Hamıdan qaçan adam

Hamıdan qaçan adam
9 aprel 2019
# 11:33

İnqilab Orxan

Sehrli bir yüngüllük də ola bilər bu ehtiyacda, ağrılı bir xatirə də... İnsan ömrünün hansısa yaşında bu fikrə düşər. Düşər - ya ona can atar, düşər - ya yolu ayağına dolayar, düşər, ya özünə qısılıb, küncünə çəkilib, çöküb dayanar, ya da nə onu edər, nə bunu, qollarını qanad kimi qaldırıb ənginliklərə havalanar - hamının içində hamıdan qaçar adam...

Ya da...

***

...Ya da

Hamıdan Qaçan Adam təkbaşına küçələri ayaqdan sala-sala gəlib dəniz kənarına yetişər. O gün hava necə olar, sular nə deyər, bozluqmu olar dərinliklərdə, yoxsa dupduru gözlərində göm-göy göy üzümü əks olunar dənizin, bilmirəm. O Adamın gözləri necə görər bilmirəm. Qəlbinin dərinliyində şaftalı çiçəkləri rəngində həsrət və sevgi, könlünün qan rəngində ağrıları çıxarmı içinin zindanından... bilmirəm, dünyanın zindanından sıxılan Adamın...

Sonra saatlarla balıqçıların yanında dayanar... Gözləyər, gözləri saatlarla dartılan qarmaqların sulara toxunub itən dartınışına zillənər... Özünü yüz dəfə çarmıxa çəkib boynunda kəndir gəzdirən Adam... susar... susar... susar...

Sonra qarmaqlar çıxar sulardan – Ölüm! Amma bunu balıqlar anlamaz, Adam anlayar, balıqçı torbasında hələ də çabalaya-çabalaya ölümə yollanan balıqlarla özü arasında qəribə bir oxşarlıq tapar Adam...

***

Biz ki bunu bilirik, balıqların yaddaşı yoxdur.

İnsanınsa var.

Yoxsa insan unutduğunu necə xatırlardı? Nəyi unutduğunu, nələri unutduğunu, “səndən savayı” deyib bir-bir sadaladığı acı-acı yellərini, yolunu-irzini, ağrını-əzabı – Özünü necə xatırlayardı?

Bir daha yaddaş... Daş kimi ağır, zəhərli bıçaq kimi acı yaddaş...

Yaddaş o Adama xatırladar: “Hər şey olduğu kimidir, amma göy üzü daha tutqun, budaqlar daha bir az ölgün, yarpaqlar daha solğun”dur. Hər şey olduğu kimidir, o Adam da - “Amma bir az daha fikirli, bir az daha ağır-ağır”dır.

***

Bəzənsə, Hamıdan Qaçan Adam özünü adamların içinə vurar. Adamlara çaxılar Adam, adamlar bilməzlər. Aralarına qarışan bu ağ vərəq adamı, cır doğulub-calaq olmuş adamı görməzlər adamlar. Uzaqlardan, torpaqların o başından, dağların o üzündən, dənizə zillənən çöl adamından Qızıl Yallı Kəhərini çapa-çapa qara telli bir oğlan uşağı sıyrılıb çıxar, çapıb, çapıb adamlara qarışar, adamlar hiss etməzlər. İçində göyərən ümidini götürüb gələn ümidini salıb itirər dostlar, bəzilərini özü silər atar dəftərindən, adların arasından. Adlar dəftərdən silinər, ürəyinə yazılar, gözünün içində itib-batar adamın, sonra bir damla göz yaşı kimi əvvəl torpağa hopar. Sonra ağacların, otların, çiçəklərin canına. Göy Üzünə boy atar Adam.

Amma, Tanrıya deyər ki... Deyər ki...

- Məni yerdən qaldır!

Qara telli oğlan uşağı Qızıl Yallı Kəhərin üstündən əlini uzadıb yaşlı Adamı yerdən qaldırar. Üstünə geyinər yaşlı Asdamı, üstünə geyindiyi yaşlı Adama çevrilər, gözlərinə baxar adamların, gözlərindən oxuyar adamların içini, amma özü.

Qəribədir.

Özü, hamıdan gizlədər gözlərini.

***

Gün o gündür. O günə çapıb qayıdar oğlan. Yenə gözlərinin dibsizliyində ulduz-ulduz heyrəti daşar, sevgisi daşar. Yox, məni inandıra bilməz bu şeirlərin Adamı, nifrəti daşmaz o oğlanın gözlərinin dərinliyindən, olmaz, ola bilməz. İçində bir ümid göyərər, göy üzünün bulud-buludluğuna, dəniz üstünün gəmi-gəmiliyinə, gəmilərin dəniz içinə batmamağına, balıqların dəniz üzünə çıxmamağına. Balıqlar tilova gəlməz. Göy üzünün göylüyünün baxışlarına qan çilənməz o ümiddə. Nifrət hardan olacaq?

...Elə onun üçün də öz ürəyini sevdiyi o qıza verməz o oğlan... Məmləkətinə açılan gülləyə verər.

***

Sonra, elə bundan sonra, elə buna görə, bir gün “qayıtmaz, qayıtmaz bu qara torpaqlara, bu yaşıl yarpaqlara, ovum-ovum, kül-kül xəzan olmaq ağrısı.” Ürəyini məmləkətinə açılan gülləyə verilən oğlanın qarışdığı torpağa diz çökərik, torpaq uşaq kimi ağlasın deyə. Torpağı, gözü yaşlı torpağın köksündə bir su qaynayar, bir badam bağı kök atar.

***

Hər şey olduğu kimidir. Biz də olduğumuz kimi. Büründüyümüz ola bilmirik – bu da bir xoşbəxtlikdir, peşman deyilik. İstəsəydik, olardıq, istəmirik. Ölmək istəmirik biz - diri qalmaq istəyirik, dipdiri! Nə acımız üz çevirər bizdən, nə dərdimiz, nə həsrətimiz... Adamın yadından çıxıb, elə sevgimiz də. Bəlkə yadından çıxıb eləməyib, bilir hər şey ordan doğulub, orda bitəcək, amma ağrısı kimi, bir küncdə diri saxladığı inadkarlıqla demir o sözü - Demir!

Çünki “hər şey olduğu kimidir, hər şey dağılsa da”.

***

Qızıl Yallı Kəhərini çapa-çapa gedən oğlanın qabağını kəsər, oğlan matdım-matdım baxar yəqin bu yaşlı Adama yuxarıdan aşağı.

Adam gözlərinin gizlədilmiş sirrindən pıçıldayar:

- Baş alıb dünyadan hara gedirsən, oğlan?

- Çıxmaq istəyirəm Dünya adlanan bu qızıl qəfəsdən, bu dar qəfəsdən, ey Adam!

- Düz edirsən, - deyə yaşlı Adam. - Düz edirsən, hər şey ölümə kimidir.

***

Bir gün qapısını döyərlər.

- Dur gedək.

- Otur, gedərik.

- Yox, dur yığış, gedirik.

Getməz Adam. Nə edər, nə etməz, nə deyər, nə deməz göz-gözə zillənən susqun baxışlarıyla - bilmirəm. Amma getməz.

Niyə getmədin, Adam, Hamıdan Qaçan Adam, niyə getmədin?

Axı istəyirdin, istəyirdin kimsə sularda ağaran, batan, o kiçik qayığı göstərib:

- Uzaqdadır deyə elə kiçik görünür - desin.

***

Görəsən, dünyada qopduğu bütövdən gələn səsi-sirri aldıqca ona qayıtmaq istəməyən kimsə varmı? Kimin kimsəsisən, ey Adam? Yaşayıb-yaşayıb, ağrıyıb-sevib, yıxılıb-durub bir səhər gözlərini açıb Kainatı Yaradandan istəyirsən. “Ver mənə!” deyirsən, “ver, bağlı qapıları açdırım, savaşları dayandırım, atılan daşları tutub tikilən binanın divarına hörüm, o qızı o oğlana verim...”

Qəfildən ayılırsan, geri çəkilirsən... Qorxursanmı, ey Tanrıdan yapışmış əlinin biləyi bükülmüş, ey evi tikilmiş Adam, “bağışla!” deyirsən, “hövsələsi daralanı bağışla”...

Heyf.

***

Bilirsənmi, mən səni gördüm. Mən sənin ağrını gördüm, hamıdan qaçmaq istəməyini, amma heç yerə getməməyini gördüm. Balıqlara baxışını, qaldırılmaq üçün yalvarışını, dünyanın hər üzünü görmüşlüyünü, hardan gəlmişliyini gördüm. Gördüm, özümcə gördüm. Ömür kitabının kilidlənmiş qapısı bir azca aralananda gün işığı düşdü gözlərinə, qıydın gözlərini, sirrin bərk-bərk yumulmuş əlindən düşüb dağıldı.

Mən səni gördüm, Adam... Gördüm səni, Gecələr Ağlayan Kişi.

***

Amma bilirsən. Bilirsən, ağac ağaca, çiçək çiçəyə, budaq budağa, yarpaq yarpağa söykənib qalxır.

Bəs düşündünmü, heç kimin qapısını döyməyən, heç kimdən məktub almayan, hamıdan qaça-qaça bəzən yalnızlığı dəli havasında özünü adamların içinə vuran adamlar nəyə söykənir bu dərkedilməzlik içində?

Sevgiyəmi, həsrətəmi, dağamı, düzəmi, sözəmi?

Yaralı adamlar torpağa söykənib qalxırmış. Bunu mən demirəm, sən deyirsən.

Qalx!

Qalx göz yaşları kədərli Tanrının qonşuluğunda yaşayan Adam. Öz kədərinlə bu dünyada tək qalmamaq üçün o Tanrını elə sən özün yaratmısan - “Sən göydə, mən yerdə tək, ikimiz də tək. Gəl dərdimizi bölüşək- sənin dərdini mən çəkim, mənim dərdimi sən çək. Başımı qoyum çiyninə, anam kimi, atam kimi. Boynumu qucaqla. Göz yaşı yüngüllükdü, sən də ağla...”- deyə-deyə.

Sonra da yalqızlıqdan şikayətlənirsən.

***

Qəribədir, mən indi, bu an bu yazımı hamının uzağında, hər yerdən uzaqda, Hamıdan Qaçan Adamın – İnqilab Orxanın yurdunda yazıram.

Ordasa.

...Tanrının kölgəsində qarayanız bir oğlan uşağı böyüyür. Bu dünyanın dənizlərindən qurtum-qurtum içir, ağac-ağac meşəsindən keçir, çəmən-çəmən göy otunu ayaqlayır... Bu dünyanın yağışından – yağmurundan, küləyindən, qarından, ağ qoçundan, qara qoçundan, divindən, nağılından, yaxşı, pis adamından gözlərinə, ürəyinə yığır. Yığır, yığdığı hər şeyi içində dolandırıb-dolandırıb sevgiyə çevirəcək.

Bir gün Qızıl Yallı Kəhərini çapa-çapa Hamıdan Qaçan adamın qarşısına çıxacaq. Baxışlarını hamıdan gizlədən Adam gözlərini qaldırıb o oğlanın bəbəklərinin dərinliyindəki anqappaq işığa baxacaq.

Əllərim dönəcək su zanbağına,

Əyilib dərəcək bəyaz xanımlar

Qəlbim ilişəcək ov qarmağına,

Məəttəl qalacaq balıqtutanlar...

Yox.

Elə olmayacaq, amma necə olacaq, deməyəcəyəm.

# 3802 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #