"O binanın böyük bir hissəsi restorana çevrilib"Sənət adamları teatrdan danışır...

<b>"O binanın böyük bir hissəsi restorana çevrilib"</b> – <span style="color:red;">Sənət adamları teatrdan danışır...
3 may 2018
# 09:00

Ara-sıra mətbuatın gündəmini yaradıcı ittifaqların fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi məsələsi məşğul edir. Sovet dövrü ənənələrini yaşadan Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı, Rəssamlar İttifaqı, Respublika Kinematoqrafçılar İttifaqı kimi qurumlar yaradıcı prosesdə nə qədər iştirak edir?

İttifaqın fəaliyyəti haqda teatr sənətçilərinin fikirlərini təqdim etməzdən qabaq kiçik bir məlumat verək:

1897-ci ildə əsası qoyulmuş təşkilat müxtəlif zamanlarda “Artistlər ittifaqı”, “Türk aktyorları ittifaqı”, Teatr cəmiyyəti” adlandırılıb. 1971- ci ildən bəri paytaxtın mərkəzində, Xaqani 10 ünvanda yerləşən 4 mərtəbəli binada fəaliyyət göstərir. Bir kiçik səhnəsi, konfrans zalı, 300 nəfərlik tamaşa zalı, kitabxanası var.

Nizamnaməyə əsasən, yaradıcılıq proqramları həyata keçirməyi, yerli və xarici yaradıcılıq təşkilatları ilə əməkdaşlıq etməyi, ehtiyacı olan teatr xadimlərinə sosial-yaradıcılıq qayğısı, maddi yardım göstərməyi, xaricə nümayəndə heyətləri, teatr kollektivləri göndərməyi qarşısına vəzifə qoyan TXİ qeyri-hökumət təşkilatıdır.

İttifaqın sədri üzvlər arasında səsvermə yolu ilə 5 il müddətinə seçilir. 2004-cü ildən İttifaqa rejissor Azərpaşa Nemətov rəhbərlik edir.

Beləliklə, teatr sənətçiləri “Teatr Xadimləri İttifaqının işi sizi qane edirmi və fəaliyyətinizdə onun hər hansı stimulverici rolunu görürsünüzmü?” sualına cavab verir.

Cənnət Səlimova (rejissor):

“Bu aralar olduqca məşğulam, universitet də işim çoxdur deyə, ittifaqla bir elə əlaqəm də yoxdur. Bilirsiniz, hansısa qurum mənə stimul verə bilməz. Yaradıcılığın mənbəyi yaradıcı adam özüdür. Əgər adamın yaradıcı ocağı, fantaziyası, ilhamı yoxdursa, heç bir təşkilat ona kömək edə bilməz.”

İntiqam Soltan (Bakı Uşaq Teatrının baş rejissoru):

“Azər müəllimi (TXİ sədri- red.) və ittifaqın digər əməkdaşlarını çox sevirəm. Amma onların işi məni qane etmir. Bayram günlərində təbrik açıqcalarından başqa mən bu qurumun fəaliyyətini görməmişəm. Bu ifadələrdən sonra mənə düşmən kəsilə bilərlər. Amma inanın ki, onların düşmənləri onları tərifləyib, onlara yalmananlardır... Mənim ittifaqım Bakı Uşaq Teatrının ünvanını əzbərdən desin, mən bütün sözlərimi geri götürüm. Və bu o demək deyil ki, mən öz qiymətimi kimlərinsə Uşaq Teatrına münasibətindən qaynaqlanaraq verirəm... Qətiyyən. Amma Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrı olan Bakı Uşaq Teatrı bir nümunədir. Və mənə ən yaxın nümunə...”

İradə Sayya (Gəncə Dövlət Dram teatrının baş rejissoru):

“Bilmirəm orada nə baş verir. Çünki mən çox vaxt Gəncə şəhərində oluram... Teatr Xadimləri İttifaqı ilə bağlı bir işim olmayıb.”

Zemfira Əbdülsəmədova (Gənc Tamaşaçılar Teatrının aktrisası):

“Yadımdadır, ad günümdə bir dəfə diplom vermişdilər.”

Tural Mustafayev (rejissor):

“Yəni bizdə belə qurum var? Bu gün Teatr Xadimləri İttifaqını idarə edən şəxslər Azərbaycan teatrının gələcəyini düşünmürlər. Mən bu qurumun teatrımızın inkişafında heç bir rolunu görmürəm... Hər halda axırıncı illərdə... O qurumun qapıları gənclərin üzünə bağlıdır. Bilmirəm İttifaqın sədri nə işlə məşğuldur... Amma teatr ilə məşğul deyil.”

Könül Cəfərova- Əliyeva (teatrşünas, elmi işçi):

“Birinci ondan başlayım ki, Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətimdə stimulverici rolu olub. Tələbə ikən ittifaqın keçirdiyi “Boş məkanın dolğunluğu” (2006-cı il) və “Gənc Rejissorların Yeni Teatr” festivallarında gənc ekspert kimi iştirak etmişəm. Düşündüklərimi açıq-açıq dilə gətirmişəm, tək mən yox, gənc ekspert kimi iştirak edən bütün dostlarım. 2008-ci ildə İttifaqın Plenium seçkisində yetərincə sərt çıxış etmişəm. 2015-ci ildə Teatr Xadimləri İttifaqı məni Minskdə keçirilən Gənclərin II Forumuna gənc teatrşünas kimi göndərib. Xatırladım ki, bu proqram çərçivəsində teatrşünas Elçin Cəfərovla birlikdə iştirak etmişik. Kişenyovda keçirilən I Foumda isə Elçin Cəfərovla Aygün Süleymanova iştirak edib.

Digər məsələlərə gələndə isə... Son zamanlar kimi dindirirsən, İttifaqın, “Azdrama”nın fəaliyyətindən dad eləyir, qan ağlayır. Amma bir nəfərin səsi çıxmır. Daldada asıb-kəsirlər, iş görməyə gələndə hamı susur...

Məsələn, Allah eləməsin, mən ittifaqın sədri olsam, qapıları ən çox mənə qarşı çıxanlara açaram; Gəl, nə eləmək istəyirsən, elə - bu meydan, bu da sən! Oynat dünyanın məhvərin yerindən. Oynada bilsən, nə gözəl – qoy, sənin önünü kəsdiyim üçün tarix qarşısında cavab verim. Yox, əgər heç bir şey bacarmasan, onda sus və əbsəm ol! Qoy, işimizi görək...

O ki, qaldı fəaliyyətindən razı olub-olmamağıma, mən Teatr Xadimləri İttifaqının dünyasını dəyişmiş korifeylərə həsr olunmuş yubileylər, tədbirlər keçirməsini alqışlayıram. Hətta müqtədir sənətkarların yüzillik yubileyində onlara həsr olunmuş kitab-almanaxın dərcini də yüksək qiymətləndirirəm. Bu şeylər həm qəlizdir, həm də ki, vacib. Amma gərək 5 dəfə ölülər üçün ağlayanda, 1 dəfə də dirilər üçün ağlayasan. Vallah, dirini ağlamaq ölünü ağlamaqdan min dəfə savabdır. Keçirilən tədbirlərə qatılanlar, elə bilirsiniz, ürəyi istədiyi üçün qatılır. Əlbəttə, yox. Məcburiyyətdən, üz-üzdən utandığından qatılırlar. Nə qədər olar, eyni adamların eyni çıxışlarını dinləmək?! Milli Teatr Günündən tutmuş, Bakı Beynəlxalq Teatr Konfransınadək bütün tədbirlərdə eyni şeyləri eşitməkdən bezib, usanıb hamı. Maraqlı burasıdır ki, o çıxış eləyənlər özləri dinləyənlərdən betər yorulub. Amma hamı susur. Hamı gözləyir ki, bir nəfər “başdan xarab” çıxsın və bunların ürəyindən keçəni, lakin dillərinə gətirməyə cəsarətləri çatmadığı fikirləri səsləndirsin. Pafoslu çıxsa da, deyəcəyəm - əgər sənin bu sənətin dəhlizində sözünü deməyə cəsarətin çatmırsa, səhnəsində demək istədiyin heç kimə lazım deyil. Belələrinə bu da azdır – yaşasın, Azər Paşa Nemət! Qosqocaman sənətkarlarımız qoy həmişə var olsun, amma Azərbaycan Teatr Xadimləri İttifaqından gənclərin səsi, gəncliyin nəfəsi gəlsin.”

Pərviz Məmmədrzayev (“Human” müstəqil teatrının rəhbəri, aktyor):

“Onun fəaliyyətini yalnız mərhum sənətkarımız Həsən Turabovun vaxtında görmüşəm. Onun dövründə Teatr Xadimləri İttifaqı mütəmadi olaraq festivallar və digər tədbirlər həyata keçirirdi. Azərpaşa Nemətovun sədrlik dövründə isə binanın böyük bir hissəsi restoran çevrilib. Qalan hissəsi də teatr səhnəsi olaraq onun cibinə xidmət edir.”

Ceyhun Dadaşov (“Rebus” müstəqil teatrının rəhbəri, rejissor):

“Teatr Xadimləri” bir qurum kimi mövcuddur. Amma mən onun fəaliyyətini dəyərləndirməkdə çətinlik çəkirəm. Çünki, deməyə bir şey tapmıram. Bəlkə ayrı-ayrı fərdlərə kömək edir, kimsə çıxar deyər ki, mənim üçün bunu edib. Amma İttifaq fərd üçün nəzərdə tutulmayıb axı, ictimai qurumdur. Forumlar, festivallar olmalıdır.”

Elvin Mirzəyev (rejissor):

Teatr Xadimləri İttifaqı ilə sonuncu dəfə mən, 11 il əvvəl təmasda olmuşam, (“Əli və Nino” tamaşası ilə) o vaxtdan sonra mənim o məkana girişim arzu olunan deyil. Hətta başqa tədbirlərdə belə, teatrla bağlı olmayan, konsert tədbirlərində belə rejissor olaraq mənim adımın olması, həmin tədbirin o məkanda keçirilməməsi ilə nəticələnib.”

Mir Sahib Ağazadə (Yuğ teatrının rejissoru):

“İttifaqın fəaliyyəti və stimulverici rolunu sonuncu dəfə 2001-ci ildə, "Monotamaşalar festivalı"nda görmüşəm. Ona görə yox ki, festivalın iştirakçısı və "Ən yaxşı rejissor işi" üzrə qalib olmuşam. Ona görə ki, o zaman həqiqətən bir canlanma var idi və bu canlanma 90-lardan başlamışdı...”

Respondentlərin fikirlərinə cavab verən TXİ sədrinin müavini, aktyor Hacı İsmayılov çalışdığı qurumun çox böyük işlər gördüyünü deyir:

“İttifaq haqda yazılan yazıları oxuyuram. Qərəzli və qeyri-obyektiv, bilmədən öyrənmədən yazılan yazılardır. Mən ittifaq haqqında yazan, danışan adamları burada keçirilən tədbirlərə dəvət edirəm. Mən İttifaq sədrinin müavini təyin olunandan bəri (2014-cü ildən) xeyli tədbirlər keçirilib.

Böyük zalda da tədbirlər olur, amma bundan başqa bizim 4-cü mərtəbədə Mustafa Mərdanov səhnəmiz var. 2014-cü ilin sentyabrın 29-da biz bu səhnəni Mustafa Mərdanov “Mənim xatirələrim” kitabı əsasında hazırlanmış səhnə kompozisiyası ilə açdıq. Və bu illər ərzində bu səhnədə beş tamaşa oynanılıb. Müxtəlif teatrların aktyorları, rejissorları gəlib burada tamaşa hazırlayıblar. Elçin Hüseynbəylinin “Qaçaq qocalar” pyesinin tamaşası hazırlanıb, oynanılıb. Sonradan bu tamaşa festivallarda qalib olub. Ejen İoneskonun “Stullar” tamaşası hazırlanıb, Həmidə Ömərova, Rafiq Əzimov və mən iştirak etmişik. Daha sonra tələbə rejissorun “Sonluğun sonu” tamaşası bir neçə dəfə göstərilib. Keçən ay isə “Şuşa Musiqili teatrı Teatr Xadimləri İttifaqının qonağıdır!” devizi altında xorvat yazıçısı Miro Qavranın “Aktyor əbədiyyətə qovuşanda” pyesinin tamaşasını təqdim etdik. İki dəfə bu tamaşa oynanılıb. Bunlardan başqa səhnə adamlarının həyatına, yaradıcılığına həsr olunmuş kitabların təqdimatını keçiririk, elmi-praktik konfrans keçirən zalımız var, aktyor yaradıcılığına həsr olunan konfranslar keçiririk. Məsələn, sonuncu Mərziyə Davudovaya, Şövkət Məmmədovaya həsr olunmuş konfrans idi.

Biz səhnəni teatr sənətçiləri üçün yaratmışıq, onlar istənilən vaxt bizə müraciət edə bilər. Müraciət edənlərə də idarə heyəti ilə yığışıb qərar veririk, şərait yaradırıq, maddi heç nə də güdmürük. Bizə kim müraciət edirsə çalışırıq ki, oynamağa səhnə verək, imkan yaradaq. Necə olur ki, Şuşa teatrına bu imkanı yaradırıq?

Düzdür, elə çox imkanımız yoxdur, amma müəyyən yardımlar da edirik. Xəstələrə, əməliyyata gedən teatr adamlarına köməklik edirik. Üzvlük haqları ancaq bu yardımlara sərf olunur. Heç kim deyə bilməz ki, mən gəlib ağız açdım, amma mənə yardım etmədilər.

May ayının 7-də də ittifaqda böyük bir tədbir keçiriləcək. Bu tədbir ulu öndərin anadan olmasının 95 illiyinə, Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Millət vəkilləri, ictimai xadimlər iştirak edəcək.

Bir də bu il Mehdi Məmmədovun 100 illiyidir. Bu münasibətlə böyük rejissorun ad gününə həsr olunmuş “Ömrün səhifələri” kitabının təqdimatını etmək istəyirik”.

Bir rejissor kimi bu qurumun daha fəal və teatr sənətinin inkişafına dəstək olduğu vaxtların gördüyünü etiraf edən Təftiş Komissiyasının sədri, rejissor Vaqif Əsədov ictimai qurumun mülkiyyətində olanlardan və gəlirlərdən nizamnamədə göstərilən məqsədlərə deyil, qurum rəhbərinin şəxsi məqsədləri üçün sərf edilməsi ittihamına cavab verdi:

“Bu, bir qədər sənədsiz və sübutsuz ittihamdır. Biz (yəni, təftiş komissiyası) hər il ilin sonunda bütün il ərzində olmuş gəlirləri də, xərcləri də yoxlayırıq, orda çox cüzi texniki səhvlərdən başqa (əgər olarsa) ciddi bir qanun pozuntusuna rast gəlmirik. Bu cür yoxlamalar bizdən başqa peşəkar mütəxəssislər tərəfindən də aparır. Bu baxımdan bu iddianı irəli sürənlər gərək hansısa bir sənədə arxalanıb desinlər. TXİ-nın bütün gəlirləri yalnız müqavilə əsasında icarədən olan və sponsorlardan olan gəlirlərdir. Belə ki, bu gəlirlər xərcləri güclə ödəyir.”

# 1649 dəfə oxunub

Müəllifin son yazıları

# # #