Başına 10 milyon pul qoyulan, 8 martda öldürülən əfsanəvi prezident

Başına 10 milyon pul qoyulan, 8 martda öldürülən əfsanəvi prezident
24 aprel 2013
# 08:00

Həyatını Çeçenistanın müstəqil olmasına həsr edən Aslan Məshədov 1951-ci ildə vətənindən minlərlə kilometr uzaqda Qazaxıstanda dünyaya göz açmışdı. 1944-cü ildə İosif Stalinin Qazaxıstana və Sibirə sürgün etdiyi 800 min çeçen ailəsindən biri də Aslanın ailəsi idi. Stalinin ölümündən sonra Xruşşovun hakimiyyətə gəlişi ilə SSRİ-də mülayim küləklər əsməyə başladı və bu mülayim küləyin mehi sürgündə olan çeçenlərdən yan keçmədi. Altı yaşı olanda Aslan və ailəsi Çeçenistana qayıtdı.

1972-ci ildə Tiflis Hərbi Topçu Akademiyasını bitirən Aslan Macarıstan, Litva və Rusiyanın bəzi bölgələrində xidmət etmişdi.

SSRİ-nin süqutu ərəfəsində Estoniyada xidmət edən, rusların “yaramaz general” adlandırdığı Cövhər Dudayevin Çeçenistana qayıtmasından sonra çeçenlər üçün əlçatmaz olan müstəqillik artıq bir addımlıqda idi. 1991-ci ildə Çeçenistanda keçirilən seçkilərdə prezident seçilən Dudayevin Çeçenistanın müstəqilliyini elan etməsi Rusiya üçün qəbul olunmaz idi. Vəziyyət getdikcə gərginləşirdi. Dudayev Rusiyaya qarşı müharibədə necə hərəkət etməyi yaxşı bilirdi. Rus ordusunda xidmət etmiş general onlara dərindən bələd idi.

Yeganə çeçen general Cövhər Dudayev onun üçün hər bir çeçenin general olduğunu demişdi. O “generallar”dan biri də polkovnik Aslan Məshədov idi. Aslan Məshədov Dudayevin arxalandığı silahdaşları sırasında birinci idi.

Rusiya ilə mübarizənin önündə Dudayevlə bərabər Aslan da dayanmışdı. Artıq geri dönüş yox idi. Qarşıda iki yol var idi: ya müstəqil olub əsrlərdir davam edən boyunduruqdan xilas olmaq, ya da əbədi asılılıq. 1994-cü ilin dekabrında Rusiya Təhlükəsizlik Şurasının qərarı ilə rus qoşunlarının Çeçenistana daxil olması haqda qərar verildi.

Dudayevin prezidentliyi vaxtında Aslan Məshədov Çeçenistanın Müdafiə naziri kimi ordunu bacarıqla idarə edirdi.

Rusiyanın o vaxtkı müdafiə naziri Pavel Qraçov demişdi ki, bir polkla iki saata Qroznını nəzarətə götürəcəm. Yaxşı təşkilatlanmış çeçen qoşunları başda Aslan Məshədov, Zəlimxan Yandarbiyev olmaqla rus qoşunlarına güclü zərbələr endirdi.

Çeçen döyüşçülərdən savayı mülki əhaliyə qarşı qurudan və havadan zərbələr endirən ruslar “İldırım sürətli” plandan qarşı istifadə edərək üç istiqamətdən hücuma keçmişdi.

Dudayev ölkənin qərb cəbhəsini müdafiə edir, Aslan Məshədov isə prezident iqamətgahını qoruyurdu. Qroznıdakı qüvvələrə isə Zəlimxan Yandarbiyev rəhbərlik edirdi.

Gözlənilənlərin əksinə olaraq 1995-ci il yanvarın 1-də rus qoşunları darmadağın edildi. Bir sözlə, ruslar “çeçen tələsinə” düşmüşdü.

Şiddətli döyüşlərdə 22 min rus əsgəri öldürüldü, 300-ə yaxın tank məhv edildi. Rusiyanın məşhur “Maykop briqada”sı sıradan çıxarılmışdı.

Cövhər Dudayevin sui-qəsd nəticəsində öldürülməsindən sonra Aslan Məshədov ölkənin idarəsini əlində cəmləyə bildi. Ruslar isə hər fürsətdə Məshədovu ləkələməyə çalışırdı. Dudayevin ölümündə Aslanın da əlinin olmasını iddia edirdilər. Ruslar "fikirlərini" Dudayevdən sonra Məshədovun prezident seçilməsi ilə əsaslandırmağa çalışırdılar.

