Əməkdar artist: “Ən böyük rolum Cindir, taleyimlə barışmışam” - MÜSAHİBƏ

Əməkdar artist: “Ən böyük rolum Cindir, taleyimlə barışmışam” - MÜSAHİBƏ
1 aprel 2013
# 12:17

Müsahibimizi təqdim etmək üçün vərdiş etdiyiniz bər-bəzəkli girişə ehtiyac yoxdur. Daha doğrusu müsahibəyə girişi Gənc Tamaşaçılar teatrının girişindəcə teatrın baş rejissoru Bəhram Osmanov verdi- “O kimdir ki, onunla müsahibə edirsiniz?” cümləsiylə başlayan, ömrünün çoxunu teatra sərf etmiş aktyora müsahibə üçün məkan olaraq teatr binasını çox görən, daha çox çıxış əmri verən giriş.

İnsafən Bəhram müəllim aktyorun «nə?» yox, «kim?» sualına cavab verdiyini öyrənmişdi. Məncə hər bir yaradıcı adam «kimdir» sualını özünə verməlidir. «Mən kiməm?» deyib özünü axtarmalıdır. Vəssalam...

Aktyor Vahid Əliyev özü-özünü bəxti gətirməmiş hesab edir. Həm də 63 yaşında, ömrünün çox hissəsini teatra sərf etdiyi zamanda bu qənaəti təsirlidi. «Epizodik və yaddaqalan»... Kəbirlinskinin məşhur təskinliyi... Hərçənd onun üçün bu təskinlik olmamalıdı. Bəlkə də o, yaradıcı qüvvəsinin çoxunu sərf etməyib...

Aliyə DADAŞOVA

-Vahid müəllim, repertuarda olan neçə əsərdə rolunuz var?

-«Şeyx Sənan»da, «Ələddinin sehrli çırağı»nda, «Xırs quldurbasan»da. 4-5 rolum var.

-Deyəsən teatrda həcmcə ən böyük rolunuz «Ələdinin sehrli çırağında»kı Cindir...

-Bilirsiniz, üç ildir ki, İctimai radioda öz layihəm əsasında balacalar üçün Azərbaycan nağıllarını oxuyuram. “Dədə Qorqud” dastanını da. Həftədə bir dəfə bu proqram türk radiosu ilə müştərək efirə gedir. İndi “Bilqamis” dastanını uşaqlar üçün işləyirəm. Yox, radio tamaşa deyil, mətni sadəcə oxuyuram. Amma babamın nağılları adlı layihə də var - orada artıq personajlar da olacaq. Baba mən özüməm və personajları daha iki aktyor səsləndirəcək. Baba bir-biri ilə dalaşan bacı qardaşı dinləyir və onlara nəsihətamiz bir nağıl, əhvalat danışır. Uşaqları mütaliəyə öyrətməliyik. Çünki əgər baza, savad yoxdursa, insan bir-birini anlamağa çətinlik çəkəcək.

-Sizin “Kuklalar” filmində yaratdığınız fotoqraf Jorj müsbət bir erməni obrazı idi. Buna görə filmlə bağlı, obrazla bağlı hər hansı narazılıqlar olmadı ki?

-Yox, mən o filmə təsadüfən düşdüm. Şəklimi göndərmişdim. Rejissor mənimlə görüşmək istədi. O məndən ilk olaraq Azərbaycan-Ermənistan konfliktinə münasibətimi soruşdu. Və dedi ki, məni erməni roluna çəksə mənim buna münasibətim necə olar. Onda da dedim ki, mən Məlik Dadaşovdan artıq sənətkar deyiləm. Məlik müəllim ermənini oynayıbsa, mən niyə oynamayım ki...

-Məlik müəllim oynamamış olsaydı, ilk dəfə erməni obrazı, həm də müsbət yaratmaq istəməzdiniz?

- Mən beynimdə bu məsələləri çözələmişəm. Ermənilərdə günah görmürəm. Biz özümüzə, torpaqlarımıza qiymət verə bilmiriksə, erməni neynəsin? Məni düz başa düşün. Həm də orada erməni fotoqrafı sadəlövh kimi oynamamışam. Diqqətlə baxsanız, o sadəlövhlüyün altında bir hiylə var.

-Sizcə, sadəlövh erməni ola bilməzdi?

-O, sadəlövhlüyün içində biclik var. O millətin xəmiri bununla yoğrulub. Mən gördüklərimdən bu qənaətə gəlmişəm. Ataların sözü var-südlə gələn sümüklə gedər. Amma mən filmdə çalışırdım ki, müharibədən sadə insanların əziyyət çəkməyini göstərə bilim...

Həm də ermənilər Azərbaycanda pis yaşamayıblar. Hətta bizdən daha yaxşı yaşayıblar. Ən yaxşı yerlərdə işləyirdilər. Mən şovinist deyiləm, bütün insanlar mənim üçün alidir. Amma insan özünə, öz millətinə dəyər verməyi bacarmalıdır. Öz millətini yüksək tutmalıdır. Biz özümüzü qiymətləndirməliyik.

-Reallıqda sizi incidən narahat edən problem nədir?

-Bizdə kitab oxumurlar. Hami internetlə məşğuldur. Bilmirəm, bəlkə mənim internetdən başım çıxmır, amma kitab başqa şeydir. Kitabla təxəyyül inkişaf edir. Kitab oxunulmaması qorxuludur, hətta təhlükəlidir.

Təhsildə əcaib sistem var- Hamı universitetə qəbul üçün müəllim tutur. Bu nə deməkdir? Mən oğluma müəllim tutmadım. Çox çalışdı, asan olmadı, amma aktyorluğa özü repetitorsuz qəbul olundu.

-Sizi Moskvada Bədaye teatrında saxlamaq istədilər. Qalmadığınız üçün peşman olmadınız ki?

- Çox peşmanam. Anamın «Qayıt gəl» sözü ilə, kortəbii sevgisi ilə qayıdıb gəldim. Amma mənim familiyam orda daha çox lazım idi. Bizim millətin adı üçün lazım idi. Nə isə..

- «Kuklalar» xaric, əksər rollarınız epizodikdi, kiçik personajlar, tirlərdir. Qəhrəman oynamamağınız bir inciklik, küskünlük yaratmır ki sizdə?

- Əgər rejissorlar məndə böyük rollar, qəhrəmanlar görmürlərsə mən nə edə bilərəm? Aktyor sənəti asılı sənətdir. Rejissordan asılıyıq. İncitməyə qalsa, bu məni incitmir. Mən artıq taleyimlə barışmışam. Mən kim olduğumu bilirəm. Özüm özüm üçün bilirəm. Amma arzusunda olduğum bir rol var- Kral Lir rolu var. Onu istəyirəm. Amma ona da ümidim yoxdu... Kimdir axı mənim üçün repertuar hazırlayan?

-Teatrın qədirbilməzliyi, unutqanlığı, bir tənhalıq, tragizm gətirir həmişə. Mən Çaplinin “Rampa işıqları”nı xatırlatmaq istədim. Sənətin bu faciəviliyini hiss edirsiniz?

- Niyə etmirəm ki? Hamıdan da yaxşı hiss edirəm. 7 yaşımdan səhnədəyəm. Məktəb səhnəsi, universitet səhnəsi, teatr səhnəsi...

- Təqaüd yaşından aktyorların işdən çıxarılması məsələsi də var...

- Hə, 65 yaşından olmalıdı. Amma xoşbəxtlikdən əməkdar artist olduğuma görə mənim 70 yaşımadək şansım var.

-Ümumiyyətlə, özünüzü səhnədən kənarda təsəvvür edirsiniz? Nə ilə məşğul olarsınız?

- Mənim bəxtim onda gətirib ki, hər şeydə maraq dairəmi tara bilirəm. Yəni, səhnədə artıq bacarmasam, mənim sonrakı sevgim torpaqdı. Bir dəfə maraqlı bir şey gördüm. Bulvarda dincəlirdim, birdən bir qadının qışqırığını eşitdim-uşağa dedi: “torpaqdan uzaq dur, üstünü bulayacaqsan”. Niyəsə mən o qadının sözündə qısqanclıq hiss etdim. İnsan ananın torpaq anaya qısqanclığını hiss etdim. Səma –hava insanı saxlamır, su yenə də saxlamır, vurub çıxarır üzə. Yeganə insana qucaq açan torpaqdı. Çox maraqlıdı. Yeganə anadır ki, o insanı yoxa da çevirir, qidalandırır.

-Belə anladım ki, bağ-bostanla məşğul olmaq istəyirsiniz. Buna şəraitiniz varmı.

-Yox, hələ ki yox. Amma Bakı kəndlərinin birindən torpaq sahəsi alacağam. Mənim uşaqlığım torpaqla bağlı olub. Badamdarda balaca həyətimiz vardı...

-Baba olmusuz?

-Hə, qız nəvəm doqquzuncu sinifdə oxuyur. Oğlumu da təzə evləndirmişəm.

- Teatrla bağlı yuxular görürsünüz, maraqlı olanları var?

-Əvvəl çox görürdüm. İndi soruşsanız, mən cəmi iki saat yuxu yatıram sutkada. Əsəblərim pozulub. Tamaşalarda maraqlı əhvalata qalanda, belə təsirli əhvalatlar olub. Olub ki, biz təzimə çıxanda gülü valideyni uşağa verib deyib ki, bunu ver filan aktrisaya uşaq səhnəyə çatanda gülü mənə verib. Bu uşaqların saflığından xəbər verir.

