Yaponların hələ də məktub yazdıqları 52 il əvvəl ölmüş türk

Yaponların hələ də məktub yazdıqları 52 il əvvəl ölmüş türk
15 yanvar 2015
# 11:08

Bu gün böyük türk şairi Nazim Hikmətin 113 yaşı tamam olur. Kulis.Az Dilsuzun “Gələcəkdən gəlmiş adam” məqaləsini və Nazim Hikmətdən tərcümə etdiyi şeirləri təqdim edir.

1953-cü ildə Buenos Ayresdə Nazim Hikmətin şeirlər kitabını nəşrə hazırlayan argentinalı həmkarları giriş sözündə yazırdılar: “Dante İntibah dövründə yeniliyə can atan gənc İtaliya üçün kim idisə, müasir türk dili və ədəbiyyatı üçün də Nazim Hikmət odur. ” Daha sonra görkəmli çex şairi İrji Taufer bu fikrə istinadən qeyd edirdi: “Təkcə türk dili və ədəbiyyatı üçünmü? Əlbəttə, yox. Nazim Hikmət, eyni zamanda, öz zəngin yaradıcılığı ilə bəşər sivilizasiyasına misilsiz töhfələr vermiş bir sənətkardır. Onun əsərləri dünya xalqlarının dillərinə çevrilmiş və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır”.

Təsadüfi deyildir ki, şairin anadan olmasının 100 illiyi münasibəti ilə 2002-ci il YUNESKO tərəfindən bütün dünyada Nazim Hikmət ili kimi qeyd edilmişdir. Amma çox təəssüf ki, son dərəcə xoşbəxt bir ədəbi tale yaşamasına rəğmən, Nazim Hikmət həm də son dərəcə məşəqqətli həyat yolu keçmişdir. 1957-ci ildə onun 55 yaşı tamam olanda, müxtəlif məhkəmə proseslərində haqqında çıxarılan hökmlər də elə bu qədər idi. Nazim Hikmət bu 55 ilin nə az, nə çox, düz 17 ilini dəmir barmaqlıqlar arxasında keçirmişdir. Bir saniyənin belə azadlığını hər şeydən üstün tutan insan üçün bunun nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil.

Nazim Hikmət sonu görünməyən həsrət və ayrılıqlar şairi idi.

Məmləkətim, məmləkətim, məmləkətim!

Nə səndə tikilmiş papağım qaldı,

Nə yollarını ölçmüş ayaqqabım.

Şilə malı – son pencəyim

köhnəldi, düşdü çiynimdən.

Sən indi qalmısan ancaq

saçlarımın ağında,

ürəyimin infarktında.

Alnımın qırışlarındasan, məmləkətim!

Məmləkətim, məmləkətim!

Nazim Hikmət Türkiyədən ayrıldıqdan sonra ən böyük təsəllini Azərbaycanla bağlılıqda tapır. Onun ilk şeir kitabı da hələ 1927-ci ildə (“Günəş içənlərin türküsü”) Bakıda nəşr olunmuşdu. Zaman keçdikcə, pyesləri (“Kəllə”, “Bir ölü evi”, “Yusif və Züleyxa”, “Hər şeyə rəğmən” və s.) səhnələrimizdə oynanılır, ssenariləri əsasında Əjdər İbrahimov və Ramiz Əsgərov kimi tanınmış rejissorlar film çəkirlər. Bəstəkar Arif Məlikov şairin librettosu əsasında “Məhəbbət əfsanəsi” baletini yazır və bu balet dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyulur. Nazim Hikmətin yaradıcılığında Azərbaycanla bağlı şeirlərin çoxluğu da (“Otuz il sonra”, “Mikayıl Rəfiliyə ağı”, “Neftə doğru”, “Bayramoğlu”, “Xəzər dənizi”, “Gecə vaxtı Bakı” və s.) diqqəti cəlb edir.

Yaşıllığı pul-pul, göylüyü azacıq...

Keçdim Xəzər dənizindən

onun ipəkli bir günündə.

Durmuşdu gəmimizin önündə

qapı kimi apaçıq.

Hansı dəniz onun kimi qapalı,

Hansı dəniz onun kimi

dənizlərdən xəbərsiz,

hansı dəniz onun kimi tək-tənha...

Nazim Hikmətdə vətən həsrəti o qədər güclü idi ki, o özünü hətta doğma Bakıda da tənha hiss edirdi. Baxmayaraq ki, burda çoxlu dostları vardı: Səməd Vurğun, Mikayıl Rəfili, Rəsul Rza, Süleyman Rüstəm, Əkbər Babayev, Toğrul Nərimanbəyov və s.