Rüsvayçı şəkildə məğlub olan ruslarla çeçenlər arasında 31 avqust 1996-cı ildə “Xasavyurt” sülh müqaviləsi bağlandı. Müqaviləni Aslan Məshədovla Rusiya prezidenti Boris Yelstsinin nümayəndəsi Aleksandr Lebed imzaladı. Bu müqavilə çeçenlərin qələbəsini rəsmiləşdirdi.

27 yanvar 1997-ci ildə Aslan Məshədov Zəlimxan Yandarbiyev və Şamil Basayevin də iştirak etdiyi seçkidə səslərin 63 faizini qazanaraq demokratik yolla Çeçenistan İçkeriya Respublikasının prezidenti seçildi.

Polkovnik birinci Rus-Çeçen müharibəsi zamanı da, atəşkəsdən sonra da sülh üçün səy göstərmişdi. Aslan Məshədov sülh istəyirdi. 1995-ci ildə Buddenovsk şəhərində polis bölməsinə və xəstəxanaya hücum edən Şamil Basayev rusları qəzəbləndirmişdi. 1995-ci ildə rus birliklərinə rəhbərlik edən Gennadi Troşev Şamilin təşkil etdiyi hücumdan sonra Məshədovla əlaqə saxladığını deyir: “Dedim, Aslan bu nə deməkdir? Siz nə edirsiniz? Aslan susdu və Basayevin hücumundan xəbərsiz olduğunu söylədi”.

Artıq Aslan Məshədovla Şamil Basayev arasında narazılıq yaranırdı. Şamil Aslanı çıxılmaz vəziyyətdə qoyurdu. 2002-ci ilin Nord-Ost teraktını Basayev Məshədovdan xəbərsiz həyata keçirmişdi, bununla münasibətlər daha da soyumuşdu. Basayev ruslarla danışıqlar aparmaq tərəfdarı deyildi. Beslandakı məktəbə hücum dünyada çeçenlərə nifrət yaratdı. Məshədov Basayevin hücumları ilə barışa bilmirdi.

Əfsanəvi komandir Məshədovun əsir götürülən 60 nəfər rusu valideynlərinə təhvil verməsi də yaddaşlardan silinməyib. O, addımını belə əsaslandırmışdı: “Onlar uşaqdırlar axı”.

Aslan Məshədov atəşkəsdən sonra dağılmış ölkəsini çətin vəziyyətdən çıxarmaq üçün əlləşirdi. Ancaq Aslanın hakimiyyətdə olması Rusiyanı narahat edirdi. Kreml saysız-hesabsız təxribatlar hazırlayır, Məshədovu aradan götürmək istəyirdi. Rüsvayçı məğlubiyyəti həzm edə bilməyən ruslar üçün Çeçenistanın müstəqil olması yolverilməz idi. Çeçenistan strateji bölgə idi. Çeçenlərin müstəqilliyi Rusiyadakı başqa millətlərin də bu istəyə can atmasına şərait yarada, Rusiyanın Cənubi Qafqaza birbaşa nəzarət imkanlarına mane ola bilərdi.

Dağıstanda evlərə təşkil olunan hücumlardan sonra Şamil Basayev və silahdaşları ikinci Rus-Çeçen müharibəsinə start verdi. Ruslar arzularına çatmışdı, ikinci müharibə ilə revanş almaq imkanı yaranmışdı. Bu müharibə qısa çəkməli, yaraqlılar tərksilah, çeçen generallar məhv edilməli, Çeçenistan yenidən Rusiyaya ilhaq olunmalı idi. Yeni seçilmiş prezident Vladimir Putin terrorçuların hətta tualetdə də məhv edilməsinin vacibliyini açıq şəkildə söyləyirdi.

Rusların təxribatına aldanan Şamil Basayev Əmir Xəttabla birgə mübarizəni davam etdirdi.

Rusiya xalqın səsini alan prezident Məshədovu müharibəyə təhrik etmiş, onunla adi bir terrorçu kimi rəftar edərək imzaladığı müqavilədəki öhdəlikləri kobud sürətdə pozmuşdu. “Putinlə 30 dəqiqəlik təkbətək görüşdə Çeçenistan problemini həll edərəm” deyən Məshədova ruslar satılmaq təklifləri yağdırırdı. O isə belə məsələlərin alış-veriş predmeti olmayacağını söyləyirdi: “Mən hər çeçen kimi dinim və vətənimə görə mübarizə aparmaq üçün Allaha söz vermişəm. Sizin təkliflərinizi rədd edirəm”.

Ailə üzvlərinin bir neçəsi Rusiya xüsusi xidmət orqanları tərəfindən oğurlanan, əmisi, xalası, bibisi işgəncələrə məruz qalan Aslan bu yoldan dönmədi, əksinə sona qədər mübarizə apardı.

Birinci müharibədən fərqli olaraq ikinci müharibə yavaş-yavaş milli mübarizədən dini müstəviyə keçmişdi. “Qara ərəb” ləqəbli iordaniyalı Əmir Xəttabın, Əbu əl-Validin çeçenlərə qoşularaq döyüşməsi islam üçün idi. Ruslara qarşı cihad edən elan edən yaraqlılara müsəlman ölkələrindən qoşulanların sayı günbəgün artırdı. Ancaq müsəlman dünyasının onların başına gələnləri səssizcə izləməsi Aslanı məyus edirdi:

“Hər iki tərəf ağır itkilər verir. Bunun məsuliyyətini biz daşımırıq. Bundan sonra axacaq qanların məsuliyyətini torpaqlarımıza hücum edənlər daşıyacaq. Bizə təsir edən rusların hücumları deyil, islam dünyasının səssizliyidir. Bizi ya başa düşmürlər, ya da başa düşmək istəmirlər. Ancaq bir gün bizi mütləq başa düşəcəklər”.

Aslan Məshədov müharibənin bitməsi üçün çox səy göstərdi. 2005-ci ilin fevralında birtərəfli atəşkəs elan etməklə nə qədər səmimi olduğunu nümayiş etdirdi. Polkovnikin bir əmri ilə bütün hücumlar dayandırıldı.

Çeçenistanın Rusiya Federasiyasının tərkibinə qayıtması üçün Moskvayla danışıqlar aparmaq istəyən Aslan Məshədov 8 mart 2005-ci ildə sülhün reallaşacağı ümidi ilə rusiyalı nümayəndələrlə görüş təklifini qəbul etdi. Ancaq Məshədov Federal Təhqiqatlar Xidməti əməkdaşlarının hazırladığı tələyə düşdü.

Aslan Məshədov İnquşetiyanın Tolstoy-Yurt şəhərindəki bir evin zirzəmisində öldürüldü. Ramzan Kadırov Məshədovun mühasirə zamanı mühafizəçilərinin gülləsi ilə öldürüldüyünü bildirsə də, Şimali Qafqaz Anti-Terror Mərkəzinin nümayəndəsi İlya Şabalkin Məshədovun bombanın partlaması nəticəsində öldüyünü söylədi. Ruslar Məshədovu 8 Mart beynəlxalq qadınlar günündə partlayışlar, teraktlar törətməyə hazırlaşdığı üçün öldürüldüklərini açıqladı.

Onun yerini deyən şəxsin adı gizli saxlanıldı və vəd olunan 10 milyon dollar mükafat ünvanına çatdırıldı. Başına 10 milyon dollar mükafat qoyulmuş polkovnikin cənazəsi gizli şəkildə dəfn edildi. Rusiya qanunlarına görə terrorçuların məzarları gizli saxlanılır.

Onun ölümü ancaq Putinin reytinqini qaldırdı, Çeçenistan münaqişəsi isə həllini tapmadı. Əksinə, Məshədovun öldürülməsi regionda sülhü sual altına qoydu.

Aslan Məshədov Çeçenistanı düşmənlərindən qarış-qarış müdafiə etdi və 250 min şəhid verən Çeçenistan uğrunda Aslan da şəhid oldu. Şəhid olması isə 8 Mart qadınlar gününə təsadüf etdi. Şəhidliyi indi onun məzarına həsrət qalan həyat yoldaşına “hədiyyə” oldu...

Çe Qevara heyranı çeçen mücahid - Şamil Basayev

Rusların bir nömrəli düşməni, çeçenlərin əfsanəsi

# 9106 dəfə oxunub

Oxşar xəbərlər

Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
Müəllimini, atasını və oğlunu itirən sənətkarımız - O, tarın futlyarında nə saxlayırdı?

Müəllimini, atasını və oğlunu itirən sənətkarımız - O, tarın futlyarında nə saxlayırdı?

17:00 22 oktyabr 2024
Oğlunu sellofana bükdürüb basdırmışdı ki, üstünə yağış yağmasın... -  Bir qəzanın anatomiyası

Oğlunu sellofana bükdürüb basdırmışdı ki, üstünə yağış yağmasın... - Bir qəzanın anatomiyası

15:00 22 oktyabr 2024
# # #