Viktoriyanın sirri - Alpay Azərin yeni hekayəsi

Alpay Azər

Alpay Azər

7 fevral 2023
# 09:00

Kulis.az "Hekayə günü" layihəsində Alpay Azərin "Viktoriyanın sirri" adlı hekayəsini təqdim edir.

"Siyasi-psixoloji tipajlar" silsiləsindən

Viktoriyanın sirri
(siyasi-erotik novella)

Fransanın müdafiə naziri Anri Düpui istefa verdiyi günün axşamı, son beş ildə tez-tez onu girinc edən azadlığın dadını çıxartmaq ehtirasının qarşısında ciddi maneə olmadığı qənaətinə gəldi. Beşulduzlu hotellərdəki lüks xidmətlər, hovuzlar, saunalar, masajlar, – bu şeylər bəzən gecəyə qədər davam edən beynəlxalq konfransların gərginliyindən sonra əldə etdiyi ləzzət növləri olmuşdu onunçün, üstəgəl məzuniyyətlərdə ailəsiylə ekzotik kurortlarda keçirdiyi günlər. Amma skandal, reputasiya məsələsinə görə, fahişə və potensial məşuqələrdən həmişə uzaq durmuşdu.

Ard-arda uğursuzluqlar səbəbindən son illəri gərgin keçirdi. Malidə əl-qaedəçilər sülhməramlıların bazasına hücum edib on iki fransalı əsgəri qətlə yetirəndə, prezident onu baş qərargah rəisiylə bir yerdə kabinetinə çağırıb hər ikisini danlamışdı. Az sonra Mali prezidentinin, Rusiyanın başkəsən muzdluları “Vaqner” hərbi özəl şirkətini öz ölkəsinə dəvət etməsi Düpuiyə ikinci zərbə olmuşdu. Öncə istefa vermək istəmişdi, bunun cəmiyyətdə, üzv olduğu siyasi komandada zəiflik, məsuliyyətdən qaçma kimi qəbul olunacağını düşünüb vaz keçmişdi fikrindən.

Rusiya Ukraynaya hücum edəndən on beş gün sonra prezidentin qəbuluna düşən Düpui bunları demişdi: “Ukraynaya mütləq hərbi yardım etmək lazımdır. Rafael qırıcıları vermiriksə, heç olmasa uzaq mənzilli raketlər verək. Ukraynanın uduzması Avropa üçün strateji təhlükə deməkdir”. Düpuinin bu sözləri tək onun Ukraynaya sevgisiylə bağlı deyildi, o, həm də zərbə almış karyerasını xilas etmək istəyirdi. Prezidentsə etiraz etmişdi:

“Nə Rafael, nə raket? Amerikanlar rusların qorxusundan Zelenskiyə F-16 verməyə cürət etmir, almanlar illərlə anbarlarda paslanan köhnə Leopard tanklarını vermir, sən onlardan qabağa düşmüsən. Ukraynaya bu şeyləri vermək Rusiyanın azğınlaşması, dağıntıların, ölüm saylarının son həddə çatması deməkdi, başa düşürsən? Mən hələ taktiki nüvə silahının istifadəsindən danışmıram”.

Arada gah ABŞ-ın, gah da Böyük Britaniyanın müdafiə nazirləri Düpuiyə zəng edib dil tökürdülər: “Anri, başa düş, Ukraynaya artilleriya sistemləri, 155 millimetrlik mərmilər hava-su kimi lazımdı, ukraynalılar ikinci Mariupol yaşamamalıdı. Siyasət bir yana, bu, ən azından, beynəlxalq vicdan məsələsidi, başa düşürsən?” – ABŞ-ın müdafiə naziri ona demişdi. Həm o tərəfdən, həm bu tərəfdən tez-tez eşitdiyi “Başa düşürsən?” sualından qıcıqlanan Düpui amerikalı həmkarına acıqlı tonda demişdi: “Mən əlimdən gələni edirəm, amma siz yaxşı bilirsiz ki, xarici siyasətdə son sözü bizdə prezident deyir”. Axırda “Le Figaro” qəzeti üçün “X-2” imzasıyla “Ukraynaya silah-sursat verməyimiz strateji seçim olmalı” başlıqlı köşə məqaləsi yazmışdı, üstəlik, yazıda prezidentin adını çəkmədən onun cəsarətsizliyinə yüngülvarı eyham vurmuşdu. İki gün sonra daxili kəşfiyyat vasitəsilə məqalənin müəllifinin kim olduğunu bilən prezident onu kabinetinə çağırıb salamsız birbaşa suala keçmişdi:

