Faiq Ağayev satıcı kimi də özünü sınadı – FOTOLENT

Faiq Ağayev satıcı kimi də özünü sınadı – FOTOLENT
9 aprel 2011
# 19:11
“Müğənni Faiq Ağayev kitab satacaq” başlığı çox cəlbedici görünürdü. Siz “Qızıl şlyager”-i satıcı kimi təsəvvür edirsiniz?
Mən təsəvvürümü işə salmadan yollandım birbaşa “Əli və Nino”ya.
Aksiya saat 15.00-dən 17.00-yə qədər keçirilirdi. Özümü vaxtında çatdıra bildim.
İçəri girəndə Faiq Ağayev pərəstişkarlarının əhatəsində şəkil çəkdirir, satdığı kitabları imzalayırdı. “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli də alıcılarla maraqlanır, onları aksiya haqqında məlumatlandırırdı.
Nigar xanıma yaxınlaşıb özümü təqdim etdim və Kulis.az üçün açıqlama almaq istədiyimi bildirdim. Nigar xanım da çox böyük həvəslə aksiya haqqında danışmağa başladı: “Biz mütəmadi olaraq bu cür aksiyalar keçiririk. Keçən aksiyamızın qonağı Nura Suri idi. Bu dəfə Faiq Ağayev satıcıdır. Məqsədimiz gənclərin kitaba marağını artırmaqdır. Pop ulduzlarının auditoriyası kitabsevərlərin auditoriyasından böyükdür. Faiq Ağayevin də auditoriyası xeyli genişdir. Düşünürəm ki, onun iştirakı kitab satışında artıma yardımçı olacaq”.
Ətrafdakı insanlara işarə vuraraq soruşdum:
- Faiq Ağayevin pərəstişkarları necə iştirak etdilər bəs?

- Onun pərəstişkarları aksiyamızda çox aktiv iştirak etdilər. Faiq Ağayevə də, fanatlarına da buna görə təşəkkürümüzü bildiririk.

- Bəs aksiyadan xəbərsiz olan alıcılar oldu?

- Əlbəttə. Bəziləri gəlib Faiq bəyi satıcı görüb çox təəccübləndilər. Onlara da aksiyamız haqqında məlumat verdik, məqsədimizi açıqladıq. Aksiyaya müsbət reaksiya verdilər.

- Kitab satışı haqda nə deyə bilərsiniz? Əvvəlki günlərdən çoxmu seçildi?

- Gün ərzində 300-ə yaxın kitab satıldı. Sevindirici haldır. Məqsədimiz daha çox pul qazanmaq deyil, daha çox kitab almağı, oxumağı sevdirməkdir. Faiq Ağayevi təsadüfən seçməmişik. O, səhnəmizin ən intellektual və mütaliəli müğənnilərindəndir. Aksiyamızda bu faktoru da nəzərimizdən qaçırmamışıq.

- Bəs ən çox hansı kitablar satıldı?

- Faiq bəyin özü Çingiz Abdullayevin əsərlərini çox sevir. Elə bu gün də pərəstişkarları, onu sevənlər daha çox onun əsərlərini aldılar.

Nigar xanımdan Faiq Ağayevdən də kiçik bir müsahibə almaq istədiyimi söylədim. Faiq bəyi fanatlarından bir neçə dəqiqəlik ayırmalı oldum. Kitab satmaqdan, sevənlərinin əhatəsində olmaqdan zövq aldığı, türklər demiş, hər halından bəlli idi. Çox gümrah, həvəsli, enerjili...

- Faiq bəy, aksiya necə keçir? Pərəstişkarlarınızın, digər alıcıların iştirakı qane edir sizi?

- Aksiyamızda həm mənim fanatlarım, həm də kitab fanatları iştirak etdi. Bir növ müştərək bir aksiya reallaşdırmış olduq. Kitab oxuyan insan daxilən zəngin olur. Gənclərin diqqətini kitaba yönəltmək, kitaba maraqlarının artmasına nail olmaq böyük işdir. Çox istərdim, hər kəs kitab oxusun. Hərdən elə kitablar olur ki, insanın bütün həyatını dəyişir, insanın dünya görüşünü artırır. İştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm.

- Kitab sferasında nə kimi dəyişiklər görürsünüz?

- İlk növbədə, oxucularımızın Azərbaycan ədəbiyyatına marağı məni sevindirir. Bir zamanlar ədəbiyyatımızda böyük bir durğunluq yaşanırdı. Nəşriyyat evləri yalnız jurnal və qəzetlər çap edirdi. Kitab çapı xeyli azalmışdı. Ancaq indi yeni kitablar, yeni yazıçılar görürəm. Çox sevindiricidir.

- Yeni çıxan kitablardan, yəni ən yeni ədəbiyyatdan kimləri oxumusuz?

- Bu gün Qaraqanın yeni bir kitabını aldım. Əvvəl də “A” əsərini oxumuşdum. Bu gün başqa bir kitabı da aldım. Bu, Rəna Yüzbaşının “Skinxetlər” əsəridir. Kitab bolluğunu hiss edirəm. MKM-in də bunda böyük rolu olduğunu vurğulamalıyam.

- MKM haqda nə deyə bilərsiniz? Bəlkə favoritləriniz var?

- Çox dərindən izləyirəm desəm, yalan olar. Amma prosesi kənardan izləyirəm. Ədəbiyyatımız üçün çox dəyərli müsabiqədir. Onluğa düşmüş yazıçılarımızın hamısına uğurlar diləyirəm!

Faiq bəyə təşəkkürümü bildirib, aldığım kitabı da imzaladıb, “Əli və Nino”nu tərk etdim. Ağlımda “görəsən, bu aksiya kimdəsə kitaba maraq oyadacaq?” sualı ilə gəzə-gəzə evə yollandım...

Günel Əsgərzadə
# 1894 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #