Bir yazımda filosofların, professorların ədəbiyyata gəlişini tənqid edərək yazmışdım ki, onların ədəbiyyata gəlişi sənəti bilgi və etika ilə “zibillədi”. Sənətdə didaktikaya yol açdı. Dil, sadəcə, informasiya vasitəsinə çevrildi, sənətin ən ümdə meyarı olan estetika unuduldu.
İndi bu fikirimi bəsit misallarla bir daha izah etməyə çalışacağam. Bizə ən yaxın olan iki yazıçı-filosof: Sartr və Kamyu. İnsanın yalnız ekzistensial vəziyyətlərdə özü olduğu konsepsiyasından çıxış edərək romanlar yazdılar. Halbuki onlara qədər ədəbiyyat Dostoyevskinin, Qorkinin, Mopassanın, Edqar Ponun əsərləri ekzistensial vəziyyətlərdə özünü tanıyan və sorğulayan qəhrəmanları ilə dolu idi. Sadəcə, bu qəhrəmanlara ad qoyulmamışdı. Sartr və Kamyu bu adı qoydu. Hər iki filosofun ekzistensial vəziyyətlərdə təsvir etdikləri model-müqəvva qəhrəmanları isə canlılığı, rəngləri, əzab və qəddarlığı ilə nə Dostoyevskinin Raskolnikovuna, nə Qorkinin nəvəsini atasının meyitinin yanında döyən “babasına”, nə evə müştəri çağıranda balaca oğlunu şifonerə salan Mopassanın fahişəsinə, nə Ponun soyuqqanlı, qaranlıq təbiətli cinayətkarlarına tay oldu. Onlar, sadəcə, Mono Lizanı yenidən, bu dəfə fotoaparatla ağ-qara şəklini çəkdilər, onu sənətin rənglərindən "təmizlədilər".
Yaxud xristianlığın tarixi haqqında professor Umberto Eko da roman yazıb (Qızılgülün adı), süpürgəçi Bulqakov da (Master və Marqarita). Ədəbiyyatın ən fenomenal şərtlərindən biri zaman duyğusudur, yəni zamanı oxucuya hiss etdirə bilmək. Oxucu özünü əsərin zamanında hiss etməyəndə bir bəhanə tapıb kitabdan uzaqlaşır. Ekonun romanında zaman duyğusu kitabdan kənara çıxmır, yəni Ekonun seçdiyi üslub, kəlmələr bizi XIV əsrin monastırına aparmır, monastrı bizim zamanımza gətirir.
Çünki adam professordur, keşmişi bu günə daşımaq üzrə ixtisaslaşıb. Bulqakovun romanında isə elə üslub, elə kəlmələr seçilib ki, biz kitabı oxuyanda özümüzü eramızın 60-70-ci illərinin inkivizisiya məhkəməsində qorxu içində hiss edirik. Çünki Bulqakov keçmişi eynək gücünə yazmır, bəlkə də, qaranlıq bir otaqda gözlərini yumaraq yazır.
Yaxud, XX əsrin sonlarında elm və fəlsəfə “modern insan” adı qoyduğu çağımızın insanına bir çəki-düzən vermək istədi. Belə bir sual qoydu: kimdir modern insan? Eşələyə-eşələyə axırda tapdı ki, sən demə, ilk modern insanın xarakteri hələ XVII-XVIII əsrlərdə ədəbiyyatda yaradılıb. Bu, Getenin doktor Faustu idi. Və bu gün elm də, fəlsəfə də Faustu modern insan tipinin şəksiz əcdadı hesab edir.
Bizdə roman sənəti dastançılığın yazılı davamı olduğuna görə bu cür dərin mövzulara girə bilən yazıçılarımız yaranmayıb. Ona görə yaxşı oxumadığımız orta məktəb bilgilərini bir romanda görəndə ələm kimi cuşə gəlirik.