Açıq-saçıq geyim zorakılığa təşviq edirmi? – ARAŞDIRMA

Açıq-saçıq geyim zorakılığa təşviq edirmi? – <span style="color:red;">ARAŞDIRMA
22 iyun 2018
# 11:04

Zorlanma hadisələri bir qara xətt kimi nə qədər faciələrin, intiharların, seçici münasibətlərin altından keçir. Kişimərkəzçi cəmiyyətdə zorlanma qurbanı olan qadına günahkar kimi yanaşılır. Bunu kimsə açıq deməsə belə o, bu münasibəti hiss edir – “Günahkar!” Amma harada?

Son anda təcavüzkardan qurtula bilən, adının çəkilməsini istəməyən tanışım da bu sualı verir:

“8-ci sinifdə dərnəklərdən birində müəlliməmiz bizə Cəfər Cabbarlının “Gülzar” adlı hekayəsini oxutdurmuşdu. Yəqin ki, gözümüzü açmaq üçün... Adətən səs-küylü keçən müzakirə saatında bu dəfə qızlar da oğlanlar, da susurdu. Yəqin ki, qızlar utanırdı, amma niyə?

Bu niyə elə həmin hekayənin içində də var idi. Qardaşına yemək aparan yolda odunçu ilə rastlaşan, zorlanan Gülzar harada təqsirli idi? Evdən tək çıxdığı üçün? Axı qardaşı ac qalacaqdı. Odunçunun komasına girdiyi yerdəmi? Axı hardasa daldalanmalı idi. Məncə hər kəs özlüyündə bu sualları verirdi. Bütün səbəblər Gülzardan asılı deyildi. Amma Gülzar özünü səhv yox, günahkar kimi hiss edirdi.

Amma harada? Bəlkə qadın doğulduğu yerdə səhv etmişdi Gülzar? Axı bu da ondan asılı deyildi…”

Günahkar, ya səhv etmək anlayışı burada necəsə eyniləşir. Qurbana çevirən səhv buraxmaq bir başqadır, lənətli günahkar kimi hiss etmək bir başqa.

Zorlanma hadisələrində qadını təqsirli çıxaran bir arqument var: Qadın təşviq edir. Məsələn, geyimi ilə. Bu arqument o qədər səslənib ki, bu yaxınlarda bir rəssam Brüsseldə zorlanma zamanı qadınların əynindəki geyimlərdən sərgi hazırlayıb. Bu sərgi təcavüzkarlara bəraət qazandıran “qadın geyimi ilə təşviq edir” yanaşmasını alt-üst edir; nümayiş olunan geyimlər qapalı geyimlərdir, hansısa açıq-saçıqlıq yoxdur, adi geyimlərdir, hətta onlardan biri polis uniformasıdır.

Sonuncu adı çəkilən geyim başqa bir ip ucu verir:

Bəlkə bu, özündən zəifi öz iradənə tabe etdirmə kimi bir hakimiyyət instinktidir?

Psixoloq Günel Aslanovanın fikrincə, bu şüurda başlayıb şüurda bitən məsələdir. “Geyim təşviqedici faktor yalnız o zaman ola bilər ki, insanın psixikasındakı tənzimləmə funksiyası zəifləsin. Məsələn, tutaq ki, adam acdır, qarşısında başqasının yeməyi var, onun tənzimləmə funksiyası zəifləsə o heç nəyə baxmadan başqasının yeməyini yeyəcək. Güclüsə, ona toxunmayacaq. Və ya butikdə bahalı geyim var. biz vitrindəki geyimi əldə etmək arzumuzu öz imkanlarımıza görə tənzimləyirik, qarşısını alırıq. Amma ala bilmiriksə, deməli bu funksiya pozulub.

Tənzimləmə funksiyası iki halda pozula bilir. Ani və daimi. Ani pozğunluq, alkoqolun və ya başqa maddələrin yaratdığı təsirlərdən baş verir. Daimi pozğunluq şəxsiyyətlə bağlıdır və müxtəlif səbəbləri var. Tərbiyədən asılı ola bilər, əqli pozğunluqda ola bilər və s.

Geyim hər kəsin öz azadlığıdır. Amma bu açıq geyim məsələsi də şərtidir. Bir halda qapalı sayılan geyim, başqa bir ortada açıq hesab oluna bilər.”

Bəzən toplumda qurban - qadının təşviqedici bir əlamət ya davranış göstərməsi cinayətkarın günahından qadına da pay ayırır. Hətta daha böyük pay ayırır.

Sosioloq Samirə Əliyeva bunun gələnəksəl düşüncə ilə bağlı olduğunu söyləyir:

“XXI əsrdə hələ də təəssüf ki, patriarxal icmaların adət-ənənələrini saxlayan cəmiyyətlər var. Onlara görə qadının açıq geyinməsi “əxlaqsızlıq” sayılır və təcavüz edəndə (adətən kişilər) deyil, hər zaman “açıq geyinən tərəfdə” günah axtarılır. 1988-ci ildə çəkilmiş olan “The Accused” filmi bu barədə olan ən yaxşı filmlərdən biridir”.

Sosioloq məsələyə hansı baxımdan yanaşmağın vacib olduğunu düşünür:

“Məsələyə ilk olaraq insan haqları tərəfindən baxmaq lazımdır. İnsanların bir çox məsələdə olduğu kimi geyimlərini də sərbəst seçmə azadlığı var.

Bioloji tərəfdən baxıldığında isə insanların bir-birinə qarşı şəhvət hissi duyması çox normal prosesdir. Qadının kişinin saqqalından, əzələli bədənindən, kişinin qadının sinəsindən, ayaqlarından, gözlərindən və s. ehtiraslanması bioloji olaraq normaldır.

Burda ən əsas məsələ cəmiyyətdə formalaşan bəzi etik normalar, hüquqi normalar daxilində bu hissləri cilovlayıb insani dəyərlərə uyğun davranmaqdır. Bu, instinktləri cilovlamaqdır.”

Necə? Zorakılıq qurbanları ilə psixoloji terapiyalar aparmış psixoloq Mətanət Mahmudova bəzən ən nəcib tərbiyənin də instinktləri, heyvani hissləri cilovlaya bilmədiyini deyir:

“İlk növbədə qadınlar bilməlidir ki, qadın və kişilərin fizioloji quruluşu fərqli olduğu kimi, psixologiyaları da, davranış motivləri də fərqlidir. Güləndə, nazla danışanda bunu kişi başqa cür qəbul edir. Qadın qarşı cinslə fizioloji-psixoloji –emosional fərqliliyini bilmirsə, səbəbi özündə görə bilmir.

Bundan başqa, ailələrdə də uşaqlara fizioloji-psixoloji sərhədləri anlatmaq lazımdır. Onlara bu sərhədlərin keçilməz olduğu təlqin olunmalıdır. Uşaqlar bilməlidir ki, insanların icazəsi olmadan onların fizioloji sərhədini pozmaq olmaz. Uşaqların bilməsi üçün bunu əvvəlcə valideynlər bilməli və bu haqda maariflənməlidirlər”.

Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov geyimin təşviq etməsi fikrini dəstəkləyir. Onun fikrincə hicabın daha geniş mənası var, bir funksiyası da qadını qorumaqdır:

“Əsasən, biz görürük ki, cinsi zorakılığa geyim səbəb ola bilir, cəmiyyətdə imansızlığın olması və bir çox başqa məsələlər səbəb olur. Cəmiyyətdən asılıdır. Qadının tək qalması da səbəb ola bilər. Şəriətdə qadının tək bayıra çıxması qadağandır. Onun yanında yaxın adamı olan kişi olmalıdır. Təbii ki, bunlar da səbəbdir. Şəriət qadınları mühafizə edir, qoruyur, qadına ana kimi, həyat yoldaşı kimi, qız kimi hörmətlə yanaşır.

Tarixə fikir versək... Hədislərə görə peyğəmbərimiz deyib ki, İsraili qadınlar həlak etdi. Qadını və o cümlədən cəmiyyəti qorumaq üçün şəriət belə bir qadağa qoyub. Belə bir statistika araşdırılsa məncə, müsəlman ölkələrində zorakılıq həddinin aşağı olduğunu görəcəyik.”

Sosioloq Samirə Əliyeva qadına təcavüz olunan ölkələrin statistikasında islam ölkələrinin həqiqətən də axırda gəldiyini desə də, bunun şərti olduğunu qeyd edir:

“2015-ci ildə yayımlanan bir hesabata görə dünyada ən çox qadınlara təcavüz olunan ölkələr sırasında başda Efiopiya, Hindistan, Kanada, İsveç gəlir. Səudiyyə Ərəbistan və s. kimi islam ölkələri isə bu siyahıda sonuncu yerlərdədir. Bu hesabat rəsmi olduğundan qərb ölkələrində ən “kiçik” zorlanma halları belə qeyd olunur, ərin həyat yoldaşının istəyi xaricində cinsi münasibətə girməsi belə qeyd olunur. Patriarxal cəmiyyətlərdə isə qadın kişinin mülkiyyəti sayıldığından belə hallar heç müzakirə də edilmir. Eyni zamanda Qərbin əksinə şərq, İslam cəmiyyətlərində zorlama halları qadın üçün “utancverici” sayıldığı üçün də şikayət edilmir. Bu səbəblərdən də hesabatlarda Qərb ölkələri daha irəlidədir.”

Geyim məsələsinə gəldikdə sosioloq bunu da əsas hesab etmir:

“Bəzi təcavüzkarlar üçün “örtülü” olmaq onlarda cinsi istək yaradır. Qadındaki “sirli” görüntü onları təcavüz etməyə sürükləyir.

Samirə xanım problemin yalnız təcavüzkarın ətrafında olduğunu düşünür:

“Təcavüz hadisələrini incələdiyimiz zaman əksərən təcavüzkarın psixi problemlərinin olduğunu, insani dəyərlərdən uzaq olduğunu görürük.

Bu kimi halların azalması üçün cəmiyyətlərin təhsil səviyyələrinin yüksəldilməsi, etik dəyərlərin aşılanması önəmlidir. Maarifləndirmə aksiyalarının, ictimai qınağın da rolu böyükdür”.

Bəs həqiqətən də müasir dizayn olunmuş gündəlik geyimlərdə seksuallıq vurğulanırmı? Geyim üzrə dizayner rəssam Nazim Yunusov gündəlik geyimlərin təklif etdiyi obrazın hansısa sərhədləri itirdiyini deyir:

“Fikir versəniz, indi yeni bir obraz yaranır. Əvvəlki dövrdə manekenlər podiuma çıxanda qadın məlahəti hiss olunurdu, amma indi unisex geyimlər dizayn edilir. Baxırsan, nə qadın geyimidir, nə kişi... Üçüncü cinsin geyimlərini yaradırlar. İndi axı cinsləri dəyişənlər çoxdur. Avropa dizaynerlər də məhz elə insanlardır. Bu insanların psixologiyasına təsir edir. Kor-koranə bazarda olan geyimləri alıb geyinirlər, amma bu insanların psixologiyasına necə təsir edir, bunu düşünən yoxdur. Bizə yad olan ünsürlər çıxarılmalıdır. Mən demirəm ki, hamı milli geyimdə gəzsin, müasirlik olmalıdır, ancaq burada mentalitet də nəzərə alınmalıdır.”

Mütəxəssisin fikrincə geyimin hansısa mesaj ötürdüyünə şübhə etmir, amma:

“Bilirsiniz, hansısa konkret geyimdən söhbət gedə bilməz, məkandan çox şey asılıdır. Yalnız yerində olan geyim normal qəbul oluna bilər. Amma kimisə cəlb etməyə və ya təşviq etməyə gəlincə, bu geyimin qapalı ya açıq olmasından deyil, geyimin rəngindən də ola bilər. Müəyyən rənglər var ki, insana psixoloji təsir edir. Məsələn, qırmızı rənglər. Amma əlbəttə, demək olmaz ki, zorakılıq qapalı ya açıq geyimə görə baş verib. Burada çox faktor ola bilər.”

Image result for taciz

Psixoloq Mətanət Mahmudova da son fikirdə opponenti ilə həmrəydir.

“ Geyimdən çox davranışın rolu var. 1980-ci illərdə iki Amerika psixoloqu Betti Qreyson və Morris Stayn aydınlaşdırmaq istəyir ki, cinayətkarlar qurbanı necə seçirlər. “Sizin yerişiniz sizi qurbana çevirə bilərmi?” adlanan bu eksperimentdə gizli çəkilmiş videolar zorakılıq üstündə həbsdə yatan məhkumlara təqdim olunur. Bu məhkumlar da bir-birini tanımır. Videodakı qadınlar da çəkildiyindən xəbərsizdir. Məhkum tamaşaçılara özlərinə qurban seçmək tapşırılır. Onların seçimini analiz edərkən məlum olur ki, onlar ya eyni, ya da eyni tipli qadınları seçiblər. Bu qadınların xarakterik cəhəti nədir: Onlar çiyinləri sallanmış, göz kontaktı qurmayan, ürkək addımlarla yeriyən qadınlardır.”

Bizim məqalədə fokus təcavüzkarın psixologiyasından başqa həm də, zorakılığa məruz qalmış qurbana göstərilən yanaşmadır. Zorakılıq faktı məhkəmə ilə belə sübut olunduqdan sonra qurbana olan yanaşmanın yayğın olması.

Bu qadına ümumi yanaşmadan qaynaqlanmır ki? Ortodoksal cəmiyyətlərdə ana, bacı müqəddəs hesab olunur, amma bu, qadına ümumi yanaşmanı dəyişmir. O, ikinci dərəcəli məxluqdur. Və bu qənaət elmi, dini, kultural görüşlərlə bahəm, adi fiziki qiymətləndirmədir: qadın zəifdir.

Alman rejissoru Fritz Lanqın 30 cu illərdə çəkdiyi “Şəhər qatili axtarır” filmində biz uşaqları qətlə yetirən qatilin daim titrək əlini, qorxu saçan gözlərini və qurbanını seçərkən ani qətiyyətini izləyirik, müəllif sanki onun hansı psixi problemlərindən bu yola çıxdığını araşdırmaq istəyir. Tam bir etiraf, bir gerçək, bir səbəb gözləyirkən, filmin finalı bu sözlərlə tamamlanır; öldürülmüş uşaqlardan birinin anası məhkəmədə deyir: “Sadəcə, uşaqlarınızdan muğayat olun, ehtiyatlı olun!”

# 2815 dəfə oxunub

Müəllifin son yazıları

# # #