Nazim Hikmət, Cəfər Cabarlının məzarı başında çəkdirdiyi hüzn və kədər dolu şəkli istisna olmaqla, bütün şəkillərində şən və gümrahdır. Bu şəkillərə baxanda, istər-istəməz, düşünürsən ki, səksən, doxsan, bəlkə də yüz il yaşaya bilərmiş. Amma belə olmadı, Nazim az, lap az, 61 il yaşadı, özü demişkən, “sol məməsinin altındakı cəvahir” əhdə xilaf çıxdı və vaxtsız dayandı...

Nazim Hikmət bəşəri şairdir. Onun əsərlərində, istər türk olsun, istər ərəb, istər macar olsun, istər ispan, bütün dünya xalqlarının sevinc və kədəri öz təcəssümünü tapmışdır. 1945-ci il avqust ayının 6-da (Xirosimaya və Naqasikiyə bomba atılan gün) yapon xalqının başına gələn müsibəti, bəlkə də, heç kim Nazim Hikmət kimi təsirli qələmə almamışdır (“Yapon balıqçısı”, “Qız çocuğu”, “Buludlar adam öldürməsin” və s.). Hökmən qeyd etmək lazımdır ki, bu sevgi qarşılıqlı olmuşdur: Nazim Hikmət insanları sevdiyi kimi, insanlar da Nazim Hikməti sevmişlər. Məsələn, yapon məktəbliləri onu ölümsüz elan etmiş, hər il yanvar ayının 15-də doğum günü münasibətilə Moskvadakı evinə təbrik məktubu göndərmişlər. Bu ənənə, aradan illər keçməsinə baxmayaraq, bu gün də davam edir.

Nazim Hikmətin son şeirlərindən (“Cənazə mərasimi”, “Yoruldun yükümü çəkməkdən”, “Veraya” və s.) hiss olunur ki, o, ölümün gəldiyindən duyuq düşmüşdür. Bunu Veraya yazdığı şeirdə də açıq-aydın görürük.

Gəlsənə dedi mənə,

Qalsana dedi mənə,

Gülsənə dedi mənə,

Ölsənə dedi mənə.

Gəldim,

Qaldım,

Güldüm,

Öldüm.

İrji Taufer Nazimin ölümünü belə xatırlayır: “Bu ağır xəbəri eşidən kimi təyyarə ilə Moskvaya uçdum, özümü dəfn mərasiminə çatdırdım. O tabutun içində də Moskvanın ən gözəl kişisi idi. Qəribədir, ölüm onun rəngini dəyişməmişdi, sanki buna gücü çatmamışdı...”

Aradan illər keçəndən sonra həyat yoldaşı Vera Tülyakova türk şairi Abdulla Qədiri ilə söhbətində deyir: “Nazim Hikmət gələcəkdən gəlmiş bir adam idi və öz şeirləri ilə də bizi gələcəyə hazırlayırdı. O, işini gördü və gələcəyə getdi.”

Səhv etmirəmsə, 1980-ci il idi. Moskvada – M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan tələbələrimizlə birlikdə, qarlı bir gündə Nazim Hikmətin əbədi uyuduğu “Novo deviçi”dəki qəbrini ziyarət etməyə getdik. Çox təsirləndim və sonralar bir şeir yazdım.

Ağır-ağır yağır qar,

Fağır-fağır yağır qar;

Yağır İstanbulun küçələri,

Yağır Bursa həbsxanası...

İslanır

“Novo deviçi”dəki

qəbirlərin mərmər əyni,

Dikəlin, ustad,

yastıq kimi,

başımızın altına

qoymaq istəyirəm Türkiyəni...

Əlbəttə, bu, poetik bir təsəlli idi və düşünürdüm ki, şairin ruhu məhz bu “yastıq”da rahatlıq tapa bilər...

AVTOPORTRET

1902-ci ildə doğuldum.

Doğulduğum şəhərə dönmədim bir daha.

Zatən, geriyə dönməyi sevmirəm.

Üç yaşımda Hələbdə paşa nəvəsi oldum.

On dörd yaşımdan bəri şairlik edirəm.

Adam var, otların çeşidini bilir,

adam var, balıqların, mən - ayrılıqların.

Adam var, əzbər deyir ulduzların adını,

mən - həsrətlərin.

Həbsxanada da yatdım, böyük otellərdə də.

Ac da qaldım,

amma yemədiyim yemək də yoxdu.

Otuz yaşımda asılmağımı istədilər.

Altı il sonra altı ayda

yardım dörd metr qalınlığında betonu,

həbsxanada.

1951-də dənizdə gənc bir arxadaşla

yüyürdüm üstümə ölümün,

1952-də infarkt olmuş bir ürəklə

dörd ay arxası üstə yatdım,

gözlədim ölümü...

Sevdiyim qadınları dəli kimi qısqandım.

Amma azacıq da olsa, həsəd aparmadım Şarloya.

Dostlarımın arxasınca danışmadım.

İçdim, lakin əyyaş olmadım.

Alnımın təri ilə çıxartdım çörək pulumu həmişə,

çox şükür.

Məscidə, kilsəyə, pirə, baxıcıya getmədim,

amma qəhvə falına baxdırdım...

Baş nazir-filan olmadım,

heç marağında da deyiləm bu işin.

Bu gün, sözün qısası, Berlində,

altmış yaşımda, insan kimi

yaşadım deyə bilərəm

və daha nə qədər yaşayaram,

başımdan daha nələr gəlib keçər, kim bilir...

İSTİQLAL

Bu gəmiləri yaxşı tanıyıram,

bizim də dənizlərimizə girdilər,

Bu tankları yaxşı tanıyıram,

bizim də torpağımıza

əsgər çıxartdılar gecə vaxtı.

Qanımıza susamışdılar,

Almaq istəyirdilər

gözlərimizdən nuru,

əllərimizdən hünəri.

Dənizə tökdük onları

1922-ci ildə...

Misirli qardaşım,

şərqilərimiz qardaşdır,

adlarımız qardaş,

yoxsulluğumuz qardaşdır,

yorğunluğumuz qardaş.

Məmləkətimdə gözəl, ulu, canlı nə varsa:

insan, küçə, çinar,

bu savaşda sənin yanındadır.

Kəndlərimizdə Qurani-Kərim oxunur

sənin dilində,

sənin zəfərin üçün...

Misirli qardaşım,

istiqlal avtobus deyil ki,

birini ötürdün, o birinə minəsən...

İstiqlal sevgilimiz kimidi,

aldatdınmı bir kərə,

çətin dönər bir də.

Misirli qardaşım,

Süveyşin sularına qarışdı qanın,

İnsanın yurdu bir qat daha özününkü olur

torpağına, suyuna qarışdıqca qanı.

Zatən, diri sayılmır

yurdu üçün ölməyi bacarmayan millət...

RƏQƏMLƏR NƏYİ BİLDİRİR

(İxtisarla)

Rəqəmlər - bəbələrin nənniləri,

Rəqəmlər – kül edilmiş

və kül ediləcək şəhərlərin tabutları...

Rəqəmlər - yaxınlaşan bir şeyləri bildirir.

Rəqəmlər - uzaqlaşan bir şeyləri bildirir.

Nədir bizə yaxınlaşan?

Nədir bizdən uzaqlaşan?

Birinci dünya müharibəsi...

İkinci dünya müharibəsi...

14- dən 18-ə,

39-dan 45-ə -

on ildə 54 milyon ölü,

49 milyon şikəst -

Yəni, 103 milyon əhalisi olan bir məmləkət.

Gedənlərdən

biri də bizim evimizdən getdi,

dönmədi bir daha...

Yer üzündə yüzdən səksənimiz ac...

İki bombardman təyyarəsini

ətə, südə, çörəyə, salata, şəraba çevirsək,

süfrəyə qoysaq,

qırx milyon insan

doya-doya yeyib içər,

hələ qırx milyon pişiyə də yetər,

ətdən, çörəkdən.

Pişiklər salat yeməzlər,

şərab içməzlər -

amma istərdim müsafiri olsunlar süfrəmizin...

Bu günlərdə bir filmə baxdım:

iki ballistik raket bir anda

yandırıb kül etdi yamyaşıl bir ormanı -

yüz əlli milyon kitabın kağızını.

Bəlkə mənim də

kitabım vardı onların arasında...

1962-ci il...

On iki milyard dollara başa gələn

silahlanma yarışı...

On ildə yüz iyirmi milyard dollar olacaq:

ulduzların sayından

azdı, ya çoxdu, - bilmirəm.

Yüz iyirmi milyard dollar -

yüz əlli milyon tikilməmiş bina -

hər birində

neçə beşotaqlı mənzil –

elektrik işığı, isti-soyuq suyu,

hamamı, mətbəxi yerli-yerində...

Bir adam tanıyıram -

qara qaytan bığlı,

otuz yaşına girdi bu il.

İki oğlundan biri yeddi yaşında,

biri yeddi aylıq,

anası, arvadı, qaynanası

və bir göz otağı...

Mənzili tikilməmiş

o yüz əlli milyon binanın içində...

1962-ci il...

On iki milyard dollara başa gələn

silahlanma yarışı...

Ölü yağışlar yağacaq...

Öləcək ağacların,

balıqların, quşların,

ana bətninə düşən körpələrin yarısı...

Təpədən dırnağa silahsızlansaq,

Bir iləmi,

üç iləmi

qazardıq kökünü

aclığın, səfalətin.

Gülərdi üzümüz,

silinərdi gözlərinizdən kədər.

Rəqəmlər nəyi bildirir!

Rəqəmlər nəyi bildirməlidi?

Nədir bizə yaxınlaşan?

Nədir bizdən uzaqlaşan?

MESAJ

Xəstələr,

qardaşlarım,

sağalacaqsınız.

Ağrılarınız, sızılarınız

keçib gedəcək.

Yumşaq, ilıq

bir yaz axşamı kimi enəcək

yamyaşıl budaqların arasından rahatlıq.

Xəstələr, qardaşlarım,

bir az daha səbr, bir az daha inad,

Qapının arxasında gözləyən

ölüm deyil, həyatdır, həyat.

Qalxacaqsınız yatağınızdan, gedəcəksiniz.

Çörəyin, duzun, günəşin dadını

təzədən kəşf edəcəksiniz.

Şam kimi ərimək,

limon kimi saralmaq,

içindən çürümüş bir çinar kimi

qəfildən yıxılmaq...

Qardaşlarım, xəstələr,

biz nə limonuq, nə şam, nə çinar,

insanıq, insan, çox şükür, -

bilirik dərmanımıza

ümid qatıb içməyin,

bir də “Yaşamalıyam!” deyib,

ayağımızı yerə dirəməyin yolunu.

Xəstələr,

qardaşlarım,

sağalacaqsınız.

Ağrılarınız, sızılarınız

keçib gedəcək.

Yumşaq, ilıq

bir yaz axşamı kimi enəcək

yamyaşıl budaqların arasından rahatlıq.

***

Sibirdə çayların buzu əridi çoxdan.

Bakıda dənizə girdilər.

Moskvada şimşəklər çaxdı,

İlıq yağışlar yağdı asfalta.

Dünya – günlük-günəşlik, dünya – yamyaşıl.

Yuxum qaçdı tamam -

bir – birindən gözəl şeylər düşündüm

sabaha qədər.

Ölüm düşüncəsini soyundum,

Geyindim iyun ayının yarpaqlarını.

May ayının yarpaqları, nə də olsa,

yaşıma görə çox gəncdi...

Bir yay gözləyir məni,

istidən asfaltı buğlanan

bir şəhər yayı,

rəngbərəng dondurmasıyla,

tər iyi verən kino-teatrlarıyla,

böyük futbol meydançalarıyla,

Veranın azacıq kəsilib qısaldılmış saçlarıyla,

bəlkə Meksika türküləriylə,

bəlkə Qananın tamtamlarıyla

və eyvanda –

açıq havada yazacağım şeirlərlə...

***

Çinar olsam, dincəlsəm kölgəsində,

Kitab olsam,

oxusam yuxusuz gecələrimdə

ürəyim sıxılmadan.

Qələm olmaq istəmirəm

öz əlimdə belə...

Qapı olsam,

yaxşılara açılsam,

pislərə qapansam,

Pəncərə olsam,

pərdəsiz,

iki tayı da açıq bir pəncərə

və doldursam bütün şəhəri,

bütün ulduzları otağıma.

Səs olsam,

çağırsam insanları haqqa, düzlüyə,

Söz olsam,

desəm sevdamdan yavaş-yavaş...

***

Yoruldun yükümü çəkməkdən.

Əllərimdən yoruldun.

Gözlərimdən,

sözlərimdən yoruldun.

Yoruldun kölgəmdən.

Yoruldun

yaxalanması

mümkün olmayanı qovalamaqdan.

Və bir gün gələcək,

qəfildən bir gün gələcək

get-gedə uzaqlaşan ayaq izlərimin

ağırlığını duyacaqsan içində...

Hamısından betəri bu olacaq.

# 1219 dəfə oxunub

Müəllifin son yazıları

# # #