Rişxəndcil oyunlar ustası

Rişxəndcil oyunlar ustası
17 oktyabr 2014
# 16:26

Sabah Yuğ Teatrı və onun yaradıcısı, mərhum rejissor Vaqif İbrahimoğlunun ad günüdür. Vaqif İbrahimoğlunun 65, Yuğ Teatrının 25 yaşı tamam olur. Kulis.az bu münasibətlə tanınmış sənət adamlarının fikirlərini təqdim edir.

Rəhman Bədəlov:

“Vaqif İbrahimoğlu parlaq insan idi. Bilirsiniz, onun həm bədii, həm də intellektual duyğusu var idi.

Özü də kitab oxumağı çox sevirdi həm də başqalarının dediyi fikirləri də tez tuturdu, fikir maraqlıdırsa, bu fikirlərlə inkişaf edirdi. Mənə çox xoş olurdu ki, mənim dediklərimi bir az sonra Vaqif mənə təkmilləşmiş formada çatdırırdı. İlkin mərhələsində o, daha çox dağıdıcı idi; o mədəniyyətin pafoslu, klişeli, stereotip, müəyyən donmuş qəliblərdən çıxa bilməyən tərəflərini dağıdırdı, onlara gülürdü. Gülüş V.İbrahimoğlu üçün çox vacib idi. Özü də aktyor kimi buna meylli idi. Çalışırdı ki, rolları komik olsun. Ondan sonra “Azdrama” kimi teatrlarda belə standart yanaşmalardan qaçmağa başladılar. Bu, məncə onun təsiri idi.

İlk illərdə bu cəhətlər daha çox nəzərə çarpırdı. Sonrakı mərhələlərdə o, çalışırdı ki, müxtəlif müəlliflərin daxili görüntülərini səhnəyə gətirsin.

Çexovun “Sentimental Vals” tamaşasını xatırlayıram. Mən Çexovu çox sevirəm və rus teatrında onun əsərlərinin çox tamaşalarını görmüşəm. Amma bu tamaşa tamam başqa üslubda idi. Bu tamaşada Çexov özü var idi və öz əsərlərini yazırdı. Bu çox gözəl bir yanaşma idi. Tamaşaya bir neçə dəfə baxmışam. O tamaşada təbəssüm də var idi, kədər də.

Söhbət girib auditoriyada danışmaqdan getmir. Onun mahiyyəti, missiyası müəllimlik idi. Yuğda və onun ətrafında olanlar üçün müəllim idi. Cavanlar üçün müəllim idi. Ümumiyyətlə hər kəs üçün. Son zamanlar onun tamaşaları bitəndən sonra bir məclis olurdu. Tamaşanın müzakirəsindən başlayan söhbət mədəni proseslərin analizinə kimi aparırdı. Sonradan onun tələbələrinin işlərini gördüm - bilirsiniz, heç bir teatrdan Yuğdakı qədər maraqlı təfəkkürü olan rejissor çıxmadı.

Vaqiflə ünsiyyətdə olmaq maraqlı idi. O, çevik idi, müsahibi tez anlayırdı, incə mətləbləri duyurdu. Onun ifadəliliyi yüksək idi - bədənlə, boğazla, səslə, intellekt bir vahidlik yaradırdı, ona görə bu ünsiyyət ağır olmurdu, əksinə onunla söhbət edəndə özünü sərbəst hiss edirdin.

Mən deyə bilmərəm ki, biz dost idik, bu da məndən irəli gəlirdi. Mən heç vaxt yaxın dostluq ehtiyacı duymamışam. Amma düzünü deyim ki, ondan sonra mən Yuğa getməmişəm, bəlkə də Yuğda gözəl tamaşalar var, Yuğun həyatı davam edir, amma mənim üçün Yuğ Vaqif İbrahimoğlu demək idi, onun söhbətləri demək idi...”

Aydın Talıbzadə:

“Yuğ mənim üçün Vaqif İbrahimoğlu deməkdir, Dədə Qorqud deməkdir, Şəhriyar deməkdir, Mövlanə deməkdir, Füzuli deməkdir... Dərvişlik deməkdir... Sənətə sonsuz sevgi deməkdir... Ruhsallıq deməkdir... Öz balaca hücrənə qapanıb dünyaya dirəniş gətirmək deməkdir... Dünyaya dözmək deməkdir... Dünya ilə və hətta tanrının özü ilə zarafat etmək deməkdir... Mediativ düşüncələrdə xoşbəxt olmaq deməkdir... Vaqifin özü ilə, ətrafı ilə qurduğu rişxəndcil oyunlar deməkdir... Yeddi pudluq ironiya deməkdir... Lağ deməkdir, intellektual blef deməkdir... Teatr sənətçisindən ötrü çilə deməkdir... Əsl teatr laboratoriyası deməkdir... Dahiyanə fiasko deməkdir... Barışmaq deməkdir... Barışa-barışa aqressivləşmək deməkdir... Böyüyə-böyüyə kiçilmək deməkdir... Sənə inananlara qarşı total xəyanət deməkdir... Teatr cəmiyyətində yuğçu cəmiyyəti deməkdir...

Ancaq mən onu indi qınamıram... Yaşamaq və Yuğu yaşatmaq üçün Vaqif zaman-zaman “ağla qara”nın fərqinə göz yumurdu...

Hərçənd onda qınayırdım...

Yuğ “Tədris”in davamıdır, Vaqifə müxtəlif dönəmlərdə açılan teatr həqiqətlərinin son bəyan variantıdır. Vaqif milli teatr mədəniyyətinin yeganə nüsxədə və formatda stilizə olunmuş mümkün obrazını axtarırdı başlanğıcda. O, istəyirdi ki, Yuğ azərbaycanlıların heç bir teatr türünə bənzəməyən milli teatr forması olsun. Tutalım, Noo teatrı kimi... Bu yükü çiyinlərinə götürmək isə artıq missiyadır, missionerlikdir. Ömür getdi, amma, hayıf ki, alınmadı. Əvəzində, Yuğ milli teatr mədəniyyətinin və Şərq kültürünün gələnəklərilə Avropa teatr avanqardının təmasına kökləndi, postdram məkanına adladı, paratekstin köməyilə mətni təzədən pozub yazdı...

“Tədris” və Yuğ Vaqifin Azərbaycanda teatr inqilabı idi, köhnəyə qarşı ənənə içindən üsyanı idi... və mənim üçün teatr məhz bu inqilabdan, Vaqifdən, onun ideyalarından, onun ruhundan başlayırdı...”

Tural Vaqifoğlu:

“Vaqif müəllim mənim ustadımdır amma o, həm də mənə atalıq edib... Onun elədikləri bəlkə hər ata oğlu uçun eləməz. O, mənə dünyaya başqa rakursdan baxmağı öyrədib... O, mənə ruhuma daha yaxın olmağın yolunu göstərib. Mənə bu həyatda sınmamağın yolunu göstərib.

Yuğ Teatrı elə bir məkandır ki, orada özümü sərbəst hiss edirəm, doğmaların yanında hiss edirəm. Yuğ Teatrı mənim doğma evimdir.”

Kamran Yunis:

“Vaqif İbrahimoğlu ətrafındakılara bir mənəviyyat dərsi aşılamağa çalışırdı. Ona bağlı insanlar əslində o mənəviyyatın işığına bağlıdır. Vaqif İbrahimoğlunun böyüklüyünə bağlıdır. Hətta sağlığında Vaqif İbrahimoğlunu əcaiblikdə ittiham edənlər bu gün özünü onun tələbəsi kimi təqdim edir. Amma Vaqif müəllim özü də deyirdi ki, hər dərsimdə oturan mənim tələbəm deyil. O, deyirdi, çox az adam var ki, onlar mənim aktyorum, mənim tələbələrimdir. Onu təmin edən aktyor çox az idi...

Fəxrəddin Manafovdan tutmuş, Fərhad İsrafilova, Məmməd Səfaya, Hacıbaba Məmmədova, həmçinin Kamran Yunisə qədər bu insanları birləşdirən Vaqif İbrahimoğlunun mənəviyyat işığı idi. Bu gün də bu işıq o insanları buraxmır və buraxmayacaq da. Ola bilsin o teatr bağlanacaq ola bilsin yox, amma həmişə Vaqif bəyin ruhu o insanları bir arada saxlayacaq”

Gülzar Qurbanova:

“Sizə səmimi deyim, Vaqif İbrahimoğlu aktyor yetişdirmədi. Elmi-nəzəri cəhətdən əsaslandırılmış bir teatr yaratdı. Ona zarafatla deyirdim ki, Vaqif müəllim, teatrda işləyirik, elmi-tədqiqat institutu deyil ki? Amma indi anlayıram ki, o, bizi şəxsiyyət və müəllif kimi yetişdirib. Vaqif müəllim bizə elə işıq verib ki, o işıqla çox yolları aşmaq olar.

Sevdiyin müəllimi, dostu itirmək çox ağırdır. Ən gərgin anımda mənə təskinlik verən dostumu, müəllimimi itirmişəm. O, insanı ən gərgin anından həyat eşqilə dolu bir məqama gətirirdi. Onu yuxumda tez-tez görürəm. Yuxulara-filana inanmıram, yuxuda məntiq yoxdur, amma məncə, o, təsadüfən gəlmir yuxuma. Təsəvvür edin ki, onu yuxuda görəndə belə o qədər enerji alıram, həyat eşqi ilə oyanıram.

Bilirsiniz ki, yuğlama ölən insanı ağlamaq, onu anmaq, qəbr üstə oxuyub-oynayıb o mərasimdən həyat eşqi ilə ayrılmaqla bitən bir mərasimdir. Onun enerjisi də belə idi. O bizim canımızdan bu neqativi belə çıxara bilirdi....”

# 2496 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #