Gecə klubunu Allahın partlatdığını deyənlər

Aqşin Yenisey, yazar

Aqşin Yenisey, yazar

8 aprel 2022
# 20:00

Kulis.az Aqşin Yeniseyin "Cəhalətin elitarlaşması, elm və sənət düşmənliyi" yazısını təqdim edir.

Ramazan ayının ilk günündə Bakıdakı gecə klublarının birində baş verən partlayışın cəmiyyətin inanclı kəsiminin qınağına, hətta bəzi hallarda sevincinə səbəb olduğunun şahidi olduq. Bu təbəqədən olan insanlar müqəddəs ayda əylənənlərin klubunu Allahın partlatdığını söyləməkdən belə çəkinmədilər. Sosial şəbəkədə yayılan bu qəddar mövhumat yadıma Türkiyənin Adnan Menderes universitetinin elmi işçisi Burak Sayının yazdığı və illər öncə oxuduğum "Cəhaləti öymə; Filistinizmin mənbəyi olaraq Ressentiment” adlı məqaləsini saldı. Qərara gəldim ki, bu yazını öz şərhlərimi də əlavə edərək oxucularımız üçün də əlçatan edim.

Alber Kamü XX əsri "Qorxu çağı” adlandırırdı. XXI əsr bu qorxunun üzərinə cahil cəsarətini də əlavə etdi.

"Qorxu çağı”nda real dünyada cinayətkarlığın adi hal alması, düşüncə dünyasında da fikirlərin bir-birilərini qətl etməsini ifadə edir. İnsan həyatının dəyərsizləşməsi digər insanların düşüncələrinə edilən hücumlarla gerçəkləşir. Çünki düşüncə, zehni fəaliyyət və informasiya nə qədər çox təxribata uğrayarsa, insan da ona uyğun olaraq həm fiziki, həm də zehni şiddətin təsirinə düşür; beləliklə, söz və dialoq ortadan qalxır. Dialoqun yoxluğu isə Kamünün “qorxu” sözüylə ifadə etdiyi dünya düzəni arzulayanların, yəni hər cür cinayəti legitimləşdirmək istəyən və insanın məna dünyasını məhv etmək məqsədi güdənlərin maneəsiz bir şiddət meydana çıxarmalarına imkan verən fikir və idealların boş yerə qətl edildiyi bir atmosferin əsas şərtidir” (Burak Sayın).

Biz bu gün bir-birimizin fikirlərini qətlə yetirməklə məşğuluq, fürsət yaranan kimi bu qəddarlığın fiziki qətliama çevrilməyəcəyinə heç bir zəmanət yoxdur. Fransa tarixindən “Varfolomey gecəsi”ni xatırlamaq kifayətdir: katoliklərlə protestantların bir-birilərini qırdığı gecəni.

Burak Sayın yazır: “Bu qaragüruh insanlıq tarixi boyunca fərqli zamanlarda fərqli formalarda təzahür edib. Sokratı edama məhkum edənlərdən İnkvizisiyaya, ruhu ucaldan hər cür dəyəri məhv etməyi əsas vəzifəsi bilən müəmmalı rahib Qirolama Savonaroladan (Dominikanlı din xadimi və Florensiya şəhərinin 1494-1498-ci illərdə hökmdarı. Renessans əleyhinə gördüyü sənət əsərlərini və kitabları yandırması ilə məşhurdur. Martin Lüter və digər reformaçıların banisi hesab olunur. – A. Y) XX əsrdə insanlığı iki böyük dünya müharibəsinə sürükləyəcək qədər gözü qızmış kütlələrə qədər, Kamünün ifadə etdiyi mənada qorxu, insanlıq üçün, sanki, bir alın yazısı şəklini alıb”.

Kimdir bu qaragüruh dediyimiz şəxs?

“Tolerantlıqdan və fikir mübadiləsindən tamamilə məhrum, şiddət və istehzanın ən kobud halı ilə yoğrulmuş, özünü ancaq ətrafındakı fərqliliklərin qarşısında görməklə təsdiqləyə bilən bir zehniyyət… Xaraktersizliyi qisas və ya daha dəqiq desək “ressentiment”dən güc alan bir insan tipi. Türkcəyə “qisas” olaraq tərcümə olunan ressentiment, xüsusilə Nitsşenin “Əxlaqın mənşəyi” əsərində, kölə əxlaqının kökünü araşdırarkən ətraflı izah etdiyi bir anlayışdır. Nitsşeyə görə, kölə əxlaqını mənimsəmiş olan sürü insanının üsyankarlığı, ressentimentin yaradıcısı olub, dəyərlər yaratmağa başlamaqla reallaşır. Ressentiment, sadə dillə desək, özəyində qisasçılıq yatan, kin, qərəz, intiqam, nifrət kimi duyğulardan güc alan və xüsusilə öz varlığından aşağılıq kompleksi duyan adamın ruhunda ortaya çıxan psixoloji haldır. Mən bəhs etdiyim bu insan tipini "philistine”, məruz qaldıqları xəstəliyi isə "philistinism” adlandırıram”. – Burak Sayın.

Hər birimizin ətrafında, dostları, qohumları arasında bu tipə aid insanlar var. Özləri özlərini məhkum olduqları duyğu və arzuların, düşüncə və qənaətlərin, imkan və iddiaların təcridxanasına çevirmiş hər cür azadlığın düşməni olan filistinlər.

"Filistinizm anlayışı, sadə dillə desək, fəlsəfəni, sənəti, ağlı, elmi və s. sahələri xor görən, alçaq və təcavüzkar bir qisas hissiylə cəhalətə qapanan anti-intellektual tərz deməkdir, sosial davranışdır”.

Ədəbiyyata XIX əsrdə almancadan keçmiş "Philistine” sözü qədim yəhudilərin barbar qonşuları olan filistin xalqının adından götürülmüşdür. XVII əsrdə alman tələbələr təhsilsiz həmyerlilərini “philister”adlandırırdı. Bu sözün indiki Fələstin xalqı ilə heç bir əlaqəsi yoxdur.

“Bir filistinin ən tipik özəlliyi cahil olmasıdır. Ancaq burada cəhalət ilə məlumatsızlıq arasında bir fərq qoyulmasının şərt olduğu qənaətindəyəm. Çünki “cahil” sifəti gündəlik dildə bəzən çılpaq mənasıyla “məlumatsız olma”nın da yerinə işlədilə bilir. Halbuki cəhalət, məlumat kasadlığı ilə şübhəsiz ki, əlaqəsi olan, ancaq bundan savayı bəzi mərəzli xüsusiyyətləri də yaradan və ressentimentlə təbii bağı olan bir anlayışdır. Şopenhauer bir filistini belə təqdim edir: “Mən, ağlının özü-özlüyündə normal olduğunu düşünən, heç bir zehni etiyacı olmayan adamın sözün əsl mənasında bir filistin olduğunu düşünürəm”. Şopenhauerin vurğuladığı “heç bir zehni ehtiyac duymama” halı, həqiqətən də, bir filistinin, bəlkə də, tək cümləlik tərifidir. Filistinlər bu zehni rahatlıqları ilə özü-özlüyündə ağıl düşmənidirlər”.

Cəmiyyətimizdə, ümumiyyətlə, heç bir zehni ehtiyac duymadan yaşayan və bir gün səssizcə ölüb gedən insanların sayını hesablaya bilsək, dəhşətə gələrik.

Burak Sayının Şopenhauerdən gətirdiyi bu tərif cəhalətin sərhədlərini daha da genişləndirir. Cəmiyyətimizdə, ümumiyyətlə, heç bir zehni ehtiyac duymadan yaşayan və bir gün səssizcə ölüb gedən insanların sayını hesablaya bilsək, dəhşətə gələrik. Milli filsitinlərimiz əynində on min manatlıq paltar gəzdirib, başında on qəpiklik beyin gəzdirə bilməyənlərdir. Bu cür filistinlər daha çox milli elitamızın tərkibinə daxil olanlardır.

“Bir filistin həqiqi mənada ağıl anlayışına və onun təmas etdiyi bütün dəyərlərə düşməndir. Bundan başqa onun əsl xarakteri, intellektual davranışa və insan həyatını daha yuxarı mərtəbəyə daşıyacaq hər cür anlayışa duyduğu nifrətdə gizlənir. O, ilk növbədə, “özüylə münasibətdə heç bir intellektual həzzə” sahib deyildir. Çünki yuxarıda vurğuladığımız kimi, həqiqi ehtiyaclar olmasa, həqiqi həzlər də olmaz. Filistinlərin həyatı özlərinə bilgi sahibi olmaq üçün ehtiyac duyulacaq bir arzudan və anlayışdan, yaxud özlərinə çox yaxın olan gerçək bir estetik həzzi təcrübədən keçirməkdən tamamilə məhrum bir şəkildə reallaşır. O halda onlar intellektual bir həyata bütün varlıqlarıyla qarşı olduqları kimi, estetik həzzə, sənətə də düşməndirlər”.

Səhra bir az da böyüdü. “İntellektual həzz!”. Belə bir həzzə ehtiyac duyanları günümüz Azərbaycanında barmaqla saymaq olar. Ümumiyyətlə, bizim insanın həzlər menyusunda belə bir “yeməyə” rast gəlmək qəssab piştaxtasında ağ milçək görmək kimi nadir hadisədir.

“Hər hansı bir zehni ehtiyaca sahib olmayan filistin təbii olaraq öz ətrafında mövcud olan dünyanı dərk etməyə və anlamağa çalışmaz. Çünki o, onsuz da, dünyanı özünün dar anlayışı ilə heç bir mübahisəyə yer qoymayan bir formada şəkilləndirmişdir... Bir filistinin öz qarşısında gördüyü və ancaq onu pisləyərək öz mövcudluğunu təsis və təsdiq etdiyi obraz intellektualdır. Bu, Nitsşenin düşüncəsində tamamilə bir sürü davranışıdır. Sürü insanı öz dəyərlərini, tragik insanın əksinə, azad şəkildə özü yaratmaz; bunun əvəzinə özündən üstün olan tragik insanı şeytaniliklə ləkələyərək, özünü şeytani olanın, pis olanın qarşısında yaxşı, yəni əxlaqlı olaraq görər… Filistin özü-özlüyündə, sadəcə, bir düşüncə tərzi deyil, üstəgəl, sənət düşmənliyi də vardır. Sənətin də insan həyatını bütün cəhətləri ilə dəyərləndirdiyi bənzərsiz bir xatirə olduğunu göz önünə gətirsək, kökündə maddiyyat və mənfəətlər yatan filistinizmin əslində, maddi olana deyil, düşüncəyə, yaradıcılığa, bilgisini və yaratdığını paylaşmağa dəyər verən həyat tərzinə, ümumiyyətlə, yaradıcı həyata düşmən olduğu üzə çıxır. Beləliklə, filistin ortaya bir dəyər qoymaqdan ziyadə, eynən Nitsşenin sürü insanı kimi, özü xaricində başqa dəyərləri lənətləyərək öz mövcudluğunu təsdiq etmiş olur. İntellektual həyat isə, Xomski və Bendaya istinadla söyləyə biləcəyimiz kimi, bu dəyərlərə uyğun gələn, demək olar ki, hər şeyi əhatələyən bir həyatdır. Bu həyat tərzi isə olduqca məşəqqətlidir”.

Filistinin özünün məşəqqəti yoxdur. O, cəhalətini daha da dərinləşdirən başqalarının məşəqqətini özününküləşdirir. O, özü-özlüyündə bilməmək xoşbəxtliyini yaşayan adamdır. O, hiyləgərcəsinə anlayır ki, bilmək onu bu xoşbəxtlikdən məhrum edəcək. Buna görə də qəddar bir davranışla həqiqi bilgini özünə yaxın buraxmamaqdadır. Onun verdiyi suallar da cavabını bildiyi suallardır. O, gözləmədiyi cavablar eşitməmək üçün heç vaxt fərqli mövzularla maraqlanmaz. Filistin üçün kitabxana yoxdur, kitab var. O kitab isə oxumaq üçün deyil, inanmaq üçündür, daha doğrusu, oxumadan inanmaq üçündür.

“Cəhalət hər şeydən əvvəl, fərqli psixoloji ölçüləri olan bir davranış şəklində təzahür edir. Bunlar başlıca olaraq həddini bilməmək, cürətkarlıq, ağıl və yumor düşməni olmaqdır… Cahil bir insan, şübhəsiz, bilgi yoxsuludur. Ancaq ona bilgisiz əvəzinə cahil deyilməsinin səbəbi inadla içində olduğu reallığı qəbul etməməsi, əksinə, sahib olduğu alayarımçıq məlumatları, bilginin də fövqündə, az qala, bir həqiqətmiş kimi müdafiə etməsi və əlaqədar mövzu barədə bilgisi olan bir şəxsə hücum etməyə cürət göstərməsidir. Göründüyü kimi, cəhalətin ən böyük təzahürlərindən biri hər hansı bir məsələ ilə bağlı qulaqdan-qulağa ötürülən alayarımçıq məlumata etibar etməkdir. Çünki məlumat asanlıqla əldə edilə bilir. Halbuki əsl bilgiyə çatmaq səbr və zəhmət istəyir. Bu yolda göstərilən səbr və zəhmət isə maddiyyatdan və gündəlik həzlərdən imtina etmək deməkdir… Bir filistin, yəni cahil insan, bilgisi olan, hər bir cəhəti ilə intellektual olan şəxslərdən intiqam almaq arzusuyla yanıb yaxılır. Bu intiqam arzusunun qaynağı ressentiment duyğusunda yatır və filistinlərin mövcudluqları, doğrudan da, bu duyğudan qidalanır.

