YUĞ teatrı hara YOX olur? – Aliyə yazır...

YUĞ teatrı hara YOX olur? – <span style="color:red;">Aliyə yazır...
12 dekabr 2017
# 15:30

Sizə bir vaxtlardan yazıram. Durmuşuq paytaxtın mərkəzi Nizami Küçəsində. Bildiyiniz kimi, bu küçə “Tarqovıy” adı ilə məşhurdur. Böyük şairin muzeyə və küçəyə verilmiş adı uzun zamandır “Tarqovıy” sözünə güc gələ bilmir.

İl 2007. Yuxarı qalxıb sağa dönsək və irəliləsək, az sonra akademik teatrın möhtəşəm binasını görəcəyik. Teatrla maraqlanan adamlardanıqsa bilirik ki, onun arxasında YUĞ teatrı yerləşir. YUĞ teatrı aktyorların oyun metodikası, teatr-tamaşaçı münasibətləri və binasının arxitekturasının ənənəvilikdən uzaq olması ilə fərqlənir.

Teatrla lap çox maraqlanırıqsa, müasir teatr azarımız varsa, onda bilirik ki, bu, zaman etibarilə ölkənin gələcəyə doğru ən irəli addım atmış teatrıdır.

Küçə boyunca aşağı düşsək Rus Dram Teatrı, onun qarşısındakı Aktyorlar Evi ilə rastlaşacağıq. Aktyorlar Evində, yenə də bilənlər bilir ki, Gənclər Teatrı məşqlər edir.

Aşağı düşməkdə davam etsək, Opera Balet Teatrı və onunla üzbəüz binanın içində Pantomima Teatrına qonaq ola bilərik.

Yox, əgər sağa üz tutsaq, Şəhriyar adına Mədəniyyət Sarayının binasında daha iki teatr var: Bakı Bələdiyyə Teatrı, bir də artıq silinib yox olmuş Kamera Teatrı. Axşam çağıdırsa, əlində nərgiz çiçəkləri tutmuş tamaşaçıları da görərsiniz.

Bir az da qabağa gedib dənizkənarı bulvara çıxsaq, karusellərin, yelləncəklərin arasında rəng verib rəng alan Bakı Uşaq Teatrının dairəvi binasını görəcəyik. Əgər yanımızda uşaq varsa, onun sayəsində əla bir tamaşaya baxa bilərik. Seçilən hər hansı mənəvi qidadan sonra dəniz kənarı ilə gəzişib baxdıqlarını “həzm etmək” olar.

...Olardı. Daha o teatrlar yoxdur. Elə həmin il Gənclər və Kamera teatrları nazirliyin qərarı ilə Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Bələdiyyə Teatrı kinoteatr binasına, Bakı Uşaq Teatrı Sarabski adına mədəniyyət evinə, ordan isə mərkəzdən çox uzaq Qaraçuxura köçürüldü. Nisbətən bəxti gətirən Pantomima Teatrı oldu, ona verilən köhnə kinoteatr binası mərkəzə yaxın idi, həm də az sonra kinoteatrın foyesini tamaşa zalı kimi təmir edib yararlı hala saldılar.

YUĞ teatrını isə iki il əvvəl binasından Dövlət Kukla Teatrının binasına köçürdülər. Yadınızdasa, aktyorlarının oyun metodikası, teatr-tamaşaçı münasibətləri olduğu kimi arxitektura quruluşu fərqli olan binasından...

Gözüçıxmış qardaşın misalı var idi, ona görə də mətbuat teatrın binasının qorunması üçün yazılar yazarkən, yuğçular “YUĞ” binadan ibarət deyil, “YUĞ” ruhdur, ruhu dağıda bilməzlər, biz hardayıqsa YUĞ da oradadır” - dedilər. Onları qınamaq olmazdı. Onlara da, onlar da “Dövlətin teatrıdır, qayda var, qanun var” - deyirdilər. Amma dövlət özü teatrın inkişafına təminat verirsə, qayda və qanun kimin xeyrinə olmalıdır? Sual budur, bax.

Həm bir teatr milli sərvətsə, o, yalnız aktyorların, teatr işçilərinin deyil, həm də tamaşaçılarındır.

Bir düşünün, Bakı Uşaq Teatrı Bakı bulvarında qalsa kimə darlıq edəcəkdi? Nə gözəl olacaqdı, deyilmi? Uşaqlarınızı aparmağa alternativ teatr olacaqdı.

Bakı Kamera Teatrına şəhərin mərkəzində balaca bir zal tapılsaydı, nə olacaqdı? O əli nərgizli tamaşaçılar hara getdilər?

İndi tikilən restoranın yerinə ittifaqın binasında Gənclər Teatrı qalsa idi, nəyi pis olacaqdı?

Mühit birrəng, monoton olmayacaqdı, plüralist olacaqdı, demokratik olacaqdı, azadlıq, müxtəliflik olacaqdı, seçim imkanları olacaqdı, ən, ən vacibi sakinlərin düşüncəsində şəhər sözü ilə qafiyələnən bir mədəniyyət anlayışı olacaqdı, mərkəzdə yer tutan teatrın bir şəhərin həyatı üçün nə qədər vacib, ciddi bir məsələ olacağı bilinəcəkdi.

Bütün bunlar TEATRA CİDDİ MÜNASİBƏT demək olacaqdı.

Ağac və teatr

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətti var. Şikayətə o andaca reaksiya verən qurum kimi məni xeyli təəccübləndirib. Ağacların kəsilməsinə həssas yanaşırlar. Bir şikayətlə gəlib araşdırma aparırlar. Həm də elə o saat. Daha “Yaşıl ağacları kəsmək olmaz. Bir ağacın böyüməsi nə qədər vaxta başa gəlir bilirsinizmi?” - deyə əli mişarlı adamlara mühazirə oxumaq lazım gəlmir.

Bizim işimiz gözdə-qulaqda olmaqdır. Necə ki, bütün bina ayıq-sayıq dayanıb, “park tikilir” yazılan hasarlama görən kimi qorxub əl-ayağa düşürlər. Çünki, bilirlər ki, hasarın o üzündə ağac əkmirlər, ağacları kəsirlər. Ona görə hər binanın adətən qadınlardan seçilən bir qeyri-rəsmi komendantı olur ki, nəzarət etsinlər, ağacları, yəni nəfəsimizi kəsməsinlər. Bu komendant hər kəsdən ola bilməz, olduqca diribaş, müdrik biri olmalıdır, çünki ayıq-sayıq olmaq da asan deyil.

Bilmədiyimiz metodlar var. Məsələn, ağac kəsib yerində mağaza tikmək istəyən və onlara razılıq verən icra-jek yetkililəri nə edir? Deyim sizə... Zibil yandırmaq adı ilə tez-tez ağacların altında ocaq qalayıb köklərin qurumasına nail olurlar və ya ağacın dibinə neft tökürlər. Bir başqa metod da var: ağacın qabıqlarını soyur və onun tədricən qurumasına çalışırlar.

Bu yaxınlarda lap təzə söhbət eşitdim; gövdədə balaca bir dəlik açıb ora neftə bulanmış əski dürtürlər. Ağac quruyur. Qurumuş ağacı kəsməyə heç kim heç nə deyə bilməz. Beləliklə, rədd olsun ağaclar! Yaşasın mağaza! Yaşasın “Tarqovıy”!!!

YUĞ teatrı hara YOX olur?!

Yenə qayıdaq ibtidai aksiomlara: ağac canlıdır. Teatr da canlıdır. Hətta teatrşünasların sevdiyi, arxasında durmadığı bir ifadə var: “Hər bir teatr canlı orqanizmdir!”

Elədirsə, bir teatrı aparıb başqa yerdə “əkmək” və ya kəsmək nə deməkdir?

Biz sadəlövhcə calaq olunan, kəsilən, köçürülən ağacların yeni pöhrələr verəcəyini gözlədik. Onlarsa yox olmağa başladı.

Bu gün YUĞ Teatrı gündəmdədir. Baş rejissorun, rəhbərliyin dəyişməsinin ardınca aktyorların teatrdan ayrılması təlaşlı bir sual yaradır: YUĞ teatrı hara YOX olur?!

Aktyorların getməsi də normaldır, rəhbərliyin dəyişməsi ondan da normal haldır. Bəs nigarançılıq nədəndir? Kukla Teatrının içində əridikcə YUĞ-un YOX-a çıxdığını fərq etməyə bilərik, bəlkə, ondan.

"Teatrın daxilində nə baş verir?" sualı nə mənə, nə sizə maraqlı olmasın. Bu qeybət-intriqalarda səbəb axtarmaq çətin nəsə verə. Bu o bayaqkı “nöyütlü əski” də ola bilər. Olmaya da bilər. Haradan bilək? Biz sadəcə olaraq qorumalıyıq.

YUĞ Teatrının özəlliyi, xüsusiyyətləri haqqında nələrsə yazmağı artıq bilirəm. Hər teatr xüsusidir. Vacibdir. Ağac bizim nəfəsimiz olduğu kimi teatr da nəfəsimizdir. Diqqətli olaq. Boğulmağa başlamışıq məncə. Bir tamaşaçı kimi cəzamızdır. Bakı Uşaq Teatrı köçürüləndə susan tamaşaçı kimi...

Daha heç nə demirəm.

Öhö, öhö və öhö!

# 1669 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #