İlk əsərini “Əzrayıl”dan yazdı, 80 il yaşadı

İlk əsərini “Əzrayıl”dan yazdı, 80 il yaşadı
4 sentyabr 2013
# 07:45

Şamaxının yaxınlığında bir kənddə yaşayırdıq. Şamaxı ən yaxın mərkəz idi. Yaşıdlarımın yalnız dükan-bazar gözüylə baxdığı şəhərin mənə görə başqa bir cazibəsi vardı. Zəlzələnin iki dəfə altını üstünə çevirdiyi şəhərdə olanda az qala iki qulaq və iki göz də borc alırdım. Guya qulağıma Seyidi əzib-öldürən adamların, bir-birinə vurulan satılların-güyümlərin səsi gələcəkdi, bazarın üstünə çıxan küçədə gözümə şairlərin ruhu dəyəcəkdi, adamın qabağına qaçan qaraçılardan biri çəngi Sonaya oxşayacaqdı... daha nələr... Bunlar qarabasma-filan deyildi. Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim”, “Vətənə qayıt” “Yad et məni” kimi romanlarını oxumuşdum...

Azərbaycan ədəbiyyatında tarixi roman janrında dəyərli nümunələr yaratmış, yazıçı, alim, ədəbiyyatşünas Əzizə Cəfərzadənin ölümündən 10 il keçir. Əzizə xanımı yazıçının qızı, teatrşünas Kəmalə xanımla yad edirik...

Yovşan qoxusu

Hamı məni Əzizə xanımın qızı kimi tanıyır. Əslində mən onun qardaşı qızıyam. Əzizə xanımın birinci evliliyindən bir qızı olub, o da iki yaşı olanda vəfat edib...

Ölən bacı qardaşlarını saymasaq, Əzizə xanımgil bir bacı, iki qardaş olublar-Əzizə, Məmməd və Əhməd.

Nənəm, Əzizə xanımın anası hafiz olub, yəni “Quran”ı əzbərdən bilib. Fanatik dindar deyildi. Biz türk ədəbiyyatını ondan eşitmişdik... Ərəb fars dilini bilirdi.

Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olublar. Şamaxı zəlzələsində qırx günlük olan nənəm Bakıya köçüb. Babam da eynən elə. Nənəm, yəni, Əzizə xanımın anası çox mükəmməl dini və dünyəvi təhsil alıb-Zərdabinin açdığı qız məktəbində, Şəfiqə Əfəndizadənin sinfində oxuyub. 30-cu illərdə bağça müdirəliyi kurslarını bitirib və Göyçayda uşaqlara dərs verib. Bu işlərinə görə ona zarafatla “Çalıquşu” ləqəbi də qoşublar. Sovet hakimiyyəti qurulan illərdə babam Uduluya köçüb və ordan nənəmin üstünə bir qadın da alıb. Əzizə xanım uşaq olanda ailəsi Məşhədə köçməyə qərar verib. Kişi Uduludan aldığı xanımı da özü ilə götürüb, Məşhəddə dükan açıb, amma orada qala bilməyib, vətənə qayıdıblar. Buna da əsas səbəb analıqları olub. Əzizə xanım fanatik mühitdən qurtulduqları üçün o qadına rəhmət oxuyurdu”.

Bu epizodu yazıçının qardaşı Məmməd Cəfərzadə daha dəqiq yazıb:

Ailə zəhmətkeş bir farsın evində kirəkeş yaşayır. Qadınların günü dözülməz olur, xüsusən yazıq analığımın. Məşhəd həyatı onun üçün dəhşətli olur. Həyətdə, küçədə farsca danışırlar. O isə bir kəlmə də bilmir. Ömründə yaşmaq vurmayan çöllü qadın qıl gözlüklü çadraya bürünməli olur, sıxılır, darıxır, özünü zindanda hiss edir. Həm də şəraitə uyuşa bilməyən hərəkətləri gülüş obyektinə çevrilir. Onun Məşhəddəki davranışı barədə gülməli əhvalatlar danışardılar. Yaşa dolanda dərk etdim ki, bunlar ağlamalı işlərdir. Məsələn, bir dəfə küçədə yovşan yüklü eşşək görür. Qaçıb yovşanı iyləyir, öpür. Yovşana, sonra eşşəyə yalvarır. Bəli, şəhərli üçün gülməlidir, çöllü üçün yovşan həsrəti böyük dərddir”.

Rahat yoxsa, narahat tarix?

Əzizə xanımın yeniyetməlik illəri ağır keçib. Atasının vəfatından sonra bütün yük ananın və evin böyük uşağı Əzizə xanımın üzərinə düşüb. O, təqaüd almaq üçün var gücüylə çalışıb. Paralel olaraq Bakı Teatr Texnikumunda və Pedaqoji Universitetdə oxuyub. Repressiya illərində gənc qız olub. Yazmağa yenicə başlayıbmış. İlk hekayəsi – “Əzrayıl” da məhz bu zaman yazılıb.

Kəmalə xanımı dinləyək:

Ailədə həmişə müxalif atmosfer olub. Əzizə xanımın atası da bir zamanlar türklərə qarşı vuruşmamaq üçün Bakıdan Uduluya getmişdi. İllər sonra-50-ci illərin əvvəllərində Əzizə xanımın qardaşını Əhməd Cəfərzadəni Stalin əleyhinə şeir yazdığı üçün tutublar və 1956-cı ildə bəraət aldıqdan sonra azadlığa çıxıb. Ömrünün son illərində Əhməd əmim direktorluqdan istefa verib ömrünü ibadətə həsr etdi. Əzizə xanım da Sovet hakimiyyətinə müxalif düşüncəli insan idi”.

“Ayağımın bəndi cəhrə...” və ya “qadın ədəbiyyatı”

Uzun illər respublika qadınlar cəmiyyətinin sədri olub. Ümumiyyətlə, Əzizə xanımın yaradıcılığında qadınlar xüsusi diqqətdə olub-qadın hökmdarlar romanların qəhrəmanına çevrilib, qadın şairələrin yaradıcılığı toplanıb və oxuculara çatdırılıb. Əzizə xanım həm əsərləri, həm də topladığı folklor nümunələri ilə oxuculara rəngarəng bir qadın dünyası təqdim edib. “Azərbaycan qadın aşıqları və el şairələri” toplusu ədəbiyyata çox böyük bir töhfədir. Əzizə xanım bəzən kənd-kənd gəzib o şeirləri toplayıb. O kitabdan Fatma xanım Kəminəni, Ziba xanım Ləlini, Heyran xanımı, Minasoltanı, Aşıq Bəstini, Vanlı Göyçəyi və onlarla qadın yazarları tanımışıq, o gözəl, şux, incə yumorlu şeirləri itib batmağa qoymadı.

Məsələn cəmi bir şeirlə tarixdə qalan şairə Gülümsoltan kimi:

A həndi həndi cəhrə

Ayağımın bəndi cəhrə

Vurub səni sındırram

Gəzərəm kəndi cəhrə..

“...O zaman Əlyazmalar İnstitutunda şöbə müdiri işləyib. O zaman kimsə sevdiyi şeirləri cünglərə köçürərmiş. Əzizə xanım onları oxuyur, araşdırır və torlayıb çap etdirirdi. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim", "Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışlar edirdi. Koleksiyası var idi, qədim pul torlayırdı. Əşyalarını indi də əziz xatirə kimi saxlayırıq”.

“Sinnim doxsan olur-illər inanmır...”

“Gözəl yeməklər hazırlayırdı, bunların çoxunun adını belə bilmirik- qədim yeməklər idi. O, adamı bişirdiklərinə qonaq etməkdən zövq alırdı. Gözəl çərkəz kababı, xəmir yeməkləri bişirirdi. Bu dünyanı olduqca sevən bir adam idi. Məryəm xanım (Məryəm Əlizadə) onun son günlərində “Böyük bir xəzinə aparıb gedir” dedi. Haqlı idi.

Yaz açılanda rayonları gəzirdi, düşüb dağları, düzləri seyr edirdi. Elə ölkədən kənarda da çox olmuşdu. İki il Afrikanın Qana Respublikasında yaşadı-həyat yoldaşı oranın prezidentinin şəxsi pilotu idi, zəngin material torladı və bir qismini “Qızıl sahilə səyahət” adı ilə çar etdirdi. Ümumiyyətlə beynəlxalq konfranslarla bağlı Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraqTürkiyədə olmuş, yaradıcılıq ezamiyyətlərinə göndərilmişdi. Yaradıcı təxəyyül başqa, amma ideoloji tələblərə görə heç vaxt tarixi faktları təhrif etməzdi. Araşdırmağı sevirdi. Məsələn, Babilər hərəkatının liderlərindən olan Tahirə Qürrətülleyn haqda əsər yazmaq üçün Xayfeyə getmişdi. Yaşlı insanlarla saatlarla söhbət edirdi”.

Son nəfəsdə

Ömrünün son vaxtlarında Əzizə xanımın uca səslə “Quran” oxuduğunu eşidirdik. Sonuncu kitabını-“Eşq Sultanı”nı yazanda yanında oldum. Səhərlər yanına gələndə baxırdım yazır. Bir dəfə gördüm ki, bitirib kitabı. Dəftəri bağlayanda dedi: “Mənim belə bədbəxt əsərim olmayıb. Üzərində istədiyim kimi işləyə bilmədim. Sözlər ürəyimdə qaldı”. Biz onda diktofona səsini yazır və sonra köçürürdük. Şeirlər yazırdı, amma onları çar etdirmək, ya da ortaya çıxarmaq istəmirdi. Amma romanlarındakı bəzi şeirləri özü yazmışdı. Xatırlayırsınız yəqin: “Bizdən salam olsun Əcəm elinə...”

# 3976 dəfə oxunub

Müəllifin son yazıları

# # #