“Arvadın elə öldürür ki, elə bil qənddan sındırır”

“Arvadın elə öldürür ki, elə bil qənddan sındırır”
12 iyul 2013
# 07:45

Geniş tamaşaçı kütləsi Şəbnəm Hüseynovanı “Pərvanələrin rəqsi” serialındakı Rəna obrazından tanıyır. Sakit, dilsiz-ağızsız Rəna... Daha diqqətli tamaşaçılar onu hələ Bakı Kamera Teatrındakı rollarından tanıyırlar. Şəbnəm xanım Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Onun burada “İtlər”, Hacı Qara”, “İtalyansayağı nigah”, “Məhv olmuş gündəliklər” “M.S.S.”, “Şelkunçik” kimi tamaşalarda fərqli obrazları var. Teatrın aktyoru Şövqi Hüseynovla evlidir. Söhbət zamanı bizim fotolarımızı çəkən 6 yaşlı oğulları –Ülvi var.

- Hələ Bakı Kamera Teatrının vaxtında sizin bu sahədə təhsil almadığınızı, həvəskar olduğunuzu eşitmişdim. Guya teatrı çox sevdiyiniz üçün bu truppaya qəbul olunmusunuz... Doğrudurmu?

- Yox, mənim bu sahədə təhsilim var. Amma burada həqiqət də var. Bacım Vüsalə teatrda çalışırdı, aktrisa idi. Hələ məktəbli idim. Bir dəfə onunla Bakı Kamera Teatrında “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşasına baxdıq. Əvvəllər rejissorluğu istəyirdim. O tamaşaya baxandan sonra aktrisa olmaq barədə, həm də Kamera Teatrında işləmək barədə qəti qərara gəldim. Bu teatrın səhnəsi tamaşaçıya çox yaxın idi və, orada falş və ya “yolaverdi oynamaq” ola bilməzdi. Ya oynamalı, ya da tərk etməli idin. Məktəbi bitirəndən sonra İncəsənət Universitetinə sənəd verdim. Allahdan, həm imtahanı Cənnət xanım götürürdü, həm də o il onun kursu olacaqdı. Onun teatrını o qədər sevirdim ki, razı idim dörd il də gözləyim, amma məhz onun kursuna düşüm. Amma qismətimdə varmış elə ilk cəhddən onun kursuna düşdüm. Universitetdə oxuya-oxuya Kamera Teatrına məşqlərə gedirdik.

- Şövqi bəylə tanışlığınız, münasibətləriniz necə yarandı?

- Teatra gələndən bir az sonra söz-söhbətlər oldu, hamı danışırdı ki, Şövqi səni çox istəyir, onun fikri diqqəti sənin üzərindədir. Əhəmiyyət vermədim. Bunu adi fikir yaxınlığı hesab edirdim. Axı olur ki, iki adamın söhbəti daha yaxşı alınır, 3 nəfər dostluq edir, dörd nəfər dindar olur, onun ayrıca bir qrupu olur. Belə bir şey zənn edirdim. Sonra yavaş-yavaş xüsusi münasibətini hiss etdim. Bir dəfə də yaxınlaşıb dedi ki, səninlə ailə qurmaq istəyirəm. Mənə bu barədə ilk sözü bu olub. Amma o dəqiqə cavab vermədim. Bir müddət fikirləşdim və qərar verdim. Ona görə fikirləşdim ki, o məndən yaşca böyük idi, üstəlik hələ sənətdə nəsə etməmişdim, ailə həyatı, eşq tez idi, vaxtımı buna sərf etmək istəmirdim. Amma əksinə oldu, Şövqi mənə kömək etdi. Kömək etdi deyəndə başqa şey anlaşılmasın, o mənə sənət müəllimi kimi kömək etdi. Mənim müəllimim, Cənnət xanım olub, hər tamaşamda onun rəyini gözləyirəm. Amma ikinci müəllimim də Şövqi oldu. Mən ondan çox şeylər öyrəndim.

- Bir evli cütlük kimi eyni peşədə, eyni yerdə işləməyin hansı mənfi və müsbət cəhətlərini görürsünüz?

- Asandı ona görə ki, o da bu işin içindədir, başqasına deyəndə “bu gün 6 saat məşq salıblar, məndən asılı deyil” o çətin başa düşərdi. Amma Şövqi məni başa düşür, hətta yardım edir. Bir oğlumuz var, öhdəliyim çoxdur, o məni başa düşür və bacardıqca kömək edir. Şövqi mənim məişətə görə işlərimi təxirə salmağıma razı olmur.

- Bir-birinizin yaradıcılığını qiymətləndirirsinizmi?

- Düzü Şövqi bərabər olduğumuz zaman ərzində məni cəmi iki dəfə yüngülvarı tərifləyib: biri “İtlər”

tamaşasından sonra. Bir dəfə də rejissor haqsız olaraq məni arxa plana keçirəndə Şövqi dedi ki, sınma, sən yaxşısan, burda başqa səbəb var. Amma mən onu çox tərifləyirəm, ruhlandırıram. Tənqidlərimi deyirəm. Bəlkə yeganə adamam ki, fikirlərimə Şövqi çox diqqətlə və inamla yanaşır.

- İlk baxışda komik amplualı aktrisa kimi görünürsünüz: fiziologiyanız, tərziniz. Amma serialda dramatik bir obrazla məşhurlaşdınız.

- Son vaxtlar problemləri ilə məşğul, bədbəxt, mübariz olmayan bir qəhrəman olanda məni düşünürlər, deyəsən məni susqun təbiətli kimi görürlər... Əvvəllər deyirdilər ki, mənə xarakterik rollar uyğundu. Amma qəribədir ki, mənim üçün Yaşar Nurinin məktəbi etalondur. Onun üçün də dramatik, komik amplua yox idi, “Bəyin oğurlanması”nda İsrafili də oynayırdı, “Səni axtarıram” da Elçini də. İkisi də sevilirdi. Bunlar onun qəlbinin böyüklüyündən irəli gəlirdi. Aktyor üçün bu çox vacibdir. Bir dəfə birinci kursda oxuyanda Cənnət xanım bizdən soruşdu ki, sizin üçün istedad nədir? (Gülür) Bilirsiniz də, birinci kursda hamı xalq artisti olur, hərə bir bəlağətli cümlə dedi, düşünülmüş, şablon fikirlər... Axırda Cənnət xanım dedi ki, istedad ilk növbədə inanmaqdı. İnanmasan, inandıra da bilməyəcəksən. Faciədə də, dramda da, komediyada da... Özüm inanmıramsa, başqasını necə inandıra bilərəm?

Sevinirəm ki, məni bir ampluada görmürlər. Lirik dramatik rollar da, komik xarakterlər də verirlər. Teatrda “Məhv olmuş gündəliklər” tamaşasında Fəridəni də oynayıram, “Hacı Qara”da Sonanı da. Hərçənd, şikayətlənməyə əsasım yoxdu, Cənnət xanım da, Bəhram müəllim də, Vaqif müəllim də (Teatrın rejissorları Cənnət Səlimovanı, Bəhram Osmanovu və Vaqif Əsədovu nəzərdə tutur-A.) mənə fərqli rollar verməyə çalışırlar.

- Son zamanlar hansı filmlərə çəkilmisiniz?

- Ayaz Salayevin filminə çəkildim. Teletamaşalarda da oynamışam. Ələkbər Kazımovskinin “Toy” teletamaşasında da çəkilmişəm. Amma ən böyük işim “Pərvanələrin rəqsi”ndə oldu.

- “Pərvanələrin rəqsi”ndə Rəna məzlum, aşağılanan, əzilən qadın obrazıdır. Bu qadının onlarla

prototipi var. Amma konkret olaraq hasınısa tanıyırsınız?

- Yox, belə konkret adam yoxdur, gördüklərim, eşitdiklərim var. Müşahidə deyəndə hərədən bir şey götürmüşəm. Serialın rejissoru Rövşən İsax qohumlarında belə qadın olduğunu söylədi. Deyir, qadın ərindən o qədər qorxurdu ki, hətta əri öləndən sonra da xofu canından çıxmamışdı, harasa çıxmağa kiminləsə danışmağa qorxurdu. Çünki problem istəmirdi-danlanmaqdan, döyülməkdən qorxurdu.

- Qadınlara qarşı zorakılıqla tez-tez rastlaşırıq. Az qala hər gün saytlarda bir qadının öldürüldüyünü eşidirik. Rənanı əri Orxan ölümlə hədələyirdi. O isə susurdu. Belə məzlum, mübarizə aparmayan qadınla razılaşırsınız?

- Əlbəttə yox. Məni bu, çox düşündürür. Biri çıxır arvadını öldürməyindən elə danışır ki... “Məni əsəbiləşdirdi, durdum vurdum onu” sanki, əsəbiləşib qənddanı qırıb. Heç nə insanı öldürməyə haqq vermir.

Qadınlar mütləq təhsil almalıdır, haqlarını qorumalıdır. Onlar primitiv ola bilməz, o uşaqları da o böyüdəcək.

- Serialın sonunda Rənanı necə hərəkət etməsini istərdiniz?

- Əslində serialdan elə çıxır ki, o ailədə guya bircə Rəna xoşbəxt olur-Orxan gəlir ondan üzr istəyir. O da bağışlayır. Yəni, səbir edən dərviş muradına ərmiş. Dözdüyü üçün ailəsi dağılmadı. Amma bir üzrlə insan dəyişirmi? O, yəqin yenə də Rənanı incidəcək. Düzələn deyil.

Mən qadınların bu şəkildə ailə qurması ilə razı deyiləm. Qadın öz seçimi ilə ailə qurulmalıdı. Ailə çox vacibdir, amma nəyin bahasına olursa-olsun, ailə qurmaq olmaz. Rənanın faciəsi onda deyildi ki, onun qarşısına pis ər çıxmışdı, ər evində qayınatasından başqa heç kim onu istəmirdi. Faciə ondadır ki, o qızı atası evində də insan yerinə saymırdılar. Qardaşına görə susurdu. Anlamalıdırlar ki, qadın, yaxud kişi fərq eləməz. Hər ikisi insandır. Birini üstün tutmaq, o birini adam yerinə saymamaq olmaz. Hər halda bu problem var.

- “Pərvanələrin rəqsi” serialından sonra tamaşaçılar tərəfindən maraqlı reaksiyalar oldumu?

Bu serialdan sonra çox tanındım. (gülür) Bəzən küçədə, şəhərdə, ya avtobusda görəndə soruşurlar: “Yəqin, sizin də həyatınız elə əziyyətli keçib, ona görə elə inandırıcı oynayırsınız?”

Mən iki dəqiqəlik gördüyüm insana nə izah edim? Sadəcə deyirəm ki, narahat olmayın, qətiyyən elə şey yoxdur.

Bir də doğma bibim serialdakı Yaqut rolunu oynayan Pərvanə Qurbanova haqqında deyir: “Sənin o qayınananı görməyə gözüm yoxdu. Sənin çənəndən tutub silkələdi ha, o gündən gözümün düşmənidir”. Sanki həqiqi bir adam haqqında danışır... (gülür)

P.S. Bu müsahibəni yazıb Ülvini xatırlamamaq düz olmaz. Bu söhbət ərzində o, peşəkar olmağa cəhd etdi - rakurs seçmək üçün gah stula dırmaşdı, gah güzgüdən boylandı, gah stolun altına girdi... Bu həm də Ülvinin darıxmağının fotoları idi. Biz böyüklərin mürəkkəb dünyasındaydıq. Ülvi şəkillərimizi çəkirdi...

# 3709 dəfə oxunub

Müəllifin son yazıları

# # #