Dilsuzdan 30 il sonra yeni hekayə

Dilsuzdan 30 il sonra yeni hekayə
4 oktyabr 2014
# 07:30

Kulis.Az məşhur “Yol” povestindən sonra əsərləri heç yerdə yayımlanmayan yazıçı Dilsuzun “Mobil telefon” adlı yeni hekayəsini təqdim edir.

Mobil telefon

(Tragikomik və bir az da fantasmaqorik hekayə)

“Mobil telefon” hekayəsinin müəllifinə

Sənubər xanım mobil telefonunun ekranına baxan kimi zəng edənin kim olduğunu bildi: Təranə idi, baldızı. Könülsüz-könülsüz yaşıl düyməni basdı:

- Eşidirəm... Hə... mənəm... Səsim dəyişib?... Dəyişər də... Bu boyda müsibətdən sonra... Necə nə olub? Xəbərin yoxdu? Qardaşın rəhmətə gedib... Cəlil yox, Teymur... Hə də, böyük dura-dura, kiçik... Ölüm yaşa baxmır ki... Bu səhər - tezdən... sən hardasan? Dubayda? Belə de... Qələndər də gözümə dəymədi... Nə? Pis eşidirsən? Deyirəm ərin – Qələndər, Qələndər... gözümə dəymədi... O da Dubaydadı? Ay maşallah... Necə olub?... Az, heç nə, səki mən bəxtəvər olmamış hazırlaşırdım ki, bir-iki mağazaya dəyim, ordan da parikmaxerə gedim, o da qonaq otağında çay içə-içə kasetə baxırdı...

Sənubər xanım birdən səsinin tonunu dəyişdi:

- Bilirsən də qardaşın hansı kasetlərə baxırdı... Bilirsən, yaxşı bilirsən... Mənim ağzımı açdırma... Özünə təzə katibə götürmüşdü... Köhnəni? Köhnəni çıxartmışdı. Nəyə görə? Nə bilim, guya, çox tıxıb, kökəlib – otuz qram. Yaxşı də, olmasın otuz qram, olsun üç yüz qram, on dəfə çox. Axır ki, konfiqurasiyası pozulubmuş – standarta uyğun gəlmirmiş... Təzə gözəlçəsinincə güdazına getdi, özünü də bədbəxt elədi, bizi də... Nə bilim nə axtarırmış kasetdə, günortaya... Elə baxdığı yerdə televizor birdən xarab olub, kişinin oğlunun hövsələsi çatmayıb usta çağırmağa... Şnuru qurdalayanda tok vurub... Hə, elə indi dəfn eləyib gəliblər...Kimlər? Cəlil – qardaşın, Gündüz – o kənddən olan qohumunuz, Kamil – sən tanıyarsan – uşaqlıq dostu, Təbriz – kürəkənimiz, bir də qonum-qonşu... Siz yəqin ki, üçünə gələrsiniz... Yox? Yeddisi gələn ayın 5-də olacaq. Ona da gələ bilməyəcəksiniz? Ta mənim başım şişib, qırxı nə vaxta düşür, özün hesabla... İmkanın olar, gələrsən... İstehza ilə niyə danışıram? Qardaş sənindi... Gəlirsən gəl, gəlmirsən gəlmə... Nə? Başa düşmədim... Şirkətin müəssisələrindən üçü sənindir? Teymur bu barədə mənə heç nə deməyib... Müqavilən var? Necə yəni qardaşla bacı arasında nə müqavilə? Az, sən hansı zəmanədə yaşayırsan? Qulaq as, qışqırma, mən sənə heç nə verən deyiləm! Artıq Teymur yoxdur, başa düşürsən? Mən dul qadınam, öhdəmdə də bir çətən külfət. Necə? Bir qızım var? Bəs, nəvəm, kürəkənim? Onları saymırsan? Sən Allah, məndən əl çək, qoy yasımı yola verim...

Sənubər xanım qırmızı düyməni hirslə basdı:

- Buna deyiblər e, keçi can hayındadı, qəssab piy axtarır... – O, sözünə bir qədər ara verdikdən sonra, havalanmış adam kimi qıy vurdu: - Budur e, ölən kimi başladılar malını-mülkünü pardaxlamağa!..

Təbrizin gözləri az qaldı hədəqəsindən çıxsın:

- Ay mə... Üç müəssisə... Heç bilirsən bu nə qədər pul eləyir?

Sənubər xanım səsini qaldırdı:

- O pulların hesabına oturub da Dubayda. Oteldə bir nömrə iki min yevrodu. Özü, əri, uşaqları... Bir ayda gör hara vurub çıxır... Hələ o biri xərcləri demirəm...

Təbriz başını buladı!

- Ay mə, Allah qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun, amma yeri gəlib, deyəcəyəm: bir maşın vardı, gözüm düşmüşdü, cəmi-cümlətanı ikicə yüz min manata, nə qədər yalvardım-yaxardım, almadı, dedi qəpiyim də yoxdu.

Sənubər xanım hikkəsindən boğula-boğula:

- Qoy qırx çıxsın, o maşını sənə alacağam! - dedi.

Sənubər xanım birdən-birə, elə bil, hissə qapılıb, yas qayda-qanunlarına uyğun gəlməyən söz dediyinin fərqinə vardı və peşman oldu:

- Kül mənim ağlıma... O boyda kişi ölüb... Gör nələr danışıram... İndi maşın almaq vaxtıdı?..

Sonra o, mağmın-mağmın, dəfndən qayıdanların üzünə baxdı:

- İnsafsızlar, Teymuru basdırdınız, hə?

Heç kəsdən səs çıxmadı.

Sənubər xanım başını yuxarı qaldırıb, ucadan dedi:

- Onun qəbrinin üstündə elə bir heykəl ucaltdıracağam ki, Eyfel qülləsi kimi, dünyanın hər yerindən görünsün...

Yenə heç kəsdən səs çıxmadı.

Sənubər xanım acı-acı gülümsündü:

- Mənim taleyim kəc gəldi...

Kamil dedi:

- Sənubər xanım, vallah, bu elə böyük dərddi ki, adam heç bilmir nə desin. Amma məsəl var: ölənlə ölmək, qalanla qalmaq olmur. Başınız sağ olsun...

Sənubər xanım kövrəldi:

- Kamil qardaş, haqqınızı halal eləyin. Siz də, Cəlil, Gündüz, Təbriz, haqqınızı halal eləyin. Bu istidə neçə saat qəbirstanlıqda olmusunuz, əziyyət çəkmisiniz...

Kamil dedi:

- Borcumuzdu. Halal xoşu olsun.

Cəlil, Gündüz, Təbriz eyni vaxtda:

- Amin! – dedilər.

Kamil gərginliyin, az da olsa, azadlığını görüb dedi:

- Sənubər xanım, bizdə - bağda ustalar işləyir. Gedim onları yola salım, gəlim.

Sənubər xanımla Gündüz bir-birlərinin üzünə baxdılar.

Sənubər xanım:

- Bir də nə zəhmət çəkirsiniz, – dedi.

Kamil duruxdu:

- Birdən, bir şey lazım oldu...

Gündüz dərhal dilləndi:

- Narahat olmayın, biz burdayıq.

Kamil gedəndən sonra Cəlil sükutu pozdu:

- Gündüzlə Təbriz bir-iki saat mağarda – mollanın yanında otursunlar. Mən də mağazanı bağlayıb gəlim...

Sənubər xanım az qaldı partlasın:

- Məni bu boyda dərdin əlində tək qoyub, hara gedirsən? Yoxsa, bu yasın bacın Təranə kimi sənə də aidiyyəti yoxdu?

Cəlil narazı halda başını buladı:

- Sancmağa bir cansan ha! Dedim ki, gəlirəm. Uzağı yarım saata...

Sonra o, pencəyinin ciblərini qurdaladı:

- Boy... Bəs mənim telefonum hanı? – Stolun üstünə baxdı: - Deyəsən, bayaq bura qoymuşdum axı...

Sənubər xanım mobil telefonunu ona sarı uzatdı:

- Al, zəng et, hardadısa, səsi gələcək.

Cəlil mobil telefonu alıb, zəng etdi:

- Çağırır...

Sənubər xanım təəccübləndi:

- Bəs, səsi niyə gəlmir?.. Bəlkə səssizə qoymusan?

Cəlil başını buladı:

- Yox... Aha, götürdülər... Alo?.. Alo... Kimdi?

Cəlil birdən diksindi. Rəngi ağappaq ağardı, əlləri əsdi. Qorxu və çaşqınlıq içində ətrafındakıların üzünə baxdı.

Sənubər xanım həyəcanla soruşdu:

- Nə olub?.. O kimdi?

Cəlil handan-hana özünə gəlib dedi:

- Teymur...

Sənubər xanım maraqla:

- Hansı Teymur? – dedi.

- Bizim Teymur...

- Sən nə danışırsan? Teymuru indicə dəfn eləyib gəlmirsən?

- Görünür, torpaq bədənindən toku götürüb... Ayılıb...

- Bəs, sənin telefonun onda nə gəzir?

- Yəqin meyiti qəbrə sallayanda, döş cibimdən sürüşüb düşüb...

Elə bu vaxt Sənubər xanımın mobil telefonuna zəng gəldi. Cəlilin gözləri hədəqəsindən çıxdı:

- Odur!

Sənubər xanım qeyri-ixtiyari qışqırdı:

- Açma!.. Açma!..

Telefon bir müddət zəng çalandan sonra susdu. Sənubər xanım yenə qeyri-ixtiyari qışqırdı:

- Söndür, görək nə edirik?

Cəlil telefonu söndürdü. Sonra yavaş səslə dedi:

- Onda, hamı telefonunu söndürsün... Amma...

Sənubər xanım vahimə içində soruşdu:

- Nə amma?

- Deyək ki, biz söndürdük. Bəs o? O ki, zəng eləyəcək... qohum-əqrəbaya, dost-tanışa, işçilərinə...

Sənubər xanım toxtaq səslə dedi:

- Heç kimin nömrəsini əzbər bilmir... Amma indi kimsə sənə zəng eləyə bilər...

Cəlilin qaşları azca yuxarı dartıldı:

- Nömrəni bu gün tezdən almışam... hələ heç kimə də verməmişəm, - dedi.

Sənubər xanım bir-bir hamının üzünə baxandan sonra yavaşdan mızıldandı:

- Cəlil düz deyir: hələlik, telefonlarınızı söndürün, görək bu nə işdi başımıza gəlir... Küçədə-bacada, toyda-yasda məni görən kimi hamı bir-birindən soruşacaq: bu o xortdamış kişinin arvadıdı? Nə dükan, nə parikmaxer, hamısı getdi işinə - daha mən evdən eşiyə cıxa bilmərəm...

Cəlil qaş-qabağını tökdü:

- İşimiz varmış... Gəl indi qəbir sök... Rüsvay olacağıq...

Bayaqdan bəri lal-dinməz dayanan Gündüz axır ki, dilləndi:

- Elə bu qalmışdı ki, qonşu kəndlər adımızı “Xortdamışlar” qoysunlar...

Təbriz ümumi əhval-ruhiyyəyə uyğun tərzdə dedi:

- Ay mə, Əmir Teymurun qəbrini açan kimi müharibə başlayıb. İndi...

Sənubər xanım onun sözünü kəsdi:

- Əşi, o, Əmir Teymurdu, bu...

Təbriz imkan vermədi ki, Sənubər xanım fikrini tamamlasın:

- Nə fərqi var, ay mə, ya əmir, ya biznesmen, Teymur Teymurdur...Vallah, xatası çıxar...

Birdən Teymurla Sənubər xanımın yeganə övladı Afət balaca cuppuşunu – Sevanı (əsil adı Sevda idi) bağrına basıb hıçqırdı:

- Ay mə, sən gördün ki, Seva babasının tabutunu qucaqlayıb necə ağlayırdı. İndi bilsə ki, o dirilib, psixikası elə korlanar, nə həkim, nə də dava-dərman kömək edər, hamımız bədbəxt olarıq. – Sonra əlavə elədi: – Elə belə götürəndə, yazıq uşağa bir babalıq da eləməyib...

Cəlil mızıldandı:

- Kimə nə eləyib ki, ona da nə eləsin?

Afət doluxsundu:

- Ad günündə Allahın bir oyuncağını da almadı...

- Sənubər xanım hikkəsindən az qaldı boğulsun:

- Simic idi... çox simic idi... Üç-beş qəpiyin də söz-söhbətini eləyirdi mənimlə: kartofu niyə baha almısan, soğan neçəyədi?... Çolaq Məmişin arvadı ördək kimi, Finlandiyanın bu gölündən vurub, o biri gölündən çıxır... Biz də ömrümüzdə bir dəfə İrana getdik, onda da başı-gözü bağlı... Buna deyiblər: isinmədik istisinə, kor olduq tüstüsünə. Nə istəyirsən? Ölmüsən, öl də... Yenə evdə ayılsaydı, deyərdik kəfəni yırtdı... İndi nə deyək? Deyək qəbri yırtdı?..

Afət kövrəldi:

- Ay mə, heç kəsin başına gəlməyən iş gərək elə bizim başımıza gələydi?

Təbriz filosofcasına görkəm alıb, arvadının üzünə baxdı:

- Bilmək olmaz, bəlkə başqalarının da başına gəlib. Amma ört-basdır ediblər...

Sənubər xanım dinmədi.

Cəlil tərəddüd etsə də, hamının susduğunu görüb, cəsarətə gəldi və dedi:

- Deyəsən, ümumi rəy belədir ki, qəbir açılmasın... Mən düzmü nəticə çıxarmışam?

Heç kəsdən səs çıxmadı.

Cəlil boğazını arıtladı:

- Aydındı. Amma bu çox... çox riskli işdi... Yaxşı-yaxşı fikirləşin, yüz ölçüb, bir biçin...

Yenə heç kəsdən səs çıxmadı.

Cəlil yavaşdan dedi:

- Deməli, biz bu gündən oluruq nə?

Sənubər xanım soruşdu:

- Nə?

Cəlil yenə yavaşdan dedi:

- Sirr ortağı. Amma bu sirrin qiyamətə qədər açılmayacağına zəmanət olmalıdır.

Təbriz qorxdu:

- Dilimizdən kağız verməliyik?

Cəlil acıqlandı:

- Kağız nədi, ə? Varidat aramızda bölüşdürülməlidir...

Təbriz özünə gəldi:

- Hə, başa düşdüm, şəxsi mənfəət olan yerdə sirr nə karədir ki, açılsın...

Sənubər xanım mızıldandı:

- Varidat deyəndə ki... Axı, elə bir...

Cəlil narazı halda dilləndi:

- Bu olmadı da, Sənubər xanım. Sən elə indidən cığallıq etmək, sirr ortaqlarına kəf gəlmək istəyirsən. Məbləğ məlumdu. Ondan Təranəyə nə verəcəksən ver, qalanını...

Sənubər xanım birdən partladı:

- Təranəyə heç nə verməyəcəyəm!

Cəlil amiranə tərzdə dedi:

- Verəcəksən. Yoxsa and olsun Allaha, bütün çeçenləri tökər bura... - Sonra sözünə ara verib, yazıq görkəm aldı: - Başım çəkib... bilirəm...

Sənubər xanım naəlac qalıb dedi:

- Yaxşı, necə məsləhətdirsə, elə də olsun. Amma bir məsələ məni bərk narahat eləyir. Məncə, Teymur Kamilin telefon nömrəsini əzbər bilir, ona zəng eləsə...

Cəlil qorxdu:

- Nə danışırsan? Batarıq. Bu işdə səhv etmək olmaz. Nəyin bahasına olur-olsun, o telefonu ələ keçirməliyik. Təcili zəng edin, çağırın gəlsin. Guya ki, nə bilim, köməyə ehtiyacımız var, nəsə, məsləhət almaq istəyirik... Gələndən sonra asandı, telefonu çırpışdırarıq... Gündüz, bu işlə şəxsən sən məşğul ol. Amma öz telefonunu açma. Bir başqasının telefonundan zəng elə. Yaxşı?

- Yaxşı. Sürücünün telefonundan zəng edərəm.

Gündüz otaqdan çıxdı.

Sənubər xanım hesablamağa başladı:

- Deməli, bir, iki, üç, dörd, beş. Beş pay, Təranəni çıxandan sonra.

Cəlil təəccübləndi:

- Beş niyə?

Sənubər xanım barmaqlarını qatladı:

- Bir – mən, iki – sən, üç – Gündüz, dörd – Afət, beş – Təbriz.

Cəlil özündən çıxdı:

- Balam, Afətlə Təbriz bir ailə deyillər?

Sənubər xanım:

- Bir ailədirlər, – dedi. Amma, Allah eləməmiş, birdən sabah aralarında bir münaqişə oldu, ayrıldılar...

-Onda, heç olmasa, Gündüzlə sən bir pay ol də.

Sənubər xanım Cəlilin nəyə eyham vurduğunu duyub dedi:

- Yox, Cəlil, cin ayrı, şeytan ayrı.

Cəlil başını buladı:

- Sənubər, daha mənim sənə sözüm yoxdu...

Təbriz, elə bil, birdən ayıldı:

- A-a, A-a, bunlara baxın, mən uşağam məgər? Guya, başa düşmürəm ki, siz burda ölü soyursunuz, maradyorlar? Mənim haqqımı...

Cəlil səsini yumşaltdı:

- Yaxşı, yaxşı, özündən çıxma, bir pay sən ol, bir pay da arvadın...

- Özü də minnətsiz-filansız.

- Yaxşı, minnətsiz-filansız.

Bu vaxt Gündüz qayıdıb gəldi:

- Telefon çağırır, amma açmır...

Cəlil:

- Sən fasiləsiz zəng elə, əvvəl-axır açacaq, aman günüdü, batarıq...

Birdən Təbriz qəfildən soruşdu:

- Cəlil müəllim, sizcə, bizim tutduğumuz bu işin hüquqi adı nədir?

Cəlil udqundu:

- Bilmirəm. Cinayət Məcəlləsinə baxmaq lazımdır.

- Baxın də...

Cəlil üzünü bozartdı:

- Niyə sən baxmırsan?

Təbriz kinayə ilə dedi:

- Mən nə orta məktəbdə, nə də institutda kitab üzü açmamışam.

Cəlil acıqlandı:

- Elə mən də.

Sənubər xanım bərk əsəbiləşdi:

- Bəsdirin də! Siz bu saat gərək bir olasınız! Amma öcəşirsiniz! Hələ adınızı da qoymusunuz sirr ortaqları! Ya susun, ya da gedin o binəvanı qəbirdən çıxarıb gətirin! Eybi yoxdu, rüsvay oluruq, qoy olaq!

Cəlillə Təbriz susdular.

Gündüz dedi:

- Balam, nə qədər zəng eləyirəm, telefon çağırır, amma açmır...

Cəlil hövsələdən çıxdı:

- Əşi, bəlkə, tualetdədi, hamamdadı, orda qalmayacaq ki? Çıxacaq da... Sən zəng elə... qoy avtomata... nədi, bir düymədi də... fasiləsiz bas...

Birdən Sənubər xanım həyəcanla dedi:

- Sakit olun, deyəsən, gələn var...

Qapı açıldı. Sənubər xanımın böyük qardaşı – Teyyub içəri girdi.

Teyyub:

- Telefonlarınızı niyə söndürmüsünüz? – dedi. Bayaqdan nə qədər zəng vururam...

Cəlil Sənubər xanımı qabaqladı:

- Teyyub müəllim, bəs, söndürməyək, nə edək? Telefonun birində Maykl Cekson oxuyur, birində də Sibel Can. Bura yas yeridi, yoxsa konservatoriya? Kinoya, teatra, konsertə gedəndə, iclasda olanda telefonunuzu söndürmürsünüz? İndi bu boyda kişi ölüb... Siz də telefonunuzu söndürün... Qırx gün danışmasanız heç nə olmaz.

Teyyub telefonunu söndürdü:

- Yaxşı, mən gedim mağara.

Cəlil:

- Get, – dedi. – Sonra cibindən siqaret çıxarıb yandırdı, bir-iki qullab vurdu, nəsə fikirləşən adamlar kimi alnını ovuşdurdu, handan-hana dilləndi: – Rəhmətliyin...

Təbriz imkan vermədi ki, Cəlil sözünün ardını desin, soruşdu:

- Ölüb ki?

Cəlil acıqlandı:

- Sənin işin-gücün yoxdu? – Sonra üzünü Sənubər xanıma tutdu: - Sənubər, bunun ağzını yum, mənim başımı xarab elədi...

Sənubər xanım hövsələdən çıxdı:

- Təbriz, sus də!..

Təbriz:

- Ay mə, neylədim, söz soruşdum də, - dedi. Yaxşı, telefonları söndürək, özümüz də susaq, sonra? Axı, biz bilmirik o telefonun batareyası nə vaxt sönəcək?

Cəlil dedi:

- Uzağı bir həftəyə, əgər, çox zəng eləsə, lap bir günə.

Təbriz soruşdu:

- Bəs, o, orada – qəbirdə ac-susuz nə qədər yaşaya bilər?

Gündüz dedi:

- Zəlzələ vaxtı daşın-torpağın altında iyirmi beş, otuz, lap qırx gün qalanlar da olur... baxır də... kim nə qədər davam gətirir...

Sənubər xanım söhbətə qoşuldu:

- Bu, qırx gün, hələ bəlkə də lap çox yaşayacaq... sağlamdı... Hər səhər on kilometr qaçırdı, hovuzda üzürdü... səhhətinə fikir verirdi...

Təbriz arvadının üzünə baxdı:

- Deməli, saniyəölçənin düyməsini basıb, ən azı, qırx gün gözləməliyik...səksəkə içində... Vay dədəm, vay...

Cəlil bu dəfə lap bərk acıqlandı:

- Sən bu camaatın canına niyə qorxu salırsan?! Həyatda risksiz heç nə olmur! Bayaqdan maşın arzulayırdın!..

Təbriz səsini xırp kəsdi.

Gündüz telefonunun düyməsini yenə hirslə basıb dedi:

- Çağırır, amma açmır! Qurumsaq oğlu qurumsaq niyə belə eləyir?

Cəlil dedi:

- Hövsələli ol. Əvvəl-axır açacaq. Bəlkə batareyası yatıb, yaxud əhatə dairəsindən kənardadı?.. Tez-tez zəng elə. Nəzarətsiz qoyma.

Gündüz ağzını açmaq istəyirdi ki, qapı aralandı, qulluqçu içəri girdi. Büzüşə-büzüşə dedi:

- Sənubər xanım, səhərdən dilinizə bir şey dəyməyib, ac-susuzsunuz. Bəlkə çaydan-çörəkdən...

Sənubər xanım partladı:

- Sən nə danışırsan, Fizzə? Mənim evimin dirəyi yıxılıb! Boğazımdan çörək keçər, çay keçər? Nə qədər yalvardım-yaxardım, başıma-gözümə döydüm, qoymadılar, heç olmasa, üçcə gün yanımda qala. Apardılar atdılar qəbirstanlığa. Dedim, o qədər tok, ildırım vuran olur ki, üç-beş gündən sonra özünə gəlir, ayılır. Sözümə qulaq asan olmadı... Ağzın yansın, qara yer, o cür adamı necə uddun?

Fizzə bu sözlərdən sonra özünü saxlaya bilməyib, hönkür-hönkür ağladı.

Sənubər xanım səsinin tonunu aşağı saldı:

- Ağlama, Fizzə, ağlama. Bu göz yaşı ilə sağalan yara deyil. Get evinə, dincəl, istirahət elə... Qabaqdan üç gəlir – işimiz çox olacaq...

Fizzə əlinin dalı ilə gözünün yaşını silib, kirimişcə otaqdan çıxdı.

Cəlil özünü gülməkdən güclə saxladı:

- Sənubər, sən əməlli-başlı artistsənmiş ki...

Sənubər xanım roldan çıxdı:

- Nə edim? Heç bilirsən bu nə yuvanın quşudu? Üçcə dəqiqə burada qalsa, hər şeyi biləcək. Xalis Tofiq Dadaşovdu... Üzünə baxdımı, evin yıxıldı, fikrini oxuyacaq.

Gündüz yenə telefonun düyməsini basdı.

- Gecə gecədən keçir, bu yenə telefonunu açmır. Bəlkə yatıb?

Sənubər xanım soruşdu:

- Saat neçədi ki?

- On ikiyə işləyib...

Cəlil:

- Mən düşüm, mollanı yola salım, getsin.

Sənubər xanım yelpiklə üzünü yellədi:

- Təbriz, Afət, gecdi, elə siz də gedin. Sabah gələrsiniz...

***

Hamı gedəndən sonra Sənubər xanımla Gündüz tək qaldılar. Bir müddət kirimişcə bir-birlərinin üzünə baxdılar. Sanki söhbətə nədən başlamaqda çətinlik çəkirdilər. Nəhayət, Sənubər xanım sükutu pozdu:

- İstədiyin nə idi, – yar, yetirdi pərvərdigar.

Gündüz yüngülcə qımışdı:

- Yara da qurban olum, pərvərdigara da.

- Dildən yaman pərgarsan ha!

- Pisdi?

- Yox, niyə, bu da bir qabiliyyətdi.

Gündüz yaxınlaşıb, Sənubər xanımın saçlarını oxşadı:

- Niyə qoymurdun bunlar bayaqdan çıxıb gedəydilər?

- Artistlik eləyirdim...

Gündüz dodaqlarını Sənubər xanımın burnunun ucuna yaxınlaşdırdı.

Sənubər xanım:

- Yaman gündəyəm. Kosmetikasız qadın, ya da cındır əski, heç bir fərqi yoxdur.

Gündüz gülümsündü:

- Sən elə belə də gözəlsən.

- Komplimentə görə sağ ol...

Sənubər xanım qəfildən söhbəti dəyişdi:

- Deyirlər məşuqələrindən biri gəlibmiş...

- Gəlsin də...

- Mağarda da xeyli oturub...

- Otursun də... Nə olsun?

- Heç nə... İstəyir lap qəbrinin də üstünə getsin... Qışqırsa, səsi eşidilməz ki?

- Kimin? Teymurun, ya məşuqəsinin?

- Əşi, Teymurun. Məşuqəsi qışqırır, cəhənnəmə qışqırsın...

Sənubər xanım sözünə ara verdi. Sonra yavaş, lap yavaş səslə dedi:

- Son vaxtlar səndən şübhələnmişdi. Deyirdi nahaq gətirdim onu kənddən...

- Səndən necə, şübhələnmişdi?

Sənubər xanım bir xeyli susduqdan sonra:

- Hə, - dedi.

Bu dəfə də Gündüz söhbəti qəfildən dəyişdi:

- Cəlil nə yaxşı bu işə razı oldu?

- O, pula görə hər şeyə gedər. Bilirsən nə krısadı? Əlacı olsa, o qəbirdə qalan telefonun da pulunu məndən alar.

- Bəs, Afət, Təbriz?

- Onlara da bir gün ağlamayıb. Xəsis var, xəsis var, ta beləsi görünməyib. Məncə, məşuqələrinə də heç yaxşı baxmayıb. Pulu yığırdı... yemirdi...

Gündüz mənalı tərzdə dedi:

- Məsəl var, deyir, malyeməzin malını yeyərlər...

- Üstündən də su içərlər... Bu gündən olursan şirkətin direktoru. Təbrizi də götürürsən özünə müavin... Yaxşı?

- Bəlkə, gözləyək qırx çıxsın?

- Əşi, qırxdı də... çıxacaq... Sən işinin üstündə ol...

Gündüz başı ilə “hə” deyəndən sonra, bir də Kamilə zəng vurdu və başını bulaya-bulaya:

- Açmır. Əşi, cəhənnəmə açsın, gora açsın, gecə gecədən keçir, daha innən belə nə zəng? Söndürürəm, yataq...

***

Teymur zəng səsinə huşdan ayıldı, telefonun zəif, bənövşəyi işığında dar bir yer – də olduğunu, ağa büküldüyünü gördü. O, dumanlı şəkildə olsa da, elektrik xəttinə toxunduğunu, top kimi göyə qalxıb, yerə düşdüyünü, sonra arvad-uşağın ağlaşdığını, mollanın fatihə verdiyini xatırladı. Tez ağı - kəfəni yırtıb, telefonu götürdü - zəng edən Sənubər xanım idi:

- Alo!.. Alo!...

- Alo?.. Alo. Kimdi?

- Mənəm – Teymur.

Cavab gəlmədi və telefon qəfildən söndürüldü. Niyə, nədən ötrü – baş açmadı. Özü zəng elədi. Operator qızın:

- Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır. Zəhmət olmasa, bir az sonra zəng edin, - sözlərini eşitdi.

Teymur bir də zəng etdi... bir də... bir də... bir də... Heç nə alınmadı...

Teymuru fikir götürdü. Sənubərnın telefonu ilə zəng edən kim idi? Gündüz? Yox, Cəlilin səsinə oxşayırdı. Bəs, niyə danışmadı? Bu telefon kimindi? Bura niyə qoyublar? Baş açmadı...

Birdən ayaq tərəfində xışıltı eşitdi – fikirləşdi ki, ilan ola bilər, canına vəlvələ düşdü, qorxdu, qeyri-ixtiyari, gözlərini yumdu, bir müddət eləcə qaldı, yanıldığını hiss edib toxtadı, gözlərini açdı: sən demə, torpaq imiş – beton plitələrin arasından az-az süzülürmüş...

İndi nə etsin? Aha, Kamil... Kamilin nömrəsi necə idi? Əlli ilə başlayırdı, yoxsa əlli beşlə? Yox, yetmişlə! İlk üç rəqəm yadımdadı. Arxasına da bir artırıb, son dörd rəqəmi alıram.

Tələsik nömrəni yığdı:

- Aha!.. Çağırır!. Aç, qardaşım, aç!.. Məni burdan yalnız sən xilas edə bilərsən!.. Aç!..

Bir müddət gözlədi:

- Açmır... Bu da açmır...

Eşələnmək istədi – olmadı:

- Zəhrimarı elə dar qazıblar ki, tərpənmək olmur. Heç inkir-minkirə də yer qoymayıblar.

Birdən yuxarıdan su damcıladı, əlini altına tutdu, bir, iki, üç, dörd, beş damcı... dodaqlarını islatdı:

- Görəsən, yağış yağır, yoxsa betonun suyudu, süzülür... Yağış olsa, qəbir su ilə dolar, bataram...

İncəvara, su bir qədər damcılayandan sonra kəsildi. Təzədən Kamilə zəng elədi:

- Çağırır... çağırır... açmır... Daha kimə zəng eləyə bilərəm?.. Kəmaləyə... O da nömrəsini tez-tez dəyişir... Hər ehtimala qarşı yoxlayım... Əlləri əsə-əsə nömrəni yığdı:

- Çağırır... Aha!.. Açdı!.. Kəmalə, sənsən?

- Hə, mənəm!

- Teymurdu!

- Tanıdım... Yalançı... Bəs, sən mənə şuba alırdın?..

- Alım də...

- Nə vaxt?.. Qış çoxdan çıxıb... İndi yaydı. Camaat plyaj ayın-oyunu – lifçik, plavki alır.

- Plavki də alaram, lifçik də.

- Lazım deyil... Bu nə nömrədi zəng eləyirsən? Təzədi?

- Kəmalə, qulaq as, mən qəbirdəyəm, qəbirdə...

- Başa düşdüm... Deməli, vannadasan... Yanında da cavan bir qız... Mənə acıq verirsən?.. Yadına gəlir, bu oyunu bir dəfə oynamısan. Biz vannada idik, sən kiməsə zəng eləyib, dedin ki, qəbirdəsən.

- Kəmalə, inan, vallah-billah, bu dəfə, həqiqətən də, qəbirdəyəm...

- Nədi, yoxsa, bankrot olmusan, müflisləşmisən?

- Yox... Yox... Yox!.. Qulaq as, məni tok vurub, elə biliblər ki, ölmüşəm, gətirib basdırıblar...

- Yenə başladın nağıl danışmağa. Yəni, deyirsən indi sənin yanında qadın yoxdu?

- Yox.

Kəmalə bir qədər susduqdan sonra sakit səslə:

- Amma mənim yanımda kişi var... özü də yavaş-yavaş başlayır əsəbləşməyə... bir də zəng eləmə, - dedi və qırmızı düyməni basdı.

Teymur təzədən Kamilə zəng vurdu:

- Çağırır... Amma açmır...

Sonra o, özündən uydurduğu bir-iki nömrəyə zəng vurdu və hər dəfə də eyni sözü eşitdi: zəng etdiyiniz nömrə təyin edilməmişdir...

Teymur düşündü: görəsən, indi gecədir, ya gündüz? Nə fərqi var? Yox, var! Gecə insanlar yatırlar və əksər hallarda, adətən, telefon zənglərinə cavab vermirlər...

Birdən onun zehni şıppıltıyla açıldı:

- Yatmayanlar da var! Təcili yardım həkimləri, yanğınsöndürənlər, polislər! O, nədənsə, təcili yardıma zəng eləməyi daha münasib bildi:

- Alo...

- Eşidirəm...

- Təcili yardımdı?

- Bəli... Buyurun...Adınız, soyadınız, ünvanınız, təvəllüdünüz...

- Heç bilmirəm necə deyim... Mən qəbirdən zəng eləyirəm...

- Hardan?

- Qəbirdən...

- Başa düşmədim, ölmüsünüz?

- Yox, görmürsünüz ki, sağam? Məni tok vurub, elə biliblər ki, ölmüşəm, gətirib basdırıblar...

Səs gəlmədi. Teymur telefonda iki həkimin bir-birilə danışığını eşitdi:

- O nə istəyir?

- Deyir tok...

- Onu eşitdim. İndi biz nə etməliyik? Qəbri açmalıyıq?

- Yəqin ki...

- Ona ölüm haqqında arayış verən həkim, hər kimdi – itdi-qurddu, həmkarımızdı, ayağını tapdalayacağıq? Dəstəyi qoy yerinə.

Teymur təkcə bunu deyə bildi:

- Siz Allah bunlara baxın!.. Özləri də Hipokrat andı içiblər!..

O, bir qədər özünə gələndən sonra, 101-ə – yanğınsöndürənlərə zəng vurdu:

- Qardaşlar, kömək edin.

- Nə olub?

- Məni tok vurub, elə biliblər ölmüşəm, gətirib basdırıblar... İndi qalmışam qəbirdə...

- Ə, bəlkə, cəhənnəmə düşmüsən, qır qazanını yandırıblar? Ora bizim sahə deyil, sən zəng elə şeytana.

Uğursuz telefon danışıqları Teymuru haldan saldı, nəfəsi tıncıxdı, o, bir müddət yarıoyaq, yarıyuxulu vəziyyətdə qaldı, nəhayət, birtəhər özünü ələ alıb, 102-yə zəng vurdu:

- Cənab polis...

- Eşidirəm...

- Məni tok vurub...

- Bəxtin gətirib ki, ölməmisən...

- Məsələ burasındadır ki, bəxtim gətirməyib, elə biliblər ölmuşəm, gətirib basdırıblar, indi qəbirdəyəm... Əlim heç yana çatmır. Məni xilas edin! – Sonra polisi şirnikləndirmək məqsədilə əlavə elədi: - Yarım milyarda yaxın da pulum var. Xəcalətinizdən çıxacağam...

- Hansı qəbirstanlıqdasan?

- Bilmirəm...

Teymur polislərin öz aralarında nə danışdıqlarını eşitdi.

- Rəis, deyir, tok vurub, ölmüş bilib, basdırıblar...

- Basdırıblar?

- Hə.

- Qəbir və telefon... Sən nə danışırsan, Mehdiyev?.. Ora kəfəndən başqa nəsə aparmaq mümkün deyil.

- Bəlkə vəsiyyət edib?

- Eləsin də... Məşhur bir milyarder olub. Ölümünə bir-iki gün qalmış övladlarına deyib ki, ayaqyalın olmaqdan xoşum gəlmir, məni basdıranda, corablarımı geyindirərsiniz, sonra da bir məktub verəcəyəm, açıb oxuyarsınız. Amma övladları onun vəsiyyətinin birinci bəndini yerinə yetirə bilməyiblər. Mürdəşir icazə verməyib, deyib ki, kəfəndən başqa heç nə olmaz. Məktubu isə açıb oxuyublar. Rəhmətlik yazıb ki, gördünüz, mən bu dünyadan özümlə bir cüt corab apara bilmədim. Heç kimə pislik eləməyin... Mehdiyev, bu zəng edən qəbirstanlıq əyyaşlarındandı, o telefonu da kimdənsə oğurlayıb...

- Deyir yarım milyarda yaxın pulum var...

- Qələtdi, eləyir də... Heyif deyildi, əvvəllər hər rayonda ayıltma məntəqəsi vardı... belələrini basırdın bəridən o yana, düz on beş gün, ağlı gəlirdi başına... Telefonun sahibini tapmaq olar... Amma o da mən deyəni deyəcək... Oğurlayıblar... Otboy ver...

Teymurun əli yerdən-göydən üzüldü. Naəlac qalıb, bir də uşaqlıq dostuna – Kamilə zəng vurdu. Telefon çağırdı... çağırdı... amma açan olmadı...

Elə bu vaxt yenə ayaq tərəfində xışıltı eşitdi. Telefonun işığını o səmtə tuşladı. İlan idi! Amma ilan işığı və kəfənin tərpəndiyini görüb, elə bil, çaşdı, qorxu içində tələsik özünü gəldiyi deşiyə təpdi və sivişib getdi...

***

Gündüz sirr ortaqlarını – Cəlil müəllimi, Sənubər xanımı, Təbrizi, Afəti bir yerə yığmışdı:

- Cəlil müəllimə demişəm, siz də bilin: Kamillə əlaqə yaratdım. Amma o, məndən əvvəl Teymurla danışıb. Daha doğrusu, Teymur onunla. Kamil indi bura gəlir...

Sənubər xanımın seyrək, kamanı xatırladan qaşları yuxarı dartıldı:

- Onu bu sirrə ortaq eləmək qeyri-mümkündü...

Cəlil dedi:

- Heç lazım da deyil...

Təbriz qorxdu:

- Mən dedim axı... Cinayət Məcəlləsinə baxmaq lazımdı... Batdıq...

Afət başını buladı:

- Ay mə, rüsvay olduq... Uşağın da psixikası pozulacaq...

Cəlil dedi:

- Narahat olmayın... tədbir görmüşəm...

Çox çəkmədi ki, Kamil gəldi. Onun sevincinin hədd-hüdudu yox idi:

- Gözünüz aydın! Gözünüz aydın! Teymur sağdı! Onu qəbirdən təcili çıxartmaq lazımdı. Yazıq neçə gün imiş zəng edirmiş, mən bağda olmuşam... telefonum da qalıb evdə... təsadüfən...

Elə bu vaxt otağa əyninə ağ xalat geyinmiş sısqa bədənli bir həkim və iki də cantaraq şəfqət bacısı daxil oldu.

Kamil dedi:

- Ağıllı iş görüb, həkim çağırmısınız. Yəqin indi halı xarablaşıb. Neçə gündü ac-susuz... havasız da yer. Bir az da tez gedək.

Həkim Cəlildən soruşdu:

- Budu?

Cəlil başı ilə təsdiqlədi.

Həkim dedi:

- Bunlar Şeyx Nəsrullahçılardılar. Guya, nə vaxt istəsələr, ölülərlə telefon əlaqəsi yarada bilirlər.

Kamil çaşdı:

- Bu nə sözdü? Başa düşmədim...

Həkim şəfqət bacılarına dedi:

- Zəhmət olmasa... bir sakitləşdirici...

Kamil var gücü ilə qışqırdı:

- Siz nə edirsiniz?!

Şəfqət bacıları Kamili yerə yıxdılar və o, iynədən sonra çox çəkmədi ki, süst oldu...

Sənubər xanım Kamilin get-gedə solğunlaşan bənizinə ikrahla baxıb dedi:

- Utanmır... adını da dost qoyub...

Cəlil dodağının altında mızıldandı:

- Ölünü urvatsız, bizi də rüsvay eləyir... – Sonra o, səsinin tonunu bir qədər qaldırdı:

- Həkim, elə bil, son vaxtlar başdan xarabların sayı lap çoxalıb. Bunun bir tibbi izahı var, yoxsa yox?

Həkim məzələndi:

- Var, əlbəttə, var... Qlobal iqlim dəyişiklikləri... İndiyə qədər heç görmüşdünüz ki, Bakıda belə isti olsun?.. Bir həkim-meteoroloq var, sübut eləyir ki, insan ağlının buxarlanma qabiliyyəti suyunkundan çoxdu... Düzdü, o da başdan bir balaca... dayan görüm, bir gözəl söz var e... hə, yadıma düşdü... mayıf... başdan mayıfdı... Amma, neynirsən, universiteti fərqlənmə diplomu ilə bitirib... dünyanın harasında konfrans olsa, çağırırlar. Aaaa... konfrans dedim yadıma düşdü, bu gün Şeyx Nəsrullahçıların da konfransıdı... Bu bədbəxt oğlu bədbəxti də ora nümayəndə seçiblər, gərək çatdıraq...

Cəlil tibb bacılarının üzünə baxdı, elə bil, içində, nəsə, bir narahatçılıq vardı:

- Bunlar...

Həkim onun nə demək istədiyini dərhal anladı:

- Hə, bunlar... Anadangəlmə “lal” və “kar”dılar... arxayın ol... Biz gedək... Sən də ləngimə, iş gününün axırına kimi mütləq gəl... Yaxşı?

- Yaxşı.

Həkim və şəfqət bacıları gedəndən sonra Cəlil Sənubər xanıma yaxınlaşdı:

- Həkimlə şəfqət bacıları da oldular sirr ortağı. Üçünə bir pay bəsdi.

Sənubər xanım heyrətləndi:

- Sən nə danışırsan? Həkimə o qədər pul?

- Bəs nə! Badamcıq və yaxud kor bağırsaq kəsmir ki, üçdən-beşdən verəsən. Beş adamı həbsdən qurtarır. Üstəlik, Allah qarşısında da günaha batır.

Təbriz dilləndi:

- Bizim kimi...

Cəlil söhbəti dəyişdi və elə bil, birdən cuşə gəldi: - Lotu, deyəsən, maşını sürdün ha! – Sonra əllərini azca yuxarı qaldırıb, rulu sağa-sola bururmuş kimi hərəkət elədi: - Bjjjjjjj!..

Təbriz də, eynən onun kimi, əllərini yuxarı qaldırıb, rulu sağa-sola bururmuş kimi hərərkət elədi və dedi:

- Cəlil müəllim, bjjjjjj yox, vjjjjjjjj!..

Sənubər xanım başını buladı:

- Di, innən belə nə qədər öcəşirsiniz, öcəşin, heç vecimə də deyil...

***

Qırx çox sakit keçdi.

Mərasim başa çatdıqdan sonra, sirr ortaqları qonaq otağına yığışmışdılar. Heç kim danışmırdı. Birdən Təbriz sükutu pozdu:

- Qırx gün keçdi. Görəsən, öldü?

Heç kim ona cavab vermədi...

Uzun sükutdan sonra Cəlil dedi:

- Mobil telefonlarınızı aça bilərsiniz...

# 2460 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #