Qəbrinin üstündə qadın saçı vardı – ŞƏHİD ATASI

Qəbrinin üstündə qadın saçı vardı – <span style="color:red;">ŞƏHİD ATASI
27 fevral 2015
# 13:00

Qonşuluğumuzda yaşlı bir kişi yaşayır. Özü kimi adı da qədimdir: Dünyamalı. Axşam çağı məhəllədə cavanlarla nərd oynayır. Həmişə rəqibini udur, xoruzunu qoltuğuna verir. Hamı onun xətrini çox istəyir. Hamı uşaqlı-böyüklü onu baba deyib çağırır.

Onunla söhbət eləmək istədiyimi deyəndə birinci təəccübləndi, həm də deyəsən ciddiyə almadı. Bu barədə daha sonra. İndi Dünyamalı babanı sizə təqdim edim.

Dünyamalıyev Dünyamalı Namazalı oğlu 1942-ci ildə Qubadlının Zor kəndində anadan olub. O, kəndələri ilə bağlı bunları danışır:

- Kimə deyirəm Kəndimizin adı Zordu, heç kim inanmır. Kəndimiz həqiqətən də “zor” kənd idi, mənzərəsi, meşəsi, çayı... Amma “Zor” adının necə yarandığı, mənasının nə olduğu heç kəsə məlum deyil.

Nə qədər şux, həyatsevər görünsə də, içində dərin bir nisgil var Dünyamalı babanın. Yaşadığı daşlı-kəsəkli, ağrılı-acılı ömür yolu onun yaddaşına dərin izlərlə həkk olunub. Öz uşaqlıq və gənclik xatirələrindən bəhs edərkən qəhərlənirdi, sanki ötən illərin həsrətini çəkirdi bu 73 yaşlı qoca...

- Evimizin qarşısından çay axırdı. Evimizdən balıq əskik olmazdı. Kəndimizin bir tərəfi sıldırım qayalıq idi. Qənddaş, Tısbağa daşı, və s. qayalıqlar vardı. Dovşanlı selab deyilən bir yer vardı, haçan gedirdin o selabdan qarşına dovşan çıxırdı. Orda dovşanlar çox idi. Həmin yerlər bir sıldırım qayada yerləşirdi. Kəndimiz Qafanın Zeyvə kəndi ilə həmsərhəd idi.

Dünyamalıyevlər nəslinin yurdunda oturduğunu deyir Dünyamalı baba. O, ailənin sonbeşiyi – iki qardaş, üç bacının ən kiçiyi olub. Orta məktəbi Qafanda oxuyub. Müəllimləri erməni imiş. Qafanda erməni dilini də öyrənib.

Böyük qardaşı Vəzir Dünyamalıyev 1942-ci ildə – Dünyamalı anadan olan gün müharibəyə gedib və bir daha geri qayıtmayıb. O, Qubadlıdan müharibəyə yollananda ona bir qardaşının doğulduğunu xəbər verirlər. O da deyir ki, adını Dünyamalı qoysunlar, babalarının adını.

Dünyamalı baba ilə söhbətimizin xatirələr bölümünü bitirib, daha ciddi mətləblərin üstünə gəlirik – şəhid olmuş oğlu Rafiq Dünyamalıyevdən danışırıq. Babanın ömür-gün yoldaşı Bənövşə nənə də söhbətimizə qoşulur.

Rafiq Dünyamalıyev 1971-ci ildə Bakıda anadan olub. İxtisasca musiqiçi imiş. Hal-hazırda onun pianinosu və tarı ailəsi tərəfindən qorunub saxlanır. Bakı Mədəni Maarif Texnikumunda təhsil alıb. 1990-cı ildə təhsilini yarımçıq qoyub Rusiyanın Komi şəhərinə (Sibirə) hərbi xidmətə yollanır. 1991-ci ildə hərbi xidmətdən qayıdaraq təhsilini davam etdirir. 1992-ci ilin 26 Fevralında baş vermiş Xocalı soyqırımı ona çox pis təsir eləyir və bir ay sonra – təxminən “Novruz” bayramı ərəfəsində könüllü hərbi xidmətə yollanaraq, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edir.

- Rusiyada hərbi xidməti bitirib qayıdanda dedim, a bala, axırıncı kursdasan, get diplomunu al, sonra yenə gedərsən hərbiyə. Cavabında mənə dedi: “Ata, mən məktəbi bitirib müəllim olacam, deyilmi? Bəs, uşaq qalmasa, yağılar hamısını qırsa, mən kimə dərs deyəcəm?! Birinci uşaqları qorumaq lazımdır ki, sonra onlara dərs deyə biləm.” Bu sözün qarşısında ona heç nə deyə bilmədim.

Rafiqgilin dəstəsi ilk öncə Laçına gedir. Ora çatanda xəbər gəlir ki, Zəngilanda qırğınlar başlayıb, ora getmək lazımdır. Rafiqgil Zəngilana gedib yeddi kəndi düşməndən azad eləyirlər. Bir həftə orada qalıb əmin-amanlıq yaratdıqdan sonra qayıdırlar Laçına. Sonra Şuşaya, oradan da Ağdama göndərilirlər. 1992-ci ilin 19 sentyabrında Ağdamın Qarakənd kəndində döyüşlər zamanı Rafiq Dünyamalıyev qəhramancasına həlak olur. Onu Şəhidlər xiyabanında dəfn eləyirlər. Onun qəbri qohumlarının, yaxınlarının ziyarətgahına çevrilib.

Masazır Kənd Bələdiyyəsi tərəfindən Dünyamalı babagilin yaşadığı küçəyə “Şəhid Rafiq Dünyamalıyev” adı verilib. “Hər dəfə bu küçəylə harasa gedəndə onun adını divardan oxuyuram, həm bir ata kimi qürur duyuram, həm də ürəyim sızıldayır...” – deyir Dünyamalı baba.

Rafiq Dünyamalıyevin ölümündən sonra onun haqqında neçə-neçə mətbu orqanda yazılar dərc edilib. Ona aid hər şeyi Bənövşə arvad göz bəbəyi kimi qoruyur. Hərbi xidmətdə olarkən evlərinə göndərdiyi məktubları oxudum, istədim özümlə götürüb bir hissəsini bu yazıya əlavə eləyim, nənə razı olmadı: “Bala, incimə, qorxuram aparıb itirərsən.”

Dünyamalı baba danışır ki, Rafiqin sevdiyi qızın olub-olmadığını evdə heç kim bilmirmiş. Yazıb göndərdiyi məktublarda da buna aid hər hansı məlumat yoxdur. Ancaq bəzi ehtimallar var. Yaxınları bir neçə dəfə onun qəbrinin üstündə qadın saçı və gül görüblər. Kim imişsə, gizli-gizli gedib qəbrinin üstündə ağlayırmış. Son vaxtlara qədər həmin naməlum qadın onun qəbrinin üstünə gül qoyurmuş. Bənövşə nənə:

- Biz onun kim olduğunu bilə bilmədik. Bəlkə də dostları bilərdi. Bizim onun dostlarının heç biri ilə bu gün əlaqəmiz yoxdur.

Dünyamalı kişinin böyük oğlu Rəhman Rusiyada hərbi məktəbdə oxuyurmuş. Təhsilini bitirdikdən sonra 1992-ci ilin 19 sentyabrında təyinatla Azərbaycana gəlir. Həmin gün Rafiq Ağdamda güllələnibmiş. Səhər saat 7-nin yarısı komissarlıqdan zəng gəlir ki, göndəriblər Bakıya.

Onun yas yerinə gələn döyüşçü yoldaşlarının arasında bir qız da varmış. O qız danışırmış ki, Rafiqə nə qədər dedik qayıtsın, qayıtmadı, gözünü qırpmadan düşmənin üstünə yeridi.

Rafiq çiynində avtomat gah təcili yardım maşınını sürürmüş, gah da hərbi maşınla cəbhəyə silah daşıyırmış. Qorxu nədi bilməzmiş. Atışma vaxtı bir əlindən, bir də çiynindən yüngülcə güllə yarası alır. Deyirlər, yaralısan, hərbi hissəyə qayıt, o, razı olmur. Ermənilər onu düz ürəyindən güllələyirlər.

Rafiqin ölümündən təxminən 20 gün sonra kimsə evlərinə zəng edir, Rafiqi soruşur. Dünyamalı baba ona deyir ki, Rafiq artıq yoxdur, ölüb. Sonra həmin adam ünvanı öyrənib onların evinə gedir və danışır ki, şəhidlər xiyabanını gəzirmiş, Rafiqin qəbrini görüb, gözlərinə inanmayıb, dəqiqləşdirmək istəyib.

Rusiyada (Komi) hərbi xidmət dövründə Rafiqin xidmət elədiyi hərbi hissə həmin adamın komandir olduğu hərbi hissə ilə bir-birinə yaxın imiş. Gələn adam danışırmış: “Mən komandir ola-ola azərbaycanlıları yetərincə qoruya bilmirdim. Rafiq olmasaydı erməni əsgərləri bizimkiləri döyüb sıxışdırardılar”.

Rafiq sentiyabrın 2-si hərbi maşınla Ağdama silah aparmaq üçün Bakıya gəlir. Gecə evlərində qalır. Qardaşı Rəhman o vaxt nişanlı imiş. Rafiq anasına deyir ki, toyu tezləşdirsinlər.

- Onda hiss eləmişdim müharibədən sağ dönəcəyinə ümidi yoxdu. Sonra qayıtdı ki, əşi, öləcəyik, deyəcəklər Allah rəhmət eləsin, qəbri nurla dolsun, vəssalam. Dedim, a bala, niyə elə deyirsən? Dedi, ay ana, oraları bilmək olmaz.

Səhər-səhər durub maşının yanına getdi, təzədən geri qayıtdı. Ürəyimdə fikirləşdim ki, bu niyə geri qayıtdı axı? Yol gedənin geri qayıtması pis əlamətdir. Sən demə görəcək günlərimiz qabaxdaymış... Ayın 3-ü getdi, 19-u vurdular onu...

Rafiq Dünyamalıyevin ölümündən sonra dövlət tərəfindən onun ailəsinə güzəştlər olunurmuş. 2002-ci ilə qədər kommunal xərclərdən azad imişlər. Sonra bu haqdan məhrum qalıblar.

- İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata düşməmişdik. Qonşular mənə deyirdi camaat şəhid ailəsi olmalarının hesabına dövlətdən nə qədər yardım alır, siz də gedin, öz haqqınızı tələb eləyin. Bir gün İcra Hakimiyyətinə getdim. Gedəndə dedilər ki, İcranın büdcəsində elə də pul yoxdu. Mənə beş şirvan (o vaxtkı əlli min manat) pul verdilər. Pulu götürəndə çox utandım. Sonra Rəhman biləndə dedi, çox nahaq getmisən, qardaşım ona görə şəhid olmayıb ki, sən ondan-bundan qəpik-quruş umasan. O, vətən uğrunda gedib.

Ondan sonra şəhid ailəsi olmağımızla bağlı heç vaxt heç kimə ağız açmadıq. Bələdiyyə sağ olsun, hər dəfə bizə hörmət eləyir.

Pərviz Axund

# 3023 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #