Atamın yolka oğurlamağı

Atamın yolka oğurlamağı
29 sentyabr 2016
# 16:14

Çinarə Barış

Atam gecə vaxtı parkdan küknar oğurlayıb gətirmişdi. Bilmirəm, buna oğurluq demək olarmı? O vaxt Bakıda qalırdıq. Qalırdıq, ancaq yaşaya bilmirdik. Uşaq idik. Elə atamız, anamız da bu şəhərin isti, küləkli qollarında qucaqsız körpə kimiydi. Onu deyirəm də, adam yad yerdə dıqqılı olur. Hələ baş çıxara bilməsən, bu mozaik kütləyə uyğunlaşmasan, diri-diri yoxa çıxarsan.

Və Bakı bizim üçün çoox yad görünürdü.

Onda qış idi. Yeni ilə lap az qalmışdı. Məktəblərin, iri marketlərin qabağında şipşirin yolka ağacları məni kövrəldirdi. Şəhərin bayram təlaşı elə bil mənə acıq verirdi. Mədəm göynəyirdi.

Bilirdim ki, bütün sinif yoldaşlarımın evində yolka qurulub. Qurulmamışdısa bəs niyə zəng çalınan kimi gülə-gülə koridora cumurdular, niyə bufetə düşüb bulkalar alırdılar, niyə rəsm dəftərlərinin kağızları mənim dəftərimdən qalın idi, niyə qələmləri rəngarəng və çoxuydu? Niyə, niyə, niyə?

Televizordakı Şaxta Babalı reklamlar da məni çox incidirdi. Axı mən də istəyirdim. Axı qanmırdım, uşaq idim. Axı ev sahibinin qızı ilə eyni yaşda idim. Axı onun qızı mənim qədər yolka istəmirdi. Axı yer üzündə heç kim yolkanı mənim qədər sevmirdi.

Bayrama bir gün qalmışdı. Baş tərəfi azca yeyilmiş pol taxtamızı götürüb başladım üstünə iridən xırdaya, aşağıdan yuxarıya kağızlar yapışdırmağa. Sonra da sulu boyamla səliqəylə rənglədim. Üstünə bəzəklər də çəkdim. Gülə-gülə gətirdim mətbəxə, sevindiyimdən uçurdum. Həyəcandan qıpqırmızı olmuşdum.

Atama dedim, o ki yolkaların üstünə rəngli işıqlar vururlar e, yanır-sönür, yanır-sönür, sonra qəfil dayanır, sonra təzədən yanır. Bax o işıqdan mənə al, yolkamdan asacam. Onda daha qəşəng görünəcək.

Anam qəfil üstümə qışqırdı. Elə qışqırdı, sözüm boğazımda hıçqırdı, elə qışqırdı, əlimdəki pol taxtası yaşıl kağızlarını ağladı. Mənim yerimə ağladı, yarpaq-yarpaq ağladı, bəzək-bəzək ağladı. Bir də... Bir də bacım ağladı.

İstəyirdim şkafın başına dırmanam, evin çilçırağına çıxam, divarın üstündə sürünəm, balkondakı zivədə gəzəm, əlimdəki pul taxtasını yeyəm. Səbəbini bilmirəm, vallah. Mənim kədərim qulaqlarımı uyuşduranda ağlıma belə şeylər gəlir.

Bacımla bir çarpayıda baş-ayaq yatırdıq. Çox vaxt ayaqlarını quculayıb yuxuya gedirdim. Hərdən qıdıqlayıb bacımı cinləndirirdim. Elə bil bacımın ayaqları qardaşım olmuşdu. Çox sevirdim onları.

Həmin gecə nədənsə ürəyim yamanca darıxırdı. Ağlamaq istəyirdim, di gəl gülmək məni tuturdu. Ən kədərli günlərimizi xatırlamağa çalışırdım ki, bəlkə kövrələm, gözümdən bir çay qaşığı su gələ, xeyri olmurdu. Ağlamasam, ürəyimdə qalacaqdı. Bacımın ayaqlarını cütləyib başımın altına qoydum. Elə kədərli görünürdülər ki... Onlar hər gün məktəbə suyun içində gedib-gəlirdilər, yamanca üşümüşdülər. Elə bil baş barmaqlar daha çox əzab çəkirdi. Elə bilirdim baş barmaq o biri barmaqların anasıdır. Balaca barmaqları sığalladım, üzündən öpdüm. Gözümdən bir damcı yaş gəldi, yatdım.

Səhər yuxudan duranda gözlərimə inana bilmirdim. Ay Allah, evimizdə, bizim evdə, oyuncaqlı, rəngarəng işıqlı, oyuncaqlı, yamyaşıl yolka vardı. Mənim yolkam idi bu. Cumub işıqları oxşadım, bəzəkləri oxşadım, yolkamın qollarını dişlədim.

Atam alıbmış, atam qurubmuş. Özü də elə həvəslə qurubmuş! - üstündən xeylaq keçəndən sonra bacım danışdı. Deyir, anamın sırğasının bir tayını ata səhər obaşdan satıb sənə oyuncaqlar aldı. Yolkanı da gecə vaxtı qabaqkı binanın o üzündəki park vardı e, iri ət bıçağıyla ordan kəsib gətirdi. Anamın sırğasının o biri tayına da atam bilet aldı, bizi isə göndərdi kəndə.

Yadımdadı, gedəndə mənə söz verdi. Söz verdi ki, sona qızım, ağlama, sənə başı tavana dəyən yekə yolka gətirəcəm, anana da daha qəşəng sırğa. Hamınıza hədiyyələr alacam. Bir də gördün, qapının dalında durub baxıram sizə. Darıxma, tez gələcəm.

Atamın kəsdiyi yolkanı bağımıza əkdim. Nə qədər suladım, qulluq elədim, gübrə verdim, xeyri olmadı. Kənddə bitmək istəmədi. Sanki yolka Bakı üçün darıxmışdı. Bakı üçün yox e, atası-anasından ötrü, bacı-qardaşından ötrü. Evlərindən - həmin o parkdan ötrü yamanca darıxmışdı. Qupquru qurumuşdu.

Anam ağaca baxıb dedi:

- Bizə ah eləyib...

Səhər tezdən anam ağacın budaqların sındırıb peçi yandırmaq üçün ocaqgözü eləmişdi. Elə bil anam şəhərdə çəkdiyi bütün əzabları, kənddəki təkliyini və əlacsızlığını o yetim yolkanın üstünə tökmüşdü.

# 2584 dəfə oxunub

Müəllifin son yazıları

# # #