– “Le Figaroda”kı məqaləni sən yazmısan?
– “Bəli, cənab prezident”.
– “Fransanın Corc Kennanı1 olmaq iddiasındasan? Hansı üzlə?”
– “Cənab prezident, xahiş edirəm, məni düz anlaya...”
– “Bir dəyqə. Malidə heç nə edəmmədin, axırda rusların başkəsənlərini ora çağırdılar. Amma məqaləndə mənə sataşırsan. Məni hər şeydən öncə Fransa maraqlandırır, başa düşürsən? Sonra Avropa İttifaqı, Frankofoniya ölkələri, ondan sonra Ukrayna”.

“Başa düşürsən?” sualından, işindəki uğursuzluqlardan bezən, həmin anlar əsəbdən gicgahları döyünən müdafiə naziri kabineti tərk etməzdən öncə prezidentə demişdi:

– Mən artıq qəti olaraq istefa vermək qərarına gəlmişəm. Amma Ukraynanın maraqları üçün əlimdən gələni edəcəm. Bunu lap lobbiçilik kimi də başa düşə bilərsiz”.

– “Fransanın milli maraqlarını unutmamaq şərtiylə nə istəsən edə bilərsən,” – prezident ona tərəf baxmadan donquldanmışdı.

İstefasından bir həftə sonra Düpui bu dəfə öz adıyla yenə “Le Figaro”da “Sonra gec olacaq” adlı məqaləsində birbaşa prezidentə müraciət edərək, onu Ukraynaya heç olmasa, CAESAR artilleriya sistemləri verməyə çağırmışdı.

Keçən əsrin altmışlarında Sorbonna universitetinin hüququnu əla qiymətlərlə bitirən Anri o vaxt ölkədə on minlərlə tələbənin iştirak etdiyi etiraz hərəkatına qoşulmamışdı. Dostlarıyla söhbətlərdə etirazçıları “faydasız boşboğazlar”, təzə-təzə meydana çıxan seksual inqilab tərəfdarlarını isə “acgöz primitivlər” adlandıran Anri bir dəfə dostu Rişara demişdi: “Parisdə az qala hər üç küçədən birində fahişə tapmaq olar. Axı bizdə seksual inqilaba nə ehtiyac var”. Sonucda “Güclü dövlət, hüququn aliliyi, anarxiyaya yox” sözlərini sevən Düpui karyerasında buna əməl etmişdi. İllərlə işlədiyi dövlət qurumlarında reputasiya məsələsinə xüsusi fikir vermişdi: sədaqətli ər imici, sağlam həyat tərzi (yayda üzgüçülük, qışda xizək sürmə), üzv olduğu partiyaya sədaqət.

Hələ iki il əvvəl arvadı sağ olanda, Anrinin beynində cücərən “azadlığın ləzzəti”, “azadlığın dadı” yenidən boy verməyə başlamışdı. Öncə kaskadyorluq kurslarına getmək ağlına gəlmişdi, ən çox maşını dərin uçuruma tərəf sürüb, ora çatana yaxın qapını açıb otluğa tullanmaq, sonra ayağa durub qayalara dəyən maşının partlamasından yaranan səs və qaranlıq uçurumda parlaq işıq effektindən həzz almaq istəmişdi. Qorxu ləzzət istəyinə qalib gəlmişdi. Sonra Bunuelin “Azadlığın kabusu” filmində çoxmərtəbəli binanın otuzuncu mərtəbəsindən snayper tüfəngiylə küçədə gedən adamları öldürən intelligent Bernar Levassördən fərqli olaraq, gizli bir yerdən yağışlı gündə küçədə gedən qadınların çətirlərinin gövdəsini (qırılıb başlarına düşsün deyə), avtomobillərin ön güzgülərindən asılan amuletləri, kafelərdə masaların üstündəki siqaret qutularını gülləylə vurmaqla adamları qorxutmaq eşqinə düşmüşdü. “Birdən güllə kiməsə dəyər, polis, məhkəmə, advokat, türmə. Mənə lazımdı bu? Əlbəttə yox”. Bu sevdasından da tezcə soyumuşdu.

İstefa verdiyi günün səhərisi feysbukda özünə Şarl Düval adlı saxta profil yaratdı. Şəkil qalereyasında eşələnib beş il öncə daxili işlər naziri işlədiyi vaxtlar, Nitsada, çimərlikdə şezlonqda uzanıqlı, qara gözlükdə, saqqalda, şlyapasının kölgəsi alnına düşən halda çəkilən şəklini profilinə qoydu. Sonra feysbukda ukraynalıların qrup səhifələrində xeyli gəzişib Milanda yaşayan iyirmi beş yaşlı, sarışın, uzun ayaqlı ukraynalı Viktoriya Savçenkonu gözü tutdu və başladı onu izləməyə. Bu qız gecə-gündüz Ukraynanın müdafiəsi, ölkəsinə humanitar yardımlar üçün paylaşımlar edirdi, təcavüzü dəstəkləyən ruslarla, qeyri-ruslarla tez-tez mübahisələrə girirdi. “Həm gözəl, həm də əsl vətənpərvər qız” – ilk tanışlıqları “Şarlın” onun şərhinin altında yazdığı bu cümlədən, cümləyə qoyulan “ürək” işarəsindən başladı. Az sonra Viktoriya ona dostluq göndərdi, dostluğu qəbul edən “Şarl” onun inboksuna “alqış” işarəsi yolladı və başladılar ingiliscə yazışmağa. “Şarl” özünü daşınmaz əmlak sahəsində çalışan menecer kimi tanıtdı, qızsa dediyinə görə, Milandakı butiklərin birində zinyət əşyaları üzrə satış meneceri işləyirdi. Profilinə ticarət mərkəzində, sırğa və boyunbağıların və arxada divardan asılmış Ukrayna bayrağının fonunda çəkdirdiyi şəklini qoymuşdu.

Tanışlıqlarının ikinci günü Viktoriya müharibə təzə başlayanda, qaldıqları binanın qonşu blokunun raket zərbəsi nəticəsində dağılmasından, səkkiz nəfərin ölməsindən, atasıyla anasının üç gün sonra Milana, onun kirayə tutduğu ikiotaqlı mənzilə gəlməklərindən, qardaşı Oleqin isə hazırda Xarkov ətrafında ruslara qarşı vuruşmasından danışdı. Msn-də yazışa-yazışa on günün içində bir-birinə isnişdilər. Bir müddət sonra müharibə mövzusundan uzaqlaşıb, – artıq dünya ictimaiyyətində müharibə, insan itkiləri adiləşmişdi, – keçdilər romantik mesajlaşmağa.

Bir yandan, azadlığın dadını çıxartmaq istəyi, o biri yandan, bir-birinə göndərdikləri pıçıltılı səs mesajlarının, öpüş smayliklərinin yaratdığı ehtirasdan sonra Anri anladı ki, artıq görüşməyin vaxtıdır, gün, vaxt təyin edib Milanın qıraq yerlərindən birində yerləşən üçulduzlu oteldə görüşməyə qərar verdilər.

Anri qapını açanda qızın cingiltili səsi dəhlizə yayıldı: “Vauu! Şaarl, bu nədii?! Sən neynəmisən?!” – iki addım geri çəkilən, heyrətdən qaşları yuxarı qalxan Viktoriya onu içəri çağıran lümlüt, qara gözlüklü Düpuiyə baxıb qəhqəhəylə gülməyə başladı, eyni zamanda içəri keçməyə tərəddüd etdi. “Viktoriya, əzizim, başa düş, mən manyak deyiləm, keç içəri”. – “Axı, niyə?” – “Niyəsiz. Bir vaxtlar insanlar elə bu cür olublar, paltarsız, öz təbii hallarında. Bir də, axı biz bir-birimizi kifayət qədər yaxşı tanıyırıq. Elə deyil?” – “Şarl, məncə, bu dəlilikdir,” – “Dəlilik yox, azadlıq”. Qız yenə qəhqəhəylə güldü. Anri nəhayət, azadlığın ləzzətini almışdı, “içəri keç” desə də, bu ləzzəti uzatmaqçün Viktoriyanın bir neçə dəqiqə dəhlizdə dayanıb ona beləcə matdım-matdım baxmasını, sonra yenidən qəhqəhəylə gülməsini, heyrətlənməsini istəyirdi. Eks nazir o dərəcədə vəcdə gəlmişdi ki, həmin mərtəbədə xidmət edən ofisiant onların yanından keçib bu səhnəni görsəydi, vecinə almazdı.

Anrinin hədsiz sevincinin üstünə qəfil seksual ehtiras gəldi. Viktoriyanın əlindən tutub cəld hərəkətlə özünə tərəf çəkdi, ayağının ucuyla qapını itələyib örtdü, qızı divara söykəyib vəhşi ehtirasla boynunu, üzünü, çılpaq çiyinlərini öpməyə başladı, dodaqlara keçəndə, gənc ikən gələcək arvadıyla diskotekada həzin rəqs edə-edə öpüşdüyü kimi yavaş tempdə öpüşməyə başladı. “Ahh, Viktoriya, səndən əla ətir qoxusu gəlir. Bunun adı nədi?” – sağ qulağına pıçıldayaraq o biri qulağının yumşaq yerini sığalladı. – “Viktoriyanın sirri,” – qız ehtiraslı iniltiylə cavab verdi. Victoria’s Secret adda ətirin olmasından bixəbər Anri yenə onun qulağına pıçıldadı: “Ahh, anladım səni, əzizim. Gözəl qadınların sirrini bilməməyin öz ləzzəti var”. Ehtirasın pik həddə yaxınlaşdığını hiss edən Anri istəmədi, ayaqüstə inildəyib qurtarsın, öpüşə-öpüşə onu çarpayıya tərəf çəkdi, uzadıb özünü üstünə salanda, axının qarşısını ala bilmədi, bir neçə saniyə inildədi, alnını qızın çiyninə söykəyərək narazı-narazı köks ötürdü. Qız onun başını sığallayaraq xısın-xısın güldü. “Əzizim, narahat olma, belə şeylər istənilən kişidə olur,” – dedi. Anri ona süni gələn bu təsəllidən qıcıqlansa da büruzə vermədi, cəld bir hərəkətlə ayağa durdu, bununla dilxor olmadığını qıza çatdırmaq istədi, kresloda oturub üzbəüz kreslonu göstərərək dedi: “Otur. Nə sifariş verim?” – “Steyk. Bordo şərabı, bir də, portağal”. Düpui restorana zəng edib sifarişləri verdi. “Ha-ha-ha, ofisiantı belə qarşılayacaqsan?” – Viktoriya kresloya yayxanaraq soruşdu. “Niyə də yox? – Düpui tövrünü pozmadan cavab verdi, hələ də hirsliydi, fikirləşdi ki, bəlkə, ofisiantı heyrətləndirməklə hirsi keçər, sonda vaz keçdi fikrindən, ayağa durub xalatını geyindi. Və həmin an altmış il öncə Fransada seksual inqilab tərəfdarları haqda dostu Rişara “acgöz primitivlər” deməyi yadına düşdü, “Rişar bu qızı lüt şəkildə qarşılamağımı görsəydi, gülüb deyərdi ki, yadında, o vaxt seksual inqilab tərəfdarlarına lağ edirdin, indi oteldə sən özünçün mini inqilab etdin”. Nəhayət, Anrinin sifətinə təbəssüm qondu.

Ofisiant gedən kimi xalatını çıxardıb enerjili bir jestlə yerə atan Anri şərab dolu badəni qaldırdı: “Sənin sağlığına, Viktoriya. Mənim Ukraynaya, sizin xalqa böyük hörmətim var. Siz axı tək özünüzçün yox, həm də Avropa üçün vuruşursuz. Slava Ukraini” (Yaşasın Ukrayna) – “Qeroyam slava” (Qəhrəmanlara eşq olsun) – Viktoriya ənənəvi şüarı deyib badəsini onunkuyla toqquşdurdu.

Beşinci qədəhdən sonra Anri Ukraynanın maraqları üçün lobbiçilik etdiyini dedi, halbuki, bununla bağlı beynində heç ilkin plan-filan yox idi. “O nə deməkdi?” – Viktoriya soruşdu. “Hmm, belə deyim, yarırəsmi, amma qanuna uyğun hər hansı bir ölkəyə dəstək”. – “Maraqlıdı. Hərbi dəstək?” – qız maraqla soruşdu. “Tək hərbi yox”. – Nəticə varmı?” – Viktoriya işvəylə soruşdu. “Əminəm ki, ölkənizçün edəcəyim işlərin mütləq nəticəsi olacaq,” – deyib Anri şərabdan bir qurtum aldı, qaşlarını çatıb sifətinə ciddi ifadə verdi. – İndi Ukrayna üçün əsas lazım olan silah ağır artilleriya sistemləridir, amerikanlar səxavətlidir, amma bizimkilər təəssüf ki, bu işdə zəifdirlər”. – “Əzizim, inanıram ki, sən uğur qazanacaqsan,” – deyib Viktoriya onun qucağında oturdu, öpüşməyə başladılar. “Şarl, msn-də səndən soruşmamışdım. Elə bilirəm, indi... hmm, – dodaqlarını dişlədi. – Sən evlisən?” sualı Anrinin xoşuna gəlməsə də, özünü məcbur edib quru tonda “Yox” cavabı verdi. Viktoriya başa düşdü ki, əlavə sual verməyə ehtiyac yoxdur. Anri isə hiss etdi ki, çox içdiyindən ehtirası ölüb, qız ona nə etsə, alınmayacaq, pərt olacaq. Sonda özünə təsəlli verdi: “Əsas məqsədim epataj yaratmaq idi, buna nail olmuşam. Məncə, Viktoriya əla məşuqə olacaq. Seks Milanda alınmaz, Parisdə alınar”.
Hiss etdi ki, son fikir özünə təsəlli verməkdən başqa bir şey deyil, istəmirdi impotent kimi görünsün, az sonra “Viktoriya, Ukrayna mütləq qələbə çalacaq. Sənin adın qələbə deməkdi, ölkəniz mütləq qələbə çalacaq” komplimentlərə əl atan Anri cinsi zəifliyindən yaranan acizliyini ört-basır etməyə can atırdı, eyni zamanda qorxurdu ki, qız nəhayət, ayağa durub onu çarpayıya tərəf çəkə bilər.

Altıncı qədəhdən sonra Anri zəifliyini, pərtliyini gizlətməkçün yenə jest etmək qərarına gəldi, qıza üç yüz avro verib dedi ki, bunu ata-anası üçün xərcləsin. Qız xeyli təşəkkür etdi. Kresloya oturan Anriyə elə gəldi, ukraynalı qız onun seksual böhrana düşdüyünü hiss edib, sadəcə, üzə vurmur, vəziyyəti öpüşlərlə yola verir. Sonda Anri belə nəticəyə gəldi: “Bu da mənim kimi çox içib deyə, seks həvəsində deyil”.

Viktoriya telefonunu götürüb yenə Anrinin qucağında oturaraq nazla dedi: “Mən şelfi istəyirəm,” – “Mən də,” – Anri həvəslə dilləndi. Viktoriya öncə özünün, sonra Anrinin telefonuyla hər ikisi ekrana baxan, öpüşən anlarda bir neçə şəkil çəkdi. Şəkillərə baxdılar, hər ikisi başını tərpədib “Yaxşıdı” dedi. İçkidən başı hərlənən Anri artıq əminiydi ki, çarpayılıq iş alınmayacaq, ayağa durub iki dəfə “Slava Ukrainı” deyə-deyə, bir təhər özünü çarpayıya çatdırıb üzüqoylu uzandı.

Gecəyarısı yuxudan oyanan Anri səsli əsnədi, gözlərini ovuşdurdu, ayağa durub ətrafına baxdı, o dəqiqə anladı ki, Viktoriya yoxdur. Mobil telefonunun yanında yazılı kağız görəndə, bunun yad, ziyanlı bir şey olduğunu fəhmən hiss etdi. Otaqda gəzişə-gəzişə, bir gözü kağızda öz-özüylə danışmağa başladı: “Aydındı, telefona çəkdiyi şəkillərlə şantaj edir məni və ən azı iki yüz min avro istəyir. Bu qəhbə lobbiçiliyi ancaq pul mənasında başa düşüb. Ha-ha-ha! – isterik halda güldü, – Halbuki mən bunun ölkəsi üçün... Axx, mən axmaq niyə buna lobbiçilikdən danışdım?! Çünki donuz kimi içdim”. Badəni götürüb zərblə divara vurub çilik-çilik elədi.

Bir neçə saat öncə azadlığın dadından istədiyi ləzzəti almış, karyerası dövründə nə şəxsi, nə siyasi skandalla üzləşmiş eks nazir lüt vəziyyətdə son dərəcə miskin və bədbəxt görünürdü. “Bu qız butikdə menecer işləmir, oğrudu, fırıldaqçıdı, pullarımı oğurlayıb, yəqin yazıb ki, bağışla, ehtiyac məni məcbur etdi” versiyası ağlından keçəndə sifətinə acı təbəssüm qondu, qərara gəldi ki, əgər Viktoriya onun pulqabısındakı min üç yüz avrosunu oğurlamış olsa, (“Bircə bank kartlarımı oğurlamaya”) buna göz yumacaq, polisə ərizə yazmayacaq. Tələsik pulqabısını yoxladı, pullar, bank kartları yerindəydi. Kresloya oturub gicgahlarını ovuşdurmağa başladı, bir az sakitləşdi. “Bəlkə mənə vurulub, şantaj edir ki, onu alım?”, qərara gəldi, elə olsa, öz saxta profilinə girib ona yazacaq ki, əzizim, mənə bir az vaxt ver, bu barədə düşünüm, bir müddət onunla ünsiyyətdə olacaq, lazım olsa, yenə görüşəcək, pul verəcək, sonra yavaş-yavaş münasibətlərə son qoyacaq. Sevincək telefonundan öz feysbuk profilinə girib inboksdan ona yazmaq istəyəndə, gördü ki, qız onu bloklayıb, rəngi qaraldı, “Axı nə baş verir?” – fikirləşdi və nəhayət, qorxa-qorxa əlini kağıza tərəf uzatdı.

“Anri, telefondakı şəkillərə bir də baxarsan. Bundan sonra Ukraynaya silah lobbiçiliyi etsən, şəkilləri bütün dünya görəcək, başa düşdün? Öpürəm. Şərti ad: Viktoriya. Slava Rossii (Yaşasın Rusiya)”.

29 may, 2022 – 5 oktyabr, 2022
Bakı

--------------------

1. Bu adı seçməklə, o, 1947-cı ildə ABŞ-ın “Foreign Affairs” jurnalında “ X” psevdonimi ilə “Sovet davranışının mənbələri” məqaləsini nəşr etdirən məşhur amerikalı diplomat, “soyuq müharibə”nin ilk ideoloqlarından olan Corc Kennana işarə edir.

# 3435 dəfə oxunub

Müəllifin son yazıları

# # #