Əməkdar artist: “Qazanc üçün xınayaxdılara gedirəm”

Əməkdar artist: “Qazanc üçün xınayaxdılara gedirəm”
16 mart 2015
# 14:00

Kulis Əməkdar artist Naibə Allahverdiyeva ilə müsahibəni təqdim edir.

- Sosial şəbəkədə millət vəkili Hadı Rəcəblinin müəllimlər haqda söylədiyi fikirlərə münasibət bildirmisiz. Necə düşünürsünüz, axı aktyorlar da restoranlarda çıxış edirlər, bəlkə o…

- Yazıçılar, müəllimlər, həkimlər, aktyorlar, şairlər, musiqiçilər - millətin elitası, xalqın mədəni simasıdır. Hadı Rəcəblinin belə bir fakir söyləməsi ziyalını aşağılamaqdır. Sözsüz ki, hər bir iş şərəflidir - fəhləlik də, bənnalıq da, dərzilik də. Amma hərənin öz işi var… Buna etiraz etmək mənim ziyalı borcumdur. Bu tək müəllimlərə deyil, bizə də aiddir. Sizin dediyiniz kimi, aktyorlarımız restoranlarda tamada işləməyə məcbur olur. Əvvəllər, Hadı Rəcəbli bu fikri desəydi, ona yaxşı cavab verərdilər. İlk növbədə onu elə örnək olmağa göndərərdilər. Bütün qanunlar Milli Məclisdə qəbul olunur - insanlar onu rifahının, vəziyyətinin yaxşılaşması üçün deputat seçiblər. Məsələn, mənim qızım ali təhsillidir. O, bu fikirləri oxuyandan sonra onun oxuyub müəllim olmağa nə həvəsi olacaq?

- Naibə xanım, sizin də maaş aşağıdır.

- Bilirsiniz, belə şeylərə dözmək olar e, dövlətimiz inkişaf edir. Məncə hər şey yaxşı olacaq.

- Aktyorlar minimum yaşayışını təmin etmək başqa işlərə məcbur olurlar. Elə siz özünüz də, mən bilən, xınayaxdı mərasimlərində çıxış edirsiniz...

- Edirəm. Çünki bunsuz mümkün deyil. Mən anayam, uşağımın təhsil haqqını ödəməliyəm. Deyirsiniz, xınayaxdı məclislərinə gedirəm, inanırsınız, heç o da yoxdur. O qədər firmalar, yerlər açılıb ki, bizə heç o da yoxdur... Təbii, istəyərdim ki, insanlar məni səhnədə görsünlər. Bir dəfə toya getmişdim – o zaman tamada kimi toylara gedirdim – bir qadın mənə məktub yazıb göndərmişdi: “Biz sizi yalnız səhnədə görmək istəyirik. Əlçatmaz olmağınızı istəyirik”. Amma mən nə edim? Bayram günü şəkərburanın biri az qala bir manata satılırsa, bazarda bahalıqdısa, biz nə edə bilərik? Birdən hər şeyi qaldırmaq olmaz axı, yaşayış çox çətindir. Bu saat normal insan kimi yaşamağa iki-üç min pul lazımdır. Mənim yaşlı anam da var, ona da əl tutmalıyam...

- Bəs necə dolanırsınız?

- Əlinin papağını Vəlinin başına qoyuram, Vəlinin papağını Əlinin. Nəsə almaq istəyirəmsə, boğazımdan, paltarımdan kəsib alıram. Özü də mən israfçılıq-zad eləmirəm. Mənə nə lazımdırsa, onu alıb yeyirəm.

- Ümumiyyətlə, bu xınayaxdı məclislərilə bağlı hansı problemlərlə rastlaşırsınız?

- Asan iş deyil, o boyda məclisi aparmalısan. Bir də görürsən tamaşa ilə üst-üstə düşür, tamaşadan çıxıb qaça-qaça ora gedirik. Amma mən hara getmişəmsə orada hörmət, sayğı görmüşəm. Əvvəllər toy məclislərinə də gedirdim. Toyda içki içirlər, xoşagəlməz hallar da olur. Amma xınayaxdıda sırf qadınlardı, mən o məclislərdən zövq alıram. Məclisləri bəzən seçib gedirəm, amma imkana, pula görə yox. Bəzən qabaqcadan hiss edirəm ki, bu məclisdən əsəblə ayrılacam. Onda imtina edirəm. Eləsi olub ki, imkanı olmayıb, heç pul da almamışam.

- Teatrda oynadığınız rolların sayından, verilən obrazların keyfiyyətindən razısınız?

- Mənə indiyədək nə rolu veriblərsə, “paklon”a çıxanda çoxlu alqış qazanmışam. Bütün dünyada belə bir qayda var: tanınmış, sevilən aktyorlar üçün xüsusi repertuar hazırlanır, hətta əsərlər yazılır. Deyim ki, tam razıyam, elə deyil. Mənim illərim keçir, yaşım keçir. Elə rollar oynaya bilərdim ki, artıq iki ildən sonra onu oynaya bilməyəcəyəm.

- Məsələn, kimi oynamaq istəyirsiniz?

- Adını deməyəcəm. Adını deyən kimi başlayırlar... Rollar var idi ki, istəyirdim oynayım, amma olmadı... Tək teatr deyil e, ümumiyyətlə mənim kimi aktrisadan məncə istifadə olunmadı.

- Seriallara çəkilirsiniz?

- “Boyunbağı” filmində qaraçı qadın roluna çəkildim, sonra Şahin Zəkizadənin layihəsində çəkildim. Elə indi də dəvətlər var, amma bilirsiniz, serialda maddi problemlər var. Qonorar azdır, ya da çəkilirsən, sonra pulunu ala bilmirsən... Tələb edirsən, yenə müqavilə bağlamırlar. O seriallardan mən bir manat qazana bilmədim. Bu qədər serial çəkildi, mənim kimi aktrisa oradan bir manat qazana bilmədim. Amma dövlət bu pulu buraxdı ki, serial inkişaf etsin, aktyorlar da bir az qazansın. Amma kimin əlinə pul düşdü getdi dostunu, tanışını, yoldan keçəni çəkdi. Bir-iki tanınmış aktyorla, bir bu qədər istedadsız adamı işə aldılar. Mən görəndə ki, qəpik quruş verib bir seriya əvəzinə üç seriya çəkir, mən də getmirəm. Ona görə mən xınayaxdılara gedirəm. Yoxsa haradan qazanmalıyam?

- Yaradıcı insan olaraq bir qadının rastlaşdığı maneələr? Sizin nümunənizdə...

- Maneə çoxdur. Aktyorlar üçün daha asandı, nəinki aktrisalar üçün. Aktyorların qayğısına həmişə xanımları qalır. Səhnəyə çıxan adam həmişə formada olmalıdır. Amma aktrisalar üçün çox çətindir. Elə şəxsi həyatda - ailə quranda da. Ümumiyyətlə, qadın olmaq çətindir. İndiki zəmanədə xüsusən çətindir. Həm qadınıq, həm kişi. Məcbur olur adam qadınlıq simasını itirə. Elə özümdən götürürəm: tamaşadan gəlib bazara qaçıram, pul qazanmaq üçün xınayaxdıya qaçıram, evin məişət işlərinə özümü çatdırıram... Üstəlik, efir adamıyam, qadın kimi formada olmalıyam, səliqəli, gözəl olmalıyam... Adamların vecinə deyil ki, sən necə yaşayırsan, nə problemlərlə əlləşirsən? Onlar səni formada görmək istəyirlər. Maşınım neçə ilin maşınıdır, kreditini zorla bitirmişəm. Görənlər deyir ki, niyə dəyişmirsiz maşını? Elə bilirlər, imkanım var. Mənə belə şeylər təsir etmir e. Eelə adam deyiləm ki, imicə görə gedim bahalı maşın alım, imkanları düşünməyim, uşağım da evdə ac qalsın. Yox.

- Naibə xanım, bəzən efirə - sosial verilişlərə çıxırsınız. Elə orada da bu hallarla rastlaşırsınız yəqin: Qadınlara qarşı zorakılıq barədə nə düşünürsünüz?

- Verilişlərə də, elə saytlara da baxıram - artıb zorakılıq. İndi təzə bir şey də çıxıb, qadınları öldürürlər, deyirlər namus üstə etdim, ya xəyanət edirdi. Qadın niyə xəyanət etsin? Mən harınlamış qadınları demirəm. Amma 80 faiz Azərbaycan qadını əzilir. Başqa ölkələrdə də olmuşuq – həm Şərq, həm də Qərb ölkələrində. Onlarda qadına münasibət başqa cürdür. Bizim cəmiyyətdə kişilər daha çox hüquqa malikdir, nəinki qadın. Əlbəttə, qanun qadına da, kişiyə də eyni haqları tanıyır. Amma cəmiyyətin içinə gələndə kişilərin hüququ daha çoxdur. Bizdə mentalitet qadının tərəfində deyil.

- “Yarımştat”dakı Tomkadır. Sizi tamaşaçıya sevdirən, tanıtdıran əsasən bu obraz olub. Sizcə, qadını “Tomka olmağ”a nə məcbur edir?

- Həyat. Heç bir qadın istəməz ki, onun ailəsi olmasın. Ən “əxlaqsız” qadınlar da ailə istəyir. Əlbəttə, istisnalar var. İnsanı həyat hər şeyə məcbur edə bilər. Həyatdır da... Biz bilmirik başımıza nə gələcək. Qızıma da deyirəm: heç kimi qınama, heç kimə gülmə. Həyat bizə nə sürprizlər hazırlayır, bilmirik. Bəlkə mən sabah dilənə, əl aça bilərəm? Hər şeyimi itirə bilərəm. İnsanlara münasibətdə bunu həmişə düşünmək lazımdı.

- Tomkaya qarşı nə hiss edirsiniz? Ona yazığınız gəlir, onu sevirsiniz, yoxsa ona gülürsünüz?

- Tomka şirin qızdır, yaxşı qızdır - ona görə xoşuma gəlir. Amma mənim “Məhəbbətin hökmü” filmində Cevriyyə obrazım var. O filmi efirə tez-tez vermirlər. İnanırsız, o efirə gedəndə mənə nə qədər qadın zəng etdi ki, siz mənim həyatımı oynadınız.

- Bəs Tomkaya görə zəng edənlər oldumu ki, məni oynamısınız orada?

- Yox, Tomkada deyən olmayıb. Amma qızlarına Tomka adı qoyanlar olub. Tomka insanlara gülüş bəxş edir, məni görəndə Tomkanı xatırlayıb gülümsəyirlər. Buna görə çox xoşbəxtəm.

- Bəs Tomka sizə o biri rollarınızda mane olub?

- Ay sağ olun. Tomka mənə uğur da gətirdi, amma mane də oldu. Rejissor gərək aktyordan hər janrda obrazı yarada bilə. Loğman Kərimova minnətdaram ki, mənə “Mənim ağ göyərçinim”də dramatik bir obraz – ana obrazı verdi. Buna görə rejissora da, müəllif Tamara Vəliyevaya da minnətdaram. Bu obraza görə Əməkdar artist adı almışam.

- İndi teatrınızda vəziyyət necədir? 3 teatrın truppası birləşib və nəticədə aktyorların rolları azalıb.

- Bu təbiidir. Teatrda yüz nəfərdən bir az aktyor heyəti var. Qaldı qalmaqallara – indi sakitlikdir. O gərginliyi mən də yaşadım. Indi normaldı vəziyyət. Başımı salıb aşağı verilən rolu oynayıram. Mənə əsəbiləşmək olmaz. Həkim deyib ki, qan dövranımda problem var, əsəbləşsən “insult” ola bilərsən.

- Naibə xanım, niyə aktrisa olmağa qərar verdiniz?

- Mən Tiflisdə doğulmuşam. Amma bir müddət Yevlaxda bibimin yanında yaşamışam. Valideynlərim uşaq vaxtından ayrılıblar. Atalığımın - Cahit Hilaloğlunun təsiri çox böyük olub bu qərarı almağımda. O rejissor idi, gözəl insan idi. Onu atam qədər çox istəmişəm. Yəqin bilirsiniz, Cahit Hilaloğlu Sovet rejimində ilk dəfə üçrəngli bayrağı Qız Qalasında qaldırıb. Onların müstəqillik uğrunda fəaliyyət göstərən öz gizli təşkilatı var idi. Bunun üçün başı nələr çəkmişdi. Həbsdə də yatdı. Bunlar hamısı gözümün qabağında olub. Bir müddət İncəsənət Universitetində işlədi, sonra işsiz qaldı. Hətta anamla gedib gəmidə aşpaz köməkçisi də işlədi. Anam da çox əziyyət çəkdi - amma onu həyata elə anam qaytardı. Onun dəfələrlə KQB-dən döyülmüş halda gəldiyini görmüşəm. Zarafatcıl adam idi - belə halda belə zarafat edirdi. Məndə incəsənətə sevgini də o oyadıb. Bizim evə alimlər, ziyalılar gəlib gedirdi. 1991-ci ildə Ağdamda öldürdülər. Müəmmalı şəkildə. O zaman Ağdam teatrının direktoru idi. Bu, uzun əhvalatdır e... Bilirsiz, indi dəyəri olmayan insanları o qədər işıqlandırıb, onlardan yazırlar, amma ondan bir yaxşı yazı yazan da olmadı. Gəlib anamı danışdırmışdılar bir dəfə. Amma heç şəkilləri də qaytarmadılar. Şəkillər də itib batdı... Bax belə...

- Nə arzunuz var?

- Qızımı xoşbəxt görmək istəyirəm. Nəvə-nəticə görmək istəyirəm. Bir də... Allah məndən tamaşaçı sevgisini almasın. Məni yaşadan odur (kövrəlir)... Mən o sevgini görmüşəm. Mən makiyajsız da şəhərə çıxmışam, ucuz geyimlə də çıxmışam, amma adamlar mənim nə paltarıma baxıb, nə makiyajıma... Eləcə yaxınlaşıb sevdiklərini deyiblər... Allah məndən nə alsa da, bir qızımın xoşbəxtliyini, bir də tamaşaçı sevgisini almasın...

# 1768 dəfə oxunub

Müəllifin son yazıları

# # #