“Necə düşünürsünüz, siz artiq əfsanəsiniz?” Jurnalistlər ötən əsrin 70-ci illərində blyuzun ən parlaq ulduzu sayılan Cennis Coplindən soruşurlar.
“Nə danışırsınız, 26 yaçında əfsanə?!” Uzunsaçlı, uşaqçöhrəli, boğuqsəsli qız gülərək əllərini yelləyir: “Bəs ömrümün qalan hissəsini necə yaşayacam?”
Ömrün qalan hissəsi cəmi bircə il sürdü... Bu il texaslı qız həqiqətən əfsanəyə çevrildi. O blyuzu elə həyəcanla, elə həzin, elə çılğın oxuyurdu ki, publika göz yaşlarını saxlaya bilmir, hayqırır, oynayır, gülürdü...
Həyatının son gügünü Cennis Los-Ancelesdəki səsyazma studiyasında keçirdi. On saatlıq gərgin iş hamını “süzmə”yə döndərmişdi. Səhəri gün orkestr üzvləri mehmanxananın həyətindəki hovuzun ətrafında dincəlirdi. Onlar yalnız axşama yaxın Cennisi yada saldılar. Adətən müğənni gərgin gündən sonra təkliyə qapılır, siqareti digərinin oduna yandırır, viski butılkası da yanında... Trombonçu Con Quk onu çağırmaq üçün yuxarı qalxır. Hay-haray, çağırışlar nəticə verməyəndə qapını sındırırlar...
Uşaqçöhrəli, bir konsert üçün otuz min dollar alan müğənni nazik gecə köynəyində çarpayıda uzanmışdı. O, ölmüşdü. Çarpayının yanındakı xalçada boş şpris, külqabıda marixuana ilə doldurulmuş papiros kötükləri... Ölümün səbəbi hamıya aydın idi... Cennis damarına heroin yeritmiş, zəhərlənmişdi. Profisonallarda bu - “qızıl iynə” adlandırılır.
“Çəhrayı rəncli həyat” filminə baxmısınızmı? Dünya şöhrətli fransız müğənni Edit Piafın (Covanna Qassion) şirinli – acılı həyatından bəhs edir. Milyonlarla pərəstişkarı olan Edit uşaqlıqda səfil həyatı yaşayıb, küçələrdə mahnılar oxumaqla qarın doyurub, payızın yağışında, qışın şaxtasında əyninə geyməyə paltarı, ayaqlarına keçirməyə çəkmələri olmayıb. Günlərin birində onu əyləncə xatirinə, məzələnmək üçün yarı priton, yarı kabare kimi fəaliyyət göstərən “Juan- le Pen” kafesinə gətirirlər. Cır-cındıra bürünmüş, saçları pasaqdan bir-birinə yapışmış, xəstə gözlərində daim yaş parlayan “Sərçəcik” qəlbləri riqqətə gətirən elə həzin səslə oxuyur ki, həmin gecədən Parisin primadonnasına çevrilir.
Başına qızıl güllər, var-dövlət ələnir, ... amma milyonların sevimlisi xöşbəxt olmur. “Balaca Sərçə” narkotik aludəçisi idi. Konsertlər zamanı pərəstişkarları qarşısında səhnədə yıxılmamaq üçün fasilədə mütləq qoluna bir doza morfi yeridirdi. “Morfi mənə şənlənmək üçün deyil, ətrafımdakıları cırmaqlamamaq, dişləməmək, pis anlar üçün lazımdır” – deyirdi Piaf. Qırx beş yaşına çatanda “Sərçəcik” ömrünü başa vurmağa hazırlaşan qarıya bənzəyirdi. Piaf dörd avtomobil qəzası, yeddi cərrahiyə əməliyyatı, üç hepatit koması, dəfələrlə dəlilik tutmaları, intihara cəhd, iki dünya müharibəsi dəhşətlərini yaşamışdı. Var-dövlət və şöhrət içində üzən Editin ömrü göz önündəcə əriyir, narkotik əzrayıla çevrilib onun qara ciyərini gəmirirdi. Sərçə kimi gəldi..., sərçə kimi də getdi...
... Pop kralı Maykl Cozef Cekson 25 iyun 2009 –cu ildə 50 yaşında Kaliforniyada güclü narkotik sayılan propofolu həddindən artıq qəbul etdiyindən dünyasını dəyişib. Dəfələrlə aparılan istintaq testləri, məhkəmə tibb ekspertizaları belə rəy veriblər.
Uitni Hyuston – məşhur Amerika müğənnisi 12 fevral 2012-ci ildə Los Ancelesdəki “Beverli Hilton” mehmanxanasının nömrəsində huşsuz vəziyyətdə aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, 49 yaşlı ulduzu həyata qaytarmaq mümkün olmayıb. Narkotik və spirtli içkilər aludəçiliyi ilə keçən uzun illərdən sonra Uitni nəhayət ki Bobbi Braundan boşanmışdı və özünü yalnız uşaqlarına həsr edəcəyini söyləyirdi… Arzusu gözündə qaldı.
Bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri, ən qlobalı cəmiyyətin ciddi bəlasına, xalqın, millətin cılızlaşmasına aparan narkomaniyadır.
Maraqlıdır, görəsən dünyada nə qədər insan narkotik istifadəçisidir? Statistiklər milyard rəqəmini deyirlər. Tədqiqatçılar isə bu rəqəmin bir qədər şişirdilmiş olduğunu isbatlamağa çalışırlar. Lalədən alınan opium, morfi və heroin dünya xalqlarının 400 milyon adamının vərdişinə yol tapıb. Təxminən 300 milyon narkoman həşiş və marixuananın əsirinə çevrilib. Bir o qədər insan da koka və kat yarpaqlarını çeynəməklə narkotikə olan asıllığını söndürməyə çalışlr. Doğrudanmı yer kürrəsi əhalisinin beşdən biri narkotik istifadəçisidir? Bu rəqəm statistiklərin polis orqanlarından aldıqları məlumatlar əsasında çıxarılıb. Polis raportlarında yalnız konfiskasıya olunan narkotrik vasitələrin miqdarı göstərilir. Bəs bu rəqəmlər istehsal olunan narkotik vasitələrin hansı faizini təşkil edir? Tədqiqatçılar 25 – 32 faiz intervalını həqiqətə daha yaxın sayırlar.
Bir çox monoqrafiyaların müəllifi Jan Bro: “Dəfələrlə meqapolislərdə tələbələr, avaralar və səfillərin əhatəsində oturmuş və marixuana ilə doldurulmuş papirosun əldən-ələ keçdiyinin şahidi olmuşam. Keniyada olarkən söyüd budağının dadını verən “kat” bitkisinin yarpaqlarını saqqızla və ya onsuz çeynəmişəm. Onun cavan pöhrələri bazarda və traktirlərdə açıqcasına satılır. Kat ( qat, kaas, çut və ya çay da adlandırılır) narkotik hesab edilməsə də, kofe, çay, kola və betel kimi həyəcanlandırıcı, keyləşdirici, … tsatin alkoloidi ilə zəngin bitkidir. Yarpaqların şirəsini daha çox sorduqca bir qədər əvvəl ruh yüksəkliyi ilə nəzər diqqəti cəlb edən gənc elə göz qarşısındaca astagəla, yaramaza, davakara çevrilir. Vərdiş gücləndikcə istifadəkinin ürək-damar sistemində, beynində və əzələlərində ciddi problemlər peyda olur. Yəməndə kişilərin üçdə ikisi, qadınların isə üçdən biri kat istifadəçisidir. Bitki Efiopiya, Somali və Omanda da özünə xeyli pərəstişkar tapıb. Çinovliklər katı kanselyariyada, sürücülər sükan arxasında, əskərlər qaravulda dayanan zaman sərbəstcəsinə çeynəyirlər.”
Jan Bro davam edir:
“Mən maraq xatirinə deyil, narkomanlar dünyasına giriş bileti almaq naminə marixuana çəkmək, kat çeynəmək məcburiyyətində idim. Heroin - narkotiklərin ən dəhşətlisi ilə ilk dəfə ABŞ – da rastlaşdım. Mehmanxanada eyni otaqda qaldığımız zaman 19 yaşlı əczaxana laborantının əzablarına yardım etməyə çalışdım. O, dırnaqları ilə divardakı kağızı cırmaqlayır, yumruqlarıyla başını döyəcləyir, intihar edəcəyi barədə sayıqlayırdı. Bir porsiya (pay) heroin üçün yeniyetmə anasını öldürməyə, dostunu soymağa, qardaşını satmağa hazır idi. Yalnız bir qədər “ağ ölüm” tapıb onu su ilə qaşığın içində həll edərək iynəni qoluna sancdıqdan sonra sakitləşdi.”
Mayakovski kokain, Cek London morfi, Uinston Çerçil metamfotomin, Vısotski hər cür narkotik istifadəçisi idi.
Həyatının 23 ilini Sibirin zindanlarında, həbs düşərgələrində, yatab qatarlarında keçirən “Mamlyuk” Cəbrayıl da narkotik aludəçisi olub və bu mövzuda danışarkən deyir:
“Narkomanlığın tarixi çox qədimdir. Bu barədə onlarla kitab oxumuşam. Hələ eramızdan əvvəl narkotik tərkibli bitkilər barədə məlumatlara hind, Roma, Misir həkimlərinin retseplərində, yazdıqları əsərlərində rast gəlinir. Onların nağıl və əfsanələrində xaşxaş ( mak ) insanların ağrı və əzablarının məlhəmi kimi göstərilir, bitkinin qozasından alınan şirə (tiryək) isə əsrlərlə tibbi məqsədlər üçün istifadə edilirdi. Xaşxaşdan hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, ağrı - əzabları azaltmaq kimi müalicə işlərində istifadə olunub.
Keçmişdə, 40-50 il əvvəl məşhur insanlar anaşanı, tiryəki, mofini dərman kimi istifadə ediblər. Məsələn Mişel Nostradamusun həyatı ilə maraqlananda onun tiryək aludəçisi olduğunu öyrəndim. Sən demə, Adolf Hitler dünyanı zəbt eləmək və sair kimi axmaq fikrlərə düşəndə müntəzəm içdiyi “Bordo” şərabının içinə kodein, yaxud metadon həbləri atırmış. Dünya şöhrətli Onore de Balzak kofein “ölüsü” imiş və gün ərzində on iki saat “Məzhəkə” yazırdısa, iyirmi dörd fican tünd kofe içirdi. Həkimlər 50 yaşında dünyasını dəyişən dahinin ürək çatışmazlğının səbəbini məhz kofeində görüblər.
Amerikada kanalizasiya arxının içində üzüqoylu uzanaraq keçinmiş birisini meyitxanaya gətirirlər. Bir həftə sonra məlum olur ki, qanı tiryəklə zəhərlənmiş meyit detektiv janrının banisi Edqar Alan Poya məxsusdur. Salvador Dali də “ağ ölüm”ün qurbanıdır. Gərgin işdən sonra zövcəsini emalatxanaya çağırır və hər ikisi tiryəki qaynadaraq iynələnirdi. Şəxsi həkimi onu məzəmmət edəndə Dali onu təpiyi altına salaraq əzişdirmişdi.
Narkotiklərə aludəçilik təxminən iyirminci əsrdə kütləvi şəkil alıb, xəstəliyə çevrilib. Aludəçilik insan orqanizminə, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran, ən çirkin, ən ikrahedici vərdiş kimi qəbul edilməlidir.
İttifaq dövründə yaşadığımız illər ərzində narkomaniya problemi ilə məşğul olmayıblar, ona qarşı mübarizə aparmaq əvəzinə daha çox bu bəladan gələn problemləri gizlətməyə çalışıblar və nəticədə müalicəsi çətinliklər bahasına başa gələn dəhşətli xəstəliyin çiçəklənməsinə şərait yaradıblar.
Bu çox təhlükəli və qorxulu xəstəlikdir, onun klinik simptomları ən son mərhələdə özünü büruzə verdiyindən müalicənin effekti olmur və ölümlə nəticələnir.
NARKOTİK ABSTİNENSİYA ("LOMKA")
Narkotiklərin təsiri qurtardıqdan sonra abstinensiya halı baş qaldırır. Tütünə və alkoqola nisbətən narkotiklərin “lomka”sı çox ağır keçir, əzələlərin gərilməsi, sümük ağrıları aludəçiyə əzab verir. Müxtəlif narkotiklərin “lomka” sindromları fərqlidir.
TİRYƏK - Abstinensiya zamanı sümüklərdə sızlamalar, əzələlərdə ağrılar, gözlərin yaşarması, burundan ifrazat, tərləmə, ishal, hərarət və yuxusuzluq, ən başlıcası isə, nəyin bahasına olursa-olsun tezliklə narkotik qəbul etmək istəyi yaranır. Tiryək aludəçiləri çox vaxt nəfəs çatışmazlığından, tənəffüsün dayanmasından dünyasını dəyişirlər.
AMFETAMİNLƏR – ekstazi, qeyri-rəsmi şəkildə istehsal edilən narkotikdir. Həblər şəklində daxilə qəbul edilir. İnsanda ruh yüksəkliyi, oyanıqlıq, fiziki qüvvənin artması müşahidə olunur və 7-8 saat müddətində təsirini saxlayır. “Lomka” zamanı isə əhvalın pozulması, həyəcan, aqressiya, yaddaşsızlıq, sayıqlamalar baş verir.
HALLUSİNOGENLƏR - LCD - ən çox tanınan hallüsinogendir (qarabasmalar yaradan preparat). LCD qəbul etdikdən bir neçə dəqiqə sonra ətraf başqa cür – gül-çiçəkli, həzin musiqili, bir sözlə olduqca xoş qəbul edilir. “Lomka” zamanı özünəqapanma, ruh düşkünlüyü, gərgin depressiya yaranır.
KOKAİN - Cənubi Amerika cəngəlliklərində yetişən koka kolunun yarpaqlarından istehsal olunur.
Əvvəllər təbabətdə ağrıkəsici və damardaraldıcı kimi istifadə edirdilər. Kokaini venadaxili və dərialtı inyeksiyalar şəklində, həm də buruna çəkməklə qəbul edirlər. Orqanizmə daxil olduğu bir – iki saat ərzində insanda əhval ruhiyyə yüksəlir, özünəinam və mənəmlik artır, fiziki güc, cinsi fəallıq çoxalır. Bir iki saatdan sonra əhval korlanır, seksual aqressiya halları baş verir. “Lomka” zamanı süstlük, qüvvədən düşmə, depressiya, yuxusuzluq baş qaldırır.
MARIXUANA - Bu bitkidən alınan preparatların bəzi xəstəliklərə yaxşı təsirləri vardır. İbni Sina hazırladığı dərmanların əksəriyyətində - bəd xassəli şişlərin dağıdılmasında, mikrobların məhv edilməsində, ağrıların kəsilməsində, qıcolmada – marixuanadan istifadə etmişdir. Çətənədən hazırlanan maddələri həm qida ilə qəbul edir, həm də tütünə qarışdırıb çəkirlər. Xoş əhvaldan savayı marixuana həm də yuxulu vəziyyət yaradır.
“Lomka” zamanı əl – ayağın əsməsi, yuxusuzluq, şüur pozğunluğu, nəfəs çatışmazlığı, isitmə, tərləmə baş verir. Uzun müddət çətənədən istifadə edən aludəçilərdə debilizm (işləmək, oxumaq, hərəkət etmək həvəsinin olmaması) inkişaf edir.
Narkotikin necə ziyanlı olduğu barədə hamı bilir. Buna baxmayaraq, onun toruna düşənlərin sayı gündən-günə, özü də çox sürətlə artır. Narkotikin insan həyatını necə şikəst etməsi barədə təbliğat, məlumat çox azdır.
Narkomaniyadan müalicə olmaq çox çətindir. Narkotikdən asıllıq ondan bir neçə dəfə istifadə etməklə baş verir, lakin onun caynaqlarından qurtulmaq çox az adama müyəssər olub. Bu çox təhlükəli və qorxulu vərdiş, xəstəlikdir. Onun simptomları ən son anda özünü biruzə verdiyindən müalicəsinin faydası, effekti olmur və ölüm baş verir.