Qeyd etməyimiz vacib olan önəmli bir nöqtə cəhaləti ucaldan filistinlərin ressentimenti xüsusi olaraq intellektual zümrəyə yönəlmiş deyildir. Burada təcavüzün yönəldiyi əsl şey, əslində, bir davranışdır: bu davranış intellektual həzlər ilə sənətə dəyər vermə, hörmət və ehtiyac duyma, insan həyatını dəyərli edən istedaddır. Cəhalət girdabında qıvrılan filistin isə bu davranışın dəyərini, ancaq onu mənimsəyəcək cəsarət və məharətə sahib olmadığını daxilən bildiyi üçün qisascıl duyğulara qapılır. Qisas özü-özlüyündə gücsüzlük duyğularından qidalanan bir hissdir və daha da əhəmiyyətlisi qisasçılıq ilə qisas alma əməli arasında dərin bir fərq vardır. Söhbət ressentimentdən gedirsə, anlamağımız vacib olan şey, bir şəxsin digərinə qarşı, sadəcə, özündən daha güclü və ya yaxşı vəziyyətdə olduğunu düşünməsindən hiss etdiyi nifrət və çarəsizlik duyğularından doğan öc alma arzusu, yəni qisasçılıqdır. Cahil qaragüruh məharətsiz və qorxaqdır. İnsanı insan edən, həyatı dəyərli hala gətirən anlayışları və dünyagörüşlərini mənimsəmədiyi üçün bu vəziyyətin ağırlığı altında əzilir və bu aşağılıq kompleksindən qidalanan kinini, bütünlüklə sözü gedən həyat anlayışını ən yaxşı şəkildə əks etdirən təhsilli və ya intellektual olaraq adlandırdığımız təbəqəyə dorğu yönəldir.

Qaranlıq zehninin dərinliklərində, zəhərini yeritdiyi insan tipini aşağılamaqla niyyətinə əsla çata bilməyəcəyini anladığından, qisasçılıqla kifayətlənmək, bu qaragüruhun alın yazısıdır. Bəs bu vəziyyət praktik həyatda hardan motivasiya alır? Filistinlərin ən tipik xüsusiyyətlərindən biri dərhal hər bir məsələni özününküləşdirmələridir. Çünki onlar özlərinə əsası olmayan bir əhəmiyyət verirlər və həyatdakı mühüm məsələləri, fikirləri, idealları, şəxsləri də yenə də heç bir dayaq nöqtəsi olmayaraq, çəkinmədən lağ-lağı mövzusuna çevirib, cürətkar və bambılı davranışlarını dünyanın ən böyük mərifətiymiş kimi qucaqlayırlar. Bu həyasızlıqlarını isə - xüsusilə bu günümüzdə - müzakirə adı altında gizləyirlər. Ancaq gözdən qaçırdıqları iki məqam var: təcavüz etdikləri insanların da özləri kimi istehza və ironiya arasındakı fərqi bilmədiyini zənn edərlər və müzakirənin sağlam bir əsasa sahib olmaqla yanaşı, özü-özlüyündə mədəni dəyər daşıdığını bilməzlər. Bu mədəniyyət isə davamlı bir hakimiyyətlə eyniləşdirilən və ya başqa sözlə, hakimiyyətlə əlaqəli olmasına rəğmən, sadəcə, bu cəhətindən ibarətmiş kimi ortaya atılan demokratiyadır.

Demokratiyanın ideal mənasında təzahür etdiyi, yəni gerçək demokratik mədəniyyətin hakim olduğu bir yerdə hər kəs istədiyi şeyi, istədiyi zaman, istədiyi yerdə söyləmək hədsizliyində ola bilməz. Çünki demokratiya mədəniyyəti ancaq bərabərhüquqlular arasında yarana bilir və bu bərabərhüquqluları da filistinlərin yetişdirə bilməyəcəyi açıq-aşkar ortadadır. Halbuki filistinizmin hökm sürdüyü geri qalmış, ətalətə batmış, yeniliyə qapalı, sənətə, ağıla, elmə düşmən olan korlanmış cəmiyyətlərdə isə filistinlərin işinə yarayan, istədiyini bacardığı qədər qabalıqla söyləmə davranışı, “demokratik” bir haqq kimi sırınır və demokratiya anlayışından törəyən kəlmələr hər çür cəhalət ünsürünü qanuniləşdirmək üçün onların dilindən düşməz”.

