəki fəaliyyəti haqqında geniş məlumat verilir. Onun uzun illər ərzində müxtəlif elmi və ictimai layihələrdə iştirakı, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr və Azərbaycan elminin dünyada tanıdılması istiqamətində gördüyü işlər də nəşrdə sistemli şəkildə təqdim olunur.
Nəşrin ayrı-ayrı bölmələrində Kamal Abdullanın müəllifi olduğu kitabların, elmi məqalələrin, bədii əsərlərin, tərcümələrin və müxtəlif illərdə rəhbərlik etdiyi layihələrin biblioqrafik təsviri yer alıb. Bu baxımdan göstərici alimin çoxşaxəli yaradıcılıq və elmi fəaliyyətinin bütöv mənzərəsini təqdim edən mühüm mənbə kimi diqqət çəkir.
Biblioqrafik göstərici Kamal Abdullanın 75 illik yubileyi münasibətilə onun zəngin elmi və ədəbi irsinin sistemləşdirilməsi, gələcək tədqiqatçılar üçün etibarlı mənbə bazasının yaradılması baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, biblioqrafiyanın əsas hissəsi ənənəvi bölgülərdən fərqli bir strukturda qurulmuşdur. Burada hər ilin altında ayrıca bölmələr təqdim olunur - “Elmi kitab monoqrafiya”, “Məqalə, tezis, esse, ön söz, rəy, elmi söhbətlər”, “Bədii nəşrlər”, “Müsahibələr”, “Elmi redaktorluq”, “Haqqında yazılanlar”, “Mükafatlar və təltiflər”.
Nəşrin elmi redaktorları MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, filologiya elmləri doktoru, dosent Aygül Hacıyevadır. Redaktorlar Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Əmirovadır.
Nəşrin tərtibçisi isə baş biblioqraf Rəna Cavadovadır.