Mənə dram teatrında qalıb işləmək imkanım vardı. Amma qalmadım. Bura, uşaqlarla, daha yaxşıdır.

- Qəlibləşmə hiss etmirsiniz özünüzdə? Axı zamanla, yaş artdıqca hər şey vərdişə keçir..

-Yox, elə deyə bilmərəm. Mən hər dəfə daha fərqli və yaxşı oynamağa çalışıram. Qaldı vərdişə, olur ki, həyatdan olan sözləri ifadələri səhnədə improvizəylə deyirsən, səhnədə dediklərini də həyatda dilinə gətirirsən.

Ştamp deyəndə ki, texnika var. Və texnikasız aktyor aktyor deyil.

Amma yola vermə halları olur. Olur ki, əsər məni qəbul etmir, rejissor səni qane etmir. Ya imtina edirsən. Bir də görürsən müəllif mətndə bir sözü yüz dəfə çeynəyib təkrar edir. Adam az qala öyüyür. Sonra da adını qoyurlar ki, Vahid Əliyev sözünü bilmirdi. Mən bu mətni qəbul edə bilmirəmsə, orqanizm onu götürmürsə, mən öyüyə-öyüyə oynaya bilmirsən. Sonra da guya mən özümdən razıyam filan. Heç vaxt belə olmayıb.

Rus teatrında aktyoru olduğu kimi qəbul edirdilər. Smotkunovski xanımı ilə küçədə gedəndə ona ad familiyası ilə müraciət edirlər. Osa düzəliş edir, bəs, dahi Smotkunovski niyə demirsiniz, düz müraciət edin. Onlar gülümsəyib müraciətin əvvəlinə “dahi” sözünü artırır. Çünki, Smotkunovski o qədər incimişdi, o pilləyə çatanadək o qədər tapdanmışdı ki, o qədər insanlardan yığmışdı ki, o sözü dedirtməklə əvəz çıxırdı.

- Baş rejissor axırıncı tamaşanın məşqlərindən çıxarıldığınızı dedi...

- Mən açıq deyim, məni pyes qane etmədi. Heç rejissor da məni qane etmədi. Guruldamaq lazım deyil, yağmaq lazımdı. Qışqırmaqla rejissor olmur. Rejissorluq elmdi. Pyesdən, sözlərdən öyüyürdüm. Mən nə edə bilərdim?

- Aktyor kimi öz obrazınızın müəllifi ola bilirsiniz?

- Öz müəllimim Rza Təhmasibdən başlayaraq, azdan-çoxdan rejissorlarla işləmişəm. Mən adətən rejissordan soruşuram ki, o nə istəyir? Ilk mizanı rejissordan alıb, istiqaməti götürüb özüm aparıram. Bilirsiniz, rejissordan rejissora da fərq var. Ya da olur ki, rejissor sənin göstərdiklərinin ən yaxşı variantını seçir.

-Çəkilişlərdə şərtləriniz, prinsipləriniz varmı?

-Edə bilmərəm. Başa düşürsünüz? Ailə saxlayıram, çörəkdən məhrum ola bilərəm. İmtina etdiyim olub. Bakı Filmdən məni seriala çağırırlar, mən avtobusla Lökbatan getməliyəm, ayaqla nə qədər getməliyəm. Bu nə hörmətsizlikdi? Gəlirsən, deyirlər ki, bəs məbləğ 50 manatdır, hələ üstəlik deyirlər ki çəkiliş günləri tamaşa olmamalıdır. Mən teatrı hansısa 50 manatlıq çəkilişə görə təxirə salmalıyam? Teatr mənə bu xəyanəti bağışlamaz. Kameraya qədər mən teatrda Vahid Əliyev olmuşam. Mənim işlədiyim teatr qiymətsizdi, sizin çəkdiyiniz dəyərlidir. Soruşursan deyir ki, bu Hollivud modeli əsasında yazılmış müqavilədir. Daha demirsən ki, ay bala, Hollivud aktyoru bir filmlə neçə il yaşaya bilir. Üstəlik də rejissor tonla danışsın? Mən peşəkar aktyoram. Mənimlə belə olmaz.

- Bayaq guruldamaq dedik, rejissordan danışanda. Belə deyək, rejissor rejissorluğu oynayır, aktyor da aktyorluğu oynamırmı? Məsələn siz...

-Mən aktyorluğu oynayıb, necə deyərlər «artistlik etsəydim» indi mən başqaları kimi başqa statusda, başqa adlarla çağırılardım. O işlər mənlik deyil, mən allahı öz içimdə tapmışam.

Bir də, aktyorluq mənim sənətimdi, işin peşəkarıyam, mən niyə onu oynamalıyam?

Fotolar: Elxan Rustemovundur

("Fokus" jurnalinin arxivindən)

# 6834 dəfə oxunub

Müəllifin son yazıları

# # #