Kulis.az aktyor Nofəl Şahlaroğlu ilə müsahibəni təqdim edir.
- Televiziyanın əyləncə sahəsində çalışan adamsınız. İnsanların bu sahəyə ehtiyacları da çoxdur, tənqidləri də …
- Mən 5 televiziyada müxtəlif layihələrdə işləmişəm. Ya redaktor olmuşam, ya aparıcı, ya aktyor, ya ssenari müəllifi, layihə rəhbəri, hətta rejissorluq da etmişəm. ARB kanalında indi də serial layihəsindəyəm. Məni tez-tez kanallara verilişlərə qonaq çağırırlar, düşünürəm ki, niyə burdayam? Hansısa bir hissə üçün? Çıxış üçün? Həmişə nəyinsə bir hissəsi olmaq. Halbuki, çox istədiyim layihələr var: məsələn, sırf Azərbaycan dili və ədəbiyyatı ilə bağlı polemik verilişlər etmək istəyərəm, amma buna sponsor yoxdur. Bunu yeni, fərqli formada, çəkiliş estetikasında, müzakirə formatında etmək. Dil-ədəbiyyatla bağlı verilişlər yoxdur, demək olar ki…
- Siz deyəsən dil və ədəbiyyatdan elmi iş müdafiə etmisiz?
- Hə, mövzum nitq mədəniyyəti; ədəbi dilin normaları olub.
- Deməli, yerli ədəbiyyatı izləyirsiz.
- Müasir şairləri oxuyuram. Amma açığını deyim ki… Mən anlayıram e, yenilik, forma, müasirlik filan. Hətta musiqidə də muğamdan tutmuş ağır metal roka qədər dinləyirəm. Amma ruhuma yaxın olanı sevirəm. Ədəbiyyatda da eləcə. Qan Turalını da oxuyuram, Ağayar Şərifi də, amma onlar elə yazır ki, içinə düşə bilmirsən. Bəlkə, bu, mənim problemimdir. Bir səhnəcik oynayanda öz-özümə deyirəm ki, görəsən ikicə nəfəri inandıra bildimmi, özümü inandıra bildimmi? Aldatmadım ki? Əli Kərim iki kitab yazıb: “Pillələr”, “Yeni şeirlər”. Şeirinin də içində fövqəladə bir şey yoxdur- balaca bir həqiqət var: “Adi bir insanam mən, adidən də adiyəm, Bir əl boyda kağıza sığmaz, amma bu aləm..” Bax, bu səmimiyyət yoxdur indi. Sərbəst şeir də yazırlar, dərin şeylər axtarırlar. Amma ən böyük dərinlik elə sadəlikdədir. Hər şeydə fəlsəfə axtarmaq axmaqlıqdır. İndiki yazarlar dərinliklərə vururlar özlərini.
- Siz özünüz də mətn yazırsınız?
- Mən filoloqam. Bunlar mənə maraqlıdır. Amma yazmıram heç nə. Ssenarilər –filan yazıram, bu da kino sahəsinə aiddir. Amma bu dediyim hər sahədə var e. Teatrlarda oluram-Kukladan tutmuş, Opera teatrına kimi. Sanki hamısından küsmüşəm. Çünki mən onlarda bir yalan görürəm. Akademik Opera və Balet Teatrında uşaqlıqdan olmuşam, bilirsiniz də, atam orada işləyib. “Leyli və Məcnun”a 200 dəfə baxmışam. O vokalistlərin çoxu nəinki Füzuli kimdir bilmir, ümumiyyətlə panteizmin nə olduğunu bilmir. İnsanın bilmədiyi şeyi etməsi çox pis bir şeydir. Mən Leyliyəmsə, şəriət, təriqət, mərifət, həqiqət, fəna…Bunları bilmədən necə oynaya bilərəm? Oxuya bilərəm, amma oynamaq başqa şeydir. Hətta oxumaq da asan deyil. Amma bir də düşünürəm ki, mən özüm də bir şəkildə belə edirəm. Art-house dən uzaq, yaradıcılıqdan uzaq, underground filmlərdən uzaq işlər… Elə şeylər görürəm ki… Amma yenə də özümü qorumağa çalışıram. Xaltura eləmirəm bəziləri kimi. Mənim xalturamda da bir ciddilik var. Material gələndə deyirəm ki, bunu heç olmasa bir az düzəldək. Mən veriləni onların istədiyi kimi eləmirəm. Neçə ildir reklam səsləndirirəm. Bir neçə məşhur reklam mənim səsimlədir. Hər dəfə onlarla mübahisə edirəm ki, mən sizdən aktyor kimi yox, bir vətəndaş kimi xahiş edirəm, bu sözdə vurğunu düz deyək, bu sözü yox, o biri ifadəni işlədək və s. Bəzən onları razı sala bilmirəm, onda öz işimdən çox utanıram.
Bir də çox qəribə bir tendensiya da var; teatra, kinoya qeyri-ciddi bir iş kimi yanaşmaq. Dram aktyorundan elə qeyri ciddi bir şey gözləyirlər. Əslində isə, bu dünyada ən ciddi bir iş kimi qəbul olunur.
- Siz bir aktyor kimi həyatınızda cəmiyyətdə missiyanızı nədə görürsüz?
- Kimsəsiz uşaqlar evində xeyriyyə tədbirlər edirlər. Təşkilatçılar torba-torba ərzaqlar aparırlar ora, çəkilişlər də edirlər. Söhbət 5 dəqiqə çıxış edib onların əhvalını qaldırmaqda da deyil. Məsələ sadəcə uşaqların içində olmaqdır. Mərdəkanda uşaqlar üçün sümük vərəmi dispanseri var. Orada çıxış edəndə öyrəndim ki, bir dənə də sümük vərəmi xəstəliyi olan yoxdur. Hamısı atılmışlardır. Adam bilmir sevinsin, ya kədərlənsin. Orada elə şeylər öyrəndim ki… Necə insan həyatları var…
Bir az əvvəl Yutuba oxuduğum “Heyvan olmaq istəyirəm” şeirimi yerləşdiriblər. Ona neçə min layk, amma bəlkə heç 10 adam oradakı acını duymur. Hamı gözləyir ki, 4 sətirdən sonra nə deyəcəm: ana olmaq istəyirəm, ya nə bilim, heyvan olmaq istəyirəm... Bunlar da gülsünlər. Mənsə istəmişəm ki, 4-cü misraya görə 3 misranı oxusunlar. “vaqonlarda zülm çəkən uşaqlar çox mətin imiş, indi bildim ana olmaq, ata olmaq çətin imiş…” Bunu başa düşmürlərsə, artıq mənim təqsirim deyil. Bundan aydın necə demək olar ki. Məncə lap bir kommersiya tamaşasında da mesaj verən məqam olmalıdır.
- Kommersiya filmlərində işləyirsiz. Prosesin içindəsiz. Hansı boşluqlar var sizcə?
- Əslində, bütün filmlər kommersiya filmləridir. Festival filmləri də satılır. Amma bizdə elə düşünürlər ki, kommersiya filmidirsə, nə gəldi çəkə bilərsən. Axı kommersiya filmlərinin tamaşaçıları da adamdır. Keyfiyyətdə əsas dönüş filmi kimin təşkil etməsidir. Kast direktorluq işində problemlər var. Ədəbi ssenarini, rejissor ssenarisini ayırd etməyən adamlarla qarşılaşırsan. Və yaxud da gülməli olmaq üçün hamı vəziyyət komediyası düşünür. Amma heç də həmişə vəziyyət komediyası olmur. Yəni, vəziyyət gülməli olmaya bilər. Adi vəziyyətə fərqli yanaşsan, komiklik özü ortaya çıxacaq. “Lətifə” filmini götürək; bir liftdə qalan 3 nəfərin dialoqu. Burda nə var ki? Amma gülürük. Mirsadıq Ağazadənin tammetrajlı “Köşk” filminə çəkildim. Ssenarini oxuyanda dedim ki, mən istəmirəm, bu, film deyil. Çox mübahisələrimiz oldu. Amma montajdan sonra filmi görəndə öz-özümə dedim ki, nə xoşbəxt adamam ki, bu filmə çəkildim. Film alınıb. Filmin öz ağrısı, öz üslubu var. Bilirsiz, istəyirsən Kim ki Duka bax, istəyirsən Cəfər Pənahiyə. İnsan olmalıdı filmdə. Onun ruhu olmalıdır. Necə ki, baxanda bilirsən ki, bu Qaydayın filmidir.
- Deyəsən seriallara ssenarilər də yazmısız?
- Region TV-də 4-5 seriala ssenari yazmışam. “Kolxoz”, “Babayevlər”, “Hippokrat”, “Mənim böyük ailəm” serillarıdır.
- Seriala əsas tənqidlər o olur ki, orta statistik insana toxuna bilmir…
- Bizdən tələb olunanı edirik. İnsanlardan sorğu olunur. Tələb-təklif. Bunlar razılaşdırılır… O tənqidlərə mən də qoşuluram. Ən çox güldüyüm bir film var. Kannda qalib də gəlib. “Çirkinlər, iyrənclər, bədxahlar” Mira Ferrounun filmidir. 20 neçə nəfər adam bir yerdə yaşayır. Spaqetti üstündən italyan cəmiyyətini göstərir. Pula görə girmədikləri oyun yoxdur. Orda bir kadr belədri: filmin əvvəlində gül sulayan qız var. Sonra görürsən ki, qız hamilədir. Cəmiyyət onu da korladı. Bunu niyə bizdə çəkmək olmaz ki? Edə bilərik axı… İnsanı göstərə bilsək bəsdir.
- Nofəl bəy, son gördüyünüz işlər… Görmək istədiyiniz işlər…
- Televiziya sahəsində 13 ildir ki, çalışıram, 7 seriala, 10 filmə çəkilmişəm. Filmlərdən ikisi dövlət sifarişlidir, qalanları kommersiya filmləridir. Sonuncu filmim Kənan M.M.-in çəkdiyi “Dəmir qazan” filmidir. İki serialla da müqavilə bağlamışam. Amma Elvin Adıgözəlin “Kontrabas” tamaşasında oynayandan sonra istəyirəm onu özüm yeni quruluşda hazırlayam. Mən oynadığım tamaşada siyasi motiv qabardılırdı, açılmayan məqamlar çox idi. Mən o əsəri sırf komediya kimi görürəm. Yəni, payızda özüm hazırlayıb oynamaq istəyərdim. Bu, mənim üçün ciddi bir işdir. Çexovun “Tütünün zərəri”, Qoqolun “Bir dəlinin qeydləri” əsərlərini hazırlayım.