Bizim sosial şəbəkə “demokratlarının” tərifidir Burak Sayının bu cümlələri.

Onların əcdadları sosrealizmin fanatları idilər, özləri isə bu gün kapitalizmin totalitarlığını alqışlayırlar.

Bu gün dünyada filistinizmi körükləyən daha çox alt-rigth, yəni alternativ sağçı siyasətidir ki, bu siyasət demokratiyanın prinsiplərindən kapitalist realizmin totalitarlığını yaratmaq üçün yararlanır. Sosial şəbəkələrin gücündən faydalanaraq irqçiliyi, qadın düşmənliyini, dövlət gücünün vətəndaş üzərində hegemonluğunu yenidən gündəmə gətirərək texnoloji fetişizmin cahil kütlələrinə ilham verir. Günümüzün filistinləri daha çox bu texnoloji fetişizmin fanatikləridir. Onların əcdadları sosrealizmin fanatları idilər, özləri isə bu gün kapitalizmin totalitarlığını alqışlayırlar. Virtual dünyadan real dünyaya kin, nifrət, bərabərsizlik, təhdid çağırışları püskürürlər. Ciddi sənətdən uzaq, orijinal bilgidən xəbərsiz, qulaqdan-qulağa ötürülən informasiyalarla silahlanmış bu postmodern filistinlər, bir növ, Hitlerin reinkarnasiyalarıdır.

“Bu çoxqatlı təbiətinə görə ressentiment, Nitsşeyə görə, - həsəd, kin, qısqanclıq və qəddarlığın qarışığı olan – qaranlıq bir ehtirasdır”. Çünki ayrıca olaraq qisas, kin və s. kimi duyğular bütün insanların məlum şərtlər altında hiss edə biləcəkləri duyğulardır. Ancaq söhbət ressentimentdən gedirsə, bəsit bir duyğudan deyil, bir sıra anadangəlmə xüsusiyyətlərinə görə məlum insanlarda və qruplarda kök atmaq gücü olan ruhi bir xəstəlikdən danışırıq. Bu xəstəlik XX əsrdən yaşadığımız dövrə uzanan müddət ərzində, zəmanənin verdiyi imkanlar sayəsində filistinzmin kütləvi olaraq hakim bir idelologiya olmasının əsas mənbələrindən biri olaraq təzahür edir. Filistinlərin heç bir zehni ehtiyac hiss etməməklə yanaşı, hər şeyi maddi mənfəət və qarşılıq güdərək etdiklərini qeyd etdik. Nabokov bu halı aşağıdakı sətirlərdə daha incəliyi ilə göstərir: “Filistin, ədəbiyyat da içində olmaqla sənəti nə anlayır, nə də dəyərləndirir – təbiəti etibarı ilə sənətə qarşıdır – amma məlumatlanmaq istəyir və dərgiləri oxumağı öyrənmişdir”. Bir filistin, həqiqətən də, bütün qabalığına, ağıl və sənət düşmənliyinə, intellektual həyata qarşı duyduğu nifrətə rəğmən, bir yandan da informasiya, məlumat arxasınca qaçmaqdan da qalmaz. Çünki intellektuala bəslədiyi kin, onun bilgi əldəetmə arzusunu körükləyir. Beləliklə, intellektualla rəqabət edəcək və hətta onu ötüb keçəcəkdir. Bu məlumatbazlığı bir az da diqqətli bacaranlar, inandıqları “aydın” təbəqəni formalaşdırarkən, ortalıqda qalanlar standart bir filistin olaraq ömür sürürlər.

Nabokovun təsbitini günümüzə tətbiq etsək, belə deyə bilərik: Filistin, dərgiləri oxumaqla bərabər, artıq internetə də girməyi bacarır. Şəkilli anket sitələrindən aldığı məlumatlarla, elmdən ədəbiyyata, sənətdən fəlsəfəyə qədər hər bir sahədə mühakimə yürütməyi çox yaxşı bilir. Ordan-burdan öyrəndiyi, mənbəyi məlum olmayan ibarələrə, əhvalatlara sahiblənir və bunları dəqiqi bir bilgiymiş kimi mənimsəyir. Məsələn, Təkamül nəzəriyyəsi və ya bir ədəbi cərəyan haqqında mütləq asan oxuna bilən və əsasən məzmun xarakterli mətnləri tapıb oxuyur. Ancaq əsla orijinal mətnləri tapmağa can atmır. Sənətlə bağlı danışır, ancaq muzeyləri darıxdırıcı görür”.

Bir də filistinləri elitasında təmsil olunan cəmiyyətlər var…

# 3992 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #