Qadın fahişə nəzərində

Qadın fahişə nəzərində
18 dekabr 2015
# 12:06

Bu yaxınlarda Dövlət Statistika Komitəsi filmdə lətifə kimi güldüyümüzü informasiya kimi elan etdi: Qiz qızıla dönüb, yox xəbəri oğlanların...

Publisistik dillə desək, ilbəil doğulan qızların sayı, oğlanların sayı ilə müqayisədə əhəmiyyətli şəkildə azalır. Xəbər tutan kimi əlbəttə düşündük və selektiv abortlar mövzusu gündəmə gəldi. Hərçənd, bu barədə çox danışılmışdı. Amma bu dəfə danışmaqdan başqa tədbir də görmək lazım gələcək. Seksizm (cinsi ayrı seçkilik) və gender problemlərinin güc dövlətlərinin guya “Ailə institutunu dağıtmaq üçün” üçüncü dərəcəli ölkələrə sunduğu mövzular olub-olmadığını da düşünmək lazım gələcək. Güc dövlətləri buna nə etsin? Axı bir cəmiyyət özü-özünü xilas edə bilər. Əlbəttə, özünü yaxşı tanıyırsa və danmırsa...

Seksizm - konkret olaraq indi müzakirə olunan selektiv abortlar - daha konkreti, qız uşaqlarının lazımsız sayılıb abort edilməsi – sosial, əxlaqi yoxsa psixoloji problemdir? Qızıla dönə bilən qadın bu gün nə üçün dəyərsizdir? Ona ikinci dərəcəli münasibət haradandır?

Bu, sosial problemdir

Reallığa baxanda çox vaxt o, evə qazanc gətirə biləcək ailə üzvü deyil. Əlbəttə, təhsil də ala bilər. Müəyyən peşəyə də yiyələnə bilər. Amma bu peşələr məhduddur. Müəllim, həkim (daha cox xərc aparan təhsil) tibb bacısı və bir neçə başqa peşə. Və bu məhdud sayda olan peşələr əksərən qazanc gətirən işlər deyil. Hətta olsa belə sabah ailə quracağı adamın onun işləməsinə razılıq verəcəyi sual altındadır. Odur ki, ailə büdcəsindən qızların təhsilinə sərmayə qoymaq məntiqi yox, emosional hərəkət sayılır.

Ailədəki qız uşaqlarının təhsilinə son illərdə diqqət artsa da oğlanlarla müqayisədə elə də əhəmiyyət verilmir. Xüsusən bölgələrdə qız uşaqları təhsil alması və müəyyən peşəyə yiyələnməsi vacib sayılmır, bir çox hallarda peşə diplomuna cehizin üstünə qoyulan bonus kimi yanaşılır.

- Kişi hər işdə işləyə biləcək, qadınsa ağır fiziki işlər görə bilməz. İş yeri onun üçün kişidən də artıq problemdir. O, kiminsə himayəsinə möhtac bir məxluqdur.

Bu, psixoloji problemdir

“Kür qırağının meşələri” əsərində yazıçı Əkrəm Əylisli qəhrəmanı Qədirin dilindən maraqlı bir psixoloji məqamı açır. Arvadı Səltənəti qız doğarsan... deyib hədələyən Qədir rus qadınla evlənib qız atası olandan, başı daşdan-daşa dəyib doğma vətənə - isti çayların qırağına qayıdandan sonra belə etiraf edir: “Mən düşünəndə ki, qızım olacaq və gedib kiminsə arvadı olacaq, kiminsə həyətini süpürəcək, dəli olurdum...”

Bu nə deməkdir, qadına verilən patoloji yüksək qiymətdir, yoxsa öz arvadına göstərdiyi aşağılayıcı münasibətin proyeksiyasını görmək qorxusu?

Soyad: Oğlan doğulanda sevinən ataların daha bir arqumenti “nəslin davamçısı” olaraq oğlanların seçilməsidir. Qızlar evlənəndə soyadlarını dəyişib, ərlərinin soyadlarını götürürlər, uşaqlarsa avtomatik atanın soyadını götürür. Bu formal görünsə belə, qız uşaqlarının nəsildən sayılmaması kimi düşüncə yaradır.

Anaların qız uşaqlarını istəməməsinin də öz səbəbləri var: Onların qadına əksərən əzici münasibət göstərən kişimərkəzçi cəmiyyətdə doğulacaq qız uşaqlarına bu başdan yazığı gəlir. Bu da qadınlara xas “Qədir sindromu”dur. Xüsusən məişət zorakılığından əziyyət çəkən qadınların tez-tez kriminal xəbərlərdə qurban kimi adı hallanırsa.

Bu, Əxlaq problemidir

Abortun, daha doğrusu selektiv abortun cəmiyyətdə qeyri-insani, əxlaqsız hərəkət sayılmaması da selektiv aborta rəvac verən faktorlardandır. Şüuraltı olaraq selektiv abort edən qadında “Hamının etdiyi işdə heç bir qəbahət ola bilməz” düşüncəsi kök atır. Bu düşüncəyə isə heç bir arqument, hətta dini arqument belə davam gətirmir.

Məsələn, qonşuluqda dini ibadətlə məşğul olan bir qadın qız uşağını abort etmişdi. Onun öz hərəkətinə münasibəti olduqca paradoksal idi: “Bəyəm allah görmür ki, biz nə zülm çəkirik? Indi biri oğlan olacaq deyə, 3-4 qız dünyaya gətirəsi deyiləm ki?”...

Bu, Tanrı ilə xüsusi münasibətləri olan adamdan çox, cəmiyyətin normaları ilə ayaqlaşan qadının arqumentinə oxşayır.

Bu, ailə dəyərlərindəki problemdir

Üçüncü dünya ölkələrində “ailə institutunu dağıtmaq” planından duyuq düşmüş kimi danışan xeyli mətnlər, adamlar xatırladım. Bəli, Azərbaycan ailəsi fərqlidir. Bəli, ailənin başçısı kişidir. Bəli, qadının da, kişinin də öz yeri var. Amma belə görünür ki, bu ailədə problemlər var. Xüsusən uşaq məsələsində ailədə qadın da, kişi də, yəni ər də, arvad da eyni dərəcədə söz sahibi, qərar sahibi deyil. Biz bu kimi hansısa məsələ haqda danışanda artıq ailədən deyil, qadından və kişidən danışırıq. Onların qayğıları bir olsa da arzuları, həyatları başqadır.

Bu günlərdə TV-lərdən birində selektiv abortların qarşısının alınması mövzusunda müzakirədə maariflənmədən danışıldı. Amma kontraseptiv vasitələr sahəsində maariflənmədən. Deyəsən axı, bir az gülməlidir. Maarifçilikdən başlanırsa, qadınların hansısa kontraseptiv məhsullar haqda məlumatlandırılmasından yox, seksizm və ailə dəyərləri məsələsində cəmiyyətin maariflənməsindən söhbət getməlidir. Ailənin maariflənməsindən söhbət getməlidir. Kişidən və qadından asılı olmayaraq. Bəlkə də ailədə kişi və qadını bir-biri ilə tanış etməkdən, onların bir-birini tanımasına kömək etməkdən başlamaq lazımdır ki, onlar bir-birinin yalnız bədənini deyil, ruhunu, arzularını, düşüncəsini tanısın. Tanısın və qiymətləndirsin...

P.S. Tanımaq demişkən, illər öncə rus yazıçısı Buninin “Kənd” povestinin qəhrəmanı Tixon İlyiçin dilindən belə bir epizod oxumuşdum. Kuzma İlyiç aclıq dövründə Deniskanın fahişələrlə görüşməklərini xatırlayır: ”O fahişələr elə ac idi ki, onlara pul əvəzinə verdiyimiz çörəkləri elə altımızdaca yeyirdilər” - deyir... Bu günlərdə tibb jurnallardan birində yazılmış hamiləlikdən qorunmaq üsullarından biri diqqətimi çəkdi: cinsi əlaqə zamanı nə isə çeynəyib yemək hamiləliyin qarşısını alırmış. Beləliklə, həzm sistemi işləyir və orqanizm çoxalma və mayalanma funksiyalarını bir növ “unudur”. Bu məlumatı oxuyan kimi “Kənd” povestində Deniskanın fahişələrini xatırladım. Bəlkə onlar da çörəyi acından yemirmiş?

# 2365 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #