Taleh Yüzbəyovun camaata dərs keçməsi

Taleh Yüzbəyovun camaata dərs keçməsi
30 avqust 2019
# 14:02

Kulis.az Aliyənin “Talehin zəhəri” yazısını təqdim edir.

Camaat arasında beləsi haqda “Sirkə nə qədər tünd olsa...” deyirlər.

Taleh Yüzbəyovun Adili bizim kinoda zaman-zaman işlənən prinsipial qəhrəman obrazını dirildir. Əvvəllərdə o, travma almış mizantropdursa (insan sevməyən), seriyadan seriyaya prinsipiallığın travmalara söykəndiyi unudulur, o sosrealist müsbət qəhrəmanlar kimi sxematikləşir.

Taleh Yüzbəyovun “Zəhər tuluğu” Adili xüsusən “Cəhd”də bədii yox, publisistik obrazdır. Didaktik tonu, müdrik pozası ilə sxematik olduğunu o saat ələ verir.

Əlbəttə ki, janr çərçivəsində bu sxematikliyi uğursuz saymamaq da olardı, amma Taleh Adili xarakter kimi təqdim edir. Adı üstündə, o, zəhər tuluğudur. Xarakterdirsə deməli, o, özbaşına olmalıdır, Adilsə son “Cəhd”ində pultla idarə olunan təsir bağışlayır, müəllif onu eşitdiyi tənqidlərə cavab verməyə istiqamətləndirir, (xüsusən, “Sektor uşaqları” və “iş yoldaşları” ilə bağlı səhnədə Adilin yerinə Taleh özü danışır): o, tez-tez kitab cümlələri ilə Savalan baba kimi didaktik müdrik tonla ətrafdakıları qınayır.

Sxematik demişkən, Vaqif Mustafayevin “Yoxlama” serialını və serialın eyni sxematik qəhrəmanını xatırlayıram. Aktyor Əjdər Həmidovun avtomat kuklaya oxşayan qırmızısaç prinsipial müfəttişini...

Bəlkə burda bir iş var - Düzgün adam niyə canlı ola bilmir? Ya da heç canlı olan da düzgün ola bilərmi?

“Yoxlama”nın müfəttişindən fərqli olaraq, Taleh Adilə həyat şansı verib, yəni, onun özü ilə konfliktini də bir xətt kimi açıb və son işinin adını “Cəhd” qoymaqla qəhrəmanını bu konflikti çözməyə də yönəldib. Bu, Adilin “Bəlkə mən düz eləmirəm” şübhəsidir. Amma bu konflikt süjeti təyin etsə də, əsas xəttə qovuşa bilmir, məncə, məhz buna görə faciəyə gedib çatmır. Halbuki, Adilin bütün ətrafı faciədən ibarətdir. Bəs, o, əsas xətt nədir?

Adil (ədalətli olan sözündən) personajı bir seçim olaraq, əhatə etdiyi sektorlar olaraq unikaldır, nə qədər tənqidli sözlər yazsam belə, sxematik, klişe epizodlarla yüklənsə (fahişəni xilas etmək – niyə?) belə məhz əsas xəttinə - ideya xəttinə görə orijinaldır: görəsən bu cəmiyyətdə adil olmaq mümkündürmü? Atalar sözündə deyildiyi kimi, düz düzdə qalırmı?

Adilin personajı insanlara zəhərini (düzgünlük dərsi) tökəndə, hətta seçim imkanlarını nəzərə almaqla onları ittiham edəndə belə, o “kiçik” həqiqətlərlə rastlaşır. Məsələn, xəstədən pul istəyən həkim epizodunda ədalət sora-sora həkimi dalana dirəyəndə bir barmaqla susa bilir. Bu, həkimin barmağıdır və o yuxarını göstərir. Beləliklə, Adilin insanlardan ədalət, düzgünlük tələbkarlığı özünə yönəlir. “Bəlkə mən düz eləmirəm” sualı güclənib “bunlar düz etmir”i üstələyir. Amma konflikt başqaları ilə yox, Adilin özü ilə olanda sanki Taleh Adilə laqeydləşir. Tərslikdən, janrı da müəllifin əhvalata, əsas personaja münasibəti, yanaşması təyin edir.

Finalda “bu faciədirmi” sualı veririk. Düzgün yaşamaq istəyənə həyat yoxdur - faciəvi nəticədir. Amma Adilin ölümü bu konteksti xatırlada bilmir, əksinə lokallaşdırır.

Niyə? Çünki Adilin düzgünlük anlayışı əsassızlaşmağa başlayır: o, yeri gəlmədikcə adamlara uzun-uzadı əxlaq kitabı oxuyur. Adətən, bu uzunluqda əxlaq və düzgünlük nitqini elə-belə etmirlər. Buna Adilin yox, Talehin əsasları olduğu o saat nəzərə çarpır. Xüsusən, Adil feministlərə dərs verəndə qarşısındakıların günahkarca susub dinləməsi (Feministlərlə pubda dialoq). Çünki aydın görünür ki, o feministləri Adilin söylədiklərindəki həqiqət payı yox, Talehin müəllif mövqeyində olması susdurur. Eyni şəkildə cinsi azlıqlar haqda monoloq. Taleh yenə də öz personajından mühazirə oxumaq üçün sui-istifadə edir. Bu, qabaqcadan hazırlanmış nitqlər filmdə əməli olaraq da özünü doğrultmadığı üçün havada qalır.

Faciəyə çatmağa Talehin seçdiyi klişelər də mane olur – süjet olaraq, fahişəni xilas etmək (bu nağıl filmdə işlənib). Kadr olaraq, məsələn, boş restoranda yemək kadrları. Və bütün bunların üstünə lirik melodiyanın olması. (“Uzaq” mahnısı nəzərdə tutulmur)... Aktyor oyunundakı uğursuzluqlar da buna qoşulur: məsələn, Rumiyyə Ağayevanın, Zülfiyyə Qurbanovanın uğurlu oyunu ilə kontrastda Zərif Tahirin həvəskar oyunu, eləcə də, Tünzalə Əliyevanın və ya Talehin zəif oyunu.

Bununla belə, final yazıldığı kimi klişe deyil. Talehin bu finalda Tsoyun “İynə” filminin finalından və ya İbrahim Tatlısəsin çəkildiyi türk filmlərindən təsirləndiyini istisna etmirəm, amma “Cəhd”in sonluğunun kədərli özünəxas bir ötürməsi var: “Zəhər tuluğu”nun ilk epizoduna başqasına siqaret verməməklə başlayan Adil finalda başqasına siqaret verərkən öldürülür... Zənnimcə, bu artıq “Zəhər tuluğu” serialının finalı olmalıdır. Poetik, çoxqatlı... Daha finala nə lazımdır ki? Məsələn bir qatı bu:

“Nə qədər ərşlə fərşlə əlləşsək də, insanı öz həqiqəti öldürür...”

# 7231 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #