Kulis.az Çinarə Solinin “Mühazirə dəftəri olmayan tələbələr” yazısını təqdim edir.
Bilmirəm, məlumat nə qədər doğrudur. Yaxınlarda eşidirəm ki, ölkədəki ali təhsil müəssisələrindən birində tələbələrə "mühazirə dəftəri yazılmalıdır, dəftəri olmayana “qayb” yazılacaq" kimi şərt qoyulub. Kütlə tərəfindən onsuz da istənilən səviyyədə sıxışdırılan gənc nəslin nümayəndələrinə qarşı bu cür təzyiq və hoqqabazlıq biabırçılıqdır.
Yaşadığımız əsr, beyin inqilabları fonunda bizim "tələbələrin təhsilə marağının artırılması islahatı"?
Bütün hallarda kütlənin orta statistik və cahil nümayəndələrini tənqid ediriksə, elmsiz və savadsız olmağın sosial nəticələrindən, onu yaradan ilkin problemlərdən ibarət mövzu müzakirə ediriksə, bəs "ziyalıların" etdiyi bu qanunlar nədir? Nəyə xidmət edir?
Onsuz da rahat həyat yaşamayan, istədiyi ehtiyaclarını ödəyə bilməyən bütün fərdlər zamandan və məkandan asılı olmayaraq, təhsildən, savaddan, inkişafdan yayınacaqlar. Bu, inkişafın önünün kəsilməsi halıdır. Bu, tələbənin digər sosial istismarıdır.
Bu toplumun mənasız ənənələrinə qarşı beyinlərdə etiraz, beyinlərdə inqilab olmasa, heç nə düzələsi deyil. Heç nə yaxşı olmayacaq.
Daha betər olacaq. Təəssüflənməkdən yorulmuşam.
Və onsuz da gənclər "lazımi səviyyədə" psixoloji, fiziki gərginlik altında böyüyür, yaşlanırlar, qocalırlar. Hamısı üzgündür, kədərlidir.
Bu coğrafiyada və bu coğrafiyanın qərarlaşmış tabularına tapınan digər coğrafiyalarda və toplumlarda cinsi oyanış və yetkinlik yaşına çatmış istənilən şəxs öz hiss və ehtiyaclarını banal mentalitetin ayaqları altına sərir. Özünün ən təbii və haqlı istəyini bir kənara qoyub böyük bir sürünün qarşıya qoyduğu ağır və yazılmamış qaydalara boyun əymək məcburiyyətində qalır. Sağlam olmayan beyin, sağlam keçməyən - ən yaxşı halda, tələbəlik həyatı, gənclik, bu kimi istək faktorlarının ikiəlli itələdiyi erkən nikah və qurulan sağlam olmayan ailə, cəmiyyətin xəstə halda inkişaf etməsi, qeyri-sağlam mühitdə və daha böyüməmiş, yetişməmiş ailədə yaranan yeni insan-uşaq və bütün bunların dövr etməsi.
Dəhşətli mənzərədir!
Bu gün ölkədə cinsi yetişkənlik yaşına çatan ən inkişaf etmiş gənclər tələbələrdir. Hansı ki, onlar qəbul olunduqları təhsil müəssisəsində hər hansı elmi ali kateqoriyada öyrənməkçün gününün çox hissəsini məhz buna ayırmalıdır. Yerdə qalan digər vaxt onların şəxsi həyat, ehtiyacı olanlar üçün iş və gənclik üçün önəmli olan əyləncə kimi aktivliklərə sərf olunmalıdır.
Bütün insanlar və istəklər, xarakterlər bir deyil, təbii.
Amma, tutalım, hansısa bir oğlanda get-gedə onun bütün beynini, fiziologiyasını zəbt etməyə başlayan cinsi ehtiyac aktı başlayır. Və ya hansısa qızın. Bu əsnada da hansısa yerindən duran gəlir deyir ki, mühazirə dəftəri yazmasan, dərsdəki günlük iştirakın ləğv olunacaq.
Cəmiyyət ortadadır, aydındır. Aydındır ki, bədənin normal fizioloji və psixi proses olaraq qəbul etdiyi bu kimi məsələlər qız üçün hansı səviyyədədir, oğlan üçün hansı səviyyədə.
Hər şeydən əvvəl, qızlar fizioloji yaradılışda "uduzublar". Belə toplumlarda "uduzmaq" qızların "bakirəlik pərdəsi - hymen" adlandırılan cinsi orqanının var oluşudur.
Oğlanların isə bu sarıdan "bəxti gətirib". Ən sadə misal, heç bir yengə bəyin bakir olub-olmamasına burun soxmur. Ona və onun timsalında bütün cəmiyyətə bu, lazım deyil. Hətta bakirliyini saxlayan oğlanlara bunu öyrənən dostları "dırnaqarası" baxır. Belə insanların içində heç vaxt cinsi əlaqədə olmayan oğlan özünü "pis vəziyyətdən" qurtarmaq üçün başlayır dostlarına nağıllar uydurmağa: "Qardaşın bilirsən dünən hardaydı? Əhəhə!". Beləcə, bu kimi adamlar "kişilik məktəbinə" qəbul olunurlar.
Bəs qızlarda necədir? Tutalım, heç bir cinsi istək yaşamayan qız yoxdur. Varsa, o, aseksual hesab olunacaq. Kənardan görünən mənzərə nə vəd edir? Ölkədəki qadınların doxsan faizi aseksual imiş, əslində. Heç kim cinsi ehtiyac yaşamırmış. Cinsi əlaqə heç bir qızın maraq dairəsində deyilmiş.
Marağındadırsa, bunu ən dar çevrədə-rəfiqələrinin yanında dilə gətirəcək qızı digərləri “Vatsap” qruplarında "pozğun", ən yaxşı halda "yanıq" çıxaracaq. Heç kimin günahı yoxdur bu tərəflər arasında. Günah və qəbahət cəmiyyətin tətbiq etdiyi və bu günki günə qədər öz məzmunsuz prinsiplərinə sadiq qaldığı mental "dəyərlər"dədir.
Zəruri qeydi nəzərinizə çatdırım ki, "18 yaşa çatmış hər kəsin seks həyatı olmalıdır" demirəm. Nəyimə gərək? Bu sözü demək üçün sarsaq olmaq lazımdır. Bu məsələlər şəxsdən şəxsə dəyişir və mən gəncliyin böyük qismindən danışıram. Olmasın 18, olsun 22 yaş. İllər ötdükcə hormonlar da inkişaf edir. Gənclər erkən evliliyə meyl edir. Niyə? Məhz cinsi tələbata görə.
Valideynlər qızlarını tez-tələsik "baş-göz" edir. Niyə? Çünki fərqindədirlər. Bəlkə də yeganə fərqində olduqları nəsnə budur. Ki, övladları artıq yetkindir. Qızlarının tələbatı yarana bilər. Bu tələbata meyllənib "adlarını batıra bilər" və sair.
Hormonal inkişaf mərhələsinin qarşısını "ailə" ilə alırlar. Nəticədə, bir il çəkməyən evliliklər, ortada qalan uşaqlar, stresslər, əsəbi gərginlik, ruhi sarsıntı və sair.
Bu cür evliliklərdə seks həyatından danışmaq yersizdir. Aydın məsələdir.
Bədii ədəbiyyatın, fəlsəfənin, yaranışın, varoluşun təməlini, ən yüksək hissləri, zövqü, estetikanı, sənətin özəyini özündə ehtiva edən möhtəşəm bir proses bu kimi kütlələr arasında ən ayıb, ən iyrənc və ən qəbahətli hal kimi təqdim olunur.
Bayaq toxunduğum məsələ; ölkənin digər yaşıdları ilə müqayisədə daha proqressiv gəncləri - tələbələr sırf bu maneələr və qadağalar səbəbindən universitetlərdə özünü qarşı cinsə bəyəndirmək üçün rəqs edən tovuzquşu kimi görünürlər. Oğlanlar istəkdən azğınlaşmış və vəhşiləşmiş, aqressiv, hər gördüyü qarşı cins nümayəndəsinə yüksək səs tonu ilə "mesajlar ötürən" neandertallar kimi dolaşır. Nə mühazirə, nə seminar, nə kitab, nə elm? Boş şeydir. Və belə bir situasiyada auditoriyalara basqın edilir: "mühazirə dəftəri olmayan tələbənin iştirakı ləğv olunsun."
Universitetlərin elmi konfranslarına, beynəlxalq elmi müsabiqələrə barmaqla sayılacaq qədər az sayda tələbə qatılır. Bu o demək deyil ki, onlar bu qadağalar sərhədini aşıb. Ola bilsin, onlar bu istəyi daha ciddi idarə edə bilib. Və bu da psixoloji istismarın bir növüdür. Niyə bu istəyi buxovlamağa çalışasan, cəhdlər edəsən ki?
Cəmiyyətin ən adi problem kimi yox, ümumiyyətlə problem deyil, "belə olmalıdır" kimi qəbul etdiyi və qıraqdan çoxuna "ayıbçı" kimi görünən bu mövzu, əslində, ciddi sosial problemdir. Proqressiv gəncliyin ən ön cəbhədəki əngəlidir. Bu gün gənclik tabular və mentallıqla nəinki mübarizə aparır, onunla döyüşür, savaşır.
Amma daha ali bir həqiqət var ki, sevişmək lazımdır, savaşmaq yox...