O qaloş həqiqətən sehrlidir – Günün yazısı

O qaloş həqiqətən sehrlidir – Günün yazısı
10 iyun 2019
# 13:30

Qaloş

Başqa ayaqqabılara nisbətən xeyli yüngül və rahat sayılan qaloş bizi yaz payız palçıqdan qoruyurdu. Qışda da bəzən geyinirdik. Amma qış qaloşları bir neçə ölçü böyük olurdu ki, onu yun corabla geyinə bilək. Qaloş vacib və qiymətli idi. Yaşlılar xüsusən qaloşları təzəsə, getdikləri məclisdə itməsin, oğurlanmasın deyə onları büküb qoltuğuna vurur, elə içəri keçirdilər. Təzə, içi qırmızı qaloş xoş güzəran, yenicə edilmiş bazarlıq rəmzi idi.

İttifaq dağılanda, istehlak mallarının keyfiyyəti düşəndə, qəndlər ağızda əriyib israf olduğu üçün hamının qənd bişirdiyi o çətin zamanlarda qaloşların da keyfiyyəti düşdü; “taxta qaloş” ifadəsi yarandı. Əlbəttə, qaloşlar taxtadan deyildi, soyuq düşən kimi bərkiyib taxta kimi olduğu üçün onlara taxta qaloş deyirdilər. Yadımdadır, nənəmin təzə qaloşları taxta qaloş çıxmışdı. Qaloşu qaynadarsa yumşalacaq fikrilə, nənəm onu ip boyadığımız tiyana atıb bir buğum qaynatdı. Qaloşlar isti suda əyilib əcaib forma aldı. Amma bundan sonra da nənəm onları atmadı, ağacların altından topladığı meyvələri əcaib qaloş-vazaya qoyub taxçaya düzdü. Nənəm öləndən sonrasa o vaza-qaloşları hamamın peçində yandırdıq. Qaloş çox his etsə də əla yanırdı...

Zaman keçdi, urbanizasiya dərinləşdikcə qaloş əyalət rəmzi sayılıb trenddən çıxdı. Yalnız ən yaşlı nəsil qaloşa sadiq qaldı...

Orxan Pamukun “Kafamda bir tuhaflık” romanının qəhrəmanı Mövlud satdığı bozanı – Osmaniyyə dövründən xalqın qoruduğu alkoqollu içkini müdafiə edərkən qəfil belə söz deyir: “Boza müqəddəsdir”. Bu qədər xatirələr az qala qaloş haqqında da bu cümləni "Qaloş müqəddəsdir" dedirəcəkdi ki, özümü saxlayıram. Çünki qabaqda başqa bir "müqəddəs qaloş" söhbəti var.

Pir

Pir hamının müsbət yanaşdığı gəzinti idi. Bu gəzintiyə toplu halda gedir, uşaqlar bu arada öz əmi-xala uşaqları ilə oynamağa macal tapır, böyüklərin pirə atdığı konfetləri, şirniyyatları və parçaları oğurlamağa macal tapır, əgər pirdə yeyib içmək varsa daha çox sevinirdilər. Həm bu gəzintilərdə uşaqlar daha pak sayılır, məsələn, tutya götürmək, ocaqdan su götürmək kimi vacib işlər onlara tapşırılırdı. Həm, bu gəzintilərdə böyüklər yumşalır, uşaqlarla da mehriban davranırdılar. Böyüklər nəinki mehriban olur, maraqlı söhbətlər də edirdilər. Məlum olurdu ki, burada yatan övliya “buzu qalayıb kibriti çəkən” filankəsdir, qışın çilləsində buzu qalayıb alışdırıb və camaatı qızındırıb...

Bizə böyüklərin uşaq dünyasına düşmələri, nağıla toxunmaqları çəkici idi. Pirlər müxtəlif sahələr üzrə ixtisaslaşmış pirlər idi. Dəri xəstəlikləri üçün dömrov piri, tək iydə ağacının altındakı öskürək piri idi. Hətta iynəni saplamağa belə dada çatacaq qadın cinsli övliyalar da fəaliyyət göstərirdi.

...İtən heyvanlara Sığır piri baxırdı. Daş təpəciyindən ibarət bu pirdə camaatın heyvanını otaran bir çoban yatırdı, onu çox-çox illər əvvəl itən heyvana görə cəzalandırıb, boynuna oğurluq atıblarmış. Çoban günahsız olduğunu sübut edə bilməyib, gəlib həmin bu yerdə qeyb olub, yəni yoxa çıxıb. Az sonra itən heyvan tapılıb, camaat etdiyinə peşman olub. O zamandan bəri günahsız çobanın qeyb olduğu yeri nişanlamaq üçün hər kəs o yerə bir daş atır və beləliklə itən heyvanları tapan Sığır piri yaranır. Bu pirin nəziri də elə çətin deyildi, nəzir edən kəs təpəyə bir daş atacaqdı ki, o çoban unudulmasın. Gözəl deyilmi?

Daş-torpaq belə hekayə-tarixçələrlə müqəddəsləşirdi. Və nə yalan deyim, bunlar mənim üçün uşaqlıq xatirəsi kimi əzizdir. Bunu qətiyyən Allaha, dinə-filana bağlamıram.

Sehrli qaloş

Bütün xalqların folklorunda sehrli nağıllar var. Daha düzü, bütün xalqların nağıllarında möcüzələr, sirli-sehrli predmetlər, əhvalatlar var. Uşaqlara bu nağılları danışıb onları, məsələn, güzgünün sehrli olmasına və ya uçan xalçaya inandırırıq. Bununla uşağın xəyal gücü böyüyür. Hər şeydə, insanda, heyvanda, canlı cansız əşyalarda bir güc olduğuna, bir sirr gizləndiyinə inandırırıq. Ki, böyüyəndə o sirlərin dalınca düşsün. Yeri gələndə dünyanı nağıl bilsin. Ədəbiyyatçı olanda hansısa predmetləri metaforaya çevirsin.

Əfsanələr, el inancları da insanları bir şəkildə ekzistensial faciədən qurtarmağa yönəldir. Bütün kainatda onun hayqırtısına cavab verəcək bir nəsnənin olduğuna inandırır.

İndi Goranboyun kəndində seyidin qaloşundan nicat uman adamlar və onların inancı. Buna da el inancı deyəlim? Yoxsa bu, dini fetişizmdir? Hansı ki, bunu hər kəs bir şəkildə edir; O seyidin qaloşuna sürtünənlərə gülənlərin arasında Qurani-Kərimi öpüb altından keçənlər də var. Hansı ki, kitabı öpmək yox, oxumaq lazımdır, qırmızı parçaya büküb əlçatmaz yerə qoymaq yox, əl altında saxlamaq gərəkdir ki, içində nə yazıldığından hər kəs agah ola bilsin.

Deyin, müqəddəs sözlərin yazıldığı kitabla, müqəddəs sözləri çatdıran peyğəmbərin nəslindən olan kişinin qaloşu eyni münasibətə məruz qalmırlarmı? Qalırlar. Tutalım ki, Seyidin özü də el inancı kimi sağlığında əfsanəviləşib. Marketoloq varisləri də bu əfsanəni pula çevirirlər. Bu zəlalət mənzərə də beləcə ortaya çıxır, camaat əlini seyidin büstünə, qaloşuna sürtüb ondan xilas umur. Bunun üçün nəzir verir.

O qaloşun hekayətini bilmirəm. Niyə seyidin məhz qaloşunu fetişləşdiriblər. Amma qaloşu növbə ilə ziyarətçilərə - gənc-gənc gəlinlərə, qızlara sürtmək səhnəsi həqiqətən də gülməlidir. Qaloşu müqəddəs elan ediblər, amma o qaloş müqəddəs yox, sehrlidir. Pul qazanmaq niyyətilə belə bazar açmış adamlar o qaloşla müasir geyimlər geyinmiş camaatı geriyə - keçmişə (lap ürəyiniz istəsə keçmiş yerinə cəhalətə oxuyun) aparırlar. Məsələn, o qaloş məni 20 il geriyə apardı. O qaloş həqiqətən sehrlidir...

# 